Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 Sentyabr 2026, Bazar, 09:10
Əlaqə vasitələri
Bizimlə əlaqə
Başgicəllənməsinin gizli səbəbi - Qulaq kristallarının qaçması nədir?
14 Sentyabr 2026
176
Başgicəllənməsinin gizli səbəbi - Qulaq kristallarının qaçması nədir?

Qəfil başlayan, xüsusilə yataqda çevrilərkən və ya başı qaldırarkən bir dəqiqədən az davam edən şiddətli fırlanma hissi cəmiyyətdə geniş yayılan pozuntulardan biridir.

 

Azmedinfo.az xarici tibbi mənbələrə istinadən xəbər verir ki, tibb ədəbiyyatında "Xoşxassəli Paroksizmal Mövqe Başgicəllənməsi" (BPPV), xalq arasında isə "qulaq kristalının oynaması" kimi tanınan bu vəziyyət periferik vertiqo hallarının ən başlıca səbəbini təşkil edir.

Mütəxəssislərin bildirdiyinə görə, insan orqanizmində müvazinət hissini tənzimləyən daxili qulaqdakı kalsium-karbonat tərkibli mikroskopik kristallar (otolitlər) normalda xüsusi kisəciklərdə yerləşir. Kəllə-beyin travmaları, daxili qulaq infeksiyaları, yaşlanma prosesi və bəzən uzunmüddətli hərəkətsizlik nəticəsində bu kristalların qoparaq daxili qulağın yarımdairəvi kanallarına düşməsi mexaniki disbalansa səbəb olur. Başın mövqeyi dəyişdikdə sərbəst hərəkət edən kristallar mayeni dalğalandıraraq beyinə yalançı fırlanma siqnalları ötürür.

BPPV zamanı xəstələrdə adətən eşitmə itkisi və ya qulaqda küy kimi simptomlar müşahidə edilmir. Əsas əlamətlər başın hərəkəti ilə tətiklənən 15–60 saniyəlik kəskin vertiqo tutmaları, ürəkbulanma və göz almalarında qeyri-ixtiyari ritmik hərəkətlərdir (nistaqm).

Həkimlər vurğulayırlar ki, bu patologiya dərman müalicəsinə deyil, mexaniki korreksiyaya tabe olur. Diaqnoz xüsusi "Dix-Holpayk" testi ilə dəqiqləşdirildikdən sonra pasiyentə "Epley" və ya digər repozisiya manevrləri tətbiq edilir. Təxminən 5–10 dəqiqə davam edən bu hərəkətlər sayəsində kristalların yenidən ilkin yerinə qaytarılması təmin olunur və əksər xəstələrdə elə ilk seansdan etibarən başgicəllənməsi tamamilə aradan qalxır. Mütəxəssislər prosedurdan sonrakı ilk günlərdə kəskin baş hərəkətlərindən çəkinməyi və yüksək yastıqda yatmağı tövsiyə edirlər.

 

Ən çox oxunanlar