Akademik Adilə Namazovanın xatirəsinə
Xalqının yaddaşında zəkanın nuru, fədakarlığın və humanizmin parlaq nümunəsi kimi əbədi iz qoymuş akademik Adilə Namazovanın ömür yolu təkcə bir insan taleyi deyil. Bu yol Azərbaycan pediatriyasında elmi məktəbin əsasını qoymuş novator alim, minlərlə uşağa şəfa bəxş etmiş mərhəmətli həkim, eyni zamanda dövlət və cəmiyyətin həyatında fəal mövqe tutmuş görkəmli ictimai xadimin şərəfli və mənalı missiyasıdır.
Adilə Namazovanın elmi irsi, yüksək peşəkar prinsipləri və vətəndaş mövqeyi milli pediatriyanın inkişaf tarixində silinməz iz buraxıb. Onun təşəbbüsləri və elmi yanaşmaları uşaq sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və pediatrik təhsilin formalaşmasında mühüm rol oynayıb. O, yeni nəsillərə elmi biliklərlə yanaşı, həkim peşəsinin mənəvi dəyərlərini aşılayıb.
Azərbaycanın sağlam gələcəyinə ürəyinin bütün istiliyini bəxş edən bu işıqlı simanın zəngin elmi və ictimai irsini ehtiramla anırıq.
Bu gün tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli Adilə Namazovanın vəfatından beş il ötür.
Adilə xanım 1926-cı ilin sentyabrında Ağdam rayonunun Seyidli kəndində dünyaya göz açır. Həkim olmaq arzusu ilə gənc qız orta təhsilini müvəffəqiyyətlə başa vurur və 1944-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olur. Gənc həkimin gələcəyini təyin edən o gün yaxınlaşırdı. 1949-cu ildə Tibb İnstitutunu uğurla bitirən Adilə xanım doğma yurdu Ağdama qayıdıb rayon uşaq məsləhətxanasının rəhbəri kimi çalışır. Fədakar həkim təkcə doğma rayonunda deyil, bütün Qarabağ bölgəsində peşəkarlığı və xəstələrinə qayğıkeş yanaşması ilə tanınır və sevilir.
Gələcəyin alimi bununla kifayətlənmir, bilik və bacarığını daha da artırmaq, səhiyyənin inkişafına öz töhfəsini vermək üçün təhsilini davam etdirir, elmi axtarışlara başlayır.
Heç də təsadüfi deyil ki, Adilə xanım Namazova səhiyyə sahəsindəki xidmətlərinə və tibb elminə verdiyi töhfələrinə görə 1971-ci ildə keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilən ilk azərbaycanlı qadın alim olur.
Adilə xanım praktik həkimlik fəaliyyəti ilə yanaşı, durmadan elmi araşdırmalarını davam etdirirdi. Odur ki, SSRİ-nin süqutundan sonra da həmyerlimizin elmi nailiyyətləri yüksək qiymətləndirilir, o, Rusiya Tibb Elmləri Akademiyasına üzv seçilir. 1981-ci ildə elmi fəaliyyətinə və beynəlxalq miqyasda yüksəkixtisaslı kadrların yetişdirilməsində göstərdiyi əməyə görə Əməkdar elm xadimi fəxri adına, 1982-ci ildə Azərbaycan pediatriya elminin inkişafında verdiyi ciddi töhfələrə görə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülür.
Akademik Adilə Namazovanın böyüklüyü yalnız elmi nailiyyətlərlə ölçülmürdü. O, mürəkkəb ictimai prosesləri incəliklə dərk edən, məsuliyyətli qərarlar verməyi bacaran və cəmiyyət maraqları naminə ardıcıl mövqe sərgiləyən virtuoz siyasi düşüncəyə malik bir şəxsiyyət idi. Dövlətin və cəmiyyətin həyatında apardığı fəaliyyət elmlə siyasətin, humanizmlə dövlət məsuliyyətinin ahəngdar və inandırıcı vəhdətini nümayiş etdirirdi.
Öz sahəsini sevməsi və elmə bağlı olduğu qədər ölkəmizin ictimai həyatında da yaxından iştirak edən akademik 1972-ci ildə Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, 1973-cü ildə isə SSRİ Uşaq Həkimləri Cəmiyyəti İdarə Heyətinin üzvü olur. 1995-ci ildə Türkdilli Ölkələrin Pediatrlar Assosiasiyasının vitse-prezidenti, Ümumdünya Pediatrlar Assosiasiyası İdarə Heyətinin üzvü seçilir.
Adilə xanım uzun illər Azərbaycan Respublika Qadınlar Cəmiyyətinin və Sovet Qadınları Komitəsinin Rəyasət Heyətinin üzvü kimi bu sahədə geniş fəaliyyət göstərib, tez-tez qadınların, uşaqların vəziyyəti haqqında çıxışlar edərək hökumətin, parlament üzvlərinin diqqətini həmin problemə yönəldib.
Adilə Namazova Azərbaycan torpaqlarının erməni vandalları tərəfindən işğalı, bunun nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü dövrdə keçmiş SSRİ-nin millət vəkili kimi yüksək kürsülərdə hər zaman öz sözünü deyib. O, erməni işğalçılarının Dağlıq Qarabağla bağlı əsassız iddialarının puçluğunu tutarlı faktlarla sübuta yetirməyə səy göstərib. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı, qanlı müharibəyə son qoyması barədə dəfələrlə keçmiş SSRİ rəhbərliyi və deputatları ilə görüşüb tələbkar söhbətlər aparıb.
Keçmiş sovet ordusunun 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda və ətraf bölgələrdə amansız vəhşiliklər, qırğınlar törətdiyi zaman Adilə xanım Namazova qaniçənlərə qarşı fəal mübarizə aparıb. O, Xalq artisti bəstəkar Arif Məlikov və fəhlə Sara Vəzirova ilə birlikdə “Salyan” kazarmasına və digər yerlərə gedərək sovet ordusu komandirləri tərəfindən tərksilah edilərək zirzəmilərə salınan 300-dən çox Azərbaycan hərbiçisinin azad edilmələrinə nail olub.
Adilə xanım uzun illər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərib. 20 il Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının, eləcə də uzun müddət Azərbaycan Respublikası “Bilik” Cəmiyyətinin tibb bölməsinin sədri olub. O, “SOS Kinderdorf” - Uşaq-Kəndlərinin Azərbaycan Assosiasiyası İdarə Heyəti, Bakı şəhəri Nəsimi rayon Qadınlar Şurası İdarə Heyəti və digər təşkilatlarda öhdəsinə düşən ictimai vəzifəni uğurla icra edib.
O, 1994-cü ildən etibarən uzun müddət Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olur. 2002-ci ildə Azərbaycan Respublikası Uşaq Fondunun həmsədri seçilir.
Adilə xanım 350-dən çox məqalənin, 30-dan çox monoqrafiya, dərslik və kitabın, eyni zamanda MDB məkanında "Tibbi etika" adlı ilk dərsliyin müəllifidir.
Akademik Adilə Namazovanın elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq elmi jurnallarda dərc olunub, Yaponiya, ABŞ, İngiltərə, Hindistan, Əlcəzair, Avstriya, İtaliya, Türkiyə, Fransa, Almaniya, Rusiya, İsrail, Argentina, Belçika, İspaniya, Misir və digər xarici ölkələrdə keçirilən elmi konqres və konfranslarda dinlənilərək yüksək qiymətləndirilib.
Görkəmli alim elmi-ictimai fəaliyyətinə və xidmətlərinə görə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1996-cı ildə "Şöhrət" ordeni, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni və Azərbaycanda tibb elminin inkişafında roluna, tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Azərbaycanda yeni pediatriya elmi məktəbi formalaşmağa başlayır
Adilə Namazova dünyanın məşhur, aparıcı alimlərinin təcrübəsini öyrənərək həkim-klinisist, pediatr-alim kimi püxtələşmişdi. O, bilik və bacarıqlarına, zəngin təcrübəsinə ehtiyac duyulan bütün sahələrdə faydalı olmağa çalışırdı.
Ölkəmizdə pediatriya elmi məktəbinin olmaması problemi uzun müddət idi ki, Adilə xanımı narahat edirdi. Bu məqsədlə alim Azərbaycanda ilk dəfə E.Əfəndiyev adına 2 saylı şəhər xəstəxanasında xüsusi biokimyəvi laboratoriya və ürək, tənəffüs sisteminin funksional fəaliyyətini müəyyənləşdirən elektrofizioloji elmi mərkəz yaradır, istedadlı gənc həkimləri, tələbələri mərkəzdə elmi fəaliyyətə cəlb edir. Bununla Azərbaycanda yeni pediatriya elmi məktəbi formalaşmağa başlayır.
Azərbaycan elmini zənginləşdirmək, müasirləşdirmək məqsədilə yaradılan bu mərkəzdə müasir səviyyədə təbabət üçün çox aktual olan müxtəlif hormonlar, bioloji aminlər, lipidlər, zülalla birləşmiş yod, kallikrein kinin sistemi, enzimlər və s. müayinə olunmağa başlanır. İlk dəfə olaraq sağlam və xəstə uşaq orqanizminin bioloji ritmi öyrənilir. Bu müayinələr vasitəsilə müxtəlif uşaq xəstəliklərinin inkişaf mexanizmi, xəstəlik zamanı baş vermiş incə dəyişikliklər araşdırılıb aydınlaşdırılır. Həmin araşdırmaları aparmaq üçün Adilə xanım gənc həkimləri, yuxarı kurs tələbələrini də təcrübə üçün elmi işə cəlb edir. Alimin yetirmələri onun rəhbərliyi altında böyük həvəslə çalışır, bir-birinin ardınca namizədlik, doktorluq dissertasiyaları müdafiə edir.
Beləliklə, Azərbaycanda ilk dəfə olaraq Adilə Namazovanın rəhbərliyi ilə pediatriya elmi məktəbi inkişaf yoluna qədəm qoyur.
Anadangəlmə ürək qüsurlarının təqiqinə töhfələr
Adilə xanım uşaqlarda ürək, qan-damar sistemi xəstəliklərinin öyrənilməsi, profilaktikası və səmərəli müalicə üsullarının tapılması ilə dərindən maraqlanırdı.
O, 1954-1957-ci illərdə Moskva şəhərində müəllimi G.N.Speranskinin elmi rəhbərliyi ilə tədqiqat iş üzərində gərgin əmək sərf edir və çalışdığı uşaq xəstəlikləri kafedrasında bu istiqamətdə təcrübəsini artırır.
Alim öz tədqiqatında yeni kompleks elektrofizioloji üsullar – oksigemometriya, pnevmotaxometriya, venoqrafiya, pletizmoqrafiya və s. istifadə edərək ilk dəfə uşaqlarda revmatizmin fəal mərhələsində ürək və qan-damar sisteminin funksional vəziyyətini, ürək əzələsində baş vermiş, o dövrə qədər öyrənilməmiş patoloji dəyişikliklərin mərhələsini, dərəcəsini öyrənir, şərhini verir, rasional müalicə üsullarını təklif edir.
Həmyerlimiz Moskvanın dünyaşöhrətli elm mərkəzində xəstə uşaqların gələcəkdə sağlam, cəmiyyətə yararlı olması üçün fərdi həyat şəraitini qurması, davranışı, ixtisas, sənət seçməsi haqqında tədbirlər kompleksi tərtib edir, səmərəli təkliflər irəli sürür.
Bu tədqiqatların yekunlarını ümumiləşdirməklə Adilə Namazova SSRİ Səhiyyə Nazirliyinin Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi şurasında müdafiə etdiyi dissertasiya işi ilə diqqət mərkəzində olur, dünyanın görkəmli alimləri bu elmi işi yüksək qiymətləndirir.
Adilə xanım XX əsrin altmışıncı illərinə qədər hələ də öyrənilməmiş və tam ümidsiz hesab olunan anadangəlmə ürək qüsurlarının müəyyən edilməsində ciddi səy göstərərək tədqiqatlar həyata keçirir.
Azərbaycanın pediatr alimi bu axtarışları ilə dünyada, ilk olaraq, uşaqlarda vektorkardioqrafiya, rentgen-elektrokimoqrafiya tətbiq edərək, ürəkdaxili və böyük damarların zondlaşmasından, angiokardioqrafiyadan istifadə edərək ürəyin ayrı-ayrı boşluqlarında qan təzyiqinin səviyyəsini, oksigen, karbon qazının tutumunu öyrənməklə ağciyər damarlarının müqavimətini müəyyənləşdirir.
Adilə Namazova SSRİ Dövlət İxtira Komitəsindən 5 ixtira vəsiqəsini elmdəki bu yeniliklərinə görə əldə edir. Elmi araşdırma əsasında anadangəlmə ürək qüsurlarının düzgün topik diaqnozunu dəqiqləşdirərək Adilə xanım kiçik qan dövranında durğunluğun dərəcəsini, qan təzyiqinin səviyyəsini öyrənir, ilk dəfə olaraq ürək cərrahlarına və pediatrlara gündəlik işlərində istifadə etmələri üçün öz təsnifatını, konsepsiyasını tərtib edir.
Bütün bunlara əsaslanaraq yenilikçi alim ürək üzərində cərrahi əməliyyatın aparılmasına göstəriş və əks göstərişi təyin edir, cərrahiyyədə isə hansı əməliyyat üsulunun uşaq orqanizmi və ürək üçün zərərsiz aparılmasını və əlverişli olduğunu sübuta yetirir.
Adilə Namazova dünyada ilk və yeganə pediatr idi ki, uşaqlarda anadangəlmə ürək qüsurları zamanı belə sanballı, çoxtərəfli, dərin elmi tədqiqatlar aparıb konservativ və cərrahi müalicə üsullarını işləyir, fəsadların qarşısını almaq tədbirlərini təklif edir, ürək üzərində aparılası cərrahi əməliyyatın proqnozunu verir, cərrahi əməliyyatdan sonrakı yaxın və uzaq dövrlərdə olan müsbət və mənfi dəyişiklikləri bütün dəqiqliyi ilə ətraflı öyrənir.
Tibb elminə belə dəyərli töhfəsinə görə böyük səhiyyə cameəsi ilk azərbaycanlı qadın pediatrı təbrik edir.
Ulu Öndər Heydər Əliyevin himayəsi və sağlam cəmiyyət quruculuğu
Ulu Öndər Heydər Əliyev akademik Adilə Namazovanın fəaliyyətini hər zaman yüksək qiymətləndirirdi, onu Azərbaycanda elmi pediatriyanın banisi adlandırırdı. Bir zamanlar Heydər Əliyev ölkəmizdə səhiyyə sahəsində çatışmazlıqlarla bağlı bəzi məsələlərin həlli məqsədilə Adilə xanımla görüşdə onun fikrlərini öyrənmişdi. 1976-cı ildə olan görüşdə akademik müəyyən elmi istiqamətlərdə elmlər doktorlarının olmamasını, tibb üzrə elmi-tədqiqat institutlarının aşağı kateqoriyalı olduğunu əsas problemlər kimi Heydər Əliyevin diqqətinə çatdırır. Ulu Öndər hər iki məsələnin həll üçün təcili və ciddi tapşırıqlar verir.
Akademik Adilə Namazova xatirələrində bildirirdi ki, onun kadr hazırlığı sahəsində gərgin fəaliyyətinə akademik Zərifə Əliyeva da hər zaman dəstək olub.
Ümummilli liderin Azərbaycan xalqının sağlamlığına göstərdiyi diqqətin ən parlaq təcəssümü uşaq səhiyyəsinə olan qayğısı idi. Səhiyyə tarixinə ekskursiya edərkən görürük ki, Səhiyyə nazirliyinə bağlı elmi tədqiqat institutlarının dayanıqlı inkişafı, çoxlu sayda səhiyyə mərkəzlərinin, xəstəxanaların, tibb müəssisələrinin yaradılmasına ayrılan diqqətlə yanaşı yeni nəslin, doğulan körpələrin, doğum evlərinin qayğıyla əhatə olunması Ulu Öndərin xalqımızın qarşısındakı ən böyük xidmətlərdən biri olub.
Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev Adilə xanımın sədri olduğu Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyətini də yüksək səviyyədə dəstəkləyib. Ümummilli Liderin uzaqgörən, müdrik siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan Pediatrlar Assosiasiyası beynəlxalq səhiyyə təşkilatlarına inteqrasiya olunmuş ən köklü təşkilatlardandır və ölkəmizi beynəlxalq aləmdə ləyaqətlə təmsil edir.
Eyni zamanda, akademik Adilə Namazovanın Türkiyənin görkəmli elm adamlarından biri, ictimai-siyasi xadim, Azərbaycanın və Ulu Öndər Heydər Əliyevin səmimi dostu, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri, professor İhsan Doğramacı ilə sıx dostluq əlaqələri Azərbaycan Pediatrlar Assosiasiyasının beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməsinə əlverişli zəmin yaradıb.
Adilə xanım 1995-ci ildə Türkdilli Ölkələrin Pediatrlar Assosiasiyasının vitse-prezidenti, Ümumdünya Pediatrlar Assosiasiyası İdarə Heyətinin üzvü seçilib, 1997-ci ildə Türkiyə, Azərbaycan, Mərkəzi Asiya və başqa Türkdilli ölkə Pediatrlarının IV Beynəlxalq Konqresinin prezidenti olub.
Akademik Adilə xanım Namzaovanın xidmətləri sırasında Azərbaycanda müasir tibb təhsilinə bioetika fənninin inteqrasiyası və tətbiqi işi ana xətt təşkil edir. Onun rəhbərliyi ilə Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) bu istiqamətdə fəaliyyəti xüsusilə diqqət çəkir.
Bioetikaya dair tədris vəsaitlərinin Azərbaycan dilində nəşri və bir sıra digər tədbirlərin reallaşdırılmasında APA-nın o zamankı rəhbəri akademik Adilə Namazovanın böyük əməyi olub, bununla Azərbaycanda bioetikanın aktuallığının artmasına zəmin yaranıb.
Adilə xanım uzun illər AMEA-nın Tibbi Bioetika Komitəsinin, ATU-nun Tibbi Bioetika Komitəsinin üzvü kimi öhdəsinə düşən ictimai işləri də bacarıqla yerinə yetirib.
1999-2000-ci illərdə Assosiasiya ABŞ təhsil qrantını qazanır, tibbi bioetika üzrə təhsil proqramı və tədris materialları tərtib olunur. Proqram UNESCO-nun 11-ci sessiyası, Bakı Humanitar Forumu və digər mötəbər beynəlxalq tədbirlərdə, eləcə də Təhsil Nazirliyində təqdim edilir.
APA hazırda da tibb təhsili tədris olunan universitet və kolleclərdə tibbi bioetikanın tədrisi metodikası üzrə tədbirlər keçirir, tədris proqramı əsasında Azərbaycan Tibb Universitetində (ATU) müəllimlər üçün təlimlər təşkil olunur, ATU-nun hər bir fakültəsində bioetika fənni 3 dildə tədris olunur.
Bu baxımdan uşaq hüquqları haqqında məlumatlılığı artırmaq məqsədilə APA, EPA və UNEPSA-nın birgə layihəsi əsasında nəşr olunan “Uşaq Hüquqları Dünya Xalqlarının Nağıllarında” kitabı bu gün də maariflənmə mənbəyi kimi əhəmiyyətli nəşr hesab olunur və imtiyazlı uşaqlar üçün təşkil olunan tədbirlərdə təqdim edilir.
Azərbaycanda uşaq sağlamlığının qorunması və uşaq səhiyyəsinin müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilməsi humanist dövlət siyasətinin ən ali və strateji istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə uşaqların sağlamlığını təmin edən tibbi xidmət bu gün, əlbəttə ki, daha da yüksək səviyyədədir.
Ümummilli lider Heydər Əliyevin ənənələrinə sadiq qalan, ideyalarını yaşadan, dahi şəxsiyyətin siyasi kursunu layiqincə həyata keçirən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uşaqların xoşbəxt gələcəyi üçün bütün imkanlardan istifadə edir, bu sahəyə diqqət və qayğılarını əsirgəməyirlər.
Statistik göstəricilər Azərbaycanda uzunömürlülüyün artdığını, uşaq ölümünün azaldığını təsdiqləyir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasət ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olacaq bugünkü uşaqların fiziki-mənəvi sağlamlığının müdafiəsinə, təlim-tərbiyəsinə və firavan həyatının qurulmasına yönəlib.
Bu humanist dövlət siyasətinin və uşaq sağlamlığı sahəsində əldə olunan müsbət göstəricilərin təməlində, həm də Azərbaycanda yeni həkim nəslinin yetişməsinə ömrünü həsr edən akademik Adilə Namazovanın pedaqoji irsi və zəhməti dayanır.
Akademik Adilə Namazova çoxillik pedaqoji fəaliyyəti dövründə zəngin bilik və bacarıq nümayiş etdirərək yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət göstərib.
Adilə xanım tələbələrinə həkim olmağın necə bir fədakarlıq olduğunu aşılayırdı. Bu peşənin tam mənasında bir könül işi olduğunu deyirdi. Həkim olmaq üçün tibbi biliklərə bələd olmağın kifayət etmədiyini, bu peşədə sənətkar qədər incə, mühəndis qədər intizamlı olmağın vacibliyini öyrədirdi.
Ömrünün 70 ilə yaxın bir dövrünü səhiyyəmizin, tibb elminin inkişafına, şəxsi nümunəsində yeni həkim nəslinin, yüksəkixtisaslı tibb mütəxəssislərinin yetişdirilməsinə həsr edən, insanlara şəfqət sovqatı bəxş edən pediatr alim bu yolda səmimiyyətlə, ardıcıl və yorulmadan fəaliyyət göstərib. Onun rəhbərliyi ilə yaratdığı elmi məktəbin yetirməsi olan 60-dan artıq alim namizədlik və doktorluq dissertasiyasını müdafiə edərək, təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həkimlik və elmi fəaliyyətlərini uğurla davam etdirirlər.
Akademik Adilə Namazovanın böyük məktəbini keçən həkim nəsli bu gün də sağlamlığın keşiyindədir.
2020-ci il dekabrın 16-da dünyasını dəyişən akademik Adilə Namazova artıq beş ildir ki, aramızda yoxdur. Lakin onun ideyaları, prinsipləri və peşəkar məktəbi yaşayır. Bu gün onun yolunu davam etdirən tələbələri, yetirmələri və davamçıları olaraq biz onun öyrətdiyi kimi düşünür, göstərdiyi istiqamətdə işləyir və uşaqların sağlamlığı naminə başladığı missiyanı davam etdiririk. Bu mənada Adilə Namazovanın həyatı zamanla bitən bir ömür deyil, nəsildən-nəslə ötürülən bir dəyər sistemidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin akademik Adilə Namazovanın xatirəsinə dərin ehtiram əlaməti olaraq nekroloq imzalaması, eləcə də Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğı, ömrünü elmə, səhiyyəyə və xalqına xidmətə həsr etmiş bu görkəmli şəxsiyyətə dövlət səviyyəsində bəslənən yüksək hörmətin parlaq ifadəsidir. Bu münasibət bütövlükdə Azərbaycan elminə, ziyalılıq ənənəsinə və humanist dəyərlərə verilən yüksək qiymətin təcəssümüdür.
Akademik Adilə Namazovanın adı Azərbaycan pediatriyasının tarixində təkcə bir alim kimi deyil, düşüncə mədəniyyəti, peşə etikası və vətəndaş ləyaqəti nümunəsi kimi yaşayacaq. Onun zəngin irsi bu gün də yol göstərir, sabah isə yeni nəsillər üçün mənəvi və intellektual dayaq olaraq qalacaq.
Mərhumun ailə üzvləri və yaxınları göstərilən bu yüksək diqqətə, səmimi münasibətə və humanist mövqeyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.
Təranə TAĞI-ZADƏ
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri,
Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti,
Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının
dosenti, tibb üzrə fəlsəfə doktoru
-
Qış mövsümünə sağlam hazırlıqƏn çox oxunanlar12 Yanvar 2026132
-
İcbari tibbi sığorta ilə həkim seçmək mümkündürmü? – Qanun nə deyir?Ən çox oxunanlar13 Yanvar 2026126
-
İmtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətdədirƏn çox oxunanlar12 Yanvar 2026110
-
Diabet xəstələrində "Aspirin" istifadəsi ürək risklərini azaldırƏn çox oxunanlar12 Yanvar 2026102
-
Prezident İlham Əliyevin qəbul etdiyi müdrik qərarlar sağlam gələcəyimizin təminatıdırƏn çox oxunanlar12 Yanvar 2026100
-
ATU-nun Təcili Tibb kafedrasında OSKİ imtahanları ilk dəfə yeni formatdaƏn çox oxunanlar14 Yanvar 202696
-
Ötən il 54 min 500 şəxsə əlillik təyin olunubƏn çox oxunanlar12 Yanvar 202694
-
Mərkəzi Gömrük Hospitalında TAVİ və yüksək texnologiyalı invaziv kardioloji əməliyyatlar uğurla icra olunurƏn çox oxunanlar13 Yanvar 202694
-
Yeni Klinikada varikoz xəstəliyinin lazerlə müalicəsinə başlanılıbƏn çox oxunanlar13 Yanvar 202688
-
Azərbaycanda ötən il 48 mindən çox insan heyvan dişləməsindən zərər çəkibƏn çox oxunanlar15 Yanvar 202686
-
Kardiologiya İnstitutunda milli klinik protokolların hazırlanması müzakirə edildiƏn çox oxunanlar16 Yanvar 202684
-
Dərin damar trombozunun diaqnozu necə qoyulur? Professor izah etdiƏn çox oxunanlar14 Yanvar 202684
-
Qum milçəklərinin yaydığı leyşmanioz xəstəliyindən necə qorunmalı?Ən çox oxunanlar16 Yanvar 202682
-
Zehni yorğunluq uşaqlarda ciddi psixi fəsadlara yol aça bilərƏn çox oxunanlar13 Yanvar 202678
-
Yüksək təzyiqə qarşı təbii qalxanƏn çox oxunanlar14 Yanvar 202676
-
Həkim qastroenterokolitin əlamətlərini sadaladıƏn çox oxunanlar14 Yanvar 202676
-
İnternetdən aldığınız o vasitələr dərman deyil – Mütəxəssis xəbərdarlığıƏn çox oxunanlar15 Yanvar 202676
-
İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanırƏn çox oxunanlar13 Yanvar 202674
-
Yüksək riskli mədə patologiyası laporoskopik üsulla uğurla aradan qaldırılıbƏn çox oxunanlar14 Yanvar 202668
-
Zərərli məhsullara vergilər artırılmalıdır - ÜST-dən qlobal çağırışƏn çox oxunanlar15 Yanvar 202654