Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
01 Noyabr 2026, Bazar, 21:27
Əlaqə vasitələri
Bizimlə əlaqə
Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb 
01 Noyabr 2026
200
Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb 

Cari ilin yanvar-sentyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

 

Azmedinfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-sentyabr aylarının yekununa dair məlumatında bildirilib.

 

Qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6247 cinayət faktı aşkarlanıb. Onlardan 1682-si narkotik vasitələrin qanunsuz satışı, 4411-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 152-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

 

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 8 ton 406 kiloqram 878,621 qram narkotik vasitələrin və psixotrop maddələrin 7 ton 236 kiloqram 769,263 qramını marixuana, 395 kiloqram 968,303 qramını heroin, 155 kiloqram 369,817 qramını tiryək, 253 kiloqram 763,447 qramını həşiş, 15,849 qramını kokain, 134 kiloqram 383,153 qramını digər narkotik vasitələr və 230 kiloqram 608,789 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı 42 min 852 həb metadon, 21 min 355 çətənə bitkisi, 29 həb psixotrop maddə, 1,018 qram prekursor, 206,058 qram və 276 ədəd güclü təsir edən, eləcə də 970,1 qram zəhərli maddələr aşkar edilərək götürülüb.

 

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1644,5 hektar sahədən yaş kütləsi 441 ton 645 kiloqram olan 4 milyon 431 min 55 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

 

Qanunsuz dövriyyədən çıxarılmış 8 ton 406 kiloqram 878,621 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 246 milyon 273 min manat kimi qiymətləndirilir.

 

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş 4352 nəfərdən 4235-i kişi, 117-si qadın olub. Məsuliyyətə cəlb edilmiş 50 xarici ölkə vətəndaşından ümumilikdə 566 kiloqram 660,47 qram və 2778 həb müxtəlif növ narkotik vasitələr, 3 həb güclü təsir edən maddə və 3 ədəd (880 qram) çətənə bitkisi götürülüb.

 

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 160 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 333 kiloqram 072,446 qram və 28 min 799 həb metadon narkotik vasitə çıxarılıb.

 

Ümumilikdə aşkar edilmiş cinayətlərin 171-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 650 kiloqram 483,818 qram və 950 həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,8 qram güclü təsir edən maddə və 1,018 qram prekursor müsadirə edilib.

 

2396 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 2 ton 114 kiloqram 758,91 qram müxtəlif növ narkotik vasitə müsadirə edilib.

 

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-sentyabr ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 269, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 370, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 32, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 33, qrup halında olan cinayətlərin sayı 48 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 29 nəfər azalıb. Həmçinin məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 99 nəfər, narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 133 fakt və qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 710 kiloqram 842,968 qram artıb.

 

Müsadirə olunmuş müxtəlif növ narkotik vasitələrin 7 ton 236 kiloqram 769,263 qramını (86,0faiz) marixuana təşkil edib. Onun da 6 ton 122 kiloqram 042,203 qramı (84,5faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 1 ton 114 kiloqram 727,06 qramı (15,4faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

 

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə yanvarın 30-da və iyunun 11-də qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 1471 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul olunmuş 6 ton 013 kiloqram 620,899 qram, 162 min 759 həb müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 4745 həb, 240 paket güclü təsir maddələr, eləcə də 13 min 367 çətənə bitkisi aidiyyəti təşkilatların və media nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

 

Eyni zamanda, hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 39 rayon və şəhərdə 1073 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 32 kiloqram 778,34 qram müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 154 ədəd çətənə bitkisi və 27ədəd həb güclü təsir edən maddənin məhv olunması təmin edilib.

 

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 70 min 641 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 5048 nəfərdən 2484-nün istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin olunub.

 

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2026-cı ilin sentyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 37 (4 faiz) nəfəri inyekson narkotik istifadəçisi olub.

 

2026-cı ilin yanvar-sentyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 731 vətəndaş müraciəti daxil olub ki, onların 102-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 61-I narkotik asılılıqdan müalicə, 568-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 163 məktub ünvanlanıb.

 

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən Dövlət Komissiyasının İşçi Qrupu ilə Gənclər Fondu, Azərbaycan Milli Antidopinq Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə tədbirlər planının icrası istiqamətində cari il ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrini cəlb etməklə ümumilikdə 280 tədbir (191 maarifləndirici və təşkilati tədbir, təlim, 89 maarifləndirici sosial aksiya təşkil edilib.

 

Ən çox oxunanlar