Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 Avqust 2026, Bazar ertəsi, 03:56
Əlaqə vasitələri
Bizimlə əlaqə
Qədir-Xum: Risalətin tamamlanması, vilayətin təyini və dinin kamilləşməsinin açarı
09 Avqust 2026
136
Qədir-Xum: Risalətin tamamlanması, vilayətin təyini və dinin kamilləşməsinin açarı

Quran özünü bütün bəşər üçün nazil edilmiş son ilahi vəhy və qorunan kitab olaraq təqdim edir. Buna görə də İslamın əsas prinsiplərinin müəyyən edilməsində ilkin və həlledici mənbə məhz Quranın özüdür. Dinin hüquqi əsaslarını müəyyən edən məsələlər də ilk növbədə Quranın mətninə, onun daxili sisteminə və ayələr arasındakı səbəb–nəticə əlaqəsinə söykənməlidir.

Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.

İlkin İslam tarixində (Peyğənbərin dövründə) formalaşmış dini institutlar Quranın ayələri əsasında şərh edilmişdir. Lakin tarixi hadisələrin sonrakı siyasi izahları ilə Quranın öz hüquqi sistemi eyni anlayış deyildir. Tarix müəyyən hadisələri təsvir edə bilər, lakin dinin hüquqi əsasını müəyyən etmək səlahiyyəti yalnız ilahi vəhyə məxsusdur.

Maidə surəsinin 5:55 (Vilayət ayəsi), 5:67 (Təbliğ ayəsi) və 5:3-cü (İkmal ayəsi) ayələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hər üç ayə eyni surədə yerləşsə də, əksər araşdırmalarda onlar bir-birindən ayrı şəkildə təhlil edilmişdir. Nəticədə ayələr arasında mövcud olan hüquqi və məntiqi əlaqə kifayət qədər əsaslandırlmamışdır. Ona görə də apardığımız bu tədqiqat həmin boşluğu aradan qaldırmaq məqsədi daşıyır.

Araşdırmada əsas məqsədi Maidə surəsinin 5:55, 5:67 və 5:3-cü ayələri necə vahid hüquqi sistem təşkil etməsidir.

Bu araşdırmanın nəticəsi əvvəlcədən qəbul edilmiş tarixi qənaətlərə deyil, yuxarıda qeyd olunan üç ayəni əlaqələndirən Qədir-Xum hadisəsinə əsaslanır. Bunun üçün əvvəlcə ayələrin linqvistik quruluşu, sonra hüquqi məzmunu, daha sonra isə onların daxili səbəb–nəticə əlaqəsi araşdırılacaqdır.

Bu məqalənin məqsədi müəyyən bir tarixi mövqeyi müdafiə etmək deyil. Məqsəd, Quranın öz mətnində mövcud olan hüquqi sistemi müəyyən etmək və həmin sistemin daxili ardıcıllığını elmi metodlarla təhlil etməkdir.

Vilayətin müəyyən edilməsinə dair hüquqi ilahi hökm

Maidə surəsinin 5:55-ci ayəsində belə buyrulur:

“Sizin haminiz (dostunuz) ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir - o kəslər ki, namaz qılar və rükuda olduqları zaman zəkat verərlər.”
(Ziya Bünyadov – Vasim Məmmədəliyev tərcüməsi)

Bu ayənin hüquqi məzmununun müəyyən edilməsi üçün əvvəlcə onun linqvistik quruluşu araşdırılmalıdır. Çünki hüquqi nəticə məhz mətnin qrammatik və semantik quruluşundan doğur.

Ayənin hüquqi sərhədini müəyyən edən ifadə

Ayə “innəmə” (إِنَّمَا) ədatı ilə başlayır.

Ərəb dilində bu ədat məhdudlaşdırma və müstəsnalaşdırma bildirir. Ayədə sadalanacaq hökmün dairəsi məhz bu ədat vasitəsilə müəyyən edilir. Buna görə ayənin başlanğıcı ümumi məlumat deyil, hüquqi sərhəd müəyyən edən ilahi bəyan kimi çıxış edir.

Beləliklə, ayə yeni bir hüquqi münasibətin subyektlərini müəyyən edir.

Hüquqi hökmün subyektləri

Ayədə hüquqi hökm ardıcıl şəkildə üç subyektə aid edilir:

- Allah;
- Onun Peyğəmbəri;
- iman gətirənlərdən müəyyən edilən şəxs.

Bu üç subyekt eyni cümlə daxilində, eyni sintaktik quruluşla və eyni hüquqi hökm altında təqdim olunur.

Bu quruluş göstərir ki, ayə üç ayrı höِِkm yox, vahid hüquqi hِِökm bəyan edir.

“Vəli” sözünün Qurani mənası

“Vəli” sözü ərəb dilində müxtəlif mənalarda işlənə bilir. Lakin Qurani araşdırmada söِِzün mümkün mənaları deyil, konkret ayədə daşıdığı məna müəyyən edilməlidir. Bu mənanı lüğət deyil, Quranın özü müəyyən edir. Ayədə eyni “vəli” sözü əvvəlcə Allah, sonra Peyğəmbər, daha sonra isə müəyyən edilən mömin üçün işlədilmişdir.

Quran Peyğəmbərin möminlərlə münasibətini başqa ayələrdə belə müəyyən edir:

“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır…” (Əhzab, 33:6)



“Allah və Onun Elçisi bir işə hökm verdikdə heç bir mömin kişi və qadının həmin işdə seçim haqqı yoxdur.” (Əhzab, 33:36)

Bu ayələr göstərir ki, Peyğəmbərin möminlərlə münasibəti sadəcə dostluq münasibəti deyil. O, ilahi hökmün icrası ilə bağlı hüquqi səlahiyyət daşıyır.

Deməli, Maidə surəsinin 5:55-ci ayəsində işlədilən “vəli” sözünün mənası da Quranın öz hüquqi sistemi daxilində müəyyən edilməlidir.

Müəyyən edilən şəxsin tanıdılması üsulu

Ayədə üçüncü subyekt adı ilə deyil, əlaməti ilə təqdim edilir:

”…o kəslər ki, namaz qılar, rüku halında olduqları zaman zəkat verərlər.”

Bu təqdimat Quranda geniş istifadə olunan tanıtma üsullarından biridir. şəxsiyyət əvvəlcə onu fərqləndirən ilahi əlamətlə müəyyən edilir. Bu səbəbdən ayənin məqsədi ümumi möminləri xarakterizə etmək deyil, müəyyənedici əlamət vasitəsilə konkret hüquqi subyekti tanıtmaqdır.

“Rüku halında” ifadəsinin hüquqi funksiyası

Ayədəki "…və onlar rüku halında ikən…" ifadəsi qrammatik baxımdan zəkat vermə əməlinin baş verdiyi vəziyyəti bildirir. Bu ifadədə zəkat deyil, hüquqi subyektin müəyyən edilməsinə xidmət edən tanıdıcı əlamətdir.

Beləliklə, ayənin diqqət mərkəzində rüku əməli deyil, həmin hal vasitəsilə müəyyən edilən şəxs dayanır.

Hüquqi nəticə

Maidə surəsinin 5:55-ci ayəsinin linqvistik və hüquqi təhlili aşağıdakı nəticələri ortaya qoyur:

- ayə məhdudlaşdırıcı hüquqi bəyanla başlayır;
- hüquqi hökm üç subyektə birlikdə aid edilir;
- “vəli” sözünün mənası Quranın öz hüquqi sistemi daxilində müəyyən edilir;
- üçüncü subyekt adı ilə deyil, fərqləndirici əlaməti ilə təqdim olunur;
-“rüku halında zəkat vermək” hüquqi subyekti tanıdan ilahi əlamət funksiyası daşıyır.

Beləliklə, Maidə surəsinin 5:55-ci ayəsi vilayətin müəyyən edilməsinə dair hüquqi ilahi hökm kimi çıxış edir və sonrakı ayələrdə təqdim ediləcək hüquqi prosesin birinci mərhələsini təşkil edir.

Risalətin tamamlanmasının hüquqi şərti və ilahi hökmü

Maidə surəsinin 5:67-ci ayəsində buyurulur:

“Ey Peyğəmbər! Rəbbindən sənə nazil ediləni çatdır. Əgər bunu etməsən, Onun elçiliyini (risalətini) çatdırmamış olarsan. Allah səni insanlardan qoruyacaq…”
(Ziya Bünyadov – Vasim Məmmədəliyev tərcüməsi)

Bu ayə Maidə surəsinin hüquqi sistemində mərkəzi mövqeyə malikdir. Çünki burada ilk dəfə olaraq müəyyən bir hökmün elan edilməsi ilə Peyğəmbərin risaləti arasında birbaşa hüquqi əlaqə qurulur.

Hüquqi vəzifənin müəyyən edilməsi

Ayə birbaşa müraciətlə başlayır: “Ey Peyğəmbər!”

Bu müraciətdən sonra verilən əmr ümumi tövsiyə deyil, konkret hüquqi vəzifənin icrasını tələb edən ilahi göstərişdir:

"…Rəbbindən sənə nazil ediləni çatdır."

Burada söhbət vəhyin ümumi şəkildə təbliğindən deyil, müəyyən bir ilahi hökmün tam və açıq şəkildə elan edilməsindən gedir.

Hüquqi şərtin quruluşu

Ayənin ikinci hissəsi hüquqi baxımdan şərt–nəticə münasibəti yaradır:

“Əgər bunu etməsən…”

Bu ifadə hüquqi şərtin başlanğıcıdır. Ardınca həmin şərtin hüquqi nəticəsi bəyan edilir:

"…Onun risalətini çatdırmamış olarsan."

Beləliklə, ayə risalətin tamamlanmasını müəyyən bir ilahi hökmün elan edilməsinə bağlayır.

Bu, Quranın hüquqi məntiqində fövqəladə əhəmiyyət daşıyan bir hökmdür. Çünki burada ilk və yeganə dəfə olaraq bir hökmün elan edilməməsi bütün risalətin yerinə yetirilməmiş sayılması ilə əlaqələndirilir.

Hüquqi hökmün miqyası

Quranın başqa ayələrində Peyğəmbərin uzun illər ərzində vəhyi insanlara çatdırdığı bəyan edilir. Bu baxımdan, Maidə surəsinin 5:67-ci ayəsindəki xəbərdarlıq vəhyin ümumi təbliği haqqında deyil. Əks halda, artıq yerinə yetirilmiş risalətin bütövlükdə yerinə yetirilməmiş sayılması hüquqi baxımdan qəbul olunmazdı.

Deməli, ayədə söhbət risalətin hüquqi baxımdan tamamlanmasını şərtləndirən xüsusi bir ilahi hökmdən gedir.

İlahi təminatın hüquqi mənası

Ayənin davamında buyurulur:

“Allah səni insanlardan qoruyacaq.”

Bu ifadə hüquqi hökmün icrası ilə əlaqədar verilən ilahi təminatdır. Belə bir təminatın verilməsi göstərir ki, elan ediləcək hökmün cəmiyyət daxilində ciddi əhəmiyyət daşıdığı nəzərdə tutulur.

Beləliklə, ilahi əmr, hüquqi şərt və ilahi təminat eyni ayədə vahid hüquqi sistem təşkil edir.

Birinci və ikinci hüquqi ilahi hökmlərin əlaqəsi

Maidə surəsinin 5:55-ci ayəsində hüquqi subyekt müəyyən edilir. Maidə surəsinin 5:67-ci ayəsində isə həmin hüquqi hökmün elan edilməsi Peyğəmbərin risalətinin tamamlanmasının hüquqi şərti kimi bəyan olunur.

Beləliklə, iki ayə arasında hüquqi ardıcıllıq yaranır:

- əvvəl hüquqi hökm müəyyən edilir;
- sonra həmin hökmün elan edilməsi vacib ilahi vəzifə kimi təqdim olunur.

Bu ardıcıllıq Maidə surəsinin hüquqi sisteminin ikinci mərhələsini təşkil edir.

Hüquqi nəticə

Maidə surəsinin 5:67-ci ayəsinin hüquqi və linqvistik təhlili aşağıdakı nəticələri ortaya qoyur:

- ayə Peyğəmbərə yönəlmiş konkret hüquqi ilahi əmrdir;
- həmin əmrin icrası risalətin hüquqi tamamlanmasının şərti kimi müəyyən edilir;
- şərtin yerinə yetirilməməsi risalətin tamamlanmamış sayılması ilə nəticələndirilir;
- ilahi təminat bu hüquqi hökmün əhəmiyyətini göstərir;
- ayə Maidə surəsinin hüquqi sistemində ikinci mərhələni təşkil edir və birinci hüquqi ilahi hökmün ictimai bəyanını tələb edir.

Beləliklə, Maidə surəsinin 5:67-ci ayəsi risalətin tamamlanmasının hüquqi şərti və ilahi hökmü kimi çıxış edir və növbəti hüquqi nəticənin – dinin kamilləşməsi, ilahi nemətin tamamlanması və dinin İslam olaraq təsdiqinin hüquqi əsasını müəyyənləşdirir.

Dinin kamilləşməsi, ilahi nemətin tamamlanması və İslam olaraq təsdiqinə dair hüquqi ilahi hökm

Maidə surəsinin 5:3-cü ayəsinin son hissəsində buyurulur:

“Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə olan nemətimi tamamladım və sizin üçün İslamı bəyəndim.”
(Ziya Bünyadov – Vasim Məmmədəliyev tərcüməsi)

Bu ayə Quranda dinin hüquqi vəziyyətini müəyyən edən ən mühüm ilahi bəyanlardan biridir. Burada əvvəlki iki hüquqi ilahi hökmün nəticəsi elan olunur.

Hüquqi hökmün zamanının müəyyən edilməsi

Ayə aşağıdakı ifadə ilə başlayır:

“Bu gün…”

Quranda “bu gün” ifadəsi müəyyən hüquqi nəticənin konkret zaman kəsiyində bəyan edilməsini göstərir. Deməli, burada söhbət tədrici inkişafdan deyil, müəyyən bir hadisədən sonra elan olunan hüquqi nəticədən gedir. Bu səbəbdən ayənin başlanğıcı hüquqi nəticənin zamanını müəyyən edən ilahi bəyan kimi çıxış edir.

Dinin kamilləşməsi

Ayədə ilk hüquqi nəticə belə bəyan edilir:

“Dininizi sizin üçün kamilləşdirdim.”

Bu ifadə dinin yeni bir dinə çevrildiyini deyil, mövcud ilahi dinin kamillik mərhələsinə çatdırıldığını bildirir. Burada kamilləşən dinin hüquqi sistemi və onun tamamlanmış vəziyyətidir.

Beləliklə, ayə dinin artıq çatışmazlıqdan uzaq, tam hüquqi sistem halına gətirildiyini elan edir.

İlahi nemətin tamamlanması

İkinci hüquqi bəyan belədir:

“Sizə olan nemətimi tamamladım.”

Ayədə “nemət” Allahın bəndələrinə bəxş etdiyi ilahi lütfü ifadə edir.

“Tamamladım” ifadəsi göstərir ki, əvvəlki mərhələlər nəticəsində bu ilahi nemət öz son həddinə çatdırılmışdır.

Beləliklə, dinin kamilləşməsi ilə ilahi nemətin tamamlanması eyni hüquqi prosesin iki ayrılmaz nəticəsi kimi təqdim edilir.

İslam olaraq təsdiq

Ayənin üçüncü hüquqi bəyanı belədir:

“Sizin üçün İslamı bəyəndim.”

Bu ifadə ayənin əvvəlində elan edilən iki hüquqi nəticənin tamamlayıcısıdır.

Beləliklə, ayədə ardıcıl şəkildə üç hüquqi nəticə bəyan edilir:

- din kamilləşdirilir;
- ilahi nemət tamamlanır
- İslam təsdiq edilir.

Bu üç bəyan birlikdə vahid hüquqi nəticəni təşkil edir.

İahi hökmün daxili ardıcıllığı

Maidə surəsinin 5:55-ci ayəsində vilayət müəyyən edilir. Maidə surəsinin 5:67-ci ayəsində həmin hökmün elan edilməsi risalətin tamamlanmasının hüquqi şərti kimi müəyyən olunur. Maidə surəsinin 5:3-cü ayəsində isə həmin hüquqi prosesin nəticəsi elan edilir.

Beləliklə, ayələr arasında aşağıdakı hüquqi ardıcıllıq yaranır:

Birinci hüquqi ilahi hökm - vilayətin müəyyən edilməsi.

İkinci hüquqi ilahi hökm - həmin hökmün elan edilməsinin risalətin tamamlanmasının hüquqi şərti olması.

Üçüncü hüquqi ilahi hökm - dinin kamilləşməsi, ilahi nemətin tamamlanması və İslam olaraq təsdiqinin elan edilməsi.

Bu ardıcıllıq ayələrin bir-birindən ayrı deyil, vahid hüquqi sistemin mərhələləri kimi birgə oxunmasını tələb edir.

Hüquqi nəticə

Maidə surəsinin 5:3-cü ayəsinin hüquqi və məntiqi təhlili aşağıdakı nəticələri ortaya qoyur:

- ayə müəyyən bir hüquqi nəticənin konkret zamanda elan edildiyini bildirir;
- dinin kamilləşməsi əvvəlki hüquqi prosesin nəticəsi kimi təqdim olunur;
- ilahi nemətin tamamlanması həmin hüquqi nəticənin ayrılmaz hissəsidir;
- İslamın təsdiqi əvvəlki iki bəyanla birlikdə vahid hüquqi hökm təşkil edir;
- beləliklə, Maidə surəsinin 5:3-cü ayəsi əvvəlki iki hüquqi ilahi hökmün hüquqi nəticəsini elan edən üçüncü və yekun hüquqi ilahi hökm kimi çıxış edir.

Beləliklə, Maidə surəsinin 5:55, 5:67 və 5:3-cü ayələri birlikdə dinin hüquqi sistemini təşkil edən üç ardıcıl ilahi hökmün tam məntiqi ardıcıllığını ortaya qoyur.

Üç hüquqi ilahi hökmün vahid Qurani sistemi

Maidə surəsinin 5:55, 5:67 və 5:3-cü ayələri ayrı-ayrılıqda təhlil edildikdə onların hər biri müstəqil hüquqi məna ifadə edir. Lakin həmin ayələr birlikdə oxunduqda Quranın daxili məntiqi onları vahid hüquqi sistem kimi təqdim edir.

Birinci mərhələ: hüquqi subyektin müəyyən edilməsi

Hər bir hüquqi sistemdə əvvəlcə hüququn subyekti müəyyən edilir.

Maidə surəsinin 5:55-ci ayəsində də ilk növbədə hüquqi münasibətin subyekti müəyyən edilir. Ayədə həmin şəxs adı ilə deyil, fərqləndirici ilahi əlaməti ilə təqdim olunur.

Beləliklə, birinci hüquqi ilahi hökm hüquqi münasibətin əsasını təşkil edir.

İkinci mərhələ: hüquqi hökmün elan edilməsi

Hüquqi subyekt müəyyən edildikdən sonra həmin hökmün ictimai şəkildə bəyan edilməsi zərurəti meydana çıxır.

Maidə surəsinin 5:67-ci ayəsində məhz bu mərhələ hüquqi ilahi hökm kimi təqdim edilir. Burada diqqət mərkəzində hüquqi subyekt deyil, həmin hökmün elan edilməsinin risalətin tamamlanması üçün zəruri olması dayanır.

Beləliklə, ikinci hüquqi ilahi hökm birinci hökmün həyata keçirilməsini təmin edir.

Üçüncü mərhələ: hüquqi nəticənin elan edilməsi

Hüquqi proses yalnız hökmün müəyyən edilməsi və elan olunması ilə bitmir. Onun hüquqi nəticəsi də bəyan edilməlidir. Maidə surəsinin 5:3-cü ayəsi məhz bu funksiyanı yerinə yetirir. Burada ilk dəfə olaraq hüquqi nəticə elan edilir:

- din kamilləşdirilir;
- ilahi nemət tamamlanır;
- İslam təsdiq olunur.

Beləliklə, üçüncü hüquqi ilahi hökm əvvəlki iki hökmün hüquqi nəticəsini bəyan edir.

Hüquqi sistemin daxili məntiqi

Bu üç ayə arasında aşağıdakı hüquqi ardıcıllıq mövcuddur:

Hüquqi hökm - hüquqi şərt - hüquqi nəticə

və ya

Müəyyən etmə - elan etmə - hüquqi nəticənin bəyanı

Bu ardıcıllıq dəyişdirildikdə sistem pozulur. Əgər hüquqi subyekt müəyyən edilməmişdirsə, onun elan olunmasının hüquqi mənası qalmaz. Əgər elan edilməmişdirsə, hüquqi nəticənin elan olunması məntiqi əsasını itirər. Hüquqi nəticə elan olunmuşdursa, deməli, ondan əvvəl hüquqi şərt yerinə yetirilmiş olmalıdır.

Maidə surəsinin bu üç ayəsinin birlikdə təhlili göstərir ki, onların arasında yalnız mövzu oxşarlığı deyil, hüquqi səbəb–nəticə əlaqəsi mövcuddur. Bu baxımdan həmin ayələr ayrı-ayrı təfsir mövzuları deyil, vahid hüquqi sistemin mərhələləridir.

Qurani meyarlarla tarixi uyğunluq

İslam tarixində Peyğəmbərin sağlığında baş vermiş hadisələr içərisində bu meyarların hamısını birlikdə daşıyan Qədir-Xum hadisəsidir.

Araşdırmanın məqsədi tarixi rəvayətləri hüquqi hökmün mənbəyi kimi qəbul etmək deyil. Məqsəd onların Quranın müəyyən etdiyi hüquqi sistemlə uyğunluğunun sübutunu açıqlamaqdır.

Qədir-Xum hadisəsi Qurani məntiqlə məhz bu ardıcıllığın ortasında yerləşən elan mərhələsidir. Bu baxımdan tarixi hadisə Quranın hüquqi sistemini yaratmır. Əksinə, Quranın hüquqi sistemi həmin hadisənin dini əhəmiyyətini müəyyən edir.

Qədir-Xum: Risalətin tamamlanmasının və dinin kamilləşməsinin hüquqi nəticəsi

Əvvəlki fəsillərdə Maidə surəsinin 5:55, 5:67 və 5:3-cü ayələrinin bir-biri ilə hüquqi və məntiqi baxımdan bağlı olduğu müəyyən edilmişdir. Bu təhlil göstərir ki, həmin ayələr bir-birindən müstəqil hökmlər deyil, vahid hüquqi ilahi sistemin üç ardıcıl mərhələsini təşkil edir.

Bu sistemdə əvvəlcə vilayət müəyyən edilir (5:55), sonra həmin hökmün açıq şəkildə elan edilməsi Peyğəmbərin risalətinin tamamlanmasının hüquqi şərti kimi bəyan olunur (5:67), nəhayət, həmin hüquqi prosesin nəticəsi olaraq dinin kamilləşməsi, ilahi nemətin tamamlanması və İslam olaraq təsdiqi elan edilir (5:3).

Bu hüquqi ardıcıllıq Quranda tam şəkildə müəyyən edildikdən sonra araşdırmanın son sualı meydana çıxır:

Quranın müəyyən etdiyi bu hüquqi sistem tarixdə hansı hadisə ilə uyğunluq təşkil edir?

Qurani meyarlar əsasında aparılan təhlil göstərir ki, bu hüquqi sistemin bütün mərhələlərini eyni hadisədə özündə birləşdirən tarixi hadisə Qədir-Xumdur.

Bu hadisə yalnız tarixi xatirə deyil. Qurani hüquqi sistem baxımından o, vilayətin ictimai şəkildə elan edildiyi, risalətin tamamlanmasının hüquqi şərtinin yerinə yetirildiyi və bunun nəticəsində dinin kamilləşməsi, ilahi nemətin tamamlanması və İslam olaraq təsdiqinin bəyan edildiyi hadisə kimi qiymətləndirilir.

Beləliklə, Qədir-Xum hadisəsinin dini əhəmiyyəti tarixin verdiyi qiymətlə deyil, Quranın müəyyən etdiyi hüquqi sistemlə müəyyən edilir. Bu baxımdan Qədir-Xum yeni dini hökm yaratmır. Əksinə, Quranda əvvəlcədən müəyyən edilmiş hüquqi ilahi hökmün həyata keçirildiyi tarixi hadisə kimi çıxış edir.

Maidə surəsinin 5:55 - 5:67 - Qədir-Xum - 5:3-cü ayələri birlikdə vilayətin müəyyən edilməsi, risalətin tamamlanması və dinin kamilləşməsi vahid ilahi hüquqi sistemi təşkil edir.

Məhz buna görə də mövcud Quranda dinin tamamlanması bütün bəşərə elan edilir:

"De: "Ey kitab əhli! Tövrata, İncilə və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana (Qurana) düzgün əməl etmədikcə, siz (Allah yanında məqbul, dini baxımdan doğru olana) heç bir şey üzərində deyilsiniz...". (Əl-Maidə 5:68-ci ayə)

Qurani məntiq onu göstərir ki, Səqifə hadisəsi bu xəttin siyasi olaraq qırıldığı məqam oldu.

Qədir-Xumdan Səqifəyə: Səqəleyin ləğvi və İslamın siyasi sistemlə əvəzlənməsi

Peyğəmbərin vəfatı ilə İslam tarixində yalnız bir insanın həyatı sona çatmadı. Onun qoyduğu haqq meyarının qorunub-qorunmayacağı məsələsi də qarşıya çıxdı.

Peyğəmbərin son dövründə iki mühüm xətt diqqət çəkir: Quran və Əhli-Beyt — Səqəleyn və Qədir-Xumda Əlinin mövqeyinin elan edilməsi.

Lakin Peyğəmbərin vəfatından dərhal sonra baş verən hadisələr bu xəttin siyasi həyata keçirilməsi baxımından tamamilə başqa istiqamətə yönəldi.

Bu məqalənin məqsədi əvvəlcədən bir şəxsin adını ittiham kimi ortaya qoymaq deyil, hadisələrin ardıcıllığını izləmək, hərəkətləri bir-birinin ardınca qoymaq və nəticəni həmin əməllərin özündən çıxarmaqdır.

Qədir-Xum: elan edilən mövqe

Qədir-Xum hadisəsində Peyğəmbərin dilindən nəql edilən ən məşhur ifadə:

“Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”

Lakin bu cümlənin siyasi və məzmun baxımından anlaşılması üçün ondan əvvəl gələn sual xüsusilə əhəmiyyətlidir:

“Mən möminlərə onların özlərindən daha əvla deyiləmmi?”

“Bəli” cavabından sonra Əlinin “mövla” elan edilməsi hadisənin sadəcə iki insan arasındakı dostluq münasibəti kimi təqdim edilməsini ciddi şəkildə problemə çevirir.

Qədir-Xumun əhəmiyyəti məhz buradadır: Peyğəmbərin öz mövqeyi ilə Əlinin mövqeyi eyniləşdirilir.

Səqəleyn: qorunması tələb olunan iki əmanət

Peyğəmbərə aid edilən Səqəleyn rəvayətinin əsas nüvəsində Allahın Kitabı və Əhli-Beyt birlikdə göstərilir. Burada diqqət çəkən məsələ yalnız “iki əmanət” ifadəsi deyil. Məsələ insanların bu iki mənbəyə münasibətidir. Yəni tələb onlardan ayrılmamaqdır.

Bu məqam çox vaxt başqa cür təqdim edilir. Halbuki məntiq sadədir:

Quran - meyar

Əhli-Beyt - həmin ilahi meyarın Peyğəmbərdən sonrakı daşıyıcısı

Beləliklə, Səqəleynin mahiyyəti yalnız gələcəyə bir xəbərdarlıq deyil, Peyğəmbərdən sonra vilayətin qorunmasıdır.

“Qabağa keçməyin, geridə qalmayın”

Səqəleyn xəttinin mənası bir cümlə ilə belə ifadə edilə bilər:

Onlardan qabağa keçməyin — hörmətsizlik etməyin; onlardan geridə qalmayın — ayrılmayın.

Bu, rəhbərlik və itaət məsələsində çox mühüm prinsip yaradır.

Çünki əgər Peyğəmbər Quranı və Əhli-Beyti ümmətin qarşısında xüsusi şəkildə göstərirsə, onlardan kənarda ayrıca siyasi-dini meyar yaratmaq artıq Səqəleyn prinsipinin xaricinə çıxmaq deməkdir.

Peyğəmbərin vəfatı: həlledici dönəm

Peyğəmbərin vəfatı ilə bu prinsip ilk dəfə real siyasi sınaq qarşısında qaldı.

Ən mühüm sual artıq nəzəri deyildi:

Peyğəmbərdən sonra onun yolu qorunacaqmı?

Bu anda Peyğəmbərin Əhli-Beyti onun yanında idi. Əli isə həmin ailənin ən mühüm siması və Qədir-Xum hadisəsinin mərkəzində dayanan şəxs idi.

Lakin hadisələrin növbəti mərhələsində siyasi qərar Əlinin iştirakı olmadan başqa məkanda formalaşdı.

Səqifəyə tələsik hərəkət

Peyğəmbərin vəfatından sonra Ənsarın Bəni-Saidə Səqifəsində toplaşması haqqında müəmmalı xəbəri yayıldı. Bundan sonra bir qrup insan Səqifəyə getdi.

Burada artıq hadisənin mahiyyətini müəyyən edən mühüm sual meydana çıxır:

Əgər məqsəd yalnız Ənsarın siyasi hakimiyyəti ələ keçirməsinin qarşısını almaq idisə, niyə Peyğəmbərin Əhli-Beyti və xüsusilə Əli bu siyasi prosesə dəvət edilmədi?

Bu sual cavabsız buraxıldıqda “Ənsar təhlükəsi” izahı hadisənin bütün mənzərəsini əhatə etmir. Çünki Əli Ənsara qarşı mübarizədə maneə deyil, əksinə, Peyğəmbərin ən yaxın ailə üzvü və Qədir-Xumun mərkəzində olan şəxs idi.

Səqifədən Əlinin kənarda qalması

Burada hadisələrin ardıcıllığı xüsusilə diqqət çəkir:

Peyğəmbər vəfat edir.

Ənsar Səqifədə toplaşır.

Səqifəyə müdaxilə edilir.

Əli həmin toplantıda iştirak etmir.

Əbu Bəkrə beyət əldə edilir.

Bu artıq sadəcə “kim xəlifə olacaq?” sualı deyil. Peyğəmbərin göstərdiyi xəttin siyasi baxımdan davam etdirilib-etdirilməməsi məsələsidir.

“Fəltə”: hadisənin sonradan adlandırılması

Səqifə hadisəsinə dair ən diqqətçəkən ifadələrdən biri Ömərə aid edilən məşhur sözlərdir:

“Əbu Bəkrin beyəti fəltə idi…”

Burada hadisənin öz iştirakçılarından birinin onu sonradan “fəltə” kimi xarakterizə etməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu ifadə Səqifəni sonradan yaradılan: “tamamilə normal, planlı və ümumi razılıqla keçirilmiş siyasi seçim” təsviri ilə uyğunlaşdırmağı çətinləşdirir.

Daha mühüm məsələ isə budur:

Hadisədə fəal iştirak edən şəxs sonradan həmin hadisəni qəfil baş vermiş bir hadisə kimi təqdim edir.

Beləliklə, “fəltə” yalnız hadisənin xarakterini deyil, hadisəyə sonradan verilən siyasi izahı da araşdırma predmetinə çevirir.

Peyğəmbərin göstərişi, yoxsa siyasi qərar?

Quran möminə Rəsulun qarşısına keçməməyi bildirir:

“Ey iman gətirənlər! Allahın və Rəsulunun qarşısına keçməyin…” (Hucurat, 49:1)

Başqa bir ayədə:

“Allah və Rəsulu bir işə hökm verdikdə mömin kişi və qadının həmin işdə öz seçimləri ola bilməz.” (Əhzab, 33:36)

Bu prinsiplər qarşısında əsas məsələ budur: Peyğəmbərin müəyyən etdiyi istiqamətin qarşısına insan iradəsi ilə başqa siyasi istiqamət qoyula bilərmi?

Əgər cavab “xeyr”dirsə, onda Səqifə yalnız siyasi toplantı kimi deyil, Peyğəmbərin qoyduğu rəhbərlik xəttinin dəyişdirildiyi dönüş nöqtəsi kimi əsaslandırılmalıdır.

"Səqəley"in Səqifədə ləğvi

Səqəleynin mahiyyəti: Quran + Əhli-Beyt

Qədir-Xumun əsas mesajı: Əli ilə bağlı elan

Səqifənin nəticəsi: Əli iştirak etmədən siyasi rəhbərliyin müəyyənləşdirilməsi

Beləliklə, üç hadisə bir xətt üzərində görünür:

SƏQƏLEYN

Əmanət

QƏDİR-XUM

Elan

SƏQİFƏ

Quranın meyarı ilə nə baş verdi?

Quranın qoyduğu əsas prinsip: Haqqı batillə qarışdırmayın və haqqı gizlətməyin. (Bəqərə, 2:42)

Əmanət: “Əmanətləri öz sahiblərinə qaytarın.” (Nisa, 4:58)

Ədalət: “Ədalətli olun. Bu, təqvaya daha yaxındır.” (Maidə, 5:8)

Rəsula münasibət: “Allah və Rəsulunun qarşısına keçməyin.” (Hucurat, 49:1)

Bu meyarları hadisələrin üzərinə qoyduqda məsələ artıq şəxslərin nüfuzu ilə həll olunmur. Əməl meyarın qarşısında dayanır.

İslamın əvəzlənməsi

Burada “İslamın əvəzlənməsi” İslamın adının aradan qaldırılması deyil. Əksinə, daha təhlükəli prosesdir, İslamın adı saxlanılır, lakin onun haqq meyarı dəyişdirilir.

Quranın müəyyən etdiyi meyarın yerini zamanla Səqifədə formalaşan siyasi hakimiyyət anlayışı, hakimiyyətə sədaqət və sonradan qurulan rəvayət sistemi aldı. Nəticədə dinin adı qaldı, amma məzmunu tədricən dəyişdirildi.

Beləliklə Quranın meyarı — siyasi hakimiyyətin meyarı və Səqəleyn — Səqifə qarşıdurması yaranır.

Qədir-Xum haqqın elanıdır, Səqəleyn onun əmanətidir, Səqifə isə həmin xəttin qırıldığı məqamdır.

Səqəleyn Səqifədə sadəcə unudulmadı, onun siyasi məzmunu əvəz edildi.

© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ən çox oxunanlar