Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
04 Noyabr 2026, Çərşənbə, 17:23
Əlaqə vasitələri
Bizimlə əlaqə
Dakriosistit nədir? Göz yaşı kisəsinin iltihabının əlamətləri və müalicəsi
03 Noyabr 2026
358
Dakriosistit nədir? Göz yaşı kisəsinin iltihabının əlamətləri və müalicəsi

Göz yaşı kisəsinin iltihabı dakriosistit adlanır. Bu xəstəlik, əsasən, burun-göz yaşı kanalının daralması və ya tutulması nəticəsində yaranır. Kanalın keçiciliyinin pozulması göz yaşının burun boşluğuna normal axmasına mane olur. Nəticədə göz yaşı kisəsində maye durğunluğu yaranır və bu, infeksiyanın inkişafına şərait yaradır.

Azmedinfo.az Bakı Baş Səhiyyə Mərkəzinin məlumatına istinadən yazır ki, klinik gedişinə görə dakriosistitin xroniki və kəskin formaları, həmçinin yenidoğulmuşlarda rast gəlinən forması fərqləndirilir. Kəskin dakriosistit bəzi hallarda göz yaşı kisəsində abses və ya fleqmona ilə ağırlaşa bilər.

Xroniki dakriosistit xəstəliyin geniş yayılmış formalarından biridir. Onun əsas əlamətləri gözün davamlı yaşarması, gözün daxili küncündə şişkinlik, qızartı və irinli ifrazatın olmasıdır. Bəzi hallarda göz yaşı kisəsi nahiyəsinə təzyiq göstərildikdə göz yaşı nöqtələrindən irinli maye xaric ola bilər.

Dakriosistitin yaranma riskini artıran amillərə şəkərli diabet, immun sisteminin zəifləməsi, 60 yaşdan yuxarı olmaq, sinusitlər, burun polipləri və bəzi peşə zərərləri daxildir. Bu amillər göz yaşı yollarının normal fəaliyyətinə təsir göstərərək xəstəliyin inkişafına və ya ağırlaşmasına şərait yarada bilər.

Xəstəlik vaxtında müalicə olunmadıqda infeksiya ətraf toxumalara yayıla, göz ətrafında iltihabi ağırlaşmalara, nadir hallarda isə göz yuvasının infeksiyasına və daha ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə kəskin iltihab, yüksək hərarət, güclü ağrı və şişkinlik müşahidə edildikdə təcili tibbi müdaxilə tələb olunur.

Diaqnostika və müalicə

Dakriosistitin diaqnostikası və müalicəsi oftalmoloq tərəfindən aparılır. Müayinə zamanı göz yaşı yollarının vəziyyəti, kanalın keçiriciliyi və iltihabın dərəcəsi qiymətləndirilir. Müalicə xəstəliyin formasına və ağırlıq dərəcəsinə uyğun müəyyənləşdirilir. İnfeksiya zamanı həkim antibiotik müalicəsi təyin edə, zərurət olduqda irinli ocağın boşaldılmasını tövsiyə edə bilər. Xroniki hallarda isə göz yaşı yollarının normal axınını bərpa etmək üçün cərrahi müdaxilə, o cümlədən dakriosistorinostomiya əməliyyatı tələb oluna bilər.

Həkim məsləhəti

Gözün davamlı yaşarması, daxili küncündə şişkinlik, qızartı və irinli ifrazat kimi əlamətlər müşahidə edildikdə oftalmoloqa müraciət etmək vacibdir. Göz yaşı kisəsinin nahiyəsini özbaşına sıxmaq, irinli sahəni deşməyə çalışmaq və həkim təyinatı olmadan antibiotik damcılarından istifadə etmək olmaz. Erkən diaqnostika və düzgün müalicə xəstəliyin ağırlaşmalarının qarşısını almağa və göz yaşı yollarının funksiyasını qorumağa kömək edir.

Ən çox oxunanlar