Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Oktyabr 2026, Cümə axşamı, 22:09
Əlaqə vasitələri
Bizimlə əlaqə
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib
22 Oktyabr 2026
254

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə “Uşaqların rifahına investisiya” Ümumdünya Sammiti çərçivəsində keçirilən “Sağalmaqdan həyat keyfiyyətinə doğru” şüarı altında Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılışında iştirak edib.

Azmedinfo.az xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva konqresin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib, uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

“Hər bir uşaq hörmətə, qayğıya və dolğun həyat yaşamaq imkanına layiqdir”, - deyən Leyla Əliyeva diqqətə çatdırıb ki, onkoloji xəstəliklərin müalicəsində əldə olunan irəliləyişlərə baxmayaraq, bütün dünyada uşaqların və onların ailələrinin ümidini qorumaq üçün birgə səylər davam etdirilməlidir. “Biz bütün dünyada uşaqlara kömək etməyə, onlara ümid verməyə çalışırıq. Azərbaycanda da bu sahə diqqət mərkəzində saxlanılır. 2012-ci ilin martında ölkəmizdə Uşaq Onkoloji Klinikasının açılışı olub. Bu, Milli Onkologiya Mərkəzinin regionda ilk uşaq klinikasıdır”, – deyə o əlavə edib.

Uşaq onkologiyası sahəsində mütəxəssislərin və təşkilatların səylərini birləşdirməyə yönəlmiş təşəbbüslərin əhəmiyyətinə də toxunan Heydər Əliyev Fondunun vitse-prezidenti uşaq xərçəngi ilə mübarizə üzrə koalisiyanın yaradılmasını irəliyə doğru atılmış daha bir mühüm addım kimi dəyərləndirib.

Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqlara göstərilən dəstəkdən danışan Leyla Əliyeva tibbi yardımın dövlət tərəfindən maliyyələşdirildiyini, uşaqların və onların ailələrinə dəstəyin davam etdirildiyini vurğulayıb. Deyib ki, heç kim bu çətin sınaqla təkbaşına mübarizə aparmalı deyil.

Ən çox oxunanlar