Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Noyabr 2026, Bazar, 19:12
Əlaqə vasitələri
Bizimlə əlaqə
ABŞ qızılcadan azad ölkə statusunu itirib
15 Noyabr 2026
816
ABŞ qızılcadan azad ölkə statusunu itirib

Son onilliklərin ən yüksək yoluxma göstəriciləri ilə üzləşən Birləşmiş Ştatlar Panamerika Səhiyyə Təşkilatının (PST) qərarı ilə qızılcanın endemik yayılmasının dayandırıldığı ölkələr siyahısından çıxarılıb.

 

Azmedinfo.az "The Wall Street Journal" (WSJ) qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, cari il ərzində ölkə üzrə 5 400-dən artıq qızılcaya yoluxma faktı təsdiqlənib ki, bu da son illərin antirekordu hesab olunur. Təkcə noyabr ayı ərzində Pensilvaniya, Nyu-York və Viskonsin ştatlarında müstəqil şəkildə baş qaldıran lokal xəstəlik ocaqları beş nəfərin həyatına son qoyub.

 

Xatırladaq ki, Birləşmiş Ştatlar kütləvi immunizasiya proqramlarının uğurlu icrası nəticəsində hələ 2000-ci ildə bu xəstəliyə qalib gəlmiş ölkə statusuna yiyələnmişdi. Lakin son altı ilin statistikası məktəbəqədər təhsil müəssisələrinə gedən azyaşlılar arasında qızılca, parotit və məxmərək əleyhinə peyvəndləmə səviyyəsinin 95,2 faizdən 92,4 faizədək gerilədiyini göstərir.

 

Nəşr yazır ki, ABŞ-nin sözügedən beynəlxalq statusu yenidən qazanması üçün ölkə daxilində virusun fasiləsiz ötürülməsi minimum bir il müddətində tamamilə dayandırılmalıdır. Mütəxəssislərin qənaətinə görə, mövcud epidemioloji mənzərə fonunda bu hədəfə çatmaq uzun illər vaxt apara bilər.

Ən çox oxunanlar