Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Oktyabr 2026, Cümə axşamı, 22:51
Əlaqə vasitələri
Bizimlə əlaqə
Saqifədən Əməvilərə: Quranın meyarından hakimiyyətin dininə
22 Oktyabr 2026
200
Saqifədən Əməvilərə: Quranın meyarından hakimiyyətin dininə

Əbu Bəkr, Ömər, Osman və Müaviyə xətti — Hz. Əlinin kənarlaşdırılması və dini sistemin formalaşması

 

Bu gün İslam dünyasının qarşısında dayanan ən böyük problemlərdən biri Quranın özü ilə İslam adı altında əsrlər boyu formalaşdırılmış dini sistemin eyniləşdirilməsidir. Quran deyəndə avtomatik olaraq bugünkü dini təsəvvürlər, İslam deyəndə isə tarixən yaranmış məzhəblər, dini hökmlər və ənənələr nəzərdə tutulur. Beləliklə, insanın yaratdığı dini sistem Allahın Kitabı ilə eyniləşdirilir, həmin sistemin Qurana uyğunluğu isə arxa plana keçir.

Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.

 

Halbuki meyar aydındır: Quran Allahın endirdiyi Kitabdır, İslam adı altında sonradan formalaşdırılmış hər bir hökm və dini iddia isə Quranın öz meyarı ilə yoxlanılmalıdır.

 

Məsələnin mahiyyəti də elə buradadır. Qurana zidd olan bir hökmü İslam adı ilə təqdim etmək onu Allahın hökmünə çevirmir. Həmin hökmü əsrlərlə təkrarlamaq, ona dini nüfuz qazandırmaq və onu müqəddəs ənənəyə çevirmək də bu həqiqəti dəyişmir.

 

Tarixi dönüş: Quranın tərtibi və hakimiyyət məsələsi

 

Hz. Məhəmmədin vəfatından sonra müsəlman cəmiyyətində yalnız rəhbərlik məsələsi deyil, Quranın toplanması və yazılı şəkildə standartlaşdırılması məsələsi də gündəmə gəldi. Ənənəvi İslam mənbələrində Quranın toplanması Əbu Bəkrin, standartlaşdırılması isə üçüncü xəlifə Osmanın dövrü ilə əlaqələndirilir. Osman dövründə müəyyən edilmiş mətn nüsxələrinin müxtəlif bölgələrə göndərilməsi və başqa nüsxələrin istifadədən çıxarılması haqqında məlumatlar mövcuddur. Bu proses akademik Quranşünaslığın da tədqiqat mövzusudur.

 

Burada əsas fərq nəzərdən qaçırılmamalıdır: bugünkü müshəfin surə ardıcıllığı vəhyin nazilolma ardıcıllığı deyil. Deməli, Quranın bugünkü tərtibi ilə nazilolma tarixini izləyən oxunuş eyni şey deyil.

 

Quranın nüzul ardıcıllığı sadəcə tarix cədvəli deyil. Ayələrin hansı şəraitdə nazil olduğunu, əvvəlki və sonrakı vəhylərlə necə əlaqələndiyini anlamağa imkan verən mühüm istiqamətdir. Ayələri bir-birindən təcrid edib oxumaqla onların bir-birini açıqlayan əlaqələrini izləmək eyni nəticəni verməyə bilər.

 

Məhz buna görə Quranın tərtibi məsələsini yalnız kitabın texniki düzülüşü kimi qiymətləndirmək olmaz. Söhbət Quranın necə oxunmasından, necə izah edilməsindən və onun mənasını müəyyənləşdirmək səlahiyyətinin kimlərin əlində olmasından gedir.

 

Hz. Əlinin müshəfi: qəbul edilməyən elmi rəhbərlik

 

Hz. Əlinin Quranı toplaması haqqında həm sünni, həm də şiə mənbələrində məlumatlar mövcuddur. Seyfeddin Kara bu ənənələri ayrıca elmi tədqiqatda araşdırmış, Hz. Əlinin müshəfi ilə bağlı məlumatların erkən Quran tarixinin mühüm bir hissəsi olduğunu göstərmişdir.

 

Bu məlumatların qarşıya çıxardığı əsas sual budur: Peyğəmbərin ən yaxınlarından biri, onun ailəsinə mənsub olan və Quranı anlamaq baxımından xüsusi nüfuza malik sayılan Hz. Əlinin topladığı müshəf niyə ümumi qəbul edilmiş müshəf olmadı?

 

Bu suala yalnız “tarix belə olub” cavabı vermək kifayət deyil. Çünki hadisənin nəticəsi dini rəhbərlik və Quranın izahı məsələsinə birbaşa toxunur.

 

Hz. Əlinin elmi nüfuzunun və Quranı təqdim etmə üsulunun kənarda qalması, əgər onun müshəfi nüzul ardıcıllığını əsas götürürdüsə, Quranın həmin ardıcıllıqla öyrənilməsi imkanının da ümumi dini sistemdə əsas yer tutmaması demək idi.

 

Məsələnin kökü budur: Quranın mənasını anlamaqda kim əsas götürüləcək — Peyğəmbərin Əhli-Beytindən olan Hz. Əli, yoxsa sonradan formalaşdırılmış hakimiyyət və dini nüfuz ənənələri?

 

Hakimiyyətin dini sistemə çevrilməsi

 

Əbu Bəkr və Ömər dövründən başlayan xilafət rəhbərliyi, Osmanın Quranı standartlaşdırması və daha sonra Müaviyənin hakimiyyəti ilə möhkəmlənən sülalə idarəçiliyi erkən İslam tarixinin bir-biri ilə əlaqəli mərhələləridir. Müaviyənin hakimiyyətinin irsi xarakter alması dini rəhbərliklə siyasi hakimiyyət arasındakı münasibətdə mühüm dönüş yaratdı.

 

Bu tarixi ardıcıllığa Quranın nüzul ardıcıllığının qorunmaması və Hz. Əlinin müshəfinin qəbul edilməməsi məsələləri də daxil edildikdə, ortaya daha böyük bir problem çıxır: Allahın Kitabına əsaslanan rəhbərlik anlayışının yerini hakimiyyətin qurduğu dini-siyasi ənənələr tuta bilərdimi?

 

Quranın tərtibi və Hz. Əlinin kənarda qalması məsələsi hakimiyyət tarixindən ayrı araşdırıla bilməz. Quranın izahı üzərində nüfuz qazanan qüvvələr cəmiyyətin dini düşüncəsinə də təsir göstərirlər. Dini hökmlər hakimiyyət maraqlarına uyğun formalaşdırıldıqda isə həmin hökmlər zamanla Allahın dəyişməz buyruqları kimi qəbul edilə bilər.

 

Burada məqsəd tarixdəki hər bir hadisəni ayrıca sadalamaq deyil. Məqsəd hakimiyyətin dini nüfuza necə çevrildiyini və bu prosesdə Quranın özünün meyar olmaqdan necə uzaqlaşdırıldığını göstərməkdir.

 

Əsas problem: Quranın adı ilə Qurana zidd hökm vermək

 

Bu gün də Quranla dini sistemin eyniləşdirilməsi ciddi nəticələr doğurur. İnsanlar bir hökmün Quranda olub-olmadığını yoxlamaq əvəzinə, onun hansı məzhəbə, hansı alimə və ya hansı ənənəyə aid olduğunu əsas götürürlər. Beləliklə, tarixi insan qərarları ilahi hökm səviyyəsinə yüksəldilir.

 

Bu qarışıqlıq aradan qalxmayınca, Quranın adı ilə təqdim edilən hər bir dini hökmün həqiqətən Qurana uyğun olub-olmadığını müəyyənləşdirmək çətinləşir.

 

Quranın özünü meyar götürmək isə bu asılılığı aradan qaldırır. Heç bir xəlifə, alim, məzhəb və ya tarixi ənənə Quranın fövqündə dayana bilməz. Heç kəs öz qərarını Allahın hökmü adlandırmaqla onu toxunulmaz edə bilməz.

 

Bu baxımdan, Quranın tədrisi sadəcə dini bilik məsələsi deyil. Bu, insanın Allahın buyruğu ilə insan hökmünü bir-birindən ayırması, dini nüfuzun sui-istifadəsinə qarşı düşüncə müstəqilliyini qoruması məsələsidir.

 

Nəticə: Meyar dəyişməməlidir

 

Allahın endirdiyi Kitabla tarixən formalaşdırılmış dini sistem eyni məfhum deyil. Onları eyniləşdirmək insan yozumlarını İlahi vəhy səviyyəsinə qaldırır. Sonra həmin yozumlara qarşı çıxan insanı Quranı deyil, guya İslamı inkar etməkdə günahlandırırlar.

 

Əslində isə sual başqadır: İslam adı altında təqdim edilən hökm Allahın Kitabında varmı? Quranın bütöv məntiqinə uyğundurmu? Ayələr bir-birini necə açıqlayır? Həmin hökm İlahi vəhydən gəlir, yoxsa tarixən formalaşdırılmış dini sistemin məhsuludur?

 

Bu suallara cavab verməyin meyarı məzhəb deyil, tarixi nüfuz deyil, siyasi hakimiyyət deyil — Quranın özüdür.

 

Quran deyiləndə İslam, İslam deyiləndə bugünkü dini sistem başa düşüldükcə, insanın yaratdığı sistem Allahın Kitabının yerini tutacaq. Bu qarışıqlıq aradan qalxmalıdır.

 

Allahın endirdiyi Quranla İslam adı altında qurulmuş dini-siyasi sistem eyni deyil. Qurana zidd olanı İslam adı ilə təqdim etmək onu İlahi hökm etmir. Həqiqətin meyarı sistemin adı yox, Allahın Kitabıdır.

 

Dövlət dindən ayrıdır, Qurandan yox!

 

Bu qarışıqlığı aradan qaldırmaq üçün Quranın gecikmiş tədrisinə rəvac verilməlidir. Quran mövhumat deyil, mövhumatı aradan qaldıran İlahi hikmətdir! Quran insanın həyat tərzini nizamlayan ümumbəşəri qanundur. O, heç bir dövlətin və ya fərdin xüsusi mülkü deyil.

 

Quranın dövlət səviyyəsində düzgün tədrisi insanlığa, dövlətə və dövlət rəhbərinə bağlı olan şüurlu insan yetişdirir. Belə insan dini ad altında təqdim olunan hər hökmü kor-koranə qəbul etmir, onu Quranın meyarı ilə yoxlayır, İlahi hökmlə insan yozumunu bir-birindən ayırır.

 

Quranın tədrisindən “Din dövlətdən ayrıdır” deyərək uzaqlaşmaq isə dini mövhumatın təsirinə buraxır. Çünki Quranın düzgün öyrədilmədiyi yerdə onun adından danışanların yanlış yozumları həqiqət kimi qəbul edilə bilər.

 

Bəli, dövlət dindən ayrıdır, Qurandan yox! Çünki Quran İlahi hökmdür. Din isə Qurani olmaya da bilər!

 

Dövlətin vəzifəsi insanın vicdanına hökm etmək deyil. Lakin Quranın düzgün tədrisini dini mövhumatla eyniləşdirmək də olmaz. Quranın elmi, əxlaqi və ümumbəşəri məzmununun öyrədilməsi insanın şüurlu seçim etmək qabiliyyətini gücləndirir.

 

Quranı dövlətin və ya fərdin mülkünə çevirmək olmaz, onu insanlığın ortaq mənəvi və əxlaqi meyarı kimi öyrənmək lazımdır. Həqiqətin meyarı isə dəyişmir: Allahın Kitabı!


© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ən çox oxunanlar