Qədir-Xum hadisəsi Peyğəmbərimizin özündən sonra qoyduğu mənəvi rəhbərlik və ilahi əmanətləri başa düşmək üçün ən mühüm başlanğıcdır. Bu hadisədən Kərbəlaya qədər uzanan tarixi yol isə ədalət, vəfa və haqq uğrunda atılan addımların ibrət dolu hekayəsidir.
Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.
Peyğəmbərin rəhbərlik mesajından hakimiyyət uğrunda mübarizəyə
Hadisələrin bir-birini necə doğurduğunu və prosesin addım-addım Kərbəlaya necə gəlib çıxdığını görmək üçün bu tarixi mərhələləri ardıcıllıqla izləmək kifayətdir:
Qədir-Xum
↓
Peyğəmbərin vəfatı
↓
Səqifə
↓
Hz Əlinin rəhbərlik məsələsindən kənarda qalması
↓
Ömər dövrü — Müaviyənin Şamda möhkəmlənməsi
↓
Osman dövrü — Üməyyə siyasi çevrəsinin güclənməsi
↓
Hz Əli–Müaviyə qarşıdurması
↓
Həsən–Müaviyə mərhələsi
↓
Müaviyənin Yezidi vəliəhd etməsi
↓
İmam Hüseynin beyət etməməsi
↓
Kərbəla
Burada Qədir-Xum məqalənin başlanğıcında çox mühüm funksiyanı yerinə yetirir. Əvvəlcə Peyğəmbərin özündən sonra rəhbərlik məsələsi ilə bağlı nə baş verdiyini araşdırdıqda, Səqifədə həmin məsələnin necə başqa siyasi istiqamətə yönəldiyini görürük.
Qeyd edək ki, Quranda birbaşa “Qədir-Xum” adı ilə ayrıca ayə keçmir. Ona görə də Quran-mərkəzli yanaşmamıza əsaslanaraq, əvvəlcə Maidə surəsinin 67 və 3-cü ayələrini öz kontekstində dərindən təhlil etməklə məsələnin ilahi əsasını aydınlaşdıra, ardınca isə Qədir-Xum hadisəsinin tarixi təfərrüatlarına keçid edərək mövzunu daha möhkəm arqumentlərlə ortaya qoya bilərik.
Bu yanaşma həm də əvvəlki məqalələrlə möhkəm məntiqi rabitə quraraq bütöv bir mənzərə formalaşdırır:
Qədir-Xum — rəhbərlik məsələsi → Səqifə — rəhbərlik məsələsinin siyasi istiqamətə dəyişməsi → Müaviyə — siyasi hakimiyyətin möhkəmlənməsi → Yezid — hakimiyyətin sülalələşməsi → Kərbəla — haqqla hakimiyyətin son qarşıdurması.
Qədir-Xumdan Kərbəlaya gedən yol
Peyğəmbərin qoyduğu mənəvi rəhbərlik prinsiplərinin zamanla arxa plana keçməsi ilə taxt-tac və sülalə maraqları böyüdü. Nəticədə isə bu yol addım-addım Peyğəmbər ailəsinin böyük faciəsinə — Kərbəlaya gətirib çıxardı.
İslam tarixinin ən ağır suallarından biri budur:
Peyğəmbərin vəfatından sonra onun qurduğu siyasi-mənəvi rəhbərlik sistemi necə dəyişdi ki, cəmi bir neçə onillikdən sonra Peyğəmbərin nəvəsi İmam Hüseyn həmin hakimiyyət tərəfindən Kərbəlada qətlə yetirildi?
Bu sualın cavabını yalnız Kərbəladan başlamaqla tapmaq çətindir. Onu anlamaq üçün hadisələrin başlanğıcına — Qədir-Xuma hadisəsinə dönmək lazımdır.
Qədir-Xum — Peyğəmbərdən sonra nə olacaq?
Qədir-Xum hadisəsi İslam tarixində Peyğəmbərin özündən sonra rəhbərlik məsələsi ilə bağlı ən mühüm hadisələrdən biri kimi yadda qalmışdır.
Quranın Maidə surəsinin 67-ci ayəsində Peyğəmbərə mühüm bir ilahi tapşırığın çatdırılması tələb olunur:
“Ey Elçi! Rəbbindən sənə nazil ediləni çatdır. Əgər bunu etməsən, Onun risalətini çatdırmamısan…” (Maidə, 5:67)
Ayənin ifadəsi adi bir təbliğ tapşırığından daha ciddi məsuliyyətə işarə edir: Peyğəmbərə verilən mühüm bir mesajın insanlara çatdırılması.
Ardınca Maidə surəsinin 3-cü ayəsində buyrulur:
“Bu gün sizin dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün İslamı din olaraq bəyəndim.” (Maidə, 5:3)
Bu iki ayənin Qədir-Xum hadisəsi ilə əlaqəsi əsrlərdir müzakirə olunur.
Bizim üçün əsas sual isə budur:
Əgər Peyğəmbərin son dövründə belə mühüm bir rəhbərlik məsələsi ortaya qoyulmuşdusa, onun vəfatından dərhal sonra bu məsələnin necə həll edilməsi İslam tarixinin taleyinə təsir etməmişdirmi?
Məhz burada tarixdə böyük dönüş başlayır.
Peyğəmbər vəfat etdi — ilk sınaq başladı
Peyğəmbərin vəfatı ilə vəhy dövrü başa çatdı. Artıq yeni peyğəmbər gəlməyəcəkdi.
Lakin İslam cəmiyyətinin idarə olunması, haqqın qorunması və Peyğəmbərin qurduğu dövlətin istiqamətinin davam etdirilməsi məsələsi qarşıda idi.
Əgər Qədir-Xumda rəhbərlik məsələsinə dair Peyğəmbərin verdiyi mesajı əsas götürsək, onda növbəti sual qaçılmaz olur:
Peyğəmbərin vəfatından sonra bu təyinatın və ya mesajın siyasi nəticəsi necə oldu?
Cavab bizi Səqifəyə aparır.
Səqifə — tarixin ilk böyük dönüş nöqtəsi
Peyğəmbərin vəfatından sonra onun ailəsi hələ də dəfn mərasimi və yasla bağlı ikən Səqifədə rəhbərlik məsələsi müzakirə edilməyə başladı.
Burada artıq məsələ yalnız dini deyil, açıq şəkildə siyasi hakimiyyət məsələsi idi.
Qədir-Xumda Peyğəmbərin özünün elan etdiyi rəhbərlik mesajı ilə Səqifədə aparılan siyasi müzakirə arasında tarix baxımından son dərəcə mühüm bir ziddiyyət meydana çıxır.
Əgər rəhbərlik Peyğəmbərin müəyyən etdiyi istiqamətdə davam etməli idisə, Səqifədə yeni siyasi seçimə nə ehtiyac vardı?
Məhz bu sual bizi sonrakı bütün hadisələri yenidən düşünməyə məcbur edir.
Çünki burada dəyişən yalnız hakim şəxsin adı deyildi, hakimiyyətin müəyyənləşdirilmə üsulu dəyişirdi.
Hz. Əlinin mövqeyi və dəyişən idarəçilik
Hz Əli Peyğəmbərin əmisi oğlu, kürəkəni və Əhli-Beytinin ən mühüm simalarından biri idi.
Qədir-Xum hadisəsinin Əli ilə bağlı siyasi mənasını qəbul etdikdə, Səqifədən sonrakı vəziyyət daha aydın görünür:
Peyğəmbərin müəyyən etdiyi rəhbərlik xətti ilə faktiki siyasi hakimiyyət arasında ayrılıq yaranmışdı.
Bu ayrılıq sonrakı tarixdə aradan qalxmadı, əksinə, illər keçdikcə siyasi sistemin özünə çevrildi.
Ömər dövrü — Müaviyənin Şamda yüksəlişi
Növbəti mühüm mərhələ Ömərin hakimiyyəti dövrüdür. Məhz bu dövrdə Müaviyənin Şamda siyasi mövqeyi möhkəmləndi. Müaviyə Şama vali təyin edildi və uzun illər həmin bölgədə idarəçilik etdi.
Bu, sadə bir inzibati təyinat kimi görünə bilər və sonrakı hadisələrə baxanda onun əhəmiyyəti daha aydın olur. Çünki Şam sonradan Müaviyənin ən güclü siyasi-hərbi dayağına çevriləcəkdi.
Beləliklə, tarixdə bir siyasi mərkəz formalaşırdı.
Sonralar həmin mərkəz Hz Əliyə qarşı dayanacaq, daha sonra isə Yezidin hakimiyyətini qoruyan əsas qüvvəyə çevriləcəkdi.
Bu baxımdan Ömər dövründə Müaviyənin Şamda möhkəmlənməsini sonrakı hadisələrdən təcrid etmək düzgün olmaz.
Osman dövrü — zəncirin növbəti halqasi
Sonra Osman hakimiyyətə gəldi.
Bu mərhələ xüsusilə diqqətlə araşdırılmalıdır. Çünki Osmanla Müaviyə arasındakı qohumluq, Müaviyənin Şamdakı gücünün daha da möhkəmlənməsi, hakimiyyət daxilində Üməyyə çevrəsinin artan təsiri və Hz Əli ilə Osman arasındakı siyasi münasibətlər sonrakı hadisələrin anlaşılması üçün mühüm kontekstdir.
Bu dövrdə Əbuzərin taleyi də hakimiyyətin tənqidinə münasibət baxımından ayrıca diqqət tələb edir.
Deməli, burada artıq ayrı-ayrı hadisələr yox, bir-birinin üzərinə gələn siyasi mərhələlər görünür.
Əvvəl Şamda Müaviyə güclənir. Sonra Osman dövründə Üməyyə siyasi çevrəsinin təsiri artır.
Daha sonra Osman öldürülür və bundan sonra Hz Əli hakimiyyətə gəlir.
Lakin artıq əvvəlki siyasi vəziyyət yox idi. Müaviyə isə Şamda güclü, müstəqil siyasi-hərbi dayağa malik idi.
Hz Əli xəlifə oldu — Bəs niyə Müaviyə onu tanimadi?
Bu sualı izah etmədən Kərbəlaya getmək olmaz. Yəni burada məsələ yalnız xəlifənin kim olması deyildi. Məsələ hakimiyyətin kimə məxsus olması idi.
Hz Əli mərkəzi hakimiyyətin başında idi. Müaviyə isə Şamdakı siyasi və hərbi gücünə söykənərək onun hakimiyyətini qəbul etmədi.
Beləliklə, Qədir-Xumdan başlayan və Səqifədən sonra istiqaməti dəyişən siyasi proses yeni mərhələyə daxil oldu:
Əhli-Beytin rəhbərlik məsələsi ilə siyasi hakimiyyətin faktiki gücü artıq açıq qarşıdurmaya çevrildi və məhz buradan Hz Əli–Müaviyə qarşıdurmasına, sonra Həsən–Müaviyə mərhələsinə, oradan isə Yezid və Kərbəlaya keçən yol açılır.
Beləliklə, Qədir-Xumdan Kərbəlaya gedən yolun növbəti dayanacağı artıq Siffin olacaqdı.
Siffin — Qarşıdurmanın dövlət səviyyəsinə çıxması
Hz Əli hakimiyyətə gəldikdən sonra qarşısında artıq sadə bir siyasi narazılıq yox idi. Şamda illərlə möhkəmlənmiş, öz ordusuna və idarəçilik sisteminə malik güclü bir siyasi mərkəz vardı. Bu mərkəzin başında Müaviyə dayanırdı.
Müaviyə Əlinin hakimiyyətini qəbul etmədi. Beləliklə, məsələ iki siyasi tərəfin adi mübahisəsindən çıxaraq dövlət hakimiyyəti uğrunda qarşıdurmaya çevrildi.
Hicri 37-ci ildə Hz Əli ilə Müaviyənin orduları Siffində üz-üzə gəldi.
Bu qarşıdurmanın mahiyyətini anlamaq üçün bir məsələni unutmaq olmaz:
Hz Əli dövlətin qanuni başçısı idi, Müaviyə isə həmin hakimiyyətə qarşı çıxan Şam siyasi qüvvəsinin rəhbəri idi.
Döyüşün son mərhələsində Müaviyə tərəfinin Quran səhifələrini nizələrə qaldırması ilə məşhur olan “təhkim” prosesi ortaya çıxdı.
Beləliklə, qılıncla həll olunmaqda olan siyasi məsələ başqa müstəviyə keçirildi.
Lakin nəticədə Hz Əlinin hakimiyyəti zəiflədi, Müaviyənin siyasi mövqeyi isə möhkəmləndi.
Bu, sonrakı hadisələr üçün çox mühüm dönüş nöqtəsi idi, çünki artıq Müaviyə sadəcə Şam valisi deyildi. O, Əliyə qarşı ayrıca siyasi hakimiyyət mərkəzi yaratmışdı.
Nəhrevan və Hz Əlinin zəifləməsi
Siffindən sonra yaranan siyasi böhran Hz Əlinin hakimiyyətini daha da çətin vəziyyətə saldı və təhkim məsələsindən sonra Hz Əlinin ordusunun içərisində parçalanma yarandı.
Siffeyn döyüşündən sonra ordudan ayrılıb üsyan qaldıran Xəvaric qrupu Nəhrəvanda Hz. Əliyə qarşı döyüşə girdi.
Beləliklə, Əli bir tərəfdən Müaviyə ilə, digər tərəfdən öz siyasi düşərgəsindən ayrılmış qüvvələrlə mübarizə aparmalı oldu.
Bu vəziyyət onun hakimiyyətini ciddi şəkildə zəiflətdi. Nəhayət, Əli şəhid edildi.
Beləliklə, Qədir-Xumdan başlayan siyasi xəttin mühüm simalarından biri — Hz Əli tarix səhnəsindən çıxdı.
Amma onun ölümü ilə məsələ bitmədi, əksinə, daha ağır mərhələ başladı.
İmam Həsən — Müaviyə razılaşması
Hz Əlidən sonra oğlu İmam Həsən hakimiyyətə gəldi.
İmam Həsənlə Müaviyə arasında qarşıdurma davam edə bilərdi.
Lakin İmam Həsən müsəlman cəmiyyətində daha böyük qan tökülməsinin qarşısını almaq üçün Müaviyə ilə sülh razılaşmasına getdi və nəticədə faktiki hakimiyyət Müaviyəyə keçdi.
Bununla belə, proses sadəcə hakimiyyətin ötürülməsi ilə yekunlaşmadı; əsas məsələ idarəçiliyin bundan sonra hansı istiqamətdə davam edəcəyi idi. Çünki bağlanmış sülhün mahiyyəti ilə sonradan cərəyan edən siyasi hadisələr arasında ciddi ziddiyyət meydana gəldi.
Müaviyədən Yezidə
İmam Həsənin vəfatından sonra Əhli-beytin mənəvi rəhbərliyi qardaşı İmam Hüseynə keçdi. Bu dövrdə Müaviyə sülhün əsas şərtlərini kənara qoyaraq ömrünün sonlarına yaxın oğlu Yezidi vəliəhd elan etdi.
Beləliklə, idarəçilik artıq şura və ya ümumi seçim yolu ilə deyil, ilk dəfə ata-oğul xətti ilə ötürülən sülalə modelinə çevrildi.
Bu yeni sistem qarşısında ən həlledici məqam Peyğəmbərin digər nəvəsi İmam Hüseynin mövqeyi idi, o, bu irsi hakimiyyətə beyət edəcəkdimi?
İmam Hüseynin bu addımı qəbul etməməsi və beyətdən qəti imtinası ilə proses artıq siyasi mübahisə mərhələsini aşaraq Kərbəlaya aparan yola qədəm qoydu.
Kərbəlaya gedən son yol
Bu imtinanın ardınca Peyğəmbərin nəvəsi, onun ailə üzvləri və sadiq tərəfdarları Kərbəla çölündə mühasirəyə alındı. Hicri 61-ci ildə isə İslam tarixinin ən dərin və ağrılı faciəsi yaşandı, İmam Hüseyn şəhid oldu. Onun südəmər körpəsi, Əhli-beytin kişiləri və vəfalı yoldaşları amansızlıqla qətlə yetirildi, qadınlar və uşaqlar isə əsir alındı.
Beləliklə, vaxtilə Qədir-Xumda ilahi mesajla bəyan edilən mənəvi rəhbərlik xətti, siyasi hakimiyyət mübarizələrinin sonunda Kərbəlanın qanlı və ibrətamiz səhnəsinə gəlib çatdı.
Bir zəncir, bir tarixi proses
İndi hadisələri bütöv şəkildə görmək mümkündür:
Qədir-Xum → Peyğəmbərin rəhbərlik məsələsi ilə bağlı mesajı
Səqifə → Peyğəmbərdən sonrakı hakimiyyətin başqa siyasi mexanizmlə müəyyənləşdirilməsi
Ömər dövrü → Müaviyənin Şamda uzunmüddətli siyasi dayağının formalaşması
Osman dövrü → Üməyyə siyasi çevrəsinin güclənməsi və Müaviyənin Şamdakı mövqeyinin daha da möhkəmlənməsi
Hz Əli → hakimiyyətə gəlməsi və Müaviyə ilə qarşıdurma
Siffin → qarşıdurmanın dövlət səviyyəsində hərbi-siyasi mübarizəyə çevrilməsi
İmam Həsən–Müaviyə → hakimiyyətin Müaviyəyə keçməsi
Yezid → hakimiyyətin sülaləvi varisliyə çevrilməsi
İmam Hüseyn → Yezidə beyətdən imtina
Kərbəla → Əhli-Beytə qarşı qanlı faciə
Bu səbəbdən Kərbəlanı yalnız hicri 61-ci ildə cərəyan etmiş təcrid olunmuş bir hadisə kimi qiymətləndirmək kifayət deyil, onun tarixi və ictimai zəmini öncə formalaşmışdı.
Qədir-Xumda elan olunan mənəvi rəhbərlik əsası Səqifədə fərqli idarəçilik istiqamətinə yönəldi, sonrakı mərhələlərdə isə bu xətt möhkəmlənərək sülalə hakimiyyətinə çevrildi. Kərbəlada isə haqq ilə hakimiyyət arasındakı qarşıdurma qanla nəticələndi.
Bu, sadəcə keçmişin xronologiyası deyil, hakimiyyət mənəvi haqdan və ədalət prinsipindən uzaqlaşdıqda cəmiyyəti hansı faciəvi nəticələrə sürükləyə biləcəyini göstərən ən böyük tarixi ibrətdir.
Bəs Qədir-Xumdan Kərbəlaya nə baş verdi?
Qədir-Xumda elan olunan ilahi rəhbərliyi Səqifədə formalaşan siyasi hakimiyyət dəyişdi.
Bu dəyişmə sonrakı onilliklərdə necə dərinləşdi?
Necə oldu ki, Müaviyə Şamda illərlə möhkəmlənən siyasi-hərbi güc mərkəzi yaratdı?
Necə oldu ki, Əli hakimiyyətə gələndə qarşısında artıq ayrıca siyasi-hərbi güc dayanırdı?
Necə oldu ki, Siffində başlayan qarşıdurma İslam dövlətinin daxilində uzunmüddətli siyasi parçalanmaya çevrildi?
Necə oldu ki, Həsən–Müaviyə razılaşmasından sonra hakimiyyət sülaləvi varislik mərhələsinə gəlib çatdı?
Necə oldu ki, Peyğəmbərin vəfatından cəmi əlli il sonra onun nəvəsi İmam Hüseyn İslam dövləti adından çıxış edən hakimiyyətin ordusu tərəfindən Kərbəlada qətlə yetirildi?
Qədir-Xumda elan olunan İlahi Rəhbərliyi Səqifədə siyasi hakimiyyətlə əvəz edən, sonrakı mərhələlərdə bu hakimiyyəti sülalə hakimiyyətinə çevirən və nəticədə Peyğəmbərin nəvəsi İmam Hüseyni Kərbəlada qətlə yetirən siyasi sistemin əsrlər boyu formalaşdırdığı və bu günə qədər müxtəlif formalarda davam edən dini anlayışa "İslam” demək olarmı?
Səqifədən sonra formalaşan din — İslam, yoxsa İslam adı altında qurulmuş siyasi-dini sistem idi?
Bu siyasi sistemin formalaşdırdığı və əsrlər boyu müxtəlif formalarda davam etdirilən dini anlayışa “İslam” demək olarmı?
Bu sualların cavabını isə oxucunun öz vicdanına, ağlına və Quranın meyarına buraxıram.
Qeyd: İslam tarixində həlledici hadisələrin izahı
* Qədir-Xum — Peyğəmbərin Hz. Əlini vəli elan etdiyi hadisə.
* Səqifə — Peyğəmbərin vəfatından sonra xilafətin Əhli-Beytin iştirakı olmadan müəyyənləşdirildiyi siyasi toplantı.
* Səqəleyn — Peyğəmbərin Quranı və Əhli-Beyti ümmətə iki əsas əmanət kimi göstərdiyi hadisə/kəlam.
* Siffeyn — Hz. Əlinin legitim hakimiyyətinə qarşı Müaviyənin başlatdığı fitnə savaşı.
* Hərrə — Yezid hakimiyyətinin Mədinəyə qarşı həyata keçirdiyi zorakı hərbi müdaxilə.
* Kərbəla — İmam Hüseynin Yezidin qeyri-legitim hakimiyyətinə biət etməkdən imtina edərək şüurlu şəkildə şəhid olması hadisəsi.
© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
-
Azərbaycanın səhiyyə tarixinə yazılan uğurlu addımƏn çox oxunanlar14 Avqust 2026322
-
Elgün Səmədov Xankəndi FK-nın Müşahidə Şurasının sədri seçilibƏn çox oxunanlar12 Avqust 2026302
-
Həkimlər üçün unikal tədris proqramı: “GynSono” kursuna qeydiyyat başladıƏn çox oxunanlar16 Avqust 2026272
-
QURAN, SAĞLAM TƏFƏKKÜR VƏ SİVİLİZASİYAƏn çox oxunanlar12 Avqust 2026198
-
İSLAMIN TARİXİ VƏ ƏHƏMİYYƏTİƏn çox oxunanlar13 Avqust 2026186
-
Vitamin D və diabetin idarə olunması - "Diabet Məktəbi"ndə növbəti buraxılışıƏn çox oxunanlar13 Avqust 2026182
-
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıbƏn çox oxunanlar12 Avqust 2026178
-
Qıcqırma hər zaman reflüks deməkdirmi?Ən çox oxunanlar10 Avqust 2026162
-
Qurani-Kərimin təhrifsiz tədrisi: Sağlam cəmiyyət və güclü dövlətçiliyin mənəvi-intellektual bazasıƏn çox oxunanlar11 Avqust 2026154
-
Helm elm sahibinin zinətidirƏn çox oxunanlar15 Avqust 2026154
-
Böyümüş limfa düyünləri hər zaman təhlükəlidirmi?Ən çox oxunanlar19 Avqust 2026152
-
Yezidin qeyri-legitim hakimiyyəti üç böyük qanlı faciə ilə tarixə yazıldıƏn çox oxunanlar17 Avqust 2026152
-
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya” təlimi keçirilibƏn çox oxunanlar13 Avqust 2026150
-
İlon Mask: Üç ildən sonra Optimus robotları ən yaxşı cərrahlardan daha uğurlu əməliyyatlar aparacaqƏn çox oxunanlar11 Avqust 2026148
-
Erkən yaşlarda şəkərli diabet - Nəyi bilməliyik?Ən çox oxunanlar10 Avqust 2026142
-
Ümumdünya Meteorologiya Təşkilatı: Ekstremal hava şəraitinin güclənməsi fonunda Qərbi Avropada ən isti aylar qeydə alınıbƏn çox oxunanlar12 Avqust 2026134
-
Şəkərli diabetdə damarları və orqanları qoruyan həyati qida komponenti – Mütəxəssislərdən xəbərdarlıqƏn çox oxunanlar18 Avqust 2026134
-
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin BİRGƏ MƏLUMATIƏn çox oxunanlar13 Avqust 2026132
-
Qədir-Xumdan Kərbəlaya gedən yolƏn çox oxunanlar18 Avqust 2026128
-
Gənc invaziv kardioloqların nəzərinə: “Mürəkkəb Klinik Hallar” sessiyasına müraciət başladıƏn çox oxunanlar18 Avqust 2026126