Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Noyabr 2026, Bazar, 19:12
Əlaqə vasitələri
Bizimlə əlaqə
Yeni hüceyrə terapiyası siçan modellərində beyin şişlərini tamamilə aradan qaldırıb
16 Noyabr 2026
1042
Yeni hüceyrə terapiyası siçan modellərində beyin şişlərini tamamilə aradan qaldırıb

ABŞ-ın Kaliforniya Universitetinin San-Fransisko (UCSF) kampusunun alimləri beyin şişlərinin müalicəsinə yönəlmiş yeni immun hüceyrə terapiyası hazırlayıblar. B-SYNC CAR-T adlandırılan bu üsul yalnız beyinə çatdıqdan sonra aktivləşir. Uşaqlıq dövründə rast gəlinən və xüsusilə aqressiv gedişi ilə seçilən diffuz orta xətt qliomasını (DMG) hədəfləyən terapiya iki fərqli siçan modelində sınaqdan keçirilib. Nəticədə müalicə tətbiq olunan bütün siçanlarda şişlər tamamilə aradan qaldırılıb.

Azmedinfo.az "Science Translational Medicine" nəşrinə istinadən yazır ki, tədqiqatın nəticələrinə görə, terapiya alan siçanlar bir neçə həftə sonra yenidən orqanizmə yeridilən xərçəng hüceyrələrini də məhv edə bilib. Müalicədə istifadə olunan immun hüceyrələrinin 70 gündən artıq funksional vəziyyətdə qaldığı müəyyən edilib.

Yeni texnologiyanın əsas xüsusiyyəti beyində təbii olaraq mövcud olan brevikan zülalından aktivləşmə siqnalı kimi istifadə edilməsidir. Bu mexanizm CAR-T hüceyrələrinin yalnız beyin toxumasına çatdıqda aktivləşməsinə imkan verir və onların orqanizmin digər nahiyələrində arzuolunmaz şəkildə fəaliyyətə başlamasının qarşısını almağa yönəlib. Tədqiqatçılar hesab edirlər ki, hüceyrələrin vaxtından əvvəl funksional zəifləməsinin qarşısının alınması əldə olunan nəticələrdə mühüm rol oynaya bilər.

UCSF alimləri yeni terapiyanı insanlarda klinik sınaqlara çıxarmağa hazırlaşırlar. Xəstələrin öz T-limfositlərindən hazırlanması nəzərdə tutulan müalicənin ilk klinik sınağına 2027-ci ilin aprelində başlanılması planlaşdırılır. Sınaq çərçivəsində terapiyanın venadaxili və birbaşa beyinə yeridilməsi üsullarının kombinasiyası qiymətləndiriləcək.

UCSF Uşaq Beyin Şişləri Mərkəzinin direktoru, professor Sabine Mueller siçan modellərində diffuz orta xətt qliomasının aradan qaldırıldığını bildirib. O, əldə olunan nəticələrin bu yanaşmanı xəstə uşaqlara və gənc yetkinlərə çatdırmaq baxımından ümidverici olduğunu vurğulayıb.

Qeyd edək ki, diffuz orta xətt qlioması əsasən uşaqlarda və gənclərdə rast gəlinən, sürətlə inkişaf edən və müalicəsi olduqca çətin olan bədxassəli beyin şişidir. Yeni terapiyanın nəticələri ümidverici olsa da, onun insanlarda effektivliyi və təhlükəsizliyi hələ klinik sınaqlarla təsdiqlənməyib. Siçanlar üzərində əldə olunan nəticələrin insanlarda da eyni effekti verəcəyini indidən söyləmək mümkün deyil.

Ən çox oxunanlar