Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
10 Oktyabr 2026, Şənbə, 07:05
Əlaqə vasitələri
Bizimlə əlaqə
Səqifədən sonra Quranın ilahi nazilolma nizamının dəyişdirilməsində məqsəd nə idi?
02 Oktyabr 2026
160
Səqifədən sonra Quranın ilahi nazilolma nizamının dəyişdirilməsində məqsəd nə idi?

"Səqifədən sonra Quranın ilahi nazilolma nizamının dəyişdirilməsində məqsəd nə idi?" sualını cavablandırmazdan əvvəl bir məsələni müəyyənləşdirmək vacibdir.

Mövcud Quran müshəfi ayə və surələrin nazilolma ardıcıllığını əks etdirmir. Bu, mübahisəli iddia deyil. Bugünkü müshəfdə surələrin düzülüşü xronoloji ardıcıllıq əsasında qurulmayıb. Akademik Quranşünaslıqda da mövcud müshəfin surə düzümünün vəhyin nazilolma ardıcıllığı ilə eyni olmadığı qəbul edilir.

Deməli, əsas araşdırma sualı budur:

Allah tərəfindən vəhy olaraq nazil edilən ayələrin tarixi ardıcıllığı ilə Səqifə hadisəsindən sonra Əbu Bəkrin hakimiyyəti dövründə tərtib edilən müshəfdəki ardıcıllıq niyə eyni olmadı?

Bundan daha mühüm bir sual isə ortaya çıxır. Bu tərtibi kim müəyyənləşdirdi və həmin tərtib zamanı hansı Quran mənbəyi əsas götürüldü?

 

Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.


Əbu Bəkrin toplatdığı Quran kimə həvalə edildi?

 

Peyğəmbərin vəfatından sonra Quranın bir müshəfdə toplanması təşəbbüsü Əbu Bəkr dövründə həyata keçirildi. Bu iş üçün seçilən şəxs Zeyd ibn Sabit oldu.

 

Beləliklə, müshəfin ilk dövlət tərtibində qərar belə idi:

 

Əli yox — Zeyd.

 

Toplanmış səhifələr əvvəl Əbu Bəkrin yanında qaldı, sonra Ömərə keçdi, Ömərin vəfatından sonra isə onun qızı Həfsəyə verildi. Bu zəncir mənbələrdə açıq şəkildə qorunub.

 

Burada bir faktı xüsusi vurğulamaq lazımdır:

 

Həfsədə saxlanılan səhifələr ayrıca Əbu Bəkr dövründə hazırlanmış toplama idi. Yəni Həfsənin əlində olan səhifələr Quranın Peyğəmbər dövründə vahid dövlət müshəfi şəklində hazırlanmış nüsxəsi deyildi. Bu, sonrakı dövlət toplamasının məhsulu idi.

 

Osman səhifələrin Həfsədə olduğunu haradan bilirdi?

 

Osman Səqifənin iştirakçısı deyildi. Deməli, onun Əbu Bəkr dövründə hazırlanmış səhifələrin sonradan Ömərin qızı Həfsəyə keçməsi prosesinin iştirakçısı olması mümkün deyil.

 

Lakin Osman hakimiyyətə gəldikdə bu səhifələrin Həfsədə olduğunu bilirdi.

 

Və daha maraqlısı:

 

O, Hz. Əlinin tərtib etdiyi müshəfi axtarmadı. Birbaşa Həfsəyə müraciət etdi.

 

Mənbədə hadisə belə təqdim olunur: Osman Həfsəyə xəbər göndərərək həmin səhifələri istədi ki, onlardan müshəflər köçürülsün. Həfsə səhifələri göndərdi, Osman isə Hz. Əlini yox, Zeyd ibn Sabiti və üç Qüreyşlini onların üzərində işləməyə təyin etdi. İş bitdikdən sonra səhifələr yenidən Həfsəyə qaytarıldı.

 

Bu, təsadüfi seçim kimi qəbul edilə bilməyəcək qədər konkret bir hadisədir. Çünki Osman qarşısında müxtəlif Quran yazıları və fərdi müshəflər ənənəsi olduğu halda dövlət standartının başlanğıc nöqtəsi kimi məhz Həfsədəki Əbu Bəkr toplamasını seçdi.

 

Ən mühüm sual: niyə Əlinin müshəfi yox?

 

Burada artıq məsələnin siyasi mahiyyətinə toxunuruq.

 

Hz. Əli Peyğəmbərin yanında Quranı öyrənmiş, vəhyin nazil olduğu hadisələrin içində yaşamış və öz müshəfini hazırlamış şəxs kimi tarixə daxil olur.

 

Hz. Əlinin müshəfi haqqında mövcud ənənələrdə onun Quran materialını nazilolma ardıcıllığı ilə tərtib etdiyi barədə tarixi faktlar var. Bu məlumatların bütün detalları, Hz. Əliyə aid ayrıca müshəf ənənəsinin mövcudluğu akademik ədəbiyyatda ciddi şəkildə müzakirə edilir.

 

İndi müqayisəyə baxaq:

 

Birinci xətt:

 

Peyğəmbər → Əli → ayrıca müshəf ənənəsi → nazilolma ardıcıllığı

 

Səqifədən sonrakı dövlət xətti:

 

Səqifə → Əbu Bəkr → Zeyd → Ömər → Həfsə → Osman → Zeyd

 

Osmanın qarşısında bu iki istiqamət olduğu halda dövlət standartı üçün seçilən yol ikinci yol oldu.

 

Məsələni sadəcə “Osman Quranı topladı” deyə ifadə etmək bu fərqi gizlədir.

 

Osman mövcud olan Quran materialları içərisindən Hz Əli müshəfini yox, konkret olaraq siyasi-dövlət xəttinin qoruduğu Həfsədəki səhifələri əsas götürdü.

 

Həfsədəki səhifələr nə üçün bu qədər vacib idi?

 

Çünki Osman həmin səhifələri sadəcə müqayisə üçün bir sənəd kimi saxlamadı. Onlardan standart nüsxələr hazırlatdı. Komissiyanın tərkibində isə yenə Zeyd ibn Sabit vardı.

 

Sonra hazırlanmış nüsxələr müxtəlif bölgələrə göndərildi və başqa Quran materiallarının aradan qaldırılması əmr edildi.

Beləliklə, Əbu Bəkr dövründə seçilmiş mənbə Osman dövründə dövlətin Quran standartına çevrildi.

 

Bu faktın özü çox şey deyir:

 

Əbu Bəkrin seçimi müvəqqəti toplama olaraq qalmadı, Osman onu dövlət standartının əsasına çevirdi.

 

Bu seçim yalnız texniki idimi?

 

Rəsmi izah budur ki, müxtəlif bölgələrdə qiraət fərqləri yaranmışdı və vahid müshəf lazım idi. Osman dövründə bölgələr arasında oxunuş fərqləri ilə bağlı narahatlıq qeyd olunur və məhz bunun ardınca Həfsədəki səhifələr istənilir.

 

Lakin burada başqa bir sual yaranır:

 

Vahid Quran yaratmaq zəruri idisə, vahidliyin əsası niyə məhz Əbu Bəkrin Səqifədən sonra seçilmiş dövlət xəttinin topladığı səhifələr oldu?

 

Bu artıq texniki sual deyil, seçim sualıdır.

 

Vahidlik yaratmaq başqa məsələdir, nəyin vahidliyin əsası seçilməsi başqa məsələdir.

 

Əgər məqsəd yalnız Quranı qorumaq idisə onda ən azı aşağıdakı mənbələrin müqayisəli şəkildə nəzərdən keçirilməsi gözlənilə bilərdi:

 

Əlinin müshəfi;

İbn Məsudun müshəfi;

Übeyy ibn Kəbin müshəfi;

digər səhabələrin yazılı Quran materialları.

 

Lakin dövlət qərarının faktiki nəticəsi başqa oldu:

 

Həfsədəki səhifələr gətirildi → Zeyd başda olmaqla komissiya işlədildi, onun toplaması qəbul edildi → nüsxələr çıxarıldı → bölgələrə göndərildi → digər yazılı materialların yandırılması əmr edildi.

 

Beləliklə, məsələ yalnız Quranın toplanması deyildi. Məsələ Quranın hansı müshəfinin dövlət tərəfindən “əsas” qəbul ediləcəyinin müəyyənləşdirilməsi idi.

 

Burada Səqifə niyə əhəmiyyət qazanır?

 

Çünki bütün bu xətt Səqifədən sonra yaranan hakimiyyət ardıcıllığı ilə üst-üstə düşür.

 

Səqifədə Peyğəmbərdən sonrakı siyasi hakimiyyət məsələsi həll edildi. Hz. Əli həmin siyasi prosesdən kənarda qaldı.

 

Sonra Quranın dövlət tərəfindən toplanması zamanı da Hz. Əli deyil, Zeyd seçildi. Həmin toplama sonra Ömərə, ondan da Həfsəyə keçdi.

 

Daha sonra isə Osman hakimiyyətə gəldikdə dövlət Quranının əsasını məhz həmin səhifələr təşkil etdi.

 

Beləliklə:

 

Siyasi hakimiyyətin seçdiyi xətt ilə dövlət müshəfinin keçdiyi xətt eyni tarixi xətt oldu.

 

Bunu görməmək üçün hadisələri bir-birindən ayırmaq lazım idi.

 

Birlikdə oxuduqda isə bu ardıcıllıq göz qabağındadır:

 

Səqifə → Əbu Bəkr → Zeyd → Ömər → Həfsə → Osman → dövlət müshəfi.

 

Əlinin xətti isə bu dövlət zəncirinin xaricində qaldı.

 

Məqsəd Quranı dəyişmək idimi?

 

Məqsədin Quranın mətnini dəyişmək olduğunu demək üçün dəlil yoxdur.

 

Amma bundan belə nəticə çıxmır ki, tərtib məsələsi məqsədsiz və siyasi mühitdən tamamilə ayrı idi.

 

Çünki Osman sadəcə bir Quran müshəfi tərtib etmədi. O, mövcud Quran materialları içərisində olmayan Həfsənin qoruduğu səhifələri mənbə olaraq dövlət standartının əsası kimi seçdi.

 

Əbu Bəkrin toplatdığı, Zeydin hazırladığı, Ömərdən sonra Həfsənin qoruduğu səhifələr idi. Bu seçim nəticəsində Hz. Əlinin müshəfi dövlət Quranının əsası olmadı.

 

Hz. Əlinin müshəfində həqiqətən nazilolma ardıcıllığı qorunduğu halda, bunun dövlət müshəfinə daxil edilməməsi yalnız “kitabların birindən istifadə edildi” səviyyəsində izah edilə bilməz.

 

Çünki burada iki müxtəlif nizam anlayışı qarşı-qarşıya gəlir:


nazilolma nizamı

 

və

 

dövlət tərəfindən qəbul edilmiş müshəf nizamı.

 

Qədir-Xum bu mənzərədə ə xüsusi əhəmiyyət daşıyır

 

Qədir-Xum məsələsi sıradan bir hadisə deyil.

 

Quran buyurur:

 

“O, öz istəyindən danışmır. Bu, ona nazil edilən vəhydən başqa bir şey deyil.” (Nəcm, 53:3–4)

 

Maidə 5:67-də isə Peyğəmbərə “Rəbbindən sənə nazil ediləni təbliğ et…” buyurulur.

 

Əgər Qədir-Xumda Hz.Əlinin ilahi təyinatı haqqında edilən elan 5:67-də nazil edilənin təbliği idisə, onda onun sonrakı yaddaşda yalnız “hədis” kimi kateqoriyalaşdırılması Qurana ziddir.

 

Çünki burada iki xətt birləşir:

 

Qədir-Xumun vəhy əlaqəsinin zəiflədilməsi və Quranın nazilolma nizamının dövlət müshəfində görünməməsi.

 

Birincidə hadisənin vəhy statusu arxa plana keçir. İkincidə isə Quranın tarixi danışıq nizamı pozulur. Nəticədə Qədir-Xumla Quran arasındakı əlaqəni oxucunun qarşısında birbaşa göstərən iki dayağın hər ikisi zəifləyir.

 

Əslində nə dəyişdi?

 

Quranın mətni dəyişdirilmədən də Quranın oxunuş sistemi dəyişmək mümkündür.

 

Nazilolma ardıcıllığı görünməyəndə ayələrin tarixi hadisələrlə əlaqəsi əvvəlki kimi dərhal görünmür.

 

Qədir-Xum ayrıca “hədis” kimi təqdim ediləndə isə onun Maidə 5:67 və 5:3 ilə əlaqəsi də artıq Quranın öz daxilində görünən bir-biri ilə əlaqəli, danışan hadisə kimi deyil, Quran xaricində nəql edilən bir məlumat kimi qəbul edilir.

 

Beləliklə vəhylərin səbəb-nəticəə əlaqələri qırılır, Quranın xronoloji nizamı pozulur.

 

Sonra oxucu bu iki xətti özü birləşdirməli olur.

 

Deməli, “məqsəd” nə idi və harada görünür?

 

Məqsədi sübut edən bir sənəd axtarmaq lazım deyil. Çünki tarixdə çox vaxt məqsəd seçimlərdən və nəticələrdən görünür.

 

Əli deyil, Zeyd seçildi.

 

Əlinin müshəfi deyil, Əbu Bəkr dövrünün toplaması dövlət əsasına çevrildi.

 

Həfsədəki səhifələr gətirildi.

 

Zeyd yenidən standartlaşdırmanın mərkəzinə qoyuldu.

 

Digər Quran materiallarının məhv edilməsi əmr edildi.

 

Nəticədə dövlətin qəbul etdiyi müshəf vahid normaya çevrildi.

 

Bunların hər birinə ayrıca “texniki səbəb” tapmaq mümkündür. Lakin hamısını birlikdə oxuduqda artıq başqa bir mənzərə yaranır:

 

Səqifədən sonra formalaşan siyasi hakimiyyət xətti ilə dövlət səviyyəsində qəbul edilən standartlaşdırma xətti Quranının formalaşma xətti üst-üstə düşür. Bu, nəticə olaraq məqalənin əsas faktıdır.

 

Buna görə Səqifədən sonrakı Quran məsələsi sadəcə “Quranın toplanması” tarixçəsi deyil. Bu, Quran üzərində hakimiyyətin — yəni Quranın hansı nizamda oxunacağının — kimə verilməsi tarixidir.

 

Quranın hökmü bir idi. Səqifədə isə həmin hökmün yerinə insan hakimiyyəti qoyuldu.

 

Quranın ən mühüm hüquqi prinsiplərindən biri budur:

 

“Hökm yalnız Allaha məxsusdur.”

Yusuf, 12:40

 

Bu, sadəcə etiqadi fikir deyil. İslamda hüququn, hakimiyyətin və ictimai nizamın son mənbəyini müəyyən edən prinsipdir.

 

Allahın hökmünün qarşısında insanın özündən hökm qoyması isə alternativ hüquq yaratmaq deyil — Allahın hökmündən çıxmaqdır.

 

Bu məsələ Peyğəmbərin vəfatından sonra baş verən Səqifə hadisəsinə tətbiq edildikdə hadisənin mahiyyəti aydınlaşır.

 

Peyğəmbər özündən danışmırdı

 

Quran Peyğəmbərin Allah qarşısındakı mövqeyini açıq müəyyən edir:

 

“O, öz istəyindən danışmır. Bu, ona nazil edilən vəhydən başqa bir şey deyil.” Nəcm, 53:3–4

 

Deməli, Peyğəmbərin Allahın əmri ilə cəmiyyətə çatdırdığı ilahi hökm şəxsi siyasi qərar deyildir.

 

Bu prinsip xüsusilə mühüm bir məsələyə — Peyğəmbərdən sonra rəhbərlik məsələsinə tətbiq olunanda məsələ artıq şəxsi seçim səviyyəsində qala bilməz.

 

Çünki Peyğəmbər özbaşına danışmırsa, onun Allahın əmri ilə elan etdiyi hökmə sonradan insan iradəsi ilə qarşı çıxmaq Allahın hökmünə qarşı çıxmaqdır.

 

Maidə 5:67: məsələni gizlətmək mümkün deyildi

 

Allah Peyğəmbərə buyurur:

 

“Ey Peyğəmbər! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun risalətini təbliğ etmiş olmazsan. Allah səni insanlardan qoruyacaqdır…” Maidə, 5:67

 

Burada adi bir məlumatın çatdırılmasından söhbət getmir. Ayədə “təbliğ et” əmri var və bu əmr yerinə yetirilməsə, “Onun risalətini təbliğ etmiş olmazsan” hökmü verilir.

 

Qədir-Xum hadisəsinin tarixiliyi İslam mənbə ənənəsində geniş şəkildə qəbul edilir; “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” ifadəsi müxtəlif erkən mənbələrdə keçir. Akademik mənbələr həm hadisənin mövcudluğunu, həm də sonrakı ənənələrdə onun Hz. Əlinin rəhbərliyi ilə əlaqələndirildiyini qeyd edir.

 

Quranın 5:67-dəki əmrini Nəcm 53:3–4 ilə birlikdə oxuduqda məsələ daha da aydınlaşır:

 

Peyğəmbər özündən danışmır. Ona Rəbbindən nazil ediləni təbliğ etmək əmr olunur. Qədir-Xumda isə Əlinin mövqeyi ümumi kütlə qarşısında elan edilir. Bu elan sonradan ixtiyari şəxsi münasibət səviyyəsinə endirilə bilməz.

 

Maidə 5:3 — din tamamlandı məsələsi

 

Qədir-Xum elanından sonra Maidə surəsinin həmin xəttində Quran buyurur:

 

“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim.” Maidə, 5:3

 

Burada üç hökm ardıcıl görünür:

 

nazil edilən hökm → onun Peyğəmbər tərəfindən təbliği → dinin tamamlanması.

 

Beləliklə, Quranın özü hadisəni yalnız fərdi mənəvi təlimlər toplusu kimi təqdim etmir. İlahi göstərişin cəmiyyət qarşısında elan olunması da dinin tamamlanmasının tərkibində görünür.

 

Bu səbəbdən Qədir-Xumu sadəcə “Əliyə sevgi və hörmət” səviyyəsinə endirmək 5:67-dəki ilahi təbliğ əmrinin hüquqi çəkisini aradan qaldırır.

 

Sonra nə baş verdi?

 

Peyğəmbər vəfat edəndə məsələ nəzəri məsələ deyildi.

 

Peyğəmbərin nəşi hələ dəfn edilməmişdi. Hz. Əli dəfn və hazırlıq işləri ilə məşğul idi. Bu vaxt Səqifədə Əbu Bəkrin rəhbərliyi məsələsi irəli sürüldü.

 

Tarixi mənbələr Səqifədə baş verənlərin sakit, əvvəlcədən hazırlanmış ümumi nümayəndəlik iclası olmadığını göstərir. Hadisə mübahisə və qarşıdurma ilə müşayiət olundu; Əli və Fatimə həmin prosesdə iştirak etmirdi. Akademik mənbələr də Məhəmmədin (s) ölümündən sonra Hz. Əli və Hz. Fatimənin onun nəşi ilə qaldığını, müsəlmanların isə Səqifədə Əbu Bəkrə beyət etdiyini qeyd edir.

 

Burada əsas hüquqi fakt budur:

 

Qədir-Xumda Peyğəmbərin elan etdiyi ilahi təyinatın qarşısına Səqifədə insan seçimi çıxarıldı.

 

Bu, “iki hüquqi əsasın qarşıdurması” deyildi. Bir tərəfdə Allahın hökmü, digər tərəfdə həmin hökmün yerinə qoyulmuş insan qərarı vardı.

Ona görə Səqifəni sadəcə “xəlifə seçkisi” adlandırmaq hadisənin hüquqi mahiyyətini gizlədir.

 

Səqifədən sonra beyət könüllü ictimai razılaşmaya çevrilmədi

 

Səqifədə baş verən qərarın qəbul etdirilməsi sonrakı mərhələdə də təzyiqlə müşayiət olundu.

 

Fatimənin evinə gedilməsi və Əli tərəfdarlarının beyətə məcbur edilməsi barədə erkən mənbələrdə məlumatlar vardır. Ən mühüm cəhət budur ki, evin yandırılması ilə bağlı təhdid barədə Təbəri kimi sünni tarix mənbələrində də məlumatın qorunmasıdır.

 

Burada hadisəni “siyasi gərginlik” adlandırmaq kifayət deyil.

 

Bir insanın Allahın Peyğəmbəri tərəfindən müəyyən edilmiş ilahi təyinatı qəbul etmədiyinə görə onun evinə təhdid yönəldilməsi, beyət üçün təzyiq göstərilməsi hakimiyyətin haqq əsasında deyil, güc əsasında möhkəmləndirilməsi deməkdir.

 

Fədək məsələsi: hökmdarın sözü Quranın üstünə qoyula bilməz

 

Səqifədən sonra yalnız rəhbərlik məsələsi dəyişmədi. Hakimiyyətin Qurana münasibəti də dəyişdi.

 

Fatimə Fədək məsələsində öz haqqını tələb etdi. Bu tələbə qarşı Əbu Bəkr tərəfindən Peyğəmbərə aid edilən “Biz peyğəmbərlər miras qoymuruq…” məzmunlu hökm irəli sürüldü.

 

Lakin Quranın özündə peyğəmbərlərin varisliyi açıq şəkildə göstərilir:

 

“Süleyman Davuda varis oldu.” Nəml, 27:16

 

Zəkəriyyanın duasında isə belə deyilir:

 

“Mən özümdən sonra gələn yaxınlarımdan qorxuram. Arvadım da sonsuzdur. Mənə Öz tərəfindən bir varis bəxş et ki, mənə də, Yaqub nəslinə də varis olsun…” Məryəm, 19:5–6

 

Belə halda hüquqi ölçü aydındır:

 

Allahın Kitabındakı hökm qarşısında heç bir insan sözü üstün hüquqi mənbə ola bilməz.

 

Yusuf 12:40 bunu ümumi prinsip kimi artıq müəyyən etmişdir:

 

“Hökm yalnız Allaha məxsusdur.”

 

Deməli, Səqifədən sonrakı hakimikyyətin Quranla ziddiyyət təşkil edən hökmü Quranın qarşısında hüquqi qüvvə qazana bilməz.

 

Səqifədən sonra hakimiyyət artıq başqa əllərdə idi. Sonra Quranın toplanması və standartlaşdırılması prosesi də həmin hakimiyyət xəttinin nəzarətində həyata keçirildi.

 

Əbu Bəkr dövründə Quranın səhifələr halında toplanması və Zeyd ibn Sabitin bu işə cəlb olunması barədə ənənəvi mənbələr geniş məlumat verir. Bu səhifələrin sonradan Ömərə, daha sonra isə Həfsəyə keçdiyi və Osman dövründə həmin materialın əsas götürülərək standart nüsxələrin hazırlandığı bildirilir. Akademik ədəbiyyat da Osman dövründə standartlaşdırma prosesini və Zeyd ibn Sabitin kkomissiyada rəhbər kimi iştirakını qeyd edir.

 

Osmanın dövründə Həfsənin saxladığı səhifələr alınmış, Zeyd və Qüreyşdən olan şəxslərdən ibarət komissiya nüsxələr hazırlamış və digər fərqli yazılı materialların aradan qaldırılması əmr edilmişdir.

 

Bu proses Quranın başqa mətnə çevrilməsi demək deyil. Quranın mətni Allahın qoruması altındadır:

 

“Şübhəsiz ki, Zikri Biz nazil etdik və sözsüz ki, onu Biz qoruyacağıq.” Hicr, 15:9

 

Deməli, söhbət Quranın mətnini dəyişməkdən getmir. Məsələ Quranın nizamını dəyişməkdir.

 

Quranın nazilolma nizamı niyə bu qədər mühümdür?

Quran öz ayələrini bir-birindən təcrid olunmuş hökmlər kimi təqdim etmir.

 

Buyurur:

 

“Bu, ayələri möhkəmləndirilmiş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır…” Hud, 11:1

 

Yenə buyurur:

 

“Məgər onlar Quran barəsində düşünmürlərmi? Yoxsa qəlblərinin üzərində qıfıllar vardır?” Məhəmməd, 47:24

 

Quranı Quranla oxumaq onun ayələrini ayırmadan, bir-biri ilə danışdırmaqdır.

 

Nazilolma ardıcıllığı isə bu əlaqələrin tarixi görünüşünü qoruyur.

 

Bir ayə müəyyən hadisəyə cavab verir. Sonrakı ayə həmin hökmü tamamlayır. Başqa bir ayə onun mahiyyətini açır. Daha sonrakı ayə nəticəni göstərir. Beləliklə, Quranın ayələri bir-birini izah edən canlı hüquqi sistemə çevrilir.

 

Bu əlaqə görünməzləşdirildikdə mətn qalır, amma mətnin danışdığı hadisəvi və hüquqi xətt oxucudan gizlədilir..

 

Hz. Əlinin Quranla münasibəti burada xüsusi əhəmiyyət qazanır

 

İslamın erkən mənbə ənənəsində Hz. Əlinin Peyğəmbərin vəfatından sonra Quranı topladığı barədə məlumatlar mövcuddur. Bu məlumatlardan bir qismi həmin müshəfin nazilolma ardıcıllığı ilə tərtib edildiyini bildirir. Müasir akademik araşdırmalar da Əliyə aid edilən müshəf ənənəsinin qədimliyini və onun xronoloji tərtiblə əlaqələndirildiyini müzakirə edir.

 

Bu məqamı Səqifədən sonrakı hadisələrdən ayırmaq mümkün deyil.

 

Çünki Hz. Əli:

 

Peyğəmbərin ən yaxın ailə üzvü idi;

Quranın nazil olduğu hadisələrin içində idi;

ayələrin hansı şəraitdə nazil olduğunu bilirdi;

Peyğəmbərin yanında Quranın tədrisini görmüşdü;

Əhli-Beyt Quranın özündə xüsusi mövqeyə malik idi.

 

Quran buyurur:

 

“Allah yalnız siz Əhli-beytdən hər cür çirkinliyi uzaqlaşdırmaq və sizi tərtəmiz etmək istəyir.” Əhzab, 33:33

 

Bu ayəni Quranın digər ayələri ilə birlikdə oxuduqda Əhli-Beytin Quranın anlaşılması məsələsindən kənarda təsəvvür edilməsi mümkün deyil.

 

Məsələ mətn deyil, Quranın danışan nizamıdır

 

Allah Quranı qoruyacağını bildirir. Deməli, Quranın mətnini məhv etmək, dəyişdirmək və başqa kitaba çevirmək yolu Allahın qoruması qarşısında mümkün deyildi.

 

Lakin Quranın nazilolma nizamını, ayələrin hadisələrlə əlaqəsini və bir-birini tamamlayan hüquqi xəttini arxa plana keçirmək mükün idi.

 

Məhz buna görə Quranın mətnini dəyişmək mümkün olmadığından, onun nizamını dəyişmək kifayət idi.

 

Osmanın standartlaşdırdığı müshəf başqa Quran yaratmadı. Mövcud Quran materiallarını vahid rəsmi yazılı forma altında birləşdirdi. Ənənəvi mənbələrdə bu standartlaşdırmanın Həfsənin saxladığı əvvəlki səhifələr üzərindən aparıldığı və digər yazılı variantların aradan qaldırıldığı bildirilir.

 

Amma osman Quranın nazil olduğu ardıcıllığı və həmin ardıcıllığın hadisələrlə yaratdığı canlı əlaqəni qoruyan ayrıca müshəf ənənəsinin dövlət müshəfinə çevrilməsinə yol vermədo.

 

Səqifə ilə Quranın nizamı arasındakı əlaqə

Bütün hadisələri bir xətt üzərində görə bilərik:

 

Qədir-Xum — Peyğəmbərin Hz. Əli haqqında elan etdiyi vilayət.

↓

5:67 — Allahın Peyğəmbərə bunu təbliğ etmək əmri.

↓

5:3 — dinin tamamlanması.

↓

Peyğəmbərin vəfatı.

↓

Səqifə — ilahi təyinatın yerinə Əbu Bəkrin hakimiyyətinin irəli sürülməsi.

↓

Əlinin kənarda qalması.

↓

Əbu Bəkrirə beyət üçün təzyiq.

↓

Fatimənin evinə yönələn təhdid barədə erkən mənbə məlumatları.

↓

Fədək məsələsində Quranın varislik ayələrinin qarşısına insan hökmünün qoyulması.

↓

Quranın toplanması və sonrakı standartlaşdırma xəttinin həmin hakimiyyətin nəzarətində aparılması.

↓

Quranın mətninə müdaxilənin mümkünsüzlüyü, lakin nazilolma nizamının və onun yaratdığı tarixi-hüquqi əlaqələrin qırıldığı yeni standartda müshəfin tərtibi

 

Bu ardıcıllıq hadisələri bir-birindən qoparmır, əksinə, onların arasında əlaqəni göstərir.

 

Burada ifşa edilməli olan nədir?

 

İfşa edilməli olan Qurana qarşı insan müdaxiləsinin mexanizmidir.

 

Birinci mərhələdə Allahın hökmü ilə müəyyən edilmiş rəhbərlik xətti kənara qoyuldu.

 

İkinci mərhələdə həmin qərarı qəbul etdirmək üçün siyasi və fiziki təzyiq vasitələrindən istifadə edildi.

 

Üçüncü mərhələdə Quranın hökmləri ilə insan hökmlərinin toqquşduğu məsələlərdə insan hökmünə üstünlük verildi.

 

Dördüncü mərhələdə Quranın yazılı standartlaşdırılması artıq həmin siyasi hakimiyyətin nəzarətində həyata keçirildi.

 

Beləliklə, Quranın mətnini dəyişmək deyil, Quranın cəmiyyətə təsir edən canlı hüquqi əlaqələrini zəiflətmək kifayət edirdi. Bu, Quran mətninə təhrif deyil, ayələrin danışdığı həqiqəti təhrif etməkdir.

 

NƏTİCƏ

 

Quranın hüquqi prinsipi birdir:

 

“Hökm yalnız Allaha məxsusdur.” Yusuf, 12:40

 

Peyğəmbər özündən danışmır:

 

“O, öz istəyindən danışmır. Bu, ona nazil edilən vəhydən başqa bir şey deyil.” Nəcm, 53:3–4

 

Peyğəmbərə Allahdan nazil ediləni təbliğ etmək əmr olunur:

 

“Rəbbindən sənə nazil ediləni təbliğ et!” Maidə, 5:67

 

Ardınca dinin tamamlandığı elan edilir:

 

“Bu gün dininizi sizin üçün kamil etdim…” Maidə, 5:3

 

Bundan sonra Peyğəmbərin nəşi hələ torpağa tapşırılmamış Səqifədə Əbu Bəkrin hakimiyyəti irəli sürüldü. Əli həmin prosesdə iştirak etmirdi. Sonrakı mərhələdə onun və tərəfdarlarının beyət məsələsində təzyiqə məruz qalması barədə erkən mənbələrdə məlumatlar qorunub.

 

Beləliklə, Səqifə sadəcə “xəlifə seçimi” deyildi.

 

Səqifədə Allahın Peyğəmbər vasitəsilə elan etdiyi ilahi təyinatın yerinə insan hakimiyyəti qoyuldu.

 

Sonrakı tarixdə Quranın toplanması və standartlaşdırılması da həmin hakimiyyət xəttinin nəzarətində aparıldı.

 

Lakin Allahın vədi yerində qaldı:

 

“Şübhəsiz ki, Zikri Biz nazil etdik və sözsüz ki, onu Biz qoruyacağıq.” Hicr, 15:9

 

Quranın mətni qorundu. Məsələ mətnin dəyişdirilməsi deyildi. Məsələ Quranın danışan nizamının dəyişdirilməsi idi.

 

Çünki mətnə toxuna bilməyənlər üçün ən təsirli yol mətnin özünü yox, onun ayələri bir-biri ilə danışdıran nizamını görünməz etməkdir.

 

Ona görə Səqifədən sonrakı tarixi yalnız “xəlifəlik mübahisəsi” kimi təqdim etmək hadisənin mahiyyətini kiçildir. Burada söhbət Allahın hökmünün yerinə insan hökmünün keçirilməsindən gedir.

 

Haqqı haqq kimi, ona qarşı çıxanı da ona qarşı çıxan kimi göstərmək ədalətin tələbidir və Quranın son sözü yenə dəyişmir:

 

“Hökm yalnız Allaha məxsusdur.”


© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.

 

Ən çox oxunanlar