Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
01 Noyabr 2026, Bazar, 21:27
Əlaqə vasitələri
Bizimlə əlaqə
Diabetin idarə olunmasında texnologiyanın rolu artır
30 Oktyabr 2026
500
Diabetin idarə olunmasında texnologiyanın rolu artır

Diabetin idarə olunmasında müasir texnologiyaların tətbiqi xəstəliyə nəzarət imkanlarını genişləndirir və müalicəyə yanaşmanı dəyişir.

 

Azmedinfo.az xəbər verir ki, həkim-endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Oktay Hüseynov davamlı qlükoza monitorinqi sistemlərinin və avtomatlaşdırılmış insulin ötürülməsi texnologiyalarının üstünlükləri, klinik praktikada tətbiqi və diabetli xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasındakı əhəmiyyəti barədə fikirlərini bölüşür.

EASD 2026 konqresində diqqət çəkən istiqamətlərdən biri diabetin idarə olunmasında davamlı qlükoza monitorinqi (CGM) və avtomatlaşdırılmış insulin sistemlərinin sürətli inkişafı olub.

Əvvəllər diabetə nəzarət əsasən qlükometrdən istifadəyə, insulin dozasının hesablanmasına və qlikozilləşmiş hemoqlobinin (HbA1c) göstəricisinə əsaslanırdı. Müasir texnologiyaların inkişafı ilə bu yanaşma dəyişir.

Davamlı qlükoza monitorinqi (CGM) sistemləri qlükoza səviyyəsini gecə-gündüz izləməyə imkan verir. Müalicənin effektivliyini qiymətləndirərkən artıq yalnız HbA1c deyil, qlükozanın hədəf diapazonda olduğu vaxt (TIR), qlükoza səviyyəsindəki dəyişkənlik və hipoqlikemiyada keçirilən vaxt da mühüm göstəricilər hesab olunur.

Avtomatlaşdırılmış insulin ötürülməsi (AID) və qapalı dövrəli sistemlər isə davamlı qlükoza monitorinqindən əldə edilən məlumatları insulin pompası ilə birləşdirir. Alqoritmlər qlükoza səviyyəsinin dəyişmə istiqamətini təhlil edərək insulinin verilməsini avtomatik tənzimləyə bilir.

Bu texnologiyaların tətbiqində diqqət çəkən məqamlardan biri onların real klinik praktikada, uşaqlarda və müxtəlif xəstə qruplarında istifadəsinin genişlənməsidir. EASD 2026 konqresində bu sistemlərin müxtəlif pasiyent qruplarında tətbiqi və müalicə prosesinə təsiri də müzakirə olunan mövzular arasında yer alıb.

Davamlı qlükoza monitorinqi sistemlərinin 2-ci tip diabetli şəxslər arasında daha geniş tətbiqi də xüsusi diqqət çəkən istiqamətlərdən biri olub.

Müasir texnologiyaların inkişafı göstərir ki, gələcəkdə diabetin idarə olunmasında sensorlar, alqoritmlər və insulin pompaları daha böyük rol oynayacaq. Bu sistemlər qlükoza səviyyəsinə nəzarəti asanlaşdırmaqla yanaşı, insulin dozasının tənzimlənməsi ilə bağlı qərarların avtomatlaşdırılmasına və xəstələrin gündəlik müalicə yükünün azaldılmasına da töhfə verə bilər.

Ən çox oxunanlar