Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
13 Oktyabr 2026, Çərşənbə axşamı, 14:34
Əlaqə vasitələri
Bizimlə əlaqə
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?
13 Oktyabr 2026
98
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?

Dində məcburiyyət yoxdur - ilahi ədalət, azad iradə və insanın həqiqi simasının tanınması

 

İnsan azad deyilsə, onun seçimi yoxdur. Seçimi yoxdursa, həqiqi mövqeyini necə müəyyən etmək olar? Məcburiyyət altında deyilən söz insanın inamını, qorxu ilə yerinə yetirilən əməl isə onun səmimiyyətini nə dərəcədə əks etdirə bilər?

Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.

 

Quranın Bəqərə surəsinin 256-cı ayəsi məhz bu məsələyə toxunan fundamental bir prinsip ortaya qoyur:

 

لَا إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ

 

“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir…”

 

Ayənin bu ifadəsi sadə görünsə də, onun fəlsəfi mahiyyəti insanın azadlığı, imanın səmimiyyəti və ilahi ədalət arasındakı əlaqədə açılır.

 

Allah nə deyir: “Dini qəbul etməkdə” yoxsa “dində” məcburiyyət yoxdur?

 

Ayənin ərəb dilindəki orijinal ifadəsi belədir:

 

Lə ikrāhə fi-d-dīn.

 

Burada fi — “içində”, “daxilində”, əd-dīn isə “din” deməkdir. Allah “dini qəbul etməkdə məcburiyyət yoxdur” şəklində ayrıca bir ifadə işlətmir. Buyurur: “Dində məcburiyyət yoxdur”.

 

Bu iki ifadə eyni məna daşımır.

 

“Dini qəbul etməkdə məcburiyyət yoxdur” izahı məsələni insanın din seçiminə, bir dinə daxil olub-olmamasına yönəldir. “Dində məcburiyyət yoxdur” ifadəsi isə dinin daxilində insana münasibətdə məcburiyyət məsələsini gündəmə gətirir.

 

Ayənin mənasını yalnız dinə daxil olmaq azadlığı ilə məhdudlaşdırmaq onun daha geniş fəlsəfi məzmununu kölgədə qoyur.

 

Burada əsas sual belədir: Allah Öz dinini insanlara bəyan etdiyi halda, onların iradəsini zorla idarə etməyi nə üçün seçmir?

 

Haqq bəllidirsə, məcburiyyət nə üçündür?

 

Ayənin davamı bu suala cavab verir:

 

Qad təbəyyənə-r-ruşdu minəl-ğayy.

 

“Artıq doğru yol azğınlıqdan aydın fərqlənir”.

 

Diqqət edək: ayədə əvvəlcə məcburiyyət rədd edilir, sonra doğru yolun azğınlıqdan fərqləndiyi bildirilir. Bu iki müddəa bir-biri ilə əlaqəlidir.

 

Haqqın bəyan edilməsi ilə insanın həmin haqqı şüurlu şəkildə qəbul etməsi ayrı məsələlərdir. Həqiqəti göstərmək mümkündür, lakin onu zorla insanın şüuruna yerləşdirmək mümkün deyil.

 

İnsan bir fikri qorxudan təkrarlaya bilər, bir əməli cəza təhlükəsinə görə yerinə yetirə bilər. Amma bu, onun həmin fikrə inandığını və ya əməli səmimi şəkildə qəbul etdiyini göstərməyə kifayət etmir.

 

Haqqın aydınlığı məcburiyyətə ehtiyacı aradan qaldırır; insanın azad seçimi isə onun həqiqi mövqeyini üzə çıxarır.

 

Allahın böyüklüyü insanın iradəsinə münasibətində də görünür

 

İlahi qüdrəti yalnız yaratmaq və hökm etmək anlayışları ilə məhdudlaşdırmaq Allahın insana verdiyi iradənin əhəmiyyətini nəzərdən qaçırmaqdır.

 

Quran insanı düşünən, seçən və öz əməllərinə görə məsuliyyət daşıyan varlıq kimi təqdim edir.

 

Kəhf surəsinin 29-cu ayəsində buyurulur:

 

“De: Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inkar etsin…”

 

Bu ifadə bütün seçimlərin eyni dərəcədə doğru olduğunu bildirmir. Ayə haqqın meyarını göstərməklə yanaşı, insanın seçim məsuliyyətini də ortaya qoyur.

 

Burada ilahi ədalətin mühüm bir fəlsəfi tərəfi görünür: Allah insana iradə verir, haqqı bəyan edir və onun seçimini məsuliyyətlə əlaqələndirir.

 

İnsanın azad iradəsi Allahın qüdrətinin çatışmazlığı deyil; insanın şüurlu və məsuliyyətli varlıq kimi yaradılmasının mənasıdır.

 

Məcburiyyət insanı tanımağa mane olur

 

İnsanın həqiqi simasını tanımaq üçün onun yalnız nə dediyinə deyil, hansı şəraitdə dediyinə də diqqət yetirmək lazımdır.

 

Qorxu altında verilən cavab insanın həqiqi düşüncəsini gizlədə bilər. Cəza təhlükəsi ilə yerinə yetirilən əməl isə onun daxilindəki inamı sübut etmir.

 

İnsan azad seçim imkanı əldə etdikdə onun düşüncəsi, vicdanı və əxlaqi mövqeyi davranışlarında daha aydın görünür.

 

Buna görə azadlıq yalnız insanın hüququ deyil, onun həqiqi mövqeyinin aşkarlanması üçün də zəruri şərtdir.

 

Bu, insanın imanını zahiri əlamətlərlə mühakimə etməkdən çəkinməyi də tələb edir. İnsan görünüşcə dindar ola bilər, amma bu, onun daxilən səmimi olduğuna qəti sübut deyil. Eyni zamanda, zahiri görünüşünə görə kiminsə imanını inkar etmək də düzgün deyil. İnsanın daxilini və niyyətini tam bilən Allahdır.

 

Beləliklə, məcburiyyətlə yaradılan zahiri itaət həqiqi imanın etibarlı göstəricisi sayıla bilməz.

 

“Dində məcburiyyət yoxdur” İslamın başqa dinlərlə eyniliyi deməkdirmi?

 

Burada söhbət Allahın dinindən gedir.

 

Bəzi yozumlarda Bəqərə, 2:256-cı ayə insanın başqa dini seçmək azadlığının sübutu kimi təqdim edilir. Burada iki ayrı məsələni bir-birinə qarışdırmaq olmaz: insanın azad seçim imkanı və seçdiyi inancın Allah qatında doğru sayılması.

 

Quran Allah qatında din haqqında öz meyarını açıq bildirir.

 

Ali-İmran surəsinin 19-cu ayəsində deyilir:

 

«Allah yanında din, əlbəttə, İslamdır».

 

Həmin surənin 85-ci ayəsində isə buyrulur:

 

 “Kim İslamdan başqa bir din axtararsa, (bilsin ki, bu,) ondan qəbul olunmayacaq və o, axirətdə zərər çəkənlərdən olacaqdır.”

 

Deməli, Bəqərə, 2:256-cı ayədə məcburiyyətin rədd edilməsi digər dinlərin də Allah qatında eyni dərəcədə doğru və qəbul olunmuş sayılması mənasına gəlmir.

 

Azad seçim, həqiqi iman və məsuliyyət

 

Bəqərə, 2:256-cı ayənin davamında belə buyurulur:

 

“Kim tağutu inkar edib Allaha iman gətirərsə, artıq qırılmaq bilməyən ən möhkəm bir dəstəkdən yapışmış olar…”

 

Burada insanın mövqeyi onun seçimi ilə ifadə edilir. İman sadəcə bir adın daşıyıcısı olmaq deyil; insanın haqqı qəbul etməsi, ona şüurlu münasibət göstərməsi və bu münasibəti həyatında əks etdirməsidir.

 

Azadlıq özbaşnalıq, məsuliyyətsizlik demək deyil. Əksinə, seçim imkanı məsuliyyətin mənasını yaradır. İnsan seçə bilirsə, onun seçiminə görə cavabdeh olması da məna daşıyır.

 

Bu baxımdan ayə üç fundamental anlayışı birləşdirir:

 

Azad iradə: İnsan seçimini zor altında deyil, öz şüuru ilə etməlidir.

 

Həqiqətin bəyanı: Doğru yol ilə azğınlıq arasında fərq var.

 

Fərdi məsuliyyət: İnsan öz seçiminin mənəvi nəticələrinə görə cavabdehdir.

 

Bu üç anlayış bir-birindən ayrıldıqda ayənin fəlsəfi bütövlüyü də pozulur.

 

Məcburiyyət itaət yarada bilər, amma səmimi imanı sübut etmir

 

Bəqərə, 2:256-cı ayənin mahiyyəti yalnız insanın hansı dini və ya inancı seçməsi məsələsinə endirilə bilməz. Ayə dində məcburiyyət olmadığını bildirir və bu hökm insanın iradəsinə, imanının səmimiyyətinə, əxlaqi davranışına və məsuliyyətinə münasibətdə də dərin məna daşıyır.

 

Allah insana ağıl verir, haqqı bəyan edir və ona seçim imkanı yaradır. İnsan isə bu imkan qarşısında öz mövqeyini müəyyənləşdirir və buna görə də məsuliyyət daşıyır.

 

Məcburiyyət altında deyilən söz həqiqi inamı, qorxu ilə yerinə yetirilən əməl isə səmimi itaəti sübut etmir. İnsan azad seçim etdikdə onun həqiqi mövqeyi daha aydın görünür. Bununla belə, heç bir insan başqasının daxilini tam bildiyini iddia edə bilməz.

 

İslamın məqsədi insanı iradəsiz itaətə çevirmək deyil, onun şüurunda haqqı, vicdanında ədaləti, davranışında isə məsuliyyəti formalaşdırmaqdır. Çünki insanı tanımağın ən doğru yollarından biri onu məcbur etmədən seçim qarşısında qoymaqdır.

 

Məcburiyyət insanın nə etdiyini göstərə bilər, azad seçim isə onun kimliyini, nəyə və nə üçün yönəldiyini, yəni olduğu kimi göründüyünə imkan verir.


© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.

 
 

 

Ən çox oxunanlar