Sosializm nəzəriyyəsi və Səfəvi dövləti cəmiyyətin ədalət, nizam və ortaq məsuliyyət prinsipləri ilə idarə olunması baxımından Quranda vurğulanan sosial ədalət ideyasına müəyyən mənada yaxın idi.
Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.
Tam ədalət mümkündürmü?
Tarix boyu tam ədalətli sitem mümkün olmayıb və tarixi nümunələri var. Məsələn, Səfəvilər xaricdən, sosializm daxildən dağıdıldı.
Tarixdə tam ədalətə deyil, maksimum ədalətə yaxınlaşan üç model olub.
Səfəvi modeli: Bu modeldə birlik, güclü ideologiya və mərkəzləşmiş hakimiyyət bir araya gəlirdi. Xalqın vahid siyasi və ideoloji çərçivədə birləşməsi ədalətli idarəetmə üçün müəyyən imkanlar yaradırdı. Lakin xarici güclərin təzyiqi və geosiyasi mübarizə bu sistemin davamlılığını zəiflətdi.
Sosializm modeli: Bu sistem iqtisadi ədalət və sosial bərabərlik baxımından tarixi miqyasda mühüm addım atdı. İnsanlar arasında sosial və iqtisadi fərqlərin azaldılması əsas məqsədlərdən biri idi. Lakin zaman keçdikcə mənəvi və ideoloji dayaqların zəifləməsi sistemi daxildən boşaltdı və onun davamlılığına ciddi zərbə vurdu.
Mədinə modeli: Erkən Mədinə modeli daha balanslı nümunə idi. Qurani-Kərimin prinsiplərinə əsaslanan bu model ictimai münasibətlərdə ədaləti, məsuliyyəti, hüquq və vəzifələrin tarazlığını ön plana çıxarırdı.
Tolerantlıq - Mədinədən başlanan yol
Hz Məhəmməd (ə) 623-cü ildə Məkkədən Mədinəyə hicrət edəndə görür ki, müsəlmanlar, yəhudilər, xristianlar bir-birilə dini zəmində düşmənçilik edir, çox gərgin bir həyat tərzi keçirirlər. 624-cü ildə o, Mədinə şəhəri üçün bir qanun (anayasa) yaradır. 52 maddədən ibarət olan bu qanunun 25-i müsəlmanlara, 27-si isə yəhudi və xristianlara aid idi. Bu konstitusiya (əsas qanun) Mədinədə müxtəlif dini inanclara mənsub olan insanların bir yerdə sülh və dostluq şəraitində yaşaya biləcəyi bir biçimdə hazırlandı. Biri digərinə mane olmadan hər kəs dini vacibatını yerinə yetirməkdə sərbəst idi. Qanuna görə Mədinə qəbilələrindən hər kəs öz dini etiqadını hifz etməli idi. Kimsə dini inancından dolayı sorğulanmayacaqdı.
Əski dinlərin heç birində Məhəmməd peyğəmbərin (ə) hazırladığı konstitusiyadakı qədər başqa dinlərə tolerant yanaşılmamışdır. O, İslamın, digər dinə mənsub olanlara mane olmayacağını bildirdi. İslam dininin azadlıq və ədalət üzərində qurulu olduğunu bəyan etdi. Konstitusiyanın 1-ci və 2-ci maddələrində deyilirdi:
“Heç bir mömin digər möminin ədalətsizlik qarşısında əzilməsinə seyrçi qalmamalıdır. Bütün möminlər qarşılaşdıqları problemlər qarşısında bir-birinə yardım etməlidirlər.”
15-ci maddədə deyilirdi: “Ən yoxsul möminlə, ən zəngin mömin bərabər haqlara sahibdirlər”.
26-cı maddədə deyilirdi: “Müsəlmanlar kimi yəhudilər də dinlərini qoruya bilərlər.”
Başqa bir maddədə deyilirdi: “Yəhudilər və müsəlmanlar bir-birləri ilə sülh içində yaşamalıdırlar. Yəhudilər öz üzərlərinə düşən xəzinəni və müsəlmanlar da öz üzərinə düşən xəzinəni qəbul etmək məcburiyyətindədirlər. Bu yazılı qanunda iddia edilən haqqı kim qəbul etməzsə, yəhudilər və müsəlmanlar onlara qarşı birlikdə savaşmalıdırlar.”
Maddələrin biri də Mədinə haqqında idi və bu maddəyə görə, Mədinə “həram” sayılırdı. Yəni müqəddəs şəhər elan edilərək bu şəhərdə savaşmaq qadağan edilirdi. Bütün Mədinə əhli yeni konstitusiyaya görə sevincli idilər. Çünki ilk dəfə idi ki, Mədinədə bərabərhüquqlu bir qanun tətbiq olunmaqda idi.
Sadalanan üç tarixi nümunə göstərir ki, ədalətli cəmiyyət modeli qurmaq mümkündür. Lakin əsas məsələ yalnız ədalətli sistem yaratmaq deyil, onu zamanın sınaqlarına, daxili ziddiyyətlərə və xarici təzyiqlərə baxmayaraq davamlı saxlamaqdır. Deməli, tarixdə tam ədalətə nail olmuş ideal sistemdən daha çox, ədalətə yaxınlaşmağa çalışan modellər mövcud olub.
Ədalətli sistem nə üçün davamlı ola bilməyib?
Çünki hər şey insandan başlayır. Biz, öz nəfsinə qalib gələ bilməyən bir cəmiyyətin üzvüyük. Ədalət nəzəri olaraq var, ancaq praktik olaraq bu cəmiyyətdə özünü doğrultmur. Necə ki, Nyutonun 3-cü qanunu həqiqətdir, ancaq yer üzündə özünü doğrultmur. Havanın müqaviməti, sürtünmə qüvvəsi və ən əsas da yerin cazibə qüvvəsi mane olur. Hər şey nisbidir, insanlıq da.
Bu fəlsəfəni üç mərhələdə açaq:
“Ədalət nəzəri olaraq var, praktik olaraq özünü doğrultmur”
İdeal qanuna dünya mane olur. Ədalət də elədir. Quranın, vicdanın və insanlığın qanunu nəzəriyyədə mükəmməldir, lakin reallıqda ona mane olan amillər var.
Bunların birincisi nəfsdir — insanın içindəki sürtünmə. İkincisi cəmiyyətdir — hava müqaviməti kimi insanın hərəkətini çətinləşdirir. Üçüncüsü isə sistemlər və rejimlərdir — yerin cazibə qüvvəsinə bənzər şəkildə insanı öz təsiri altında saxlayır.
Bütün bunlara zaman, güc yığılması, qorxu, tənbəllik və mənafe də əlavə olunur.
Ədalət ideal qanundur, reallıqda isə yuxarıda qeyd olunan maneələr o qanunu çəkib əyir.
“Hər şey nisbidir, insanlıq da!”
Bu, nisbilik nəzəriyyəsinin özü qədər doğrudur.
İnsan nə tam yaxşıdır, nə tam pisdir, nə tam ədalətlidir, nə də tam zalımdır. Hər şey müəyyən şərtlərdən asılıdır. Bu, bir növ fiziki nisbilik kimidir. Maqnit sahəsi, sürət, cazibə və məkana görə dəyişən zaman necə fiziki reallığa təsir edirsə, bunların hamısının insan ruhunda da müəyyən analoqu var.
Sosial mühit cazibə qüvvəsi kimi insanı özünə çəkir, tərbiyə sürtünmə qüvvəsi kimi onun hərəkətini formalaşdırır, cəmiyyətin basqısı hava müqaviməti kimi qarşısını alır, güc strukturları cazibə mərkəzi kimi təsir göstərir, nəfs isə xaos yaradır.
İnsan heç vaxt dəyişməməlidir. Təəssüf ki, əksər insan buqələmun kimi şəraitə görə şəkildən-şəklə düşür.
Düz insanların düşməni isə sistemdir, cəmiyyətdir və nəfsdir. Çünki axının əksinə getmək enerji tələb edir.
Yaxşı yol çətin yoldur, çünki asan yol şeytanın yoludur. Hətta Peyğəmbərin “Məni qocaldan ayə” dediyi ayə də məhz bu istiqamətə işarə edir. Qurani-Kərimdə Hud surəsinin 112-ci ayəsində belə buyurulur:
فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطْغَوْا ۚ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
“Sənə əmr edildiyi kimi, düz dayan (doğru istiqamətdə möhkəm ol); səninlə birlikdə tövbə edənlər də. Həddi aşmayın. Şübhəsiz ki, O, etdiklərinizi görür.”
Bu ayənin çox mühüm tərəfi odur ki, Allah Peyğəmbərə sadəcə “doğru ol” demir. “Sənə əmr edildiyi kimi istiqamətini qoruyub düz dayan” deyir.
Bəs niyə “qocaldan ayə” adlandırılıb?
Quranda Peyğəmbərin hansısa ayəyə baxıb “məni qocaltdı” dediyi ifadə bu ayənin özündə yoxdur. Bu, hədis-rəvayət ənənəsində gələn məşhur ifadədir. Məna etibarilə isə Hud 11:112-nin ağırlığı başadüşüləndir.
Çünki burada məsuliyyət yalnız Peyğəmbərin özünə aid edilmir:
“Sən və səninlə birlikdə tövbə edənlər istiqaməti qoruyun.”
Ardınca isə çox sərt xəbərdarlıq gəlir:
“وَلَا تَطْغَوْا — həddi aşmayın!”
Yəni məsələ yalnız ibadət etmək deyil. İlahi ölçüdən kənara çıxmamaq, haqqdan yayınmamaq, zülmə və həddi aşmağa yol verməməkdir.
Daha diqqətçəkən məqam ayənin sonundadır:
إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
— “Şübhəsiz, O, etdiklərinizi görür.”
Burada söhbət niyyətdən çox əməldən gedir, insanın nə etdiyini Allah görür.
Ona görə bu ayənin əsas fəlsəfəsini belə ifadə etmək olar:
İnsanı qocaldan yaş deyil, haqqı bildikdən sonra onun üzərində düz dayanmaq məsuliyyətidir.
Burada Peyğəmbər üçün də güzəşt yoxdur. Əksinə, “Sənə əmr edildiyi kimi” ifadəsi göstərir ki, Peyğəmbər də ilahi əmrin qarşısında məsuldur.
Ədalət əvvəlcə insanda başlayır. Bu, onun seçimində, davranışında, zərər verməməsində, haqqı qorumasında, niyyətinin təmizliyində və nəfsinə qalib gəlməsində özünü göstərir. Əgər bir insan özü ədalətli ola bilirsə, bu həm kədər, həm də şərafətdir. Çünki bu, insan olan bəndənin nə qədər çətin bir varlıq olduğunu göstərir.
Nəfsinə qalib gələn insan ədalət taxtında oturmuş şahdır!
Bu, sadəcə bir fikir deyil, insan fəlsəfəsinin ən yüksək səviyyəsidir. Bu fikir həm Qurani-Kərimin mənəvi əsaslarını, həm Hz. Məhəmmədin, Hz. Əlinin irsini, həm İbn Sina və Nəsiminin düşüncə dünyasını, həm də Şah İsmayılın ruhunu özündə birləşdirir.
Nəfs nədir? Nəfs qorxudur, tamahdır, qəzəbdir, eqodur, özünü aldatmaqdır, istəkdir, həzzin qulu olmaqdır, haqqı görüb gizlətməkdir.
Bu şeylərə qalib gələn insan öz seçimini özü edir, instinkti ilə deyil. O, gücünü çöldən yox, içəridən alır və mənafeni deyil, haqqı üstün tutur.
Belə insan öz daxili dövlətinin şahıdır. Heç kim onu sındıra bilməz. Çünki onun taxtı kənarda deyil, qəlbindədir.
Nəfsə hakimlik ədalətin başlanğıcıdır
Zülmün kökü nəfsdir, başqasının haqqına girmək də, ədaləti pozmaq da nəfsin təzahürüdür. İnsanı Allahdan uzaqlaşdıran, onunla Rəbbi arasına ən böyük pərdə çəkən isə yenə nəfsdir. Bir insan nəfsinə qalib gələndə tamah ölür, qəzəb idarə olunur, eqo geri çəkilir, yalan yox olur və zülm etməyə imkan qalmır. Yəni nəfsinə qalib gəlmiş insan ədalətlidir. Belə adam hökmdar olsa zülm etməz, kasıb olsa haqq yeməz, zəngin olsa ədaləti unutmaz. Bu, ədalətin bünövrəsidir.
Ədalətli dövlət ədalətli insanların cəmidir. Zülmkar dövlət isə nəfsinə uduzmuş insanların cəmidir.
“Nəfsinə qalib gələn insan ədalət taxtında oturmuş insandır!”
Bəli, nəfsinə məğlub olan insan quldur, nəfsinə qalib gələn insan isə şahdır. Amma bu taxtın materialı qızıl deyil və yeri saray deyil. Bu taxtın özü vicdandır, iradədir, ədalətdir və özünü idarə etməkdir.
Bir insan nəfsinə qalib gəldisə, artıq sistem onu idarə edə bilməz, qorxu onu əsir edə, tamah onu satın ala və zülm ona toxuna bilməz.
Belə insanlar içlərindəki tarazlığı və həqiqətin ağırlığını hiss edirlər. Bunlar nəfsin yox, vicdanın səsini eşidən ağlın məhsuludur.
Vicdan Allahın insana bəş etdiyi daxili ayədir
Vicdan işıqdır, ağıl şüşədir, nəfs isə tozdur. Şüşə tozlansa, işıq zəifləyər. Şüşə təmiz olsa, işıq tam görünər.
Ədalət vicdandan doğur, onu həyata keçirən isə ağıldır. Hər iki gücə düşmən olan nəfsdir. Bu, insan psixologiyasının ən dəqiq formuludur.
Vicdan ilahi səsdir, ağıl bu səsi eşidən qabiliyyətdir, ədalət isə bu ikisinin birlikdə yaratdığı həqiqətdir.
Livanlı xristian alim Corc Cordaqın ifadəsində də bu fikir öz əksini tapır:
Fitrətən müsəlman doğulan Hz. Əli (ə) ədalətin səsidir.
İnsan olmaq üçün müsəlman olmaq yox, müsəlman olmaq üçün insan olmaq gərəkdir.
Bu insanlıq Qurani yaşayışın ən yüksək, ən saf və ən gerçək formuludur. Bu yanaşma dinin zahirini yox, ruhunu görür, fiqhi yox, fitrəti görür, adı yox, mahiyyəti görür. Fitrət isə hər insanda olan Allah yönümlü təmiz başlanğıcdır.
Quran deyir: “Hər kəs fitrət üzərə doğulur.”
Fitrət haqqı, ədaləti, mərhəməti qəbul edən daxili mexanizmdir.
Hz. Əli (ə) bu fitrətin ideal təzahürüdür. O, dinin forması ilə deyil, mahiyyəti ilə yaşayan əsl müsəlman idi. Fitrət → insan → müsəlman zəncirinin canlı nümunəsi idi.
Ona görə “Əli Peyğəmbərdən əvvəl də Əli idi, sonra da Əli olaraq qaldı.”
Əsl insan vicdanının səsini eşidəndir. İnsanı insan edən mərhəmət, ədalət, həya, həqiqəti görmək, haqqı qorumaq və ən əsası vicdanın səsini eşitməkdir.
İnsanlıq müsəlmanlığın şərtidir. Bu o deməkdir ki, vicdanı olmayanın imanı yoxdur, ədalətsiz müsəlman yoxdur. Haqq yeməklə “ibadət” bir yerə sığmaz. Müsəlmanlıq əvvəl davranışdan, sonra dildən keçir. Əsl din xaricdən içəri yox, içəridən çölə yayılır.
Yəni iman insanlıqdan doğur, insanlıq isə imanı həqiqiləşdirir.
Hətta Peyğəmbər (s) belə deyirdi:
“Din gözəllikdir. Gözəllik olmayan yerdə din yoxdur.” “Ən kamil imanlı insan – əxlaqı ən gözəl olandır.”
İnsan fitrətindən dönərsə, özünə zülm edər və yoldan çıxar. İç işıq sönəndə yol qaranlıqlaşır, addım səhv olur və əməl saleh olmur.
© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar27 Avqust 2026264
-
QURANDA QƏZA VƏ QƏDƏRƏn çox oxunanlar22 Avqust 2026218
-
MERAC VƏ BEŞ VAXT NAMAZƏn çox oxunanlar21 Avqust 2026200
-
Döş sümüyü kəsilmədən ürək əməliyyatı - Minimal invaziv yanaşma ilə qısa müddətdə sağalmaƏn çox oxunanlar23 Avqust 2026190
-
“Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin FərmanıƏn çox oxunanlar22 Avqust 2026188
-
Professor: Nişasta əsaslı şəkər piylənmə və xroniki xəstəliklər riskini artırırƏn çox oxunanlar21 Avqust 2026186
-
Əhli-Beytin haqq və ədalət meyarının kölgələnməsi — Səqifədən başlayan təqibƏn çox oxunanlar23 Avqust 2026184
-
Fransa Prezidenti Emmanuel Makron evtanaziyaya icazə verən qanun imzalayıbƏn çox oxunanlar23 Avqust 2026178
-
Sıxlıqda və pik saatlarda çevik tibbi yardım: “Ambucycle” modeli təqdim olunduƏn çox oxunanlar26 Avqust 2026178
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026170
-
Donor çatışmazlığı dünyada minlərlə həyatı riskə atırƏn çox oxunanlar26 Avqust 2026166
-
Ombudsman cəmiyyəti sülh və insan hüquqları naminə birgə fəaliyyətə səslədiƏn çox oxunanlar23 Avqust 2026166
-
Səqifədən sonra İslam: Əhli-Beytin yaşatdığı irs və İslam intibahının dünyaya yayılan nuruƏn çox oxunanlar27 Avqust 2026160
-
İki əsrlik ürək dərmanı yenidən gündəmdəƏn çox oxunanlar22 Avqust 2026160
-
Yeni Klinikada mürəkkəb kliniki hallar beynəlxalq mütəxəssislərlə müzakirə olunubƏn çox oxunanlar25 Avqust 2026156
-
Quran mərkəzli ədalətli sistem mümkündürmü?Ən çox oxunanlar25 Avqust 2026154
-
Kimyəvi hamiləlik nədir? Əlamətləri və səbəbləriƏn çox oxunanlar22 Avqust 2026152
-
Uşaqların peyvəndlənməsi prosesi davam etdirilirƏn çox oxunanlar22 Avqust 2026152
-
2026–2030-cu illəri əhatə edən Sağlamlıq Turizmi Strategiyası hazırlanırƏn çox oxunanlar24 Avqust 2026144
-
Dəqiq diaqnoz, təhlükəsiz müalicə - Həkim histeroskopiyanın üstünlüklərini açıqlayırƏn çox oxunanlar24 Avqust 2026142