Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 Avqust 2026, Cümə axşamı, 07:32
Əlaqə vasitələri
Bizimlə əlaqə
HƏQİQİ İSLAM VƏ İNSANLIQ
19 Avqust 2026
80
HƏQİQİ İSLAM VƏ İNSANLIQ

İlahi yaradılışdan əməlisalehliyə yüksəliş

Həqiqi İslam insanı yalnız dini biliklərlə zənginləşdirən bir inanc sistemi deyil. O, insanı öz fitrətini dərk etməyə, haqqı tanımağa, ədaləti seçməyə və bunu əməli ilə təsdiqləməyə aparan ilahi həyat yoludur.

Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir. 

Bu yol ilahi yaradılışdan əməlisalehliyə yüksəlişdir.

İnsan yalnız inanmaq üçün deyil, inandığı həqiqəti yaşamaq üçün yaradılmışdır. Buna görə də İslamın dəyəri insanın dilindəki iddiası ilə deyil, onun əxlaqında, vicdanında və əməlində görünür.

Fitrət və haqq

İnsanın yaradılışında haqqı axtarmağa, ədaləti duymağa və yaxşı ilə pisi ayırmağa yönəlmiş fitri bir meyl vardır. Quran bunu fitrət anlayışı ilə ifadə edir:

“Haqq dinə üz tut, Allahın insanları yaratdığı fitrətə sarıl. Allahın yaratmasında dəyişiklik yoxdur. Doğru və sabit din budur…” (ər-Rum, 30:30)

Fitrət insanın daxilindəki ilahi yönəlişdir. Lakin insanın fitrətlə yaradılması onun avtomatik olaraq həmişə doğru yaşayacağı demək deyil. Fitrət qorunmalı, ağıl və şüurla inkişaf etdirilməli, nəfsin, qorxunun, yalanın və manipulyasiyanın təsirindən müdafiə olunmalıdır.

İnsan doğulduğu andan hazır bir dünyagörüşün sahibi deyil. Lakin onun yaradılışında haqqı qəbul etməyə imkan verən təmiz başlanğıc vardır. Sonradan formalaşan mühit, tərbiyə, təbliğat və şəxsi seçimlər bu istiqaməti ya gücləndirir, ya da ört-basdır edir.

Allah insanı yaradarkən tərbiyəsinin ilkin əsaslarını və yaxşı ilə pisi ayrd etmə qabiliyyətini (vicdan) onun fitrətində əsasını qoymuşdur.

Bu səbəbdən insanın ən böyük sərvətlərindən biri, bütün çətinliklərə baxmayaraq, şərəfini itirməməsidir.

Manipulyasiya və şərəf

Həqiqəti vicdanının səsi ilə müdafiə etmək əvəzinə manipulyasiyanın köləsinə çevrilən insan öz iradəsini başqasına təslim etmiş olur.

Haqqı gizlədənlərin dili çox ola bilər, amma haqq qarşısında vicdanları susa bilər. Manipulyator isə yalnız başqasını aldatmır, onu aldatmaqla həm də insanın azad iradəsini əlindən almağa çalışır.

Manipulyasiya mühitində yaltaqlıq həqiqətin yerini tutur, qorxu vicdanı susdurur, təbliğat isə batili haqq kimi göstərir.

Manipulyasiya olunan insan özünü azad hesab etdiyi halda, öz iradəsini başqasına təslim etmiş kölədir.

Azad insan isə düşünür, soruşur, müqayisə edir, haqqı meyar götürür və heç bir şəxsi, qurumu və ideologiyanı haqqın fövqünə qaldırmır.

İslam və zülm

İslamın təməli haqq və ədalətdir. Buna görə də zülmün, haqsızlığın, yalanın və insanın alçaldılmasının İslam adı ilə müdafiə edilməsi İslamın öz mahiyyəti ilə ziddiyyət təşkil edir.

Quranın adı çəkib Qurandan uzaqlaşmaq mümkündür. Dindarlıq görüntüsü yaradıb ədalətsiz yaşamaq mümkündür. İbadət formasını qoruyub onun mənəvi məqsədini itirmək də mümkündür.

Lakin bunların heç biri həqiqi İslamın ölçüsü deyil.

İslam ad deyil, Allahın haqq və ədalət ölçüsünə təslim olmaqdır.

Bu baxımdan “müsəlman” adı da insanın üstünlüyünə zəmanət vermir. İnsan öz adını deyil, əməlini doğrultmalıdır.

Fitrətin zəngi

Fitrət insanın yaradılışındakı ilkin ilahi yönəlişdir. Bütün peyğəmbərlərin çağırışının kökündə də insanı öz Yaradanına, haqq və ədalətə yönəltmək dayanır.

Fitrət ilahi imzanın insanın yaradılışında qoyduğu möhürdür. Onu örtmək mümkün deyil, eyni zamanda insanın haqq axtarışını tamamilə yox etmək də asan deyil.

İnsan dünyaya göz açdıqca soruşmağa başlayır: Mən kiməm? Haradan gəlmişəm? Nə üçün varam? Doğru nədir? Ədalət nədir?

Bu suallar insanı şüurunun ən dərin qatlarına aparır.

Fitrət korlanmadıqda insan haqqı axtarmağa meylli olur. Lakin fitrətin qorunması üçün o meyllə yanaşı ağıl, elm, vicdan və əxlaq birlikdə işləməlidir.

Çünki ədəbsiz elm zülmə xidmət edə bilər.

Fitrətin üstünü örtənlər

Tarix boyu insanın fitrətini örtən ən güclü vasitələrdən biri manipulyasiya olmuşdur.

Saxta ideologiyalar, kor təəssüb, şəxsi mənafe, hakimiyyət ehtirası və insanları düşünməkdən uzaqlaşdıran mövhumatlar fitrətin səsini boğa bilər.

Belə cəmiyyətdə batil haqq kimi təqdim edilir, haqq isə təhlükə və ya “azğınlıq” kimi göstərilir.

Vicdanın susdurulduğu cəmiyyətdə batil haqqın dilindən danışmağa başlayır.

Ona görə də insanın azadlığı yalnız siyasi və fiziki azadlıq deyil. Ən böyük azadlıq düşüncə və vicdan azadlığıdır.

Fitrətə qayıdış — haqqa qayıdış

Fitrətə qayıtmaq insanın öz həqiqi mahiyyətinə qayıtmasıdır.

İnsan özünü dərk etdikcə həyatının mənasını, varlığının məsuliyyətini və Yaradan qarşısındakı mövqeyini daha aydın görür. Özünü dərk etməyən insan nə həyatı, nə başqasını, nə də Yaradanı dərk edə bilməz.

Baxmaq hələ görmək deyil. Görmək üçün dərk etmək lazımdır.

İnsan öz varlığındakı mürəkkəbliyi, şüuru, vicdanı və kainatla əlaqəsini düşündükcə yaradılışın arxasındakı ali iradəni dərk etməyə yönəlir.

Beləliklə, fitrət insanı Allaha aparan daxili başlanğıca çevrilir.

Haqq zamanın fövqündədir

Haqq insanın yaratdığı anlayış deyil. İnsan onu kəşf edir.

Zaman dəyişir, cəmiyyətlər dəyişir, siyasi sistemlər dəyişir, hakimiyyətlər gəlib-gedir. Lakin haqq və ədalətin mahiyyəti hakimiyyətə görə dəyişmir.

İnsan vicdanının səsini eşitdiyi müddətdə haqq yaşayır. Haqq susmur, onu eşidəcək vicdan axtarır.

Ədalət haqqın cəmiyyətdəki təcəssümüdür, haqqın həyatda görünən simasıdır. Ədalət olmayan yerdə nə sağlam dövlət, nə sağlam cəmiyyət, nə də insan ləyaqəti yaşaya bilər.

Quran insanı ədalətə çağırır:

“Allah ədaləti, yaxşılığı və qohumlara yardım etməyi əmr edir…” (ən-Nəhl, 16:90)

Deməli, İslamın ictimai mahiyyətini yalnız ibadət formalarında axtarmaq düzgün deyil. Ədalət, dürüstlük, mərhəmət, məsuliyyət və insan haqqının qorunması da ilahi həyatın ayrılmaz hissəsidir.

Ədalət yoxdursa, dini görüntü İslamın mahiyyətini əvəz edə bilməz.

Ədalətsizliyin maskası — saxta din

Ədalətsizliyi gizlətməyin ən təhlükəli yollarından biri ona müqəddəslik donu geyindirməkdir.

Din adı ilə danışıb haqsızlıq edən, Allahın adını çəkib insan haqqını tapdalayan, ibadət görüntüsü yaradıb zülmə susan sistemlər İslamın mahiyyətini deyil, onun adından istifadə edən insan iradəsini təmsil edir. (Ənkəbut surəsi 45-ci ayə və Maun surəsi 107-ci ayə)

Buna görə də insan dini iddianı deyil, əməlin nəticəsini də qiymətləndirməlidir.

Haqqı yaşatmayan ibadət insanın davranışına çevrilmirsə, onun mənəvi məqsədi itmiş olur.

“Haqqı yaşatmayan ibadət ibadət deyil, Maun surəsinin ifşa etdiyi dindarlıq görüntüsüdür.”

Haqqı yaşatmaq ilahi öhdəlikdir

Haqqı qorumaq yalnız alimlərin, rəhbərlərin və ya müəyyən şəxslərin vəzifəsi deyil. Hər bir insan öz imkanları daxilində haqqın yanında dayanmalıdır.

Quran buyurur:

“Ey iman gətirənlər! Ədaləti qoruyan, Allah üçün şahidlik edən kimsələr olun…” (ən Nisa, 4:135)

Haqqın müdafiəsi yalnız sözlə deyil, duruşla, seçimlə və əməllə mümkündür.

Zülm qarşısında susmaq bəzən zülmün davamına şərait yaradır.

İman, bəsirət və əməl

İman yalnız qorxu üzərində qurula bilməz. O, şüur, bəsirət və məsuliyyətlə möhkəmlənməlidir.

Quran insanı düşünməyə, görməyə və dərk etməyə dəfələrlə çağırır.

İnanan insanın inancı onun davranışında görünməlidir. Əks halda iman yalnız söz olaraq qalır.

Quranı oxumaq başqa, Quranın ölçüləri ilə yaşamaq başqadır.

İslama nifrətin yaranmasının səbəblərindən biri də İslam adı ilə danışan, lakin İslamın ədalət və mərhəmət ruhuna zidd davranan "müsəlmanların" yaratdığı mənfi təsirdir.

İslamı onun adından sui-istifadə edənlərlə deyil, Quranın özü ilə ölçmək lazımdır.

Əhli-Beytə münasibət

Əhli-Beytə münasibət də bu əsas meyardan kənarda tutulmamalıdır.

Peyğəmbərin ailəsinə sevgi və hörmət İslamın mənəvi irsinin mühüm hissəsidir. Lakin Əhli-Beytə bağlılıq yalnız bir ad və ya məzhəb kimi ölçülməməlidir. Əsas məsələ haqq, ədalət və Peyğəmbər yolunun mahiyyətini yaşatmaqdır.

Quranda “şiə” sözü “tərəfdar”, “ardıcıl” mənasında işlənir. Məsələn, İbrahim haqqında:

“Şübhəsiz, İbrahim də onun (Nuhun) şiələrindən idi.” (əs-Saffat, 37:83)

Buradakı “şiə” sözünün mənası tərəfdar və ardıcıl olmaqdır.

Deməli, sözün Qurani-lüğəvi mənası sonradan formalaşmış məzhəb adından daha genişdir.

Bu baxımdan Peyğəmbərin yolunun, haqqın və Əhli-Beytin tərəfdarı olmaq İslamdan ayrılmış bir yol kimi təqdim edilməsi Qurana ziddir. (Əsha surəsi 33:33, Təthir ayəsi).

Çünki, burada əsas meyar yenə də Quranın özüdür.

Heç bir məzhəb adı, heç bir tarixi iddia və heç bir şəxs Quranın üzərinə çıxarıla bilməz.

Haqq axtarışı — fitrətin səsi

Haqqı axtarmaq Allaha doğru yönəlmək, haqqı tanımaq isə onu yalnız bilmək deyil, yaşamaqdır.

Haqq özünü zorla qəbul etdirmir. İnsan onu dərk etdikcə ona könüllü şəkildə təslim olur.

Haqqı tanıyan insan ilk əvvəl özünü tanıyandır.

Fitrət insanın daxilindəki ilahi yönəlişdir. Onu həyatın səs-küyü örtə bilər, amma insan yenidən düşünərək, təfəkkür edərək və vicdanına qayıdaraq həmin səsi eşidə bilər.

Haqqı yaşamaq — əməldə ibadət

Əməlisalehlik İslamın əsas göstəricilərindəndir.

Quran dəfələrlə imanı saleh əməllə birlikdə təqdim edir. Bu, mühüm bir həqiqəti göstərir — insanın inancı onun həyatında görünməlidir.

Əməlisalehlik yalnız ritual deyil. Saleh əməl haqqı qorumaq, ədalətli olmaq, insanlara mərhəmətlə yanaşmaq, haramdan uzaq durmaq, dürüst yaşamaq və Allahın müəyyən etdiyi ölçülərə riayət etməkdir.

Allahın adını dilində daşıyıb insanlara zülm etmək İslamın ruhuna ziddir. Allaha sevgi Onun yaratdıqlarına münasibətdə görünür. Allahın yaratdıqlarına mərhəmət etməyən, haqqı tapdalayan, zülmə susan insanın dini iddiası onun əməli ilə sınağa çəkilir.

Müsəlman kimdir?

Müsəlmanlıq coğrafiya, milliyyət, irq və ya ailə mənsubiyyəti ilə müəyyən olunmur.

Quranın ölçüsünə görə insanın Allah qarşısındakı dəyəri onun imanı, təslimiyyəti və saleh əməli ilə bağlıdır.

Quran buyurur:

“Kim özünü Allaha təslim edər və yaxşı iş görərsə, onun mükafatı Rəbbi yanındadır…” (əl-Bəqərə, 2:112)

İbrahimə “Təslim ol!” deyildikdə o:

“Aləmlərin Rəbbinə təslim oldum”, — demişdi. (əl-Bəqərə, 2:131)

Deməli, müsəlmanlıq yalnız sonradan yaranmış bir etiket deyil. Allaha təslim olmaq və saleh həyat yaşamaqdır.

İslam bütün peyğəmbərlərin gətirdiyi ilahi həqiqətin davamıdır. Quran Nuh, İbrahim, Musa, İsa və Məhəmməd peyğəmbərlərin gətirdiyi vəhyin eyni ilahi kökdən gəldiyini bildirir:

“Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də din olaraq müəyyən etdi…” (əş-Şura, 42:13)

Bu baxımdan İslam bəşəriyyətə sonradan əlavə edilmiş ayrı bir dini ideologiya deyil, tək Allaha təslimlik əsasında gələn ilahi yolun Quranla tamamlanmış formasıdır.

Quran buyurur:

“Həqiqətən, Allah yanında din İslamdır.” (Ali-İmran, 3:19)

Din birdir, parçalanma insan əməlidir

İnsanlar bir vaxtlar vahid bir ümmət idilər. Sonradan ixtilaflar və parçalanmalar yarandı:

“İnsanlar vahid bir ümmət idilər. Allah peyğəmbərləri müjdə verən və xəbərdar edən olaraq göndərdi…” (əl-Bəqərə, 2:213)

Deməli, ilahi dinin əsası birlikdir, parçalanma isə insanın sonradan yaratdığı problemdir.

Bu səbəbdən dinin müxtəlif adlarla parçalanması, bir qrupun özünü digərindən üstün tutması, insanın doğulduğu mühitə görə haqqın sahibi elan edilməsi Quranın ruhuna ziddir.

Allah qatında üstünlük nəsildə, sərvətdə və milli mənsubiyyətdə deyil:

“Allah yanında sizin ən hörmətliniz ən təqvalı olanınızdır.” (əl-Hucurat, 49:13)

Təqva isə yalnız qorxu deyil, Allahın ölçülərini dərk edib həyatını ona uyğun qurmaqdır.

Əməlisalehlik — müsəlmanlığın şahidi

Əməlisalehlik müsəlmanlığın həyatda görünən şahididir.

Həqiqi müsəlman haqqı uca tutur, batilə boyun əymir, yalanı müdafiə etmir, zülmə şərik olmur və insan ləyaqətini qoruyur.

O, özünü cəmiyyətdən üstün saymır. Əksinə, öz davranışı ilə nümunə olmağa çalışır.

Ən gözəl tərbiyə üsulu özü nümunə olmaqdır.

Müsəlmançılıq yalnız doğulmaqla deyil, İslamı dərk edib yaşamaqla mənalandırılır.

Əməlisalehlik müsəlmanlığın şahidi, ədalət isə onun cəmiyyətdəki simasıdır.

Quranı yalnız oxumaq yetmir, əsas məsələ onun ölçüləri ilə yaşamaqdır.

Quran — ilahi meyar

İslamın əsas meyarı Qurandır. Quran özü insanı düşünməyə, ayələri dərk etməyə və haqqı batildən ayırmağa çağırır. Buna görə də sonradan formalaşmış məzhəbi hökmləri, siyasi maraqları və insan sözlərini Quranın üzərinə çıxarmaq olmaz.

Quranın aydın, başa düşünülən tərzdə nazil edilməsi, onun düşünülməsini və dərk edilməsini tələb etmir demək deyil. Əksinə, Quranın özü təfəkkürə çağırır.

Məsələ Quranı heç düşünmədən qəbul etmək deyil, onu başqa mənbələrin hökmünə tabe etmədən, Quranın öz daxilindəki ayələrlə birlikdə düşünməkdir.

Bir ayənin mənası digər ayələrlə ziddiyyət təşkil edə bilməz. Buna görə də Qurani həqiqəti müəyyənləşdirmək üçün ən sağlam yol Quranın ayələrini bir-biri ilə əlaqəsini tapmaq, dilini, mətnini və bütöv məntiqini nəzərə almaqdır.

İnsanın yaratdığı təfsir Quranın yerinə keçməməlidir.

Qurana aid olan Quranın öz sözüdür, insanın düşüncəsi isə onu anlama cəhdidir.

Bu fərqi qorumaq Quranı insan əlavələrindən və dini manipulyasiyadan qorumağın ən mühüm şərtlərindən biridir.

Bəşəriyyətin qurtuluş yolu

Həqiqi İslam insanı bir-birinə qarşı qoyan deyil, insanı insanla barışdıran dindir.

O, fitrətdən başlayır, tövhidə yönəlir, haqqı tanıdır, ədaləti tələb edir və əməlisalehliklə tamamlanır.

Bu yolun əsas sualı “Mən hansı adın sahibiyəm?” deyil:

Mən haqq qarşısında necə dayanıram?
Ədaləti necə yaşayıram?
İnsana necə münasibət göstərirəm?
Allahın verdiyi ağıl və vicdandan necə istifadə edirəm?

Həqiqi müsəlmanlığın ölçüsü də burada görünür.

İslam insanın üzərinə geyindirilən kimlik deyil. İslam insanın fitrətinə qayıdaraq Allaha təslim olması, haqqı tanıması, ədaləti seçməsi və onu əməli ilə yaşatmasıdır.

İlahi yaradılışdan əməlisalehliyə yüksəliş məhz budur.

Fitrət başlanğıcdır.
Haqq istiqamətdir.
Ədalət həyat ölçüsüdür.
Əməlisalehlik onun sübutudur.
Quran isə bütün bu yolun ilahi meyarıdır.

Həqiqi İslam da burada insanın özünü dəyişdirməsi ilə başlayır.

Çünki insan dəyişmədən cəmiyyət dəyişməz, cəmiyyət dəyişmədən isə Allah onun vəziyyətini dəyişməz, dünyada ədalət bərqərar olmaz.

“Həqiqətən, Allah bir qövm özündə olanı dəyişməyincə, onların vəziyyətini dəyişməz.” (ər-Rəd, 13:11)

İslamın məqsədi sadəcə müsəlman adlandırılan insan yaratmaq deyil; haqqı tanıyan, ədaləti yaşayan və insanlığını qoruyan insan yetişdirməkdir.


© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ən çox oxunanlar