Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 Sentyabr 2026, Bazar, 22:07
Əlaqə vasitələri
Bizimlə əlaqə
Hicran Hüseynova süni intellektdə kiberhücum və yanlış proqnoz risklərinə diqqət çəkdi
09 Sentyabr 2026
188
Hicran Hüseynova süni intellektdə kiberhücum və yanlış proqnoz risklərinə diqqət çəkdi

Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü iqlim fəaliyyətinin müxtəlif sahələrdə sürətləndirilməsi və iqlim öhdəliklərinin konkret nəticələrə çevrilməsi məsələlərinə həsr olunub.

 
Azmedinfo.az xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda dəyirmi masada iştirak edib və mövzu ilə bağlı fikirlərimi bölüşüb.
 
"Çıxışımın əvvəlində tədbir iştirakçılarını salamlayaraq belə mühüm bir mövzunun müzakirəyə çıxarılmasının insanların rifahı və təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladım. Qeyd etdim ki, süni intellektin təbii fəlakətlər, iqlim dəyişikliyi, epidemioloji böhranlar və texnogen qəzalar kimi çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə inteqrasiyası yeni və eyni zamanda prioritet məsələlərdəndir. Qarşımızda iki mühüm vəzifə dayanır: birincisi, süni intellektin bu həssas sahəyə tətbiqi zamanı hüquqi çərçivə texnoloji innovasiyaların sürətini məhdudlaşdırmamalıdır; ikincisi isə normativ-hüquqi mexanizmlər ictimai təhlükəsizliyin və insan hüquqlarının qorunmasına xidmət etməlidir.
 
Azərbaycanda süni intellektin çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə birbaşa həsr olunmuş xüsusi qanunvericilik aktı hələ mövcud olmasa da, ölkəmizdə rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və fövqəladə halların idarə edilməsi istiqamətində mühüm hüquqi və institusional baza formalaşmaqdadır. Bu baxımdan süni intellekt və rəqəmsal inkişaf sahəsində qəbul edilmiş milli strategiyalar və fəaliyyət planları mühüm əhəmiyyət daşıyır.
 
Eyni zamanda qeyd etdim ki, süni intellekt əsaslı erkən xəbərdarlıq sistemləri böyük həcmli məlumatların sürətli təhlilinə, real vaxt rejimində insan gözündən qaça bilən qanunauyğunluqların aşkar edilməsinə, mümkün təhlükələrin daha dəqiq proqnozlaşdırılmasına və aidiyyəti qurumların vaxtında məlumatlandırılmasına imkan verir. Bu texnologiyalar fövqəladə hallara hazırlıq üçün əlavə vaxt qazandırmaqla yanaşı, risk zonalarında resursların daha optimal bölüşdürülməsinə də kömək edə bilər.
 
Xüsusilə həssas və risk qruplarından olan insanların müdafiəsinə diqqət çəkərək bildirdim ki, yaşlılar, uşaqlar, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün xəbərdarlıqların onların ehtiyaclarına uyğun formada təqdim edilməsi mühüm məsələdir. Səsli, vizual və vibrasiyalı bildirişlər kimi fərdiləşdirilmiş xəbərdarlıq imkanları bu insanların təhlükə zamanı daha tez məlumatlandırılmasına və qorunmasına şərait yarada bilər.
 
Lakin süni intellektin tətbiqi müəyyən çağırışları da özündə ehtiva edir. Yanlış proqnozlar və yalançı həyəcan siqnalları cəmiyyətdə panikaya və iqtisadi itkilərə səbəb ola, sistemlərin kiberhücumlara, məlumatların saxtalaşdırılmasına və sabotaja məruz qalması isə əlavə təhlükələr yarada bilər. Bundan başqa, süni intellekt sisteminin yanlış proqnozu və ya gecikdirilmiş müdaxilə nəticəsində yaranan fəsadlara görə məsuliyyət məsələsinin hüquqi baxımdan aydın müəyyənləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır.
 
Rəqəmsal bölücü və əlçatanlıq məsələlərini də diqqətə çatdırdım. Çünki qabaqcıl xəbərdarlıq sistemlərindən bütün insanların bərabər şəkildə yararlanması təmin edilmədikdə, xüsusilə aztəminatlı ailələr, ucqar ərazilərdə yaşayanlar və texnologiyadan istifadə imkanları məhdud olan yaşlı insanlar bu məlumatlardan kənarda qala bilərlər.
 
Sonda vurğuladım ki, əsas məqsəd insanları baş verə biləcək təhlükələrdən və təbii fəlakətlərdən daha etibarlı şəkildə qorumaq, onların həyat və sağlamlığının təhlükəsizliyini təmin etməkdir. Bu məqsədə nail olmaq üçün imkanlarımızı birləşdirməli, beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirməli, qarşıdakı çağırışlara birlikdə hazır olmalıyıq.
 
Belə mühüm və aktual mövzunun müzakirəsinə dəvətə və faydalı fikir mübadiləsinə görə təşəkkür edir, Bakı İqlim Fəaliyyəti Həftəsinin işinə uğurlar arzulayıram".
Ən çox oxunanlar