Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
19 Noyabr 2025, Çərşənbə, 10:24
Əlaqə vasitələri
Bizimlə əlaqə
Diş və diş əti xəstəlikləri insult riskini iki dəfə artırır
09 Noyabr 2025
108
Diş və diş əti xəstəlikləri insult riskini iki dəfə artırır

Ağız boşluğunun gigiyenası yalnız diş sağlamlığı ilə məhdudlaşmır o, demensiya, diabet və xüsusilə insult kimi ciddi xəstəliklərlə də əlaqəlidir. Yeni araşdırmalar göstərir ki, diş çürüyü və diş əti xəstəlikləri olan insanlarda insult riski sağlam dişlərə malik şəxslərlə müqayisədə demək olar ki, iki dəfə yüksəkdir.

 

Azmedinfo.az "Neurology Open Access" jurnalında dərc olunan geniş məqaləyə istinadən xəbər verir ki, bununla bağlı Cənubi Karolina Universitetinin alimləri tədqiqat aparıb. Araşdırmada 5986 nəfər orta yaşlı (63 yaş) şəxs 21 il ərzində müşahidə edilib. Onların heç birində tədqiqatın əvvəlində ürək-damar xəstəlikləri və ya insult qeydə alınmayıb.

 

Nəticələr göstərib ki, sağlam diş və diş ətinə malik şəxslərin yalnız 4,1%-i, diş əti xəstəliyi olanların 6,9%-i, həm diş əti xəstəliyi, həm də kariyesi olanların isə 10%-i insult keçirmişdir.

 

Alimlərin hesablamalarına görə, diş əti xəstəliyi olan insanlarda insult riski 44%, həm diş əti xəstəliyi, həm də kariyesi olanlarda isə 86% daha yüksəkdir.

 

Mütəxəssislər bu əlaqənin əsas səbəbi kimi ağızda yaranan iltihabi proseslərin və bakteriyaların orqanizmin digər hissələrinə yayılmasını göstərirlər. Bu bakteriyalar damar divarlarında toplanaraq arteriyalara təzyiq göstərir və trombların yaranmasına, nəticədə isə işemik insultun inkişafına səbəb ola bilər.

 

Tədqiqat həmçinin göstərib ki, müntəzəm diş həkimi müayinələrinə gedən insanlarda diş əti xəstəliyi və kariyesin eyni vaxtda yaranma ehtimalı 81% azdır.

 

Professor Suvik Senin sözlərinə görə, bu nəticələr bir daha sübut edir ki, diş və diş ətinə qulluq təkcə gözəl təbəssüm üçün deyil — eyni zamanda beyninizi və ürəyinizi qorumağın da vacib bir hissəsidir.

 

Yekunda alimlər vurğulayırlar ki, diş və diş əti xəstəliklərinin vaxtında müalicəsi yalnız ağız sağlamlığı üçün deyil, həm də insultun və ağır ürək-damar xəstəliklərinin qarşısını almaq üçün mühüm profilaktik tədbirdir.

 
Ən çox oxunanlar