Oktyabrın 29-da Bakı Sağlamlıq Mərkəzində süd vəzi xərçənginə qarşı maarifləndirmə ayına və “Dünya Menopauza Günü”nə həsr edilən “Sağlam Qadın Maarifləndirmə və Dəstək Forumu” keçirilib.
Azmedinfo.az xəbər verir ki, Qadın Sağlamlığı Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan sosial maarifləndirici tədbirdə ixtisaslaşmış tibb mərkəzlərindən onkoloqlar, radioloqlar, ginekoloqlar, qidalanma mütəxəssisləri, eləcə də qadın sağlamlığı mövzusunda fəaliyyət göstərən ekspertlər və evdar xanımlar iştirak ediblər.
Forumda açılış nitqi ilə çıxış edən Qadın Sağlamlığı Mərkəzi İctimai Birliyinin sədri, radioloq Fəridə Abbasova qeyd edib ki, bu forum qadın sağlamlığı ilə bağlı maarifləndirmənin yeni bir mərhələsini başlatmaq məqsədi daşıyır. Onun sözlərinə görə, süd vəzi xərçənginə qarşı mübarizədə ən mühüm silah maarifləndirmədir və hər bir qadının öz sağlamlığına məsuliyyətlə yanaşması həyat qurtara bilər.
Süd vəzi xərçəngi ilə mübarizənin təkcə xəstəliyin müalicəsi deyil, həm də cəmiyyətin düşüncə tərzinin dəyişməsi imkanı yaratdığını qeyd edən Fəridə Abbasova, sağlam seçimlər edə bilsinlər deyə qadınlara bilik, dəstək və inam qazandırmağın vacibliyini vurğulayıb.
O, əlavə edib ki, belə forumlar qadınların sağlamlıq savadlılığını artırmaqla yanaşı, dövlət və qeyri-hökumət sektorları arasında əməkdaşlıq üçün ictimai dialoq mühiti olaraq mühüm rol oynayır.
Sonra çıxış edən professor Süzən Vətənxa qadın sağlamlığının qorunmasında kompleks və davamlı yanaşmanın vacibliyini qeyd edib. O bildirib ki, süd vəzi xərçəngi və menopauza qadın orqanizminin fərqli, lakin bir-birinə sıx bağlı mərhələlərində ortaya çıxan ciddi sağlamlıq məsələləridir. Professor vurğulayıb ki, illərlə topladığı klinik təcrübə göstərir ki, qadınlar mütəmadi müayinələrdən keçdiyi, bədənlərində baş verən dəyişiklikləri diqqətlə izlədiyi və məlumatlı davrandığı halda, xərçəngin erkən aşkarlanması və uğurlu müalicəsi mümkündür.
O, həmçinin qeyd edib ki, bu cür tədbirlər yalnız elmi biliklərin paylaşılması baxımından deyil, həm də qadınların öz sağlamlıqlarına məsuliyyətli münasibət formalaşdırmaları üçün böyük əhəmiyyət kəsb edir, eyni zamanda qadınların psixoloji rifahının möhkəmləndirilməsinə xidmət edir.
Natiq bildirib ki, hər bir qadına sağlamlığını qorumağın həyat keyfiyyətini yüksəltdiyi aydın şəkildə anladılmalıdır, çünki sağlam qadın sağlam ailənin və bütövlükdə sağlam cəmiyyətin əsas dayağıdır.
Daha sonra radioloq Aysel Gəncəliyeva çıxışı zamanı süd vəzi xərçənginin yaranma riskini artıran əsas amilləri sadalayıb və xəstəliklə bağlı diqqətçəkən statistik göstəriciləri təqdim edib. Onun sözlərinə görə, süd vəzi xərçəngi bu gün dünyada qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir.
Mütəxəssisin açıqladığı rəqəmlərə əsasən, hər il dünyada təxminən 2,3 milyon yeni süd vəzi xərçəngi hadisəsi qeydə alınır. 2024-cü ilin məlumatına görə, Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2674 nəfərə çatıb. Qlobal miqyasda hər il təxminən 685 min qadın bu xəstəlikdən həyatını itirir, ölkəmizdə isə ötən ilin məlumatına əsasən 628 nəfər bu səbəbdən dünyasını dəyişib.
O, qeyd edib ki, hər 8 qadından biri həyatının hansısa mərhələsində süd vəzi xərçəngi ilə üzləşə bilər. Lakin xəstəliyin erkən mərhələdə aşkarlanması müalicənin uğur şansını 95 faizədək yüksəldir. Bu səbəbdən həkim mütəmadi müayinələrin və özünü müayinə vərdişinin vacibliyini xüsusi vurğulayıb.
Radioloqun fikrincə, sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik və profilaktik müayinələr süd vəzi xərçəngi riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Onkoloq-mammoloq Rəna Abdullayeva “Bədənini dinlə: süd vəzində ilk siqnallar” mövzusunda çıxış edərək qadınları orqanizmlərində baş verən hər bir dəyişiklikdə diqqətli olmağa çağırıb. O vurğulayıb ki, hər bir qadın öz bədənini tanımalı, ən xırda fərqlilikləri belə nəzərdən qaçırmamalıdır. Həkim qeyd edib ki, vaxtında müraciət və özünə qarşı məsuliyyət xərçəngin qarşısını almağın ən güclü vasitəsidir.
Radioloq Nuridə Əfəndiyeva “Həyatın şəkli: süd vəzi xərçənginin müasir diaqnostikası” mövzusunda təqdimatında bildirib ki, yeni nəsil rəqəmsal mammoqrafiya və ultrasəs texnologiyaları sayəsində xəstəlik daha erkən aşkarlanır. O, qadınları illik profilaktik müayinələri diqqətdən kənarda qoymamağa səsləyib.
Şüuraltı terapevt Məleykə Hüseynova “Xəstəliklərin yaranmasında psixoenergetik və şüuraltı amillər” mövzusunda çıxışında vurğulayıb ki, stress və mənfi emosiyalar orqanizmin müdafiə sistemini zəiflədir. O qeyd edib ki, pozitiv düşüncə, daxili harmoniya və emosional balans sağlam həyatın mühüm dayaqlarıdır.
Məleykə Hüseynova iştirakçılarla enerji harmoniyası və daxili rahatlıq gətirən qısa meditativ praktik məşğələ həyata keçirib. Musiqi sədaları altında iştirakçılar gözlərini yumaraq, nəfəsin ritmini dinləyib, pozitiv dalğalara kökləniblər. Məleykə Hüseynova bu zaman iştirakçılar üçün daxili inam, öz dəyərini hiss etmə və ruhsal balansı gücləndirən təsdiqedici ifadələr səsləndirib.
Radioloq Sevinc Musayeva çıxışında süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanmasının həyati əhəmiyyətini vurğulayıb. O bildirib ki, hər il minlərlə qadın yalnız gecikmiş diaqnoz səbəbindən həyatını itirir və bu, məlumat çatışmazlığından qaynaqlanır.
Sevinc Musayeva süd vəzi xərçəngi xəstəliyinin tarixi inkişaf mərhələlərinə toxunaraq, onun elmi tədqiqatlarda və tibbi yanaşmalarda keçdiyi yolu iştirakçıların diqqətinə çatdırıb. O, müasir dövrdə süd vəzi xərçənginin erkən diaqnostikasında xüsusi əhəmiyyət kəsb edən tomosintez metodunun üstünlüklərindən bəhs edib. Qeyd edib ki, bu texnologiya klassik mammoqrafiyadan fərqli olaraq, süd vəzisinin üçölçülü görüntüsünü təqdim edir və bu da xəstəliyin daha dəqiq, erkən mərhələdə aşkarlanmasına imkan yaradır. Həkim erkən diaqnostikanın qadınlara ümid, ailələrə sevinc bəxş etdiyini deyib. Forumun qadınlara sağlamlıq ertələnməməli, qorunmalıdır kimi mesaj verdiyini bildirib.
Onkoloq-mammoloq Günel Məmmədova “Profilaktika hər addımda: riski azaltmaq üçün sadə vərdişlər” mövzusunda çıxışında bildirib ki, sağlam həyat tərzi və düzgün qidalanma xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər. O, qadınlara hər gün kiçik, lakin davamlı sağlamlıq addımları atmağı tövsiyə edib.
Radioloqlar Fəridə Qasımova, Günel Əliyeva və ginekoloq Könül Mərdanova təqdimatlarında süd vəzi xərçənginin diaqnostikasında yeni yanaşmalar, müalicədən sonrakı psixoloji dəstək və menopauza dövründə qadın sağlamlığının qorunması istiqamətində aktual məsələlərə toxunublar. Həmçinin tədbirin praktiki əhəmiyyətinə diqqət çəkərək bildiriblər ki, burada toplanan biliklər qadınların real həyat davranışlarına təsir göstərəcək və profilaktik mədəniyyətin formalaşmasına yardım edəcək.
ANDOP Qidalanma üzrə həkim konsultantı Jalə Məmmədova “Menopauza zamanı qidalanma” mövzusunda çıxışında qeyd edib ki, balanslı pəhriz hormon tarazlığını qorumağa və sümük sağlamlığını dəstəkləməyə yardım edir. O, bu dövrdə kalsium, D vitamini və bitki mənşəli qidaların qəbulunun vacibliyini vurğulayıb.
Forumda həkimlər qadın sağlamlığının qorunmasında erkən müayinələrin rolu, düzgün qidalanma və psixoloji rifahın vacibliyi barədə real faktlara əsaslanan təkliflərlə çıxış ediblər. İştirakçılar bildiriblər ki, belə forumlar qadınların sağlamlıq maarifinə yanaşmasını dəyişmək, onların öz bədənlərinə sevgi və məsuliyyət hissi ilə yanaşmalarını təmin etmək baxımından mühüm ictimai missiya daşıyır.
Sonda tədbirdə iştirak edən xanımlara xüsusi kuponlar təqdim olunub. Bu kuponlar vasitəsilə onlar ödənişsiz süd vəzi müayinəsindən keçmək imkanı qazanıblar.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654