Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Noyabr 2026, Bazar, 19:20
Əlaqə vasitələri
Bizimlə əlaqə
2027-ci ildə ambulator dərmanların icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır
21 Noyabr 2026
408
2027-ci ildə ambulator dərmanların icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır

Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsinə başlanılması planlaşdırılır.

Azmedinfo.az xəbər verir ki, bu barədə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev “Dövlət-biznes əməkdaşlıq forumu” çərçivəsində keçirilən “Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri” mövzusunda panel sessiyada məlumat verib.

Onun sözlərinə görə, hazırda icbari tibbi sığorta çərçivəsində vətəndaşlar yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər zamanı istifadə olunan dərman preparatları və tibbi sərfiyyat materialları ilə dövlət hesabına təmin edilirlər. Ambulator şəraitdə isə resept əsasında təyin olunan dərman vasitələri vətəndaşlar tərəfindən öz vəsaitləri hesabına alınır.

Ramin Rzayev bildirib ki, gələn ilin aprel ayından bu sahədə yeni mexanizmlərin tətbiqinə başlanılması nəzərdə tutulur. Bununla bağlı funksional, qanunvericilik və normativ sənədlər hazırlanıb, müvafiq layihələr təsdiq üçün təqdim edilib. Yaxın günlərdə onların təsdiqlənəcəyi gözlənilir.

İlkin mərhələdə daha təxirəsalınmaz xəstəliklərdən biri hesab olunan arterial hipertenziyanın, yəni yüksək arterial qan təzyiqinin müalicəsi və dəstəklənməsi üçün nəzərdə tutulan 26 adda dərman preparatının xidmətlər zərfi çərçivəsində vətəndaşlara təqdim edilməsi planlaşdırılır.

Agentlik rəhbəri qeyd edib ki, dərman vasitələrinin təminatında özəl təşkilatların, o cümlədən aptek şəbəkələrinin də iştirakı nəzərdə tutulur. Bu məqsədlə aptek təşkilatları Agentlik tərəfindən müvafiq sistemə qoşulacaq və elektron resept əsasında təyin olunan dərmanların vətəndaşlara çatdırılmasında iştirak edəcəklər.

Qeyd edib ki, apteklərin elektron rəqəmsal sistemlərə inteqrasiyası ilə bağlı texniki tapşırıqlar hazırlanıb və aidiyyəti üzrə Səhiyyə Nazirliyinə, eləcə də digər müvafiq strukturlara təqdim olunur.

Ən çox oxunanlar