Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
10 Oktyabr 2026, Şənbə, 07:45
Əlaqə vasitələri
Bizimlə əlaqə
8 Oktyabr – Ümumdünya Görmə Günüdür
08 Oktyabr 2026
100
8 Oktyabr – Ümumdünya Görmə Günüdür

Hər il oktyabr ayının ikinci cümə axşamı Ümumdünya Görmə Günü qeyd olunur.

 

Azmedinfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə keçirilən bu günün əsas məqsədi görmə qabiliyyətinin qorunmasının əhəmiyyəti barədə cəmiyyəti məlumatlandırmaq, göz xəstəliklərinin qarşısının alınmasına diqqəti artırmaq və insanların vaxtında tibbi müayinədən keçməsinin vacibliyini diqqətə çatdırmaqdır.

Görmə problemləri həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Yaxını və uzağı görmənin zəifləməsi, gözlərdə quruluq, yanma və ağrı, görmənin bulanıqlaşması, işığa həssaslıq və görmə sahəsində dəyişikliklər müxtəlif göz xəstəliklərinin əlaməti ola bilər. Bəzi xəstəliklər isə ilkin mərhələdə heç bir ciddi əlamət yaratmadan inkişaf edə bilər. Bu səbəbdən yalnız görmə qabiliyyətində problem yarandıqda deyil, mütəmadi olaraq oftalmoloq müayinəsindən keçmək vacibdir.

Mütəmadi göz müayinəsi xüsusilə uşaqlar, yaşlı insanlar, görmə problemi olan şəxslər, uzun müddət kompüter və digər rəqəmsal cihazlardan istifadə edənlər, eləcə də şəkərli diabet kimi xroniki xəstəlikləri olan insanlar üçün mühüm əhəmiyyət daşıyır. Erkən diaqnostika bir sıra göz xəstəliklərinin vaxtında aşkarlanmasına və müalicəyə başlanmasına imkan verir.

Görmə qabiliyyətinin qorunması üçün gündəlik həyat tərzinə də diqqət yetirmək lazımdır. Kitab oxuyarkən və ya ekran qarşısında işləyərkən gözlərlə mətn və ya ekran arasında uyğun məsafə saxlamaq, uzun müddət fasiləsiz ekrana baxmamaq, mütəmadi olaraq gözləri dincəltmək və işıqlandırmanın düzgün olmasına diqqət etmək faydalıdır. Günəşli havalarda ultrabənövşəyi şüalardan qorunmaq üçün keyfiyyətli gün eynəklərindən istifadə etmək də göz sağlamlığının qorunmasına kömək edə bilər.

Uşaqlarda görmə ilə bağlı problemlərin erkən aşkarlanması xüsusi əhəmiyyət daşıyır. Uşaq televizora və ya kitaba həddindən artıq yaxınlaşırsa, gözlərini tez-tez qıyırsa, baş ağrısından şikayət edirsə və ya oxuyarkən çətinlik çəkirsə, oftalmoloqa müraciət etmək məqsədəuyğundur.

Şəkərli diabet və yüksək qan təzyiqi kimi bəzi xəstəliklər də göz sağlamlığına təsir göstərə bilər. Buna görə xroniki xəstəlikləri olan şəxslər əsas xəstəliklərinin nəzarətdə saxlanılması ilə yanaşı, həkimin tövsiyəsinə uyğun olaraq göz müayinələrindən də keçməlidirlər.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən göz sağlamlığının qorunması istiqamətində mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir, məlumatlandırıcı materiallar hazırlanaraq əhali arasında yayılır, müxtəlif mövzularda videoçarxlar təqdim olunur.

Ümumdünya Görmə Günü bir daha xatırladır ki, görmə qabiliyyətinin qorunması yalnız müalicə ilə deyil, ilk növbədə profilaktika və vaxtında tibbi müayinə ilə bağlıdır. Gözlərdə yaranan hər hansı dəyişiklik və ya görmə qabiliyyətində zəifləmə müşahidə edildikdə özbaşına müalicə aparmaq əvəzinə oftalmoloqa müraciət etmək lazımdır.

Ən çox oxunanlar