İslam Peyğəmbərinin nəvəsi İmam Hüseyn ona beyət etməmişdi
Müaviyə ibn Əbu Süfyan hakimiyyətinin sonlarında Həsən–Müaviyə razılaşmasının ruhuna zidd olaraq oğlu Yezidi özündən sonra hakimiyyətə gətirdi. Bununla hakimiyyətin irsi-sülaləvi xarakter almasının yolu açıldı.
Yezid hakimiyyətə gəldikdə isə qarşısında İslam Peyğəmbərinin nəvəsi İmam Hüseyn dayanırdı. İmam Hüseyn Yezidə beyət etmədi.
Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.
Bu imtina təsadüfi siyasi rəqabət deyildi. Peyğəmbərin nəvəsi özünü İslamın adından hakimiyyət sürən, lakin onun ədalət və haqq prinsiplərinə zidd olan hakimiyyətə legitimlik vermədi.
Yezidin cəmi üç il bir neçə aylıq hakimiyyəti isə İslam tarixində üç böyük qanlı faciə ilə yadda qaldı:
1-ci il — Kərbəla faciəsi.
2-ci il — Hərrə faciəsi və Mədinənin talanı.
3-cü il — Məkkənin mühasirəsi və Kəbənin dağıdılması.
Kərbəla faciəsi
Hicri 61-ci ildə İmam Hüseyn və onunla birlikdə olan Əhli-Beyt üzvləri və yaxınları Kərbəlada Yezidin hakimiyyət qüvvələri tərəfindən mühasirəyə alındı.
Burada yalnız Peyğəmbərin nəvəsi İmam Hüseyn özü şəhid edilmədi. Onun yanında olan Əhli-Beyt kişiləri, qohum-qardaşları və özlərini müdafiə edən yaxın tərəfdarları bir-bir qətlə yetirildi. Hətta qucağında üç gün susuz qalan körpə oğlu Əli Əsğər də öldürüldü.
Lakin faciə bununla da bitmədi. Peyğəmbərin ailəsinin qadınları və azyaşlı qızları da əsir götürüldü. Onların zinət əşyaları və əmlakı qarət edildi və Əhli-Beyt əsir kimi Şama aparıldı.
Bu hadisəni yalnız “döyüşdə bir tərəfin məğlubiyyəti” adlandırmaq həqiqətin mahiyyətini gizlətməkdir.
Kərbəla Peyğəmbərin ailəsinə qarşı törədilmiş qanlı cinayət idi və həmin cinayətin baş verdiyi hakimiyyətin başında Yezid dayanırdı.
Hərrə faciəsi: Mədinənin üç gün əsgərlərə halal edilməsi
Kərbəladan iki il sonra Yezidin ordusu bu dəfə Peyğəmbərin şəhəri Mədinəyə göndərildi.
Şam ordusuna Muslim ibn Uqbə rəhbərlik edirdi.
Hərrə döyüşündən sonra Mədinə tutuldu.
Yezidin öz komandirinə verdiyi əmr isə tarixə dəhşətli bir hadisənin ifadəsi kimi düşdü:
“Mədinə əsgərlərə üç gün müddətinə halal/mübah edildi!”
Bu ifadənin mahiyyəti aydındır: Mədinə üç gün müddətində ordunun talan və zorakılığına açıq elan edildi.
Mədinə talan olundu, insanlar öldürüldü. Qadınlara və qızlara qarşı kütləvi zorakılıqlar törədildi.
Tarixi mənbələrdə minə qədər bakirə qızın zorlandığı barədə məlumatlar vardır. Bu faciədən sonra doğulan uşaqların “övladül-Hərrə” adı ilə xatırlandığı da mənbələrdə qeyd edilir.
Məscidi-Nəbəvinin də üç gün ərzində ibadətdən məhrum edildiyi barədə tarixi məlumatlar mövcuddur.
Mədinədə yalnız insanlar deyil, Peyğəmbərin qurduğu şəhərin mənəvi toxunulmazlığı da tapdalandı. Üstəlik, Hərrə faciəsində çoxsaylı səhabələrin, Quran hafizlərinin və yaşlı insanların da öldürüldüyünü bildirən tarixi məlumatlar vardır.
Həm Bədr döyüşündə iştirak etmiş və həmin dövrə qədər sağ qalmış bəzi şəxslərin öldürülməsi də bu hadisənin qisas xarakterini daha da ağırlaşdırır.
Bütün baş verənlərdən sonra “əsgərlər özbaşına etdilər” demək isə adəcə məsuliyyətdən qaçmaq və məsələnin mahiyyətini qəsdən yayındırmaqdır.
Ordu dövlət başçısının əmri ilə göndərilmiş, əmr tam icra olunmuş, komandir isə nəinki cəzalandırılmamış, əksinə, həmin ordu ilə yürüşü davam etdirmişdi.
Mədinədəki faciədən sonra Yezidin ordusu Məkkəyə yönəldi.
Məqsəd Yezidin hakimiyyətini qəbul etməyən Abdullah ibn Zübeyrin qüvvələrini məğlub etmək idi.
Məkkə mühasirəyə alınaraq ətraf dağlarda mancanaqlar quruldu, Müqəddəs Hərəm daş və alovlu mərmilərlə atəşə tutuldu. Kəbəyə tuşlanan zərbələr nəticəsində onun örtüyü yandı, binaya ağır zərər dəydi və müqəddəs ev dağıntıya məruz qaldı.
Burada da hadisəni “Kəbə zərər gördü” kimi passiv ifadə ilə yumşaltmaq doğru deyil.
Kəbə Yezidin ordusunun Məkkə mühasirəsi zamanı atəşə tutularaq dağıdıldı və bu mühasirə davam edərkən Yezidin ölüm xəbəri gəldi. Yezidin ölümü ilə onun ordusunun Məkkə üzərindəki əməliyyatı dayandı.
Beləliklə, Yezidin hakimiyyətinin üçüncü ili də Məkkə və Kəbəyə qarşı hərbi hücumla başa çatdı.
Üç il — üç qanlı faciə
Yezidin hakimiyyətinin xronologiyası öz-özlüyündə ağır bir mənzərə yaradır:
61-ci hicri il — Kərbəla:
İmam Hüseyn, Əhli-Beyt üzvləri və yaxın tərəfdarları qətlə yetirildi; qadın və uşaqlar əsir götürüldü.
63-cü hicri il — Hərrə:
Mədinə Yezidin ordusu tərəfindən tutuldu, şəhər talan edildi və Yezidin əmri ilə üç gün əsgərlərə halal/mübah edildi.
64-cü hicri il — Məkkə:
Yezidin ordusu Məkkəni mühasirəyə aldı və Kəbə mancanaqlardan atəşə tutularaq dağıntıya məruz qaldı.
Bunlar üç ayrı əsrin hadisələri deyil, Yezidin cəmi üç il bir neçə aylıq hakimiyyətinin üç böyük qanlı faciəsidir.
“Əmri o, verməyib” bəhanəsi
Bu hadisələrdən sonra Yezidi müdafiə etmək üçün ortaya atılan ən rahat bəhanə budur: “Əmrı Yezid verməyib, bunu onun komandirləri və əsgərləri edib.”
Lakin dövlət hakimiyyətinin məntiqi belə işləmir. Ordunu göndərən, komandiri təyin edən və həmin ordunun qoruduğu məqam elə hakimiyyətin özüdür. Əmr yerinə yetirildikdən sonra komandir cəzalandırıldımı? Xeyr, əksinə, həmin hərbi qüvvə dərhal yeni əməliyyata yönləndirildi.
Deməli, cinayətin bütün yükünü təkcə "qılınc vuran əsgərin" üstünə atıb hökmdarı kənarda saxlamaq ədalət deyil, bu, sadəcə məsuliyyəti parçalamaq və Yezidin siyasi məsuliyyətini ört-basdır etmək cəhdidir.
Yezidin öz oğlunun dərsi
Yezidin ölümündən sonra hakimiyyətə gələn oğlu II Müaviyə atasının yolunu davam etdirməkdən boyun qaçıraraq çox qısa müddətdə taxtdan imtina etdi. Bu tarixi faktın özü olduqca düşündürücüdür. Deməli, insan atasından miras qalan zalım hakimiyyəti qorumağa məcbur deyildi və ondan əl çəkmək mümkün idi.
Əgər Yezidin öz oğlu belə onun siyasi yolunu davam etdirmədisə, əsrlər sonra onun cinayətlərinə bəraət qazandırmaq üçün bəhanələr axtarmaq daha da anlaşılmaz görünür.
Tarixi susqunluq həqiqəti silmədi
Yezid və onun ardınca gələn Üməyyə sülaləsi təxminən bir əsr boyu böyük siyasi gücə sahib olsa da, nə Kərbəla, nə Hərrə, nə də Məkkənin mühasirəsi unudulmadı.
Bütün bu qanlı hadisələr əsrlər boyu davam edən siyasi təzyiqə, təbliğata və senzuralara rəğmən günümüzə qədər gəlib çatıbsa, bunu əsla sadə bir tarixi təsadüf saymaq olmaz. İlahi ədalətin qanunu da elə ondan ibarətdir ki, insan həqiqətin üstünü müvəqqəti örtə bilsə də, onu heç vaxt yox edə bilməz, çünki zülm pərdələnsə belə, onun qanlı izləri tarixdən silinmir.
Əsl xəyanət
İslam Peyğəmbərinin ailəsinə qarşı törədilmiş cinayətlərin üstünü örtmək, sonra da həmin cinayətləri törədən hakimiyyətə bəraət qazandırmaq sadəcə tarixə münasibət məsələsi deyil.
Bu, Peyğəmbərə və onun Əhli-Beytinə münasibətdə vicdan məsələsidir.
Peyğəmbərin nəvəsi İmam Hüseyn Yezidə beyət etmədi.
O, haqqı hakimiyyətə qurban vermədi.
Bunun əvəzində Kərbəla baş verdi.
Sonra Mədinə.
Sonra Məkkə.
Beləliklə, Yezidin adı İslam tarixində üç böyük qanlı faciə ilə yazıldı.
Bu həqiqəti yumşaltmaq, məsuliyyəti “əsgər”, “komandir”, “sistem” və başqa ümumi sözlərin arxasında gizlətmək həqiqətə xidmət etmir.
Ədalət zalımın müdafiəsi deyil, məzlumun haqqını tanımaqdır.
Kərbəlanın qarşısında ən böyük sual budur:
Peyğəmbərin nəvəsini öldürən hakimiyyətə legitimlik verənlər haqqın, yoxsa hakimiyyətin tərəfində dayanırlar?
Quranın ölçüsü isə dəyişmir:
“Ey iman gətirənlər! Ədaləti qoruyan, Allah üçün şahidlik edən kəslər olun…” (Nisa, 4:135)
Haqqı hakimiyyət müəyyən etmir. Hakimiyyət haqq qarşısında sınanır.
Yezidin üç illik hakimiyyətinin tarixi isə bu sınağın cavabını öz qanlı izləri ilə vermişdir.
© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
-
Azərbaycanın səhiyyə tarixinə yazılan uğurlu addımƏn çox oxunanlar14 Avqust 2026324
-
Elgün Səmədov Xankəndi FK-nın Müşahidə Şurasının sədri seçilibƏn çox oxunanlar12 Avqust 2026304
-
Həkimlər üçün unikal tədris proqramı: “GynSono” kursuna qeydiyyat başladıƏn çox oxunanlar16 Avqust 2026272
-
QURAN, SAĞLAM TƏFƏKKÜR VƏ SİVİLİZASİYAƏn çox oxunanlar12 Avqust 2026200
-
İSLAMIN TARİXİ VƏ ƏHƏMİYYƏTİƏn çox oxunanlar13 Avqust 2026186
-
Vitamin D və diabetin idarə olunması - "Diabet Məktəbi"ndə növbəti buraxılışıƏn çox oxunanlar13 Avqust 2026182
-
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıbƏn çox oxunanlar12 Avqust 2026178
-
Qıcqırma hər zaman reflüks deməkdirmi?Ən çox oxunanlar10 Avqust 2026162
-
Helm elm sahibinin zinətidirƏn çox oxunanlar15 Avqust 2026154
-
Böyümüş limfa düyünləri hər zaman təhlükəlidirmi?Ən çox oxunanlar19 Avqust 2026154
-
Yezidin qeyri-legitim hakimiyyəti üç böyük qanlı faciə ilə tarixə yazıldıƏn çox oxunanlar17 Avqust 2026154
-
Qurani-Kərimin təhrifsiz tədrisi: Sağlam cəmiyyət və güclü dövlətçiliyin mənəvi-intellektual bazasıƏn çox oxunanlar11 Avqust 2026154
-
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya” təlimi keçirilibƏn çox oxunanlar13 Avqust 2026152
-
İlon Mask: Üç ildən sonra Optimus robotları ən yaxşı cərrahlardan daha uğurlu əməliyyatlar aparacaqƏn çox oxunanlar11 Avqust 2026150
-
Erkən yaşlarda şəkərli diabet - Nəyi bilməliyik?Ən çox oxunanlar10 Avqust 2026144
-
Ümumdünya Meteorologiya Təşkilatı: Ekstremal hava şəraitinin güclənməsi fonunda Qərbi Avropada ən isti aylar qeydə alınıbƏn çox oxunanlar12 Avqust 2026134
-
Şəkərli diabetdə damarları və orqanları qoruyan həyati qida komponenti – Mütəxəssislərdən xəbərdarlıqƏn çox oxunanlar18 Avqust 2026134
-
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin BİRGƏ MƏLUMATIƏn çox oxunanlar13 Avqust 2026132
-
Qədir-Xumdan Kərbəlaya gedən yolƏn çox oxunanlar18 Avqust 2026128
-
Gənc invaziv kardioloqların nəzərinə: “Mürəkkəb Klinik Hallar” sessiyasına müraciət başladıƏn çox oxunanlar18 Avqust 2026128