Sidney, Tuluz və Stokholm universitetlərinin alimləri müəyyən ediblər ki, son 20 ildə Yer kürəsinin enerji tarazlığı ciddi şəkildə pozulub.
Azmedinfo.az The Conversation portalında dərc edilən məlumatlara əsasən xəbər verir ki, planetə daxil olan istilik artmaqda davam edir, lakin bu istilik əvvəlki kimi kosmosa geri yayıla bilmir.
2000-ci illərin əvvəllərindən bəri enerji balanssızlığı kvadrat metrə görə 0,6 vattdan 1,3 vatta qədər artıb. Bu o deməkdir ki, Yer əvvəlkindən daha sürətli şəkildə enerji yığır. Günəşdən gələn istilik enerjisi atmosferə daxil olur, lakin planet onu əvvəlki kimi geri çevirib kosmosa göndərə bilmir. Bu, alimlər üçün ciddi narahatlıq doğurur.
Bu disbalansın əsas səbəbi qlobal istiləşmə ilə əlaqəli atmosferdə toplanan istixana qazlarıdır. Neft, qaz və kömür kimi yanacaqların yandırılması nəticəsində yaranan bu qazlar istiliyin Yerdən kosmosa çıxmasını əngəlləyir. Artıq istiliyin 90 faizi okeanlarda toplanır, qalan hissəsi isə quruda, buzlaqlarda və atmosferdə dəyişikliklərə səbəb olur.
Enerji balansı əsasən iki üsulla ölçülür: peyklərlə aparılan müşahidələr (planetə daxil olan və çıxan istilik axınlarını qeydə alır) və okeanlarda üzən xüsusi robotlar vasitəsilə temperatur ölçmələri. Hər iki üsul Yerin istiliyi artan templə topladığını sübut edir.
Alimlər bu təhlükəli artımın əsas səbəblərindən birinin bulud örtüyündəki dəyişikliklər olduğunu bildirirlər. Əvvəllər Yeri əhatə edən ağ, sıx buludlar günəş şüalarını daha yaxşı əks etdirirdi. İndi isə bu buludların sayı azalıb, onların yerini isə istiliyi daha çox keçirən nazik buludlar alıb. Bu da həm təbii iqlim dəyişkənliyinin, həm də insan fəaliyyəti nəticəsində qlobal istiləşmənin təsiridir. Bundan başqa, gəmilərdə istifadə olunan yanacaqlarda kükürdlü tullantıların azalması da buludların dəyişməsinə səbəb olub.
Alimlər xəbərdarlıq edirlər ki, bu proseslər daha da güclənə bilər. Onlar təcili tədbirlərin görülməsini, istixana qazlarının kəskin şəkildə azaldılmasını, bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsini və meşələrin qırılmasının dayandırılmasını tövsiyə edirlər.