Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 Avqust 2026, Bazar ertəsi, 04:57
Əlaqə vasitələri
Bizimlə əlaqə
Əhli-Beytin haqq və ədalət meyarının kölgələnməsi — Səqifədən başlayan təqib
23 Avqust 2026
114
Əhli-Beytin haqq və ədalət meyarının kölgələnməsi — Səqifədən başlayan təqib

Peyğəmbərin qoyduğu yol necə oldu ki, onun vəfatından sonra siyasi mübarizələrin təsiri altında başqa istiqamətə yönəldi və zaman keçdikcə həmin dəyişmiş məzmun da “İslam” adı ilə yaşadıldı? Bu İslam tarixinin ən ağır suallarından biridir və sualın cavabı bir hadisədə deyil, bir-birini doğuran hadisələr zəncirində axtarılmalıdır.

Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.

Başlanğıc nöqtələrindən biri Qədir-Xum hadisəsidir. Peyğəmbərin vəfatından əvvəl Hz. Əli ilə bağlı etdiyi açıq elan sonrakı hadisələr fonunda xüsusi əhəmiyyət daşıyırdı. Lakin Peyğəmbərin vəfatından sonra bu istiqamətdə davam etmək əvəzinə, Səqifədə siyasi qərar qəbul edildi.

Beləliklə, Peyğəmbərin qoyduğu yolun davamı ilə yeni formalaşan siyasi hakimiyyət arasında ilk böyük qarşıdurma yarandı.

Məsələ yalnız hakimiyyətin kimə keçməsi deyildi, məsələ İslamın siyasi və mənəvi meyarının nə olacağı idi.

Bir tərəfdə Peyğəmbərin qoyduğu yol və Əhli-Beytin haqqı dayanırdı. Digər tərəfdə isə zaman keçdikcə hakimiyyətin özünü qorumağa yönələn siyasi mexanizm formalaşırdı.

Səqifədən başlayan proses

Səqifədə qoyulan siyasi əsas sonrakı hadisələrdən ayrı düşünülə bilməz.

Əhli-Beytin siyasi mövqeyinin sıxışdırılması ilə başlayan proses zaman keçdikcə daha geniş nəticələr doğurdu. Hz. Əli (ə) hakimiyyətə gəldikdə isə qarşısında yalnız siyasi rəqiblər yox, artıq əvvəlki dövrlərdən formalaşmış tayfa münasibətləri, siyasi maraqlar və idarəçilik vərdişləri vardı.

Onun hakimiyyət anlayışı isə bunlardan fərqlənirdi.

Hz. Əli (ə) üçün hakimiyyət şəxsi qazanc deyil, əmanət idi. Bunu Azərbaycanda vali olmuş Əşəs ibn Qeysə göndərdiyi məktubda çox aydın ifadə edir:

“Sənin vəzifən sənin üçün mənfəət vasitəsi deyil, əksinə, boynunda olan bir əmanətdir.”

Əşəs Hz. Əli (ə) tərəfindən Azərbaycana vali təyin edilməmişdi. O, Hz. Osman dövründən həmin vəzifədə idi. Əli (ə) hakimiyyətə gəldikdən sonra onu öz siyasi kadrı kimi yaratmadı, əksinə, dövlət vəzifəsinin mahiyyətini ona xatırlatdı: vali dövlət malının sahibi deyil, əmanətçisidir.

Bu kiçik məktub əslində daha böyük bir idarəçilik prinsipini göstərir:

hakimiyyət — üstünlük deyil, məsuliyyətdir;
dövlət malı — şəxsi mülk deyil, əmanətdir;
vali — sahib deyil, xəzinədardır.

Lakin belə bir hakimiyyət anlayışı siyasi maraqların və tayfa nüfuzlarının hakim olduğu mühitlə toqquşurdu.

Siffin: siyasi böhranın dərinləşməsi

Hz. Əlinin hakimiyyəti Cəməl və Siffin qarşıdurmaları ilə sarsıldı.

Siffində hadisələrin gedişində ortaya çıxan təhkim məsələsi isə Əli hakimiyyətinin daxilində ciddi parçalanmaya səbəb oldu. Əşəs ibn Qeys də bu prosesdə fəal siyasi mövqe göstərən şəxslərdən biri kimi tarixə düşdü.

Beləliklə, məsələ artıq bir valinin davranışından çox-çox kənara çıxmışdı. Dövlət daxilindəki siyasi maraqlar xilafətin taleyinə təsir edən qərarlara çevrilirdi. Siffindən sonra Əli hakimiyyəti həm xarici siyasi təzyiq, həm də daxili parçalanma ilə üz-üzə qaldı.

Nəhayət, Hz. Əli (ə) şəhadətə çatdı.

Lakin onun şəhadəti ilə mübarizə bitmədi, Əhli-Beytin qarşısındakı təzyiq daha ağır mərhələyə keçdi.

Əhli-Beytin təqibi

Əhli-Beytin məsələsini yalnız bir ailənin siyasi hüquqları kimi başa düşmək bu hadisələrin mahiyyətini daraldar.

Əhli-Beyt Peyğəmbərin qoyduğu yolun canlı yaddaşı idi. Onların haqq və ədalət meyarı yaşadıqca hakimiyyət özünü haqqın mütləq sahibi elan edə bilməzdi.

Deməli, məsələ yalnız Əhli-Beytin hakimiyyətdən uzaqlaşdırılması deyildi, daha dərin məsələ onların təmsil etdiyi haqq və ədalət meyarının kölgələndirilməsi idi.

Bu səbəbdən siyasi mübarizə zaman keçdikcə mənəvi və dini mübarizə xarakteri də aldı və Əhli-Beytin təqibi müxtəlif mərhələlərdən keçdi:

Siyasi kənarlaşdırma → təzyiq → təqib → Kərbəla → nüfuzun kölgələndirilməsi → yaddaşın və dini təsəvvürlərin formalaşdırılması.

Kərbəla bu zəncirin ən qanlı mərhələsi oldu.

Lakin Hüseynin (ə) öldürülməsi onun təmsil etdiyi haqqı öldürmədi, əksinə bu hadisə göstərdi ki, məsələ yalnız siyasi hakimiyyət uğrunda mübarizə deyil. Söhbət İslamın hansı meyar üzərində yaşayacağı uğrunda mübarizədən gedirdi.

Əməvilər: hakimiyyətin sülaləyə çevrilməsi

Müaviyənin hakimiyyətə gəlməsi ilə siyasi sistemdə mühüm dəyişiklik baş verdi. Hakimiyyət tədricən sülalə hakimiyyətinə çevrildi. Müaviyədən sonra Yezidin hakimiyyətə gətirilməsi bu dəyişikliyin ən açıq ifadəsi idi.

Beləliklə xilafət anlayışından sülalə hakimiyyətinə keçid baş verdi.

Lakin sülalə hakimiyyətinin yaşaması üçün yalnız siyasi güc kifayət etmirdi. Hakimiyyətin özünü dini baxımdan legitimləşdirməsi də lazım idi. Məhz burada siyasi hakimiyyətlə dini dil bir-birinə bağlandı.

Siyasi hakimiyyət dini don geyinir

Hakimiyyətin siyasi maraqları dini legitimliklə birləşdikdə daha təhlükəli bir proses meydana çıxır, siyasi qərarlar dini həqiqət kimi təqdim olunur.

Beləliklə, əvvəlcə hakimiyyətə xidmət edən siyasi mexanizm zaman keçdikcə dini-siyasi şəbəkəyə çevrilə bilər.

Əməvilər dövləti süqut etdi. Amma dövlətin süqutu onun formalaşdırdığı bütün siyasi üsulların da yox olması demək deyildi.

Dövlətlər, sülalələr, hakimiyyət mərkəzləri dəyişdi, buna baxmayaraq, müəyyən siyasi-dini təsəvvürlər yeni şəraitə uyğunlaşdırılaraq yaşamağa davam etdi. Şəbəkə özünü deyil, donunu dəyişdi. Bir dövr sarayla, başqa bir dövr minbərlə, bəzən dini nüfuzla, bəzən də tarixə verilən seçilmiş izahlarla dəyişdi.

Ad qaldı, mahiyyət dəyişdi

Burada məsələnin ən ağır tərəfi ortaya çıxır.

Əgər siyasi hakimiyyətin formalaşdırdığı dini təsəvvürlər əsrlər boyu “İslam” adı ilə ötürülürsə, bir müddət sonra insanlar siyasi mirasla vəhyin özünü bir-birindən ayırmaqda çətinlik çəkirlər.

Beləliklə, problem yalnız İslam haqqında yanlış təsəvvürlərin yaranması olmadı, İslamın mahiyyəti dəyişdirildi.

Peyğəmbərin gətirdiyi haqq, ədalət, məsuliyyət və insan ləyaqəti üzərində qurulan İslamın yerinə zaman-zaman hakimiyyət maraqlarına uyğunlaşdırılmış dini-siyasi təsəvvürlər yerləşdirildi.

Ad qaldı.
Don dəyişdi.
Mahiyyət dəyişdirildi.

Məhz buna görə bu gün “İslam” adı altında mövcud olan hər şeyi Peyğəmbərin gətirdiyi İslam hesab etmək olmaz.

Həqiqi İslam haradadır?

Bu sualın cavabı tarixdə hakim olmuş sülalələr tarixində axtarıla bilməz.

Nə Əməvilərin hakimiyyəti, nə onların sonrakı siyasi mirası, nə də əsrlər ərzində yaranmış dini-siyasi təsəvvürlər İslamın ölçüsü ola bilər. Ölçü İslamın öz mənbəyi və öz meyarıdır.

Quranın haqqı, ədaləti, insan məsuliyyətini, düşünməyi, zülmə qarşı dayanmağı və Allah qarşısında hesabatı əsas götürən prinsipləri ilə tarixdə sonradan formalaşmış siyasi-dini sistemləri bir-birindən ayırmaq lazımdır.

Deməli, məsələ “İslam yoxdur” demək deyil. Məsələ budur ki, İslamın adı altında onun mahiyyəti siyasi məqsədlərlə dəyişdirilibsə, həqiqi İslamı həmin tarixi təbəqələrin altından yenidən ayırıb ortaya çıxarmaq lazımdır.

Məqalənin başlanğıcından sonuna qədər bizi düşündürən əsas sual da budur:

Necə oldu ki, Qədir-Xumdan sonra əsası Səqifədə qoyulan siyasi oyunlar, Hz Əlinin şəhadəti və Əhli-Beytin davamlı təqibi ilə başlayan proses Əməvilər dövlətinin süqutundan sonra da dayanmadı, yalnız donunu dəyişərək əsrlər boyu davam etdi və bu gün də İslam adı altında fəaliyyət göstərir?

Bu sualın cavabı isə yalnız keçmişi anlamaq üçün deyil, İslamın adını onun dəyişdirilmiş siyasi mirasından ayırmaq üçün lazımdır.

III Xəlifə Osmanın mühasirəsinə aparan fitnə

III Xəlifə Osmanın hakimiyyətinin son mərhələsində siyasi fitnə artıq dövlətin daxilinə qədər nüfuz etmişdi. Osmanın öz möhürü ilə göndərilən, onun isə məzmunundan və göndərilməsindən xəbərsiz olduğunu bildirdiyi məktub bu fitnənin ən mühüm halqalarından biri oldu. Məktubda Misirdən Mədinəyə gəlmiş nümayəndələrin aradan götürülməsi əmr edilirdi. Məktubun Osman möhürü daşıması, yazının isə onun katibinə aid olması hadisəni daha da müəmmalı edirdi.

Bu hadisədən sonra Osman mühasirəyə alındı. Burada diqqət çəkən ən mühüm məqam budur: Əli (ə) Osmanın öldürülməsinə razı olmadı və Həsənlə Hüseyni onun evinin müdafiəsinə göndərdi. Beləliklə, Əlinin mövqeyi siyasi ixtilafdan üstün olan bir prinsipə — insan həyatının və dövlət nizamının qorunmasına söykənirdi.

Lakin hadisənin dəyişməyən siyasi nəticəsi bundan ibarət idi ki, Osmanın hakimiyyətinin daxilində dövlətin adı, möhürü və səlahiyyəti ilə oynanılan bir siyasi oyun meydana çıxmışdı. Bu oyun yalnız Osman məsələsi deyildi, sonrakı hakimiyyət uğrunda mübarizənin də başlanğıc nöqtələrindən birinə çevrildi.

Məhz burada Osmanın yanında fətva verən Abdulla Səba məsələsi meydana çıxır. Onun hakimiyyət dairəsinə qədər nüfuz etdiyi və dövlət sənədlərinin möhürünə çıxış imkanına malik olduğu aşkar edilən bir şəxsin fəaliyyəti sadəcə fərdi fitnə kimi deyil, İslamın daxilində yaradılan siyasi şəbəkənin ilkin təzahürlərindən biri kimi qiymətləndirilir.

Beləliklə, III Xəlifə Osmanın fətva verəni Abdulla Səbanın İslama vurduğu “xərçəng yarası” artıq metastaz vermişdi. Əməvilər bu siyasi mirası öz hakimiyyətlərinin əsasına çevirdilər. Dövlətlər dəyişdi, hakimiyyətlər dəyişdi, adlar və siyasi donlar dəyişdi, lakin mahiyyət dəyişmədi, şəbəkə fəaliyyətini davam etdirdi.

Əhli-Beytin haqq və ədalət meyarının kölgələnməsi də bu prosesin ayrılmaz hissəsinə çevrildi. Səqifədən sonra başlayan siyasi qarşıdurma zaman keçdikcə sadəcə hakimiyyət mübarizəsi olaraq qalmadı, İslamın özünün necə anlaşılacağını müəyyənləşdirən siyasi ideologiyaya çevrildi.

Bu siyasi çevriliş İslamın öz mahiyyətinə də müdaxilə idi. Əhli-Beytin haqqını və Peyğəmbərin qoyduğu yolu kənarlaşdırmaq, əslində, İslamın özünü kənarlaşdırmaq idi.

Beləliklə, İslamın adı saxlanıldı, lakin onun Peyğəmbər (s) tərəfindən qoyulmuş mahiyyəti siyasi hakimiyyətin qurduğu sistemlə əvəz edildi.

Bu mexanizm yalnız ayrı-ayrı şəxslərin müqəddəsləşdirilməsi ilə məhdudlaşmadı. Quranın Əhzab 33:33-dəki Təthir ayəsinin mənası, Peyğəmbərin Qədir-Xumda etdiyi elan və Səqəleynlə bağlı söylədikləri həqiqətlər də sonrakı siyasi-dini mübahisələrin təsirindən kənarda qalmadı. Bir tərəfdən Əhli-Beytin Quranla əlaqəli mövqeyini kölgələndirən izahlar ortaya çıxdı, digər tərəfdən isə sonrakı rəvayətlərdən siyasi hakimiyyətin legitimləşdirilməsi üçün istifadə edildi.

Problem yalnız bir neçə uydurma hədisdən ibarət deyildi. Problem daha dərin idi. Peyğəmbərin qoyduğu meyarların yerinə hakimiyyətin ehtiyaclarına uyğun dini təsəvvürlər yerləşdirilirdi. İslamın adı qorunurdu, lakin onun mahiyyətini müəyyən edən əsaslar tədricən dəyişdirilirdi.

Bu gün də müxtəlif dini mənbələrdə “Mələklər kimdən həya edirdilər? — Osmandan!” kimi rəvayətlər heç bir tənqidi yanaşma olmadan dini həqiqət təsiri ilə təqdim olunur.

Beləliklə, tarixi şəxsiyyətlər haqqında sonrakı rəvayətlər müqəddəslik qazandıran vasitəyə çevrilir və Quranın insanı əməli, ədaləti və məsuliyyəti ilə qiymətləndirən meyarı kölgədə qalır.


© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.


Ən çox oxunanlar