Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 Avqust 2026, Cümə axşamı, 07:30
Əlaqə vasitələri
Bizimlə əlaqə
İLAHİ HÜZURA DOĞRU
16 Avqust 2026
118
İLAHİ HÜZURA DOĞRU

Axirətə inam — Allaha imandır!


Bəşər övladını əsrlər boyu düşündürən suallardan biri ölümün mütləq bir son, yoxsa yeni bir başlanğıc olmasıdır. Qurani-Kərimin bu suala verdiyi cavab qətidir: ölüm yoxluq deyil, maddi aləmdən əbədi bir mərhələyə keçiddir. Lakin bu ilahi həqiqəti dərk etmək üçün "qəbirdən dirilmə", "Surdan sonra ruhun ayılması" və "Allahın hüzuruna toplanma" məfhumlarını eyniləşdirmədən, hər birini öz məzmun və kontekstində oxumaq tələb olunur. Çünki Quran ayələri bu mərhələlərin hər birini fərqli məzmun və kontekstdə bəyan edir.

Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.

İnsan yalnız bədən deyil

Quran insanı yalnız onun maddi bədəni ilə məhdudlaşdırmır. Allah insanın yaradılışından danışarkən buyurur:

“Sonra onu düzəldib ona Öz ruhundan üfürdü…”(Səcdə, 32:9)

və:

“Ona biçim verdiyim və ona Öz ruhumdan üfürdüyüm zaman…” (Sad, 38:72)

Buradakı “Allahın ruhundan” ifadəsi Allahdan maddi bir parçanın ayrılması demək deyil. Ruh Allahın yaratdığı və Ona nisbət edilən qeyri-maddi varlıq həqiqətidir.

Quran ruh haqqında insan biliyinin sərhədini də göstərir:

“De: Ruh Rəbbimin əmrindəndir. Sizə elmdən yalnız az bir şey verilmişdir.” (İsra, 17:85)

Deməli, ruhun mahiyyətinin bütün təfərrüatını bilmirik. Lakin Quranın insan haqqında verdiyi bütöv mənzərə onun yalnız bədən olmadığını göstərir.

Ölüm — Ruhun bədəndən ayrılması

Quran buyurur:

“Hər nəfs ölümü dadacaq, sonra Bizə qaytarılacaqsınız.” (Ənkəbut, 29:57)

Ölüm insanın dünya həyatındakı bədənli mövcudluğunun sona çatmasıdır. Bədən torpağa qayıdır, ruh isə dünya həyatındakı bədənli vəziyyətdən ayrılır.

Bu baxımdan insanın həqiqi “mən”ini yalnız bədənlə eyniləşdirmək mümkün deyil.

Ölüm ilə dirilmə arasında — Bərzəx

Ölümündən sonra dünyaya qayıtmaq istəyən insan haqqında Quran belə buyurur:

“…Onun arxasında dirildiləcəkləri günə qədər bir bərzəx vardır.” (Möminun, 23:100)

Deməli, ölüm ilə dirilmə arasında bərzəx vardır. Buradan belə bir nəticə çıxır ki, əsl insan ruhun özüdür, bədən isə ruhun dünya həyatında görünməsini və fəaliyyət göstərməsini təmin edən vasitədir.

Bu, insanın “mən”liyinə də başqa bir məna verir. İnsan bu dünyada sadəcə yaşamır, öz əməlləri ilə öz “öz”ünü, yəni “mən”ini yaradır.

Bədən dünya həyatında bu “mən”in görünən tərəfidir. Ruh isə insanın özünü “mən” kimi dərk edən mahiyyətidir.

Bərzəxin nə cür bir mərhələ olduğu barədə Quran bütün təfərrüatları açıqlamır. Buna görə burada Quranın bildirdiyi həqiqətlə bizim bilmədiyimiz təfərrüatı qarışdırmamaq lazımdır.

“Qəbirdən dirilmə” — Allahın qüdrətinin göstəricisi

Quranın başqa ayələrində isə insanların dirilməyə etirazı fərqli məzmunda təqdim edilir.

Onlar soruşurlar:

“Biz sümük və çürüntü olduqdan sonra yenidən yaradılışla dirildiləcəyikmi?” (İsra, 17:49)

Yasin surəsində isə:

“Kim çürümüş sümükləri dirildəcək?” (Yasin, 36:78)

Allahın cavabı:

“De: Onları ilk dəfə yaradan dirildəcək.” (Yasin, 36:79)

Qiyamət surəsində də:

“İnsan elə güman edir ki, Biz onun sümüklərini bir yerə yığa bilməyəcəyik? Xeyr! Biz onun barmaq uclarını belə düzəltməyə qadirik.” (Qiyamət, 75:3–4)

Həcc surəsi isə bildirir:

“Şübhəsiz, Allah qəbirlərdə olanları dirildəcək.” (Həcc, 22:7)

Burada Quran Allahın ölüləri yenidən yaratmağa və diriltməyə qadir olduğunu göstərir. Bu, ayrıca bir Qurani həqiqətdir.

“Qəbirdən dirilmə” və “Surdan sonra ruhun ayılması” məzmunca bir-birinə bağlı eyni hadisə deyil. Birincidə diqqət Allahın diriltmək qüdrətinə yönəlir, ikincidə isə Surdan sonra insanın ayılması və Allahın hüzuruna yönəlməsi təsvir edilir.

Bu fərqi qorumaq Yasin surəsinin sonrakı ayələrini düzgün oxumaq üçün xüsusilə vacibdir.

Surdan sonra ruhun ayılması

Yasin surəsinin 51–54-cü ayələri hadisəni başqa istiqamətdə təqdim edir:

“Sur üfürülər və bir də görərsən ki, onlar əcdasdan — qəbirlərdən — Rəbbinə doğru yönəlirlər.” (Yasin, 36:51)

Burada Sur sadəcə yeni mərhələnin adı deyil. Surun üfürülməsi hadisənin hərəkətə gəlməsinin səbəbidir:

Sur üfürülür → “onlar” hərəkətə gəlirlər.

Sonra həmin “onlar” deyirlər:

“Vay halımıza! Bizi mərqədimizdən kim qaldırdı?” (Yasin, 36:52)

Burada artıq danışan, dərk edən və əvvəlki halını xatırlayan şüurlu varlıq vardır.

Deməli, ayələrin yaratdığı ardıcıllıq belədir:

Sur → ayılma → xatırlama → Rəbbə doğru yönəlmə → Allahın hüzuruna gətirilmə.

Burada əsas diqqət cəsədin mexaniki şəkildə qəbirdən çıxmasına deyil, “onlar”ın ayılmasına və Rəbbinə doğru yönəlməsinə verilir.

“Qəbirlərdən Rəbbinə doğru” — istiqamət məsələsi

36:51-də işlənən ifadə:

مِنَ الْأَجْدَاثِ — əcdasdan, qəbirlərdən
إِلَىٰ رَبِّهِمْ — Rəbbinə doğru

şəklindədir.

Yəni ayə A-dan B-yə istiqamət göstərir: qəbirlər → Rəbb

Burada “qəbir” hərəkətin başlanğıc məkanı kimi göstərilir. Bu ifadə öz-özlüyündə ruhun qəbrin içində olması demək deyil.

Qəbir insanın dünya həyatındakı bədəninin dəfn edildiyi məkandır. Bərzəx isə ölüm ilə dirilmə arasında olan mərhələdir.

Beləliklə, qəbir — məkan, Bərzəx — ölüm ilə dirilmə arasındakı mərhələdir.

Surdan sonra isə “onlar” Rəbbinə doğru yönəlirlər.

Kim ayılır və kim Allahın hüzuruna gəlir?

Yasin 36:52-də “onlar” artıq danışır, dərk edir və əvvəlki halını xatırlayırlar. Bu, hadisənin şüurlu varlıqla bağlı olduğunu göstərir.

Quranın insan haqqında bütöv təsviri ilə birlikdə düşündükdə, burada insanın ruh və “mən” tərəfi ön plana çıxır.

Yasin 36:53 isə deyir:

“Bu, yalnız bir fəryad olacaq və onların hamısı Bizim hüzurumuza gətirilmiş olacaqlar.”

Beləliklə:

ölüm → bərzəx → Sur → ayılma → Rəbbə doğru yönəlmə → Allahın hüzuru.

Allahın hüzuruna gəlməyin ardınca isə dərhal insanın əməlləri məsələsi ortaya qoyulur:

“Bu gün heç bir nəfsə heç bir şəkildə zülm edilməyəcək və sizə yalnız etdiklərinizin qarşılığı veriləcək.” (Yasin, 36:54)

Deməli, Allahın hüzurunda əsas məsələ insanın öz əməlləridir.

İnsan bu gün öz “mən”ini yaradır

Quran buyurur:

“İnsan üçün yalnız öz çalışdığı vardır.” (Nəcm, 53:39)

və:

“Hər nəfs qazandığına görə girovdur.” (Müddəssir, 74:38)

İnsan bu dünyada seçim edir, düşünür, davranır və əməl edir. Bu əməllər onun mənəvi varlığını formalaşdırır.

Başqa sözlə:

İnsan bu gün əməlləri ilə öz “öz”ünü, yəni “mən”ini yaradır, sabah isə yaratdığı o “mən”lə Allahın hüzurunda dayanır.

Bu, axirət məsuliyyətinin ən dərin mənasıdır.

İnsan axirətə hazır şəkildə yaradılmış bir “mən”lə gəlmir, bu dünyadakı seçimləri ilə formalaşdırdığı “mən”lə qarşılaşır.

Bu gün seçim və əməl var, sabah isə seçim bitir, nəticə başlayır.

Hz. Əlinin kəlamı bu məntiqi çox yığcam ifadə edir:

“Bu gün əməl var, sorğu yoxdur; sabah əməl yoxdur, sorğu var.”

Bu dünyada insan öz gələcəyini əməlləri ilə formalaşdırır. Axirətdə isə həmin seçimin həqiqəti ilə qarşılaşır.

Axirət — ilahi ədalətin tamamlanmasıdır

Dünyada insanın etdiyi hər əməlin nəticəsi dərhal görünmür, bəzən zülm edən cəzasız qalır, haqqı tapdanan isə haqqını burada ala bilmir.

Axirət Allahın ədalətinin tamamlandığı mərhələdir. Çünki orada heç bir yaxşılıq itmir, heç bir zülm unudulmur və heç kim başqasının əməlinə görə məsuliyyət daşımır. Hər kəs yalnız öz seçiminin və öz əməllərinin həqiqəti ilə qarşılaşır.

Buna görə də axirətə iman yalnız gələcək həyata inanmaq deyil, Allahın mütləq ədalətinə inanmaqdır.

Ölümün yaratdığı ayrılıq və axirətdə qovuşma

Ölümün insan qəlbində yaratdığı ən ağır ağrılardan biri ayrılıqdır.

İnsan sevdiyi birini itirir və onunla bu dünyada əvvəlki kimi görüşə bilmir.

Lakin Quran deyir:

“Hər nəfs ölümü dadacaq, sonra Bizə qaytarılacaqsınız.” (Ənkəbut, 29:57)

Deməli, ölüm son nöqtə deyil.

Amma axirətdə qovuşma yalnız qan bağı ilə müəyyən edilmir. Hər kəs öz əməlinin məsuliyyətini daşıyır:

“Hər nəfs qazandığına görə girovdur.” (Müddəssir, 74:38)

Valideynin salehliyi övladın əməlinin yerinə keçmir, övladın seçimi də valideynin əməlinin yerinə keçmir.

Buna görə qovuşmanın mənəvi əsası yalnız qohumluq deyil, haqq və əxlaq birliyidir.

İnsanın övladına verə biləcəyi ən böyük miras da yalnız maddi sərvət deyil — sağlam düşüncə, vicdan, ədalət və Qurani əxlaqdır.

Çünki insan bu dünyada necə yaşayırsa, axirətdə qarşısına çıxacaq “mən”i də elə formalaşdırır.

Ölümün yaratdığı ayrılığın əlacı

Ölümün yaratdığı ayrılığın bu dünya üçün tam çarəsi yoxdur. İnsan ölümü dayandıra bilmir, itirdiyi insanı əvvəlki həyatına qaytara bilmir.

Lakin axirətə iman ayrılığı son həqiqət kimi qəbul etmir.

Ölümün yaratdığı ayrılıq əbədi ayrılıq olmaq məcburiyyətində deyil. İnsanın bu dünyadakı həyatı onun axirətdəki aqibətinin əsasını yaradır.

Ona görə sevdiklərimizlə axirətdə qovuşmaq arzusu sadəcə təsəlli olmamalıdır. Bu arzu bizi bu dünyada eyni haqq və əxlaq yolunu yaşamağa sövq etməlidir.

İnsan elə yaşamalıdır ki, sabah Allahın hüzurunda qarşısına çıxacaq “Mən” bu gün yaratdığı özündən utanmasın.

Nəticə

Quranın ayələrini bir-birinə zorla bağlamadan, lakin onların yaratdığı bütöv mənzərəni də nəzərdən qaçırmadan oxuduqda belə bir nəticəyə gəlirik:

İnsan yalnız bədən deyil. Ruh onun bədənlə məhdud olmayan mahiyyətidir.

Ölüm ruhun bədəndən ayrılması ilə dünya həyatının sona çatmasıdır.

Ölümlə dirilmə arasında bərzəx vardır.

“Qəbirdən dirilmə” Allahın ölüləri yenidən yaratmağa və diriltməyə qadir olduğunu göstərən ayrıca həqiqətdir.

Surdan sonra ruhun ayılması və insanın Rəbbinə doğru yönəlməsi isə tamamilə fərqli bir mərhələdir. İnsan bu dünyada əməlləri ilə öz "öz"ünü, yəni həqiqi "mən"ini yaradır və sabah məhz yaratdığı həmin "mən"lə Allahın hüzurunda dayanır.

Ölümün gətirdiyi ayrılığın ən böyük ümidi də elə burada başlayır: ölüm həyatın sonu deyil, sadəcə bir ayrılıqdır.

Lakin bu ayrılığın bir son olub-olmaması insanın öz əməlləri ilə formalaşdırdığı "mən"in salehliyindən asılıdır.

Axirət — Allaha qayıdışdır.

Ədalət — Allahındır!


© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ən çox oxunanlar