Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
11 Noyabr 2025, Çərşənbə axşamı, 08:00
Əlaqə vasitələri
Bizimlə əlaqə
Empatiya müasir tibbin əsas şüarıdır – Müsahibə
30 Oktyabr 2025
594
Empatiya müasir tibbin əsas şüarıdır – Müsahibə

Empatiya, səmimiyyət və elmin birləşdiyi məqam müasir tibbin əsl mahiyyətidir. Qadın Sağlamlığı Mərkəzi İctimai Birliyinin təsisçisi və sədri, radioloq Fəridə Abbasova ilə söhbətimizdə bu prinsiplərin tibbi peşənin gündəlik missiyasına necə çevrildiyini, innovasiyaların səhiyyədə yeni mərhələ açdığını və həkim peşəsinin yalnız bilik deyil, həm də böyük ürək tələb etdiyini bir daha anlayacaqsınız.

– Sizi tibbin çətin, lakin şərəfli yoluna aparan arzu necə yarandı?

Tibbi peşə mənim üçün sadəcə bir ixtisas deyil, bir missiyadır. İnsanlara yardım etmək, onların ağrısını azaltmaq, sağlamlığını bərpa etməyə kömək etmək arzusu məni bu yola yönəltdi. Hər bir pasiyentlə ünsiyyət zamanı anlayıram ki, bəzən düzgün qoyulmuş diaqnozdan daha önəmlisi insana diqqət, anlayış və qayğı göstərməkdir. Elmi və təcrübi biliklərimlə insanların həyatına fayda qatmaq mənim üçün ən böyük dəyərdir.

– Sizin ixtisas sahənizdə müşahidə olunan ən mühüm elmi və praktiki tendensiyalar hansılardır?

Radiologiyada və ümumilikdə tibbdə bu gün əsas istiqamətlər fərdiləşdirilmiş müalicə, süni intellektin tətbiqi, erkən diaqnostika vasitələrinin təkmilləşdirilməsi və telemedisinanın inkişafıdır. İnnovativ görüntüləmə texnologiyaları sayəsində xəstəlikləri daha ilkin mərhələdə aşkar etmək mümkündür. Teleməsləhətlər isə həm regionlarda yaşayan insanlara tibbi xidmətin əlçatanlığını artırır, həm də diaqnostik prosesin sürətini yüksəldir.

– Hər gün müxtəlif pasiyentlərlə təmasda olarkən, effektiv ünsiyyət və anlayış mühiti yaratmağın sirri nədədir?

Hər bir görüşü qarşılıqlı etimad və səmimi dialoqa əsaslanaraq qururam. Xəstənin narahatlığını diqqətlə dinləmək, suallarına sadə və aydın cavab vermək, diaqnozu və müalicə planını birlikdə müzakirə etmək çox vacibdir. İnsan anlayanda ki, həkim onu dinləyir və həqiqətən qayğı göstərir bu, müalicənin yarısı qədər təsirlidir. Yalnız o zaman müaıicə effektiv olur.

– Sizin müşahidələrinizə görə, xəstələr arasında ən çox rast gəlinən yanlış yanaşmalar hansılardır?

Təəssüf ki, bir çox insan simptomlara laqeyd yanaşır və həkimə müraciəti gecikdirir. Bəziləri isə internetdən əldə etdiyi yarımçıq məlumatlara əsaslanaraq özünə “müalicə” tətbiq edir. Halbuki, hər bir simptomun arxasında fərqli səbəb dayana bilər. Mənim məsləhətim odur ki, sağlamlıqla bağlı qərarları yalnız peşəkar həkimlə birgə verin və etibarlı mənbələrə güvənin.

– Erkən diaqnostika bir insanın həyatında nə dərəcədə həlledici ola bilər?

Erkən diaqnostika əksər hallarda insanın həyatını xilas edə bilir. Xərçəng, ürək-damar və digər ciddi xəstəliklər məhz ilkin mərhələdə aşkarlanarsa, müalicə çox daha effektiv olur. Müntəzəm skrininqlər, profilaktik müayinələr və risk faktorlarının nəzarətdə saxlanılması sağlamlığın qorunmasında əsas rol oynayır.

– Gündəlik həyatında sağlam vərdişlər formalaşdırmaq istəyən insanlara nələri tövsiyə edərdiniz?

Sağlam həyat tərzinin beş dayağı var: balanslı qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu, zərərli vərdişlərdən uzaq durmaq və stressin idarə edilməsi. Hər yaş dövrünə uyğun tibbi müayinələrdən keçmək də vacibdir. Unutmayaq ki, psixoloji sağlamlıq da bədən sağlamlığı qədər önəmlidir. İnsan ruhən rahat olanda orqanizm də daha möhkəm olur.

– Texnologiyanın sürətli inkişafı fonunda sizcə, tibbin gələcəyi daha çox hansı dəyərlərə söykənəcək?

Gələcəyin tibbi süni intellekt, fərdiləşdirilmiş müalicə və distant diaqnostika kimi anlayışlarla sıx bağlı olacaq. Lakin texnologiya həkimin empatiyasını və insani yanaşmasını heç vaxt əvəz edə bilməz. Tibbin gələcəyi elmin və insanlığın harmoniyasında gizlidir.

– Gənc həkimlərə bu şərəfli peşədə möhkəm dayanmaq üçün hansı hansı məsləhətləriniz var?

Gənc mütəxəssis öyrənməyi həyatının tərkib hissəsinə çevirməlidir. Elmi yenilikləri izləməli, mentorluğun dəyərini anlamalı və komanda ruhunu qorumalıdır. Hər bir pasiyentə fərd kimi yanaşmağı, onunla empatik ünsiyyət qurmağı bacarmalıdır. Peşəkar fəaliyyətlə şəxsi həyat arasında balans saxlamaq isə uzunömürlü uğurun sirridir.

– Oxuculara həyatın hər anında sağlam və ümidli qalmaq üçün nə arzulayardınız?

Sağlamlıq insanın ən qiymətli sərvətidir. Hər bir kiçik əlaməti görməməzlikdən gəlməyin, vaxtında müayinədən keçin və bədəninizin sizə verdiyi siqnalları dinləyin. Həkimlə əməkdaşlıq, açıq ünsiyyət və inam sizi daha sağlam gələcəyə aparacaq. Unutmayın, biz həkimlər sizin yanınızdayıq ,yardım istəməkdən çəkinməyin. Sizə sağlam və aktiv həyat diləyirəm.

Müsahibə üçün təşəkkür ediririk!

Müsahibəni apardı:

Ruslan Kərimov

Ən çox oxunanlar