Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
04 Noyabr 2026, Çərşənbə, 17:23
Əlaqə vasitələri
Bizimlə əlaqə
Əhli-Beytin elmi irsinin oğurlanması və müəlliflik hüququnun mənimsənilməsi
02 Noyabr 2026
548
Əhli-Beytin elmi irsinin oğurlanması və müəlliflik hüququnun mənimsənilməsi

Şərq alimlərinin adlarının dəyişdirilməsi və elmi kəşflərinin mənimsənilməsi

 

Elmin milliyyəti yoxdur, lakin müəllifliyi var. Elmi kəşfin müəllifini müəyyən edən onun hansı dildə yazılması, hansı ölkədə yayılması və ya sonradan kim tərəfindən inkişaf etdirilməsi deyil. Müəllif həmin elmi nəticəni ilk dəfə ortaya qoyan alimdir. Onun adını dəyişdirmək, elmi xidmətini başqa ad altında təqdim etmək və müəlliflik haqqını mənimsəmək elmi tarixə qarşı ədalətsizlikdir.

 

Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.

 

Şərq elminin Avropa elminin formalaşmasında müstəsna rolu olmuşdur. Şərq (Əhli-Beyt) alimlərinin əsərləri Avropaya aparılmış, tərcümə edilmiş, öyrənilmiş və elmi inkişafda istifadə olunmuşdur. Lakin bu prosesdə təkcə əsərlərin dili dəyişməmiş, alimlərin adları da avropalaşdırılmışdır. Nəticədə onların öz adları və elmi mənşəyi arxa plana keçirilmiş, Avropa elmi yaddaşında başqa adlarla tanıdılmışlar.

 

Cabir ibn Həyyan — Geber

 

Bu məsələnin ən mühüm nümunələrindən biri İmam Cəfər Sadiqin tələbəsi Cabir ibn Həyyandır.

 

Cabirin adı Geber formasına salınmış, onun elmi irsi Avropa elmi ədəbiyyatında “Geber” adı ilə tanıdılmışdır. Cabir kimya elminin inkişafında mühüm xidmətləri olan alimdir. Onun adı ilə bağlı elmi irs əsrlər boyu həm Şərqdə, həm də Avropada tanınmışdır.

 

XIII–XIV əsrlərdə bir sıra latın əsərləri “Geber” adı altında yayılmışdır. Bu əsərlərin hamısını Cabirin ərəb dilindəki əsərləri ilə eyniləşdirmək olmaz. Xüsusilə orta əsrlərin ən nüfuzlu və əhəmiyyətli traktatlarından biri olan “Summa perfectionis” (Summa perfectionis magisterii — "Mükəmməlliyin məcmusu") ətrafında uzun müddətdir müəlliflik mübahisəsi aparılır.

 

Uliyam Nyuman bu əsəri sonrakı latın müəllifinin qələmə aldığını və Paul of Taranto ilə əlaqələndirilməsinin mümkünlüyünü irəli sürmüşdür. Lakin bu iddia yekdil qəbul edilmiş həqiqət deyil. Əhməd Y. əl-Həsən isə ərəb mənbələrinə və Cabirin əsərləri ilə müqayisələrə əsaslanaraq U.Nyumanın nəticələrini rədd etmiş, “Summa perfectionis” əsərinin ərəb mənşəyini müdafiə etmişdir.

 

Deməli, Paul of Taranto adını Cabirin elmi irsinin müəllifi kimi təqdim etmək olmaz. Mübahisəli fərziyyə Cabirin müəlliflik haqqını əlindən almaq üçün sübut sayıla bilməz. Cabirin əsərləri, elmi fikirləri və kəşfləri öz tarixi mənbələri əsasında araşdırılmalı, onun adı və müəllifliyi qorunmalıdır.

 

Şərq alimlərinin dəyişdirilmiş adları

 

Bu hadisə təkcə Cabirlə məhdudlaşmır. Şərqin böyük alimlərinin adları Avropa elmi ədəbiyyatında dəyişdirilmiş formalarda yayılmışdır:

 

İbn Sina — Avicenna;

İbn əl-Heysəm — Alhazen;

İbn Rüşd — Averroes;

ər-Razi — Rhazes;

əl-Xarəzmi — Algoritmi.

 

Bunlar ayrı-ayrı alimlərin adlarıdır. Onların adlarının dəyişdirilməsi həmin alimlərin kimliyini və elmi mənşəyini kölgədə qoymuşdur. Avropa elmi ənənəsində bu formaların işlədilməsi ilə Şərq alimlərinin öz adları arxa plana keçmiş, onların elmi irsi Avropa elmi tarixinin içərisində başqa adlarla təqdim olunmuşdur.

 

Əl-Xarəzminin adından yaranmış “alqoritm” anlayışı bu təsirin nə qədər geniş yayıldığını göstərir. Bu gün bütün dünyada işlədilən həmin termin öz başlanğıcını Şərq aliminin adından götürür. Adın dəyişdirilməsi ilkin müəllifi dəyişdirmir.

 

İbn Sinanın əl-Qanun fit-tibb əsəri Avropada əsrlər boyu tibb tədrisinin əsas mənbələrindən biri olmuşdur.

 

Avropalaşdırılmış əsərlər 

 

İbn Sinanın “Əl-Qanun fit-Tibb” (Tibbin qanunu) əsəri latın dilinə tərcümə edildikdən sonra Qərbdə “Canon Medicinae” adı ilə tanınmış və 500 ildən artıq müddətdə Paris, Monpelye, Boloniya və Oksford universitetlərində əsas tibb dərsliyi kimi istifadə edilmişdir.

 

Alimin “Kitab əş-Şifa” (Şəfa kitabı) əsəri Qərbdə “Sufficientia” və ya “Liber de Philosophia Prima” adları ilə yayılmışdır. Fəlsəfə, məntiq və təbiət elmlərini əhatə edən bu ensiklopedik əsər Avropada elmi-fəlsəfi düşüncənin inkişafına təsir göstərmişdir.

 

İbn Sinanın “Kitab əl-Nicat” (Nicat kitabı) əsəri isə Qərbdə “Liber de Anima” adı ilə tanınmışdır. Xüsusilə bu əsərin ruh haqqında bölməsi Qərb psixologiyasına güclü təsir göstərmişdir.

 

İbn Sina tibb biliklərinin sistemli şəkildə öyrənilməsi və tədrisi üçün mühüm elmi zəmin yaratdı. Onun “Əl-Qanun fit-Tibb” əsəri Avropada böyük nüfuz qazanmış, İntibah dövründə İncildən sonra ən çox çap olunan ikinci əsər kimi tanınmışdır.

 

İbn əl-Heysəminin optika sahəsində apardığı elmi araşdırmalar latın dilinə tərcümə olunmuş və Avropada optika elminin inkişafına mühüm töhfə vermişdir.

 

İbn Rüşdün fəlsəfi əsərləri və Aristotelə şərhləri Avropa düşüncəsinin inkişafında mühüm yer tutmuşdur.

 

Ər-Razinin tibb və kimya sahəsindəki əsərləri də Avropada yayılmış və öyrənilmişdir.

 

Bu alimlərin elmi xidmətləri onların dəyişdirilmiş adları ilə deyil, öz adları ilə tanınmalıdır. Elmi nailiyyətin Avropada qəbul edilməsi onun müəllifini avropalı etmir. Əsərin başqa dilə tərcüməsi müəlliflik hüququnun mənimsənilməsinə əsas ola bilməz.

 

Əhli-Beytin elmi irsi niyə araşdırılmalıdır?

 

Cabir ibn Həyyanın İmam Cəfər Sadiqin tələbəsi olması Əhli-Beytin elmi irsinin araşdırılmasında xüsusi əhəmiyyət daşıyır. Burada söhbət yalnız bir alimin adından getmir. Söhbət müəllimdən tələbəyə ötürülən elmi bilikdən, elmi məktəbin davamlılığından və bu irsin sonrakı nəsillərə çatdırılmasından gedir.

 

Əhli-Beytin elmi irsi dini və siyasi çəkişmələrin kölgəsində qalmamalıdır. Onların elmi xidmətləri, yetişdirdikləri alimlər və bu elmi biliklərin dünya elminə təsiri obyektiv şəkildə üzə çıxarılmalıdır. Elmi nailiyyətlərini kimliyindən asılı olmayaraq hər bir alimin öz adına qaytarmaq tarixi ədalətin tələbidir.

 

Nəticə: Əhli-Beytin elmi nüfuzuna vurulan tarixi zərbə

 

Şərq alimlərinin adlarının dəyişdirilməsi, elmi kəşflərinin mənimsənilməsi və müəlliflik hüquqlarının başqa ünvanlara keçirilməsi yalnız Şərq elminə vurulan zərbə deyildi. Bu, hər şeydən əvvəl, Əhli-Beytin elmi nüfuzuna ağır zərbə oldu. Çünki onların elmi məktəbinin yetirmələrinin xidmətləri öz mənşəyindən və müəllimlərindən ayrılaraq başqa adlarla tarixi yaddaşa yazıldı.

 

Nəticədə İslamın elmi intibahının əsas səbəbkarları Əhli-Beyt elmi məktəbi deyil, Abbasilər hakimiyyəti ön plana çıxarıldı. Beləliklə, elmi nailiyyətlərin tarixi mənşəyi ilə yanaşı, həmin nailiyyətlərin formalaşmasında aparıcı rol oynamış Əhli-Beyt elmi məktəbin də kimliyi kölgədə qaldı.

 

Bu gün Əhli-Beyt elmi məktəbinin kölgədə qalmasının səbəblərindən biri də Quranın nazilolma ardıcıllığının pozulması kimi, elmi irsin mənimsənilməsidir. Biri Quranın ilahi hikmətinin bütöv anlaşılmasına, digəri isə Əhli-Beytin elmi xidmətlərinin düzgün tanınmasına mane olub. Hər iki halda nəticə eynidir: həqiqi mənbə arxa plana keçir, onun yerini sonradan formalaşdırılmış təqdimat tutur.

 

Əhli-Beytin elmi irsini öz tarixi ünvanına qaytarmaq yalnız alimlərin müəlliflik hüququnu qorumaq deyil, həm də İslamın elmi intibahının təməlində Əhli-Beyt elmi məktəbinin dayandığını təsdiq etməkdir. Bu İslam dünyasının özünüdərki deməkdir.

 

 

© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.

 
 
Ən çox oxunanlar