Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
22 Noyabr 2026, Bazar, 19:20
Əlaqə vasitələri
Bizimlə əlaqə
Fimoz hər zaman əməliyyat tələb etmir – Hansı hallarda cərrahi müdaxilə vacibdir?
13 Noyabr 2026
362
Fimoz hər zaman əməliyyat tələb etmir – Hansı hallarda cərrahi müdaxilə vacibdir?

Fimoz sünnət dərisinin daralması nəticəsində cinsiyyət üzvünün başının tam açılmaması ilə xarakterizə olunan vəziyyətdir. Lakin bu hal hər zaman cərrahi müdaxiləyə ehtiyac olduğu anlamına gəlmir. Xüsusilə uşaqlarda fimozun fizioloji xüsusiyyət daşıması və yaş artdıqca öz-özünə aradan qalxması mümkündür.

Azmedinfo.az Respublika Kliniki Uroloji Xəstəxanasının məlumatına istinadən yazır ki, kiçik yaşlı oğlan uşaqlarında sünnət dərisinin cinsiyyət üzvünün başından ayrılmaması və dərinin tam geri çəkilməməsi çox vaxt normal inkişaf prosesinin bir hissəsidir. Belə hallarda düzgün gigiyena və həkim nəzarəti kifayət edə bilər. Sünnət dərisini zorla geri çəkmək isə dəridə çatların və zədələnmələrin yaranmasına, sonradan çapıq toxumasının formalaşmasına və daralmanın daha da ağırlaşmasına səbəb ola bilər.

Fimozun müalicəsi üçün hər zaman əməliyyata ehtiyac yaranmır. Bəzi hallarda həkimin təyin etdiyi yerli kortikosteroid tərkibli məlhəmlər və düzgün tətbiq olunan müalicə üsulları sünnət dərisinin elastikliyini artıraraq daralmanın aradan qalxmasına kömək edə bilər.

Bununla yanaşı, müəyyən əlamətlər cərrahi müdaxilənin zəruriliyini gündəmə gətirir. Sidik ifrazının çətinləşməsi, sidik axınının zəifləməsi, sidik zamanı sünnət dərisinin şar kimi şişməsi, tez-tez təkrarlanan balanopostit (sünnət dərisi və cinsiyyət üzvünün başının iltihabı), eləcə də təkrarlanan sidik yolu infeksiyaları həkim müayinəsini tələb edən hallardandır.

Sünnət dərisində çapıq toxumasının yaranması, dərman müalicəsinin nəticə verməməsi, həmçinin yeniyetmə və yetkin şəxslərdə ağrı və diskomfortun davam etməsi də cərrahi müalicəyə göstəriş ola bilər.

Xüsusi diqqət tələb edən hallardan biri parafimozdur. Bu zaman sünnət dərisi geriyə çəkildikdən sonra əvvəlki vəziyyətinə qaytarılmır və cinsiyyət üzvünün başını sıxaraq qan dövranını poza bilir. Parafimoz təcili tibbi müdaxilə tələb edən vəziyyətdir.

Mütəxəssislər bildirirlər ki, fimoz zamanı müalicə üsulu xəstənin yaşına, daralmanın səbəbinə, simptomların ağırlığına və mümkün fəsadlara uyğun müəyyən edilməlidir. Buna görə də valideynlərin özbaşına müdaxilədən çəkinməsi, uşağı vaxtında uroloq və ya uşaq cərrahına müraciət etdirməsi vacibdir.

Ən çox oxunanlar