Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 İyun 2026, Şənbə, 19:39
Əlaqə vasitələri
Bizimlə əlaqə
Dünyanın ilk 8-li çarpaz qaraciyər transplantasiyası - Tibb tarixinin yeni rekordu
16 İyun 2026
124
Dünyanın ilk 8-li çarpaz qaraciyər transplantasiyası - Tibb tarixinin yeni rekordu

Türkiyənin Malatya şəhərində yerləşən İnönü Üniversitesi nəzdindəki Turqut Özal Tibb Mərkəzi daha bir tarixi tibbi uğura imza atıb. Qaraciyər transplantasiyası gözləyən və uyğun donor tapa bilməyən xəstələr üçün tətbiq olunan çarpaz transplantasiya sistemi çərçivəsində dünyada ilk dəfə 8-li çarpaz qaraciyər köçürülməsi əməliyyatı uğurla icra edilib.

 

Azmedinfo.az NTV-yə istinadən yazır ki, əməliyyat zamanı müxtəlif ailələrdən olan 8 donor və 8 resipiyent iştirak edib. Ümumilikdə eyni anda 16 cərrahi müdaxilə həyata keçirilib. Təxminən 22 saat davam edən mürəkkəb transplantasiya prosesi həm tibbi təşkilatlanma, həm də cərrahi koordinasiya baxımından dünya miqyasında nümunəvi uğur kimi qiymətləndirilir.

 

Çarpaz qaraciyər transplantasiyası öz ailəsində uyğun donor tapa bilməyən və ya donorla tibbi uyğunsuzluq yaşayan xəstələr üçün mühüm alternativ hesab olunur. Bu üsul vasitəsilə müxtəlif donor–xəstə cütlükləri arasında uyğunluq yaradılır və adi şəraitdə transplantasiya şansı olmayan insanlara yeni həyat imkanı verilir.

 

Qaraciyər Transplantasiyası İnstitutunun direktoru Sezai Yılmaz bildirib ki, məqsəd rekord qırmaq deyil, həyati təhlükə ilə üzləşən xəstələri xilas etmək olub.

 

Onun sözlərinə görə, çarpaz transplantasiya gözləmə siyahısında olan bəzi xəstələrin vəziyyəti son dərəcə ağır idi. İki xəstə bir həftə də gözləyə bilməyəcək vəziyyətdə olub, digər bir xəstə isə qaraciyər komasına düşmək üzrə idi.

 

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu sosial şəbəkə hesabında paylaşım edərək türk həkimləri ilə qürur duyduğunu bildirib.

 

Nazir qeyd edib ki, İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunda daha bir dünya ilkini gerçəkləşdirən professor Sezai Yılmaz və komandası tibb tarixinə adlarını qızıl hərflərlə yazdırıblar.

 

Kemal Memişoğlu vurğulayıb ki, Türkiyədə hər il təxminən 1800 qaraciyər transplantasiyası həyata keçirilir və onların 300-dən çoxu məhz bu institutun payına düşür. O, bu uğurun əldə olunmasında əməyi olan bütün alim və həkimləri təbrik edib.

Ən çox oxunanlar