Qədir-Xumdan Əməvilər sülaləsinə qədər xəyanət zənciri
İslam tarixinin ən böyük faciəsi İslamın düşmənlərinin onu açıq şəkildə məhv etməsi deyildi. Ən böyük faciə Məhəmməd Peyğəmbərin (s.a.s) Hz. Əlidən sonra etimad göstərdiyi ən yaxın səhabələrindən olan Əbu Bəkr və Ömərin Səqifədə Qurana zidd qərar qəbul etmələri oldu.
Bu zəncirin başlanğıcını Qədir-Xumda, sonrakı dönüş nöqtəsini Səqifədə, hakimiyyət uğrunda mübarizənin dərinləşməsini Əbu Bəkr, Ömər və Osman dövründə, sistemə çevrilməsini isə Müaviyənin hakimiyyətində görmək mümkündür.
Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.
Məsələni anlamaq üçün hadisələrin yalnız zahiri ardıcıllığına baxmaq kifayət deyil. Hadisələrin daxili məntiqini görmək lazımdır.
Əsas sual budur:
Allahın qoyduğu müqəddəs yol, Onun Rəsulu və Quran ortada olduğu halda, nə üçün bu yoldan dönüldü? Nə üçün haqqın qarşısına vəzifə qoyuldu? Kimlər bunu etdi və nəticədə nə quruldu?
Qədir-Xum — ilahi göstərişin elanı
Allah 5:67-də Peyğəmbərə belə bir göstəriş verir:
“Ey Peyğəmbər! Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər bunu etməsən, Onun risalətini yerinə yetirməmiş olarsan.”
Bu ayənin ağırlığı onun məhz son cümləsindədir.
Burada söhbət adi bir məlumatın çatdırılmasından getmir. Allah Peyğəmbərin çatdıracağı məsələni birbaşa risalətin yerinə yetirilməsi ilə əlaqələndirir.
Deməli, Peyğəmbərin çatdırmalı olduğu göstəriş İslamın gələcəyi üçün adi və ikinci dərəcəli məsələ deyildi.
53:3–4 də bu mənzərədə öz yerini tapır:
“O, həvəsdən danışmır. Bu, ona nazil edilən vəhydən başqa bir şey deyildir.”
Bu Peyğəmbərin gündəlik danışdığı söhbət deyildi. Söhbət ona verilmiş ilahi göstərişi ümmətə çatdırmaqdan gedir. Deməli, Qədir-Xumda elan edilən rəhbərlik şəxsi siyasi fikir və ya Peyğəmbərin öz təşəbbüsü kimi təqdim edilə bilməz.
Bəs Allahın bu qədər mühüm göstərişi nə üçün məhz Qədir-Xumda elan edildi?
Niyə Qədir-Xum?
Həccdən qayıdan zəvvarlardan ibarət böyük karvan artıq müxtəlif istiqamətlərə ayrılmaq üzrə idi. Qədir-Xum yolların ayrıldığı bir məkan idi. Zəvvarlar hələ bir yerdə ikən onları saxlamaq və mühüm bir elanı hamısına çatdırmaq mümkün idi. Bir qədər sonra isə həmin insanlar öz yurdlarına, müxtəlif ölkə və şəhərlərə dağılacaqdılar.
Deməli, Qədir-Xumun seçilməsi təsadüfi deyildi.
Elan bütün ümmətə çatdırılmalı idi və bunun üçün həmin böyük kütlənin hələ bir yerdə olduğu son imkanlardan istifadə edildi.
İnsanların şahidliyi vacib idi
Çünki burada yalnız həmin gün üçün deyil, Peyğəmbərdən sonrakı dövr üçün rəhbərlik məsələsi müəyyən edilirdi. Böyük izdihamın şahidliyi elanın ictimai xarakterini və onun bütün ümmətə çatdırıldığını təmin edirdi.
Beləliklə, Qədir-Xum adi bir dayanacaq deyil, İslamın gələcək rəhbərliyinin elan edildiyi tarixi məqam idi.
Burada məntiqi zəncir belə qurulur:
5:67 — ilahi göstəriş → Qədir-Xum — açıq elan → böyük izdiham — şahidlik → Peyğəmbərdən sonrakı rəhbərliyin müəyyənləşdirilməsi.
Elandan yazılı təsdiqə
Qədir-Xumda rəhbərlik elan edilmişdi.
Lakin Peyğəmbərin vəfatı yaxınlaşdıqca bu rəhbərlik xəttinin yazılı şəkildə təsdiqlənməsi zəruri idi.
Şifahi elan edilmiş bir qərarın sonradan dəyişdirilməsinin qarşısını almaq üçün onun yazılı şəkildə təsdiqlənməsi əlavə təminat idi.
Beləliklə, hadisələrin iki mərhələsi meydana çıxır:
Qədir-Xum — rəhbərliyin elan edilməsi;
Peyğəmbərin ölümqabağı vəsiyyəti — həmin rəhbərliyin yazılı təsdiqlənməsi.
Bu iki hadisəni bir-birindən ayırmaq olmaz.
Birincidə rəhbərlik elan edilir, ikincidə isə artıq elan edilmiş rəhbərliyin sonradan dəyişdirilməsinin qarşısını almaq üçün vəsiyyət yazılı təsdiq edilir.
Səqifə — Qədir-Xumdan sonrakı dönüş
Peyğəmbərin vəfatından sonra isə onun elanına əməl edilmədi.
Hz. Əli Peyğəmbərin dəfni ilə məşğul olduğu vaxt Səqifədə rəhbərlik məsələsi müzakirəyə çıxarıldı və Əlinin iştirakı olmadan başqa qərar qəbul edildi.
Nə üçün Qədir-Xumda elan edilmiş rəhbərlik xətti qəbul edilmədi. Çünki onu qəbul etmək rəhbərliyin Peyğəmbərin müəyyən etdiyi xətt üzrə davam etdirilməsi demək idi. Hz. Əli rəhbər kimi qəbul edilsəydi, rəhbərlik artıq yenidən bölüşdürülə bilməzdi.
Deməli, Səqifədə qarşıya çıxan məsələ sadəcə “kim xəlifə olsun?” məsələsi deyildi. Məsələ haqqın kimə verilməsi ilə vəzifənin kimin əlinə keçirilməsi arasında seçim idi.
Qədir-Xumun qəbul edilməsi haqq sahibinə haqqının verilməsi demək idi.
Səqifənin yolu isə rəhbərliyi yenidən insan iradəsinin qərarına çevirdi.
“Dəvənin sahibini ondan məhrum etdilər”
Bu hadisənin ən ağır şahidlərindən biri Nəhcül-Bəlağənin 3-cü xütbəsində Hz. Əlinin öz dilindən gəlir.
Hz. Əli xəlifəliyin Əbu Bəkr və Ömər arasında necə bölüşdürülməsini dəvənin sağılması obrazı ilə ifadə edir:
“Dəvənin bir döşünü Əbu Bəkr, digərini isə Ömər öz əlinə götürüb sağdılar, dəvənin sahibini isə ondan məhrum etdilər.”
Burada əsas məsələ təşbehin necə qurulması deyil.
Əsas məsələ budur:
Dəvənin sahibi ondan məhrum edilmişdi.
Bu, hadisənin mahiyyətini açan son dərəcə ciddi bir şahidlikdir.
Çünki bunu sonradan hadisəyə münasibət bildirən tarixçi deyil, həmin hadisələrin içində olan və həyatının mənasını haqq və ədalətdə görən Hz. Əli özü deyir.
Burada artıq məsələ sadəcə hakimiyyət dəyişikliyi deyil. Haqq sahibi haqqından məhrum edilmişdi.
Əbu Bəkr və Ömərin xilafəti öz aralarında bölüşdürməsi haqqında Hz. Əlinin bu ifadəsi hakimiyyətin artıq haqqın qorunması kimi deyil, insanların öz aralarında bölüşdürdüyü bir vəzifəyə çevrildiyini göstərir.
Beləliklə, “niyə?” sualının cavabı daha aydın görünür:
İlahi rəhbərlik qəbul edilsəydi, hakimiyyətin öz aralarında bölüşdürülməsi mümkün olmayacaqdı. Vəzifə haqqın qarşısına keçirildi.
Ömərin altı nəfərlik şurası: Əlinin qarşısına qoyulan şərt
Əbu Bəkr özündən sonra xilafəti Ömərə həvalə etdi. Ömər isə özündən sonra xəlifəni müəyyən etmək üçün altı nəfərlik şura yaratdı.
Altı nəfərlik şurada Əli ilə Osman arasında seçim məsələsi Əbdürrəhman ibn Ovfun həlledici mövqeyə keçməsi ilə nəticələndi.
Nəhcül-Bəlağənin 3-cü xütbəsində — Şiqşiqiyyə xütbəsində — Əli bu prosesin mahiyyətini açıq şəkildə təsvir edir.
Əbdürrəhman ibn Ovf Əliyə Quran, Peyğəmbərin yolu və Əbu Bəkr ilə Ömərin idarəçilik qaydaları əsasında hökm vermək şərti qoydu. Əli Quranı və Peyğəmbərin yolunu qəbul etdi, lakin əvvəlki iki xəlifənin idarəçilik qaydasını ayrıca məcburi şərt kimi qəbul etmədi. Osman isə həmin şərti qəbul etdi və xilafət ona verildi.
Burada Əbdürrəhman ibn Ovfun mövqeyi də diqqətəlayiqdir. O, Osmanla yeznə-qayın idi: Əbdürrəhmanın həyat yoldaşı Ümmü Gülsüm bint Üqbə Osmanın ana bir bacısı idi. Hər ikisi həm də Bəni-Üməyyə nəslinə mənsub ailə əlaqələri ilə bağlı idi.
Osmanla Müaviyə də Bəni-Üməyyə nəslindən idilər. Osman Əbu əl-As qolundan, Müaviyə isə Hərb–Əbu Süfyan qolundan gəlirdi. Deməli, sonrakı Əməvi hakimiyyətinin əsas simaları eyni nəsil şəbəkəsinin üzvləri idi.
Osmanın hakimiyyəti və Mərvanın rolu
Osmanın hakimiyyəti dövründə Əməvi qohumluq şəbəkəsi dövlət idarəçiliyində getdikcə gücləndi.
Osmanın hakimiyyəti dövründə Bəni-Üməyyə nümayəndələrinin dövlət idarəçiliyində mövqeyi gücləndi. Vəzifələrin qohumlara verilməsi, dövlət malının bölüşdürülməsi və idarəçilikdə yaranan narazılıqlar cəmiyyətdə ciddi etirazlara səbəb oldu.
Osmanın möhürü ilə Misirə göndərildiyi deyilən məktub hadisəsi də bu dövrün ən müəmmalı məsələlərindəndir. Rəvayətlərə görə, məktubda Misirdən gələn narazıların cəzalandırılması barədə göstəriş vardı. Osman məktubu yazmadığını bildirmişdi. Məktubun xəttinin Mərvana aid olduğu barədə rəvayətlər mövcuddur.
Deməli, sonradan Müaviyənin quracağı Əməvi hakimiyyətinin siyasi dayaqları birdən-birə yaranmadı. Əməvi təsiri Osman dövründə artıq dövlət idarəçiliyində ciddi mövqeyə malik idi.
Müaviyə isə Ömər dövründən Şam valisi idi və Osman dövründə də bu mövqeyini qoruyaraq böyük siyasi və hərbi gücə çevrildi.
Beləliklə, sonrakı hadisələrin siyasi zəmini artıq hazırlanmışdı.
Hz. Əlinin xilafəti — haqq yolunun yenidən bərpası
Osmanın öldürülməsindən sonra xalq Hz. Əliyə müraciət etdi.
Hz. Əli əvvəlcə bu məsuliyyəti qəbul etmək istəmirdi. Lakin vəziyyət elə bir həddə çatmışdı ki, insanların tələbi və İslamın ədalətinin bərpa olunması zərurəti qarşısında xilafəti qəbul etdi.
Bu, Hz. Əlinin şəxsi hakimiyyət arzusu deyildi. Əksinə, onun idarəçilik anlayışının əsasında haqq və ədalətin bərpası dayanırdı.
Məhz buna görə Hz. Əlinin hakimiyyətə gəlməsi əvvəlki hakimiyyət xəttinin davamı kimi deyil, haqq yolunun yenidən bərpası cəhdi kimi başa düşülməlidir.
Amma qarşısında artıq böyük siyasi gücə çevrilmiş Müaviyə dayanırdı.
Müaviyə — Qədir-Xuma qarşı çıxan sistemin siması
Müaviyə Əlinin legitimliyini qəbul etmədi.
Osmanın qanının qisasını almağı bəhanə gətirərək Əliyə qarşı çıxdı.
Beləliklə, əvvəllər hakimiyyətin bölüşdürülməsi ilə başlayan zəncir bu dəfə açıq düşmənçilik mərhələsinə keçdi.
Müaviyənin Hz. Əliyə qarşı açıq düşmənçiliyi artıq adi siyasi rəqabət deyildi.
Bir tərəfdə Quranın haqq və ədalət meyarını əsas götürən Əli vardı.
Digər tərəfdə isə öz hakimiyyət gücünü qoruyan və Hz Əlinin rəhbərliyini qəbul etməyən Müaviyə dayanırdı.
Bu mübarizənin mahiyyəti məhz burada aydın görünür:
Müaviyə hakimiyyəti öz siyasi məqsədlərinin əsasına çevirmişdi, Hz. Əli isə hakimiyyətdə ədaləti bərqərar etmək istəyirdi.
İmam Həsən və Müaviyənin hiyləsi
Əlinin qətlindən sonra İmam Həsən rəhbərliyi qəbul etdi.
Müaviyə ilə İmam Həsən arasında müqavilə bağlandı.
Lakin bu müqavilə Müaviyənin hakimiyyətini legitimləşdirən son mərhələ kimi başa düşülməməlidir.
Müaviyə İmam Həsəni arxayın salmaq üçün müqaviləni hiyləgərliklə bağladı.
İmam Həsənin öldürülməsindən sonra isə müqavilənin şərtləri pozuldu və Müaviyə hakimiyyəti öz oğluna — Yezidə ötürərək rəhbərliyi sülalə hakimiyyətinə çevirdi.
Burada artıq əvvəldən başlayan proses tam formasını aldı:
Rəhbərlik haqq yoldan ayrıldı, hakimiyyət isə nəsildən-nəslə ötürülən mülkə çevrildi.
Müaviyənin qurduğu sistem
Müaviyənin tarixi rolu yalnız hakimiyyəti zəbt edən bir hökmdar olmaqla məhdudlaşmır. Onun qurduğu sistemdə İslamın adı saxlanıldı, lakin rəhbərliyin Qurani meyarı dəyişdirildi.
Əvvəlcə Qədir-Xumda elan edilmiş rəhbərlik qəbul edilmədi. Sonra hakimiyyət insanların öz aralarında bölüşdürdüyü vəzifəyə çevrildi.
Daha sonra bu hakimiyyət Əməvi qohumluq şəbəkəsinin əlində möhkəmləndi. Beləliklə, İslamın adı qaldı, amma İslamın haqq və ədalət prinsipləri unuduldu.
Bu, sadəcə hakimiyyət dəyişikliyi deyil, İslamın devrilməsi idi.
Müaviyənin ən böyük tarixi rolu da burada ortaya çıxır:
O, İslam adı altında qurulan, Quranın haqq və ədalət meyarından uzaqlaşdırılmış Quransız hakimiyyət sisteminin banisi oldu.
Nəticə
İslam tarixində baş verənləri yalnız ayrı-ayrı xəlifələrin dəyişməsi, siyasi mübahisələr və hakimiyyət uğrunda mübarizə kimi təqdim etmək hadisələrin mahiyyətini ört-basdır edir.
Məsələnin kökündə Peyğəmbərdən sonra rəhbərlik xəttinin dəyişdirilməsi, Əhli-Beytin siyasi və ictimai mövqeyinin sıxışdırılması, dövlət idarəçiliyinin qohumluq və sülalə maraqlarına tabe edilməsi dayanır.
Əbu Bəkr, Ömər və Osmanın dövründə formalaşan siyasi mexanizmlər, Osmanın hakimiyyəti zamanı Bəni-Üməyyənin (Əməvilərin) güclənməsi və Müaviyənin bu xətti sülalə hakimiyyətinə çevirməsi bir-birindən ayrı hadisələr deyil. Bunlar eyni tarixi prosesin mərhələləridir.
Müşriklər — Əbu Cəhl, Əbu Ləhəb, Əbu Süfyan və Yezid — Peyğəmbərin düşmənləri olan bu nəsil, Peyğəmbərdən sonra Səqifədə baş verən xəyanətlər nəticəsində İslamın haqq və ədalət meyarından uzaqlaşdırılması ilə yenidən tarix səhnəsinə çıxdı. Quranın çətiri altında İslamsız Əməvi sülalə hakimiyyəti quruldu.
© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
-
Bakıda qadınlara qarşı zorakılığın ləğv edilməsi uğrunda Beynəlxalq Günə həsr olunmuş "Səsini eşit!" adlı tədbir keçiriləcəkƏn çox oxunanlar15 Noyabr 20261142
-
Yeni hüceyrə terapiyası siçan modellərində beyin şişlərini tamamilə aradan qaldırıbƏn çox oxunanlar16 Noyabr 20261044
-
Quranın dilinə müdaxiləƏn çox oxunanlar17 Noyabr 2026994
-
Qaraciyərin özünübərpa qabiliyyəti sonsuz deyi - Xroniki zədələnmə ciddi fəsadlara səbəb ola bilərƏn çox oxunanlar16 Noyabr 2026958
-
Antibiotiklər yalnız həkim təyinatı ilə qəbul edilməlidirƏn çox oxunanlar18 Noyabr 2026910
-
Deputat autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üçün maliyyənin artırılmasını təklif edibƏn çox oxunanlar18 Noyabr 2026906
-
BİR DİN VAR İDİ — İNSANLAR ONDAN QOPDULARƏn çox oxunanlar18 Noyabr 2026906
-
İcbari tibbi sığortada yeni mərhələ – Elektron reyestr yaradılırƏn çox oxunanlar18 Noyabr 2026888
-
Cənubi Koreyada alimlər 3D bioprinter vasitəsilə canlı insan buynuz qişası yaradıblarƏn çox oxunanlar17 Noyabr 2026878
-
Həkimdən böyrək xəstələrinə mühüm çağırış: Dializdən azad olmaq mümkündür!Ən çox oxunanlar17 Noyabr 2026864
-
18 noyabr – Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiə GünüdürƏn çox oxunanlar18 Noyabr 2026848
-
ABŞ qızılcadan azad ölkə statusunu itiribƏn çox oxunanlar15 Noyabr 2026818
-
Tələbələr arasında vərəm və ağciyər xəstəliklərinin erkən aşkarlanması üçün səyyar müayinələrə başlanılıbƏn çox oxunanlar19 Noyabr 2026748
-
İSLAM ADI ALTINDA MÜAVİYƏNİN SÜLALƏ HAKİMİYYƏTİƏn çox oxunanlar15 Noyabr 2026746
-
Tibb müəssisələrində tütün məmulatlarının istifadəsinə dair monitorinq aparılıbƏn çox oxunanlar19 Noyabr 2026676
-
Azərbaycanda növbəti istilik mövsümünə sabah start verilirƏn çox oxunanlar15 Noyabr 2026674
-
Antibiotiklərdən düzgün istifadə həyati əhəmiyyət daşıyırƏn çox oxunanlar19 Noyabr 2026664
-
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıbƏn çox oxunanlar15 Noyabr 2026654
-
Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 3” adlı elmi-praktik toplu nəşrə hazırlanırƏn çox oxunanlar20 Noyabr 2026650
-
Tibb işçiləri üçün etik davranış qaydalarına dair təqdimat keçirilibƏn çox oxunanlar20 Noyabr 2026646