Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Noyabr 2026, Bazar, 19:12
Əlaqə vasitələri
Bizimlə əlaqə
Tibb müəssisələrində tütün məmulatlarının istifadəsinə dair monitorinq aparılıb  
19 Noyabr 2026
672
 Tibb müəssisələrində tütün məmulatlarının istifadəsinə dair monitorinq aparılıb   
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun müvafiq tələblərinə riayət olunma səviyyəsini qiymətləndirmək məqsədilə müşahidə tədqiqatı həyata keçirilib.
 
Azmedinfo.az xəbər verir ki, tədqiqat Qanunun 6-cı maddəsinin 6.1.4-cü (ictimai nəzarətdə iştirak etmək) və 10-cu maddəsinin 10.1.2-ci (səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində tütün çəkilməsinin qadağan olunması) bəndlərinin tələblərini, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının Tütünə Nəzarət üzrə Çərçivə Konvensiyasının icrası ilə bağlı hesabatların təqdim olunması öhdəliklərini nəzərə alaraq icra edilib.
 
Bu məqsədlə İSİM tərəfindən xüsusi metodologiya hazırlanıb, müşahidə vərəqələri tərtib edilib və intervyuerlər təlimatlandırılaraq sahə işlərinə cəlb olunub. 2026-cı ilin iyun ayında Bakı şəhərində 10 səhiyyə müəssisəsində (xəstəxana, poliklinika, tibb mərkəzi və qadın məsləhətxanası) rəqəmsal Google Forms platforması vasitəsilə anonim müşahidə tədqiqatı aparılıb.
 
Nəticələrə əsasən, müşahidə olunan müəssisələrin daxilində tütünçəkmə halı qeydə alınmayıb və bütün obyektlərdə zəruri qadağanedici işarə və yazıların mövcud olduğu təsdiqlənib. Əsas binalarda tütün qoxusu tamamilə aradan qalxsa da, bəzi müəssisələrin sanitar qovşaqlarında tütün qoxusu hiss edilib. Eyni zamanda, müəssisələrin daxilində qaydalara tam əməl olunmasına baxmayaraq, seçilmiş obyektlərin 40 faizinin həyətyanı ərazisində tütünçəkmə halları müşahidə olunub və həmin ərazilərdə müvafiq qadağanedici lövhələr aşkar edilməyib.
 
Əvvəlki illərin müqayisəli təhlili göstərir ki, müəssisədaxili tütün qoxusu 10%-dən 0%-ə enərək tamamilə aradan qalxıb, həyət ərazilərində tütünçəkmə halları isə 80%-dən 40%-ə düşüb. Bununla yanaşı, sanitar qovşaqlarında tütün qoxusunun müşahidə olunması göstəricisi 10%-dən 30%-ə yüksəlib.
 
Əldə edilən nəticələr səhiyyə müəssisələrinin daxilində qanunvericiliyin tələblərinə əməl olunma səviyyəsinin yüksək olduğunu, lakin açıq havada (həyət sahələrində) və yardımçı otaqlarda nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu göstərir.
 
Ən çox oxunanlar