Zikr nədir?
“Zikr” sözü dini həyatımızda o qədər çox işlədilir ki, zaman keçdikcə onun həqiqi mənası arxa plana keçib, forması isə məzmununu əvəz edib. “Zikr etmək” deyiləndə çox vaxt təsbeh çevirmək, müəyyən sözləri müəyyən sayda təkrarlamaq, səsi yüksəltmək və bunu xüsusi ritual halına gətirmək nəzərdə tutulur.
Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.
İnsan nəyi zikr edir? Niyə zikr edir? Zikr onu hara aparmalıdır?
Bu suallar verilmədikdə zikr mənasından qopur. İnsan sözləri təkrar edir, amma nə dediyinin mənasını anlamır sayı artır, amma şüuru dəyişmir; ritual çoxalır, amma Allahı dərk etmə dərinləşmir.
Beləliklə, zikrin özü ilə zikrin ritual forması bir-birinə qarışdırılır.
Mövhumat da, məhz, belə başlayır, insan mənanı itirib formaya bağlanır.
“Zikr” sözünün mənası
Ərəb dilində ذِكْر (zikr) sözü ذ ك ر kökündəndir. Bu kök xatırlamaq, yada salmaq, anmaq, yadda saxlamaq və xatırlatmaq mənalarını ifadə edir.
Deməli, zikrin mərkəzində xatırlama dayanır. Lakin bu xatırlama sadəcə mənasını anlamadan yaddaşın mexaniki fəaliyyəti deyil. İnsan Allahı zikr edirsə, Allahı həyatından çıxarmamalıdır; Onu xatırlayırsa, Onun qarşısındakı məsuliyyətini də unutmamalıdır.
Ona görə də zikri yalnız “Allahın adını təkrar etmək” şəklində məhdudlaşdırmaq onun Qurandakı məna dairəsini kiçiltməkdir.
Daha da maraqlısı budur ki, Quranın özü də Allah tərəfindən “Zikr” adlandırılır:
“Həqiqətən, Zikri Biz nazil etdik və şübhəsiz, onun qoruyucusu da Bizik.” (Hicr, 15:9)
Deməli, Zikr təkcə insanın dilindən çıxan söz deyil. Allahın nazil etdiyi ayənin özü də Zikrdır.
Əgər Quran Zikrdirsə, onda Quranı oxumaq, anlamaq və onun üzərində düşünmək zikrin mahiyyətindən kənar ola bilməz.
Zikr dil ilə başlayıb şüurda davam etməlidir
Quranın insan üçün göndərdiyi ayəni sadəcə səsləndirmək onun məqsədi deyil.
Quran deyir: “Məgər onlar Quran üzərində düşünmürlər?” (Nisa, 4:82)
Başqa bir ayədə isə:
“Bu, sənə nazil etdiyimiz mübarək bir Kitabdır ki, onun ayələri üzərində düşünsünlər və ağıl sahibləri öyüd alsınlar.” (Sad, 38:29)
Burada ardıcıllıq açıqdır:
oxumaq → düşünmək → dərk etmək → öyüd almaq.
Deməli, Quranla münasibət yalnız dil, danışıq səviyyəsində qala bilməz. İnsan bir mətni yüz dəfə oxuyub bir dəfə də düşünmürsə, təkrarın sayı onun dərk səviyyəsini göstərmir. Eyni şəkildə, bir insan mənasını bilmədiyi sözləri təsbehlə yüzlərlə dəfə təkrar edə bilər, amma bu onun Allahı yüzlərlə dəfə daha çox dərk etdiyini göstərmir.
Say çoxala bilər, amma mahiyyət dəyişməz.
Mövhumat necə yaranır?
Mövhumat çox vaxt həqiqətin yoxluğundan deyil, həqiqətin formasının onun mahiyyətini əvəz etməsindən yaranır.
Əvvəlcə insan Allahı tanımaq istəyir. Sonra ona Allah haqqında düşünmək əvəzinə müəyyən sözləri mənasını bilmədən təkrar etmək öyrədilir, həmin sözlər müəyyən saylara bağlanır.
Daha sonra say müqəddəsləşdirilir. İnsana deyilir ki, filan sözü filan qədər desən, filan nəticəni əldə edəcəksən.
Beləcə Allahı dərk etməyin yerini ritualın mexaniki icrası tutur.
İnsan artıq “Allah nə istəyir?” sualını vermir.
“Neçə dəfə deməliyəm?” sualını verir.
“Bu ayə mənə nə deyir?” soruşmur.
“Bu sözü neçə dəfə təkrarlamalıyam?” soruşur.
“Allahın qarşısında necə yaşamalıyam?” düşünmür.
“Bu əməli etsəm, hansı savabı qazanaram?” düşünür.
Beləliklə, Allahı tanımaq istəyən insan tədricən ritualın sayını hesablamağa başlayır.
Bu, zikrin məzmundan formaya çevrilməsinin ən təhlükəli mərhələsidir.
Əsl zikrin ilk addımı Quranı oxumaqdır
Əgər Quran özü Zikrdirsə, zikrin ən mühüm yollarından biri Allahla birbaşa əlaqə qurmaqdır.
Amma Quranı oxumaq yalnız ərəb sözlərini mənasını bilmədən əzbərdən səsləndirmək demək deyil. Oxumaq anlamağa yönəlməkdir.
Quran deyir: “Quranı tərtil (aramla) ilə oxu.” (Müzzəmmil, 73:4)
Quranın məqsədi insanın dilini məşğul edib ağlını kənarda saxlamaq deyil.
O, insanın düşüncəsini oyadır, ona sual verir, onu öz varlığı haqqında düşünməyə, yaradılışa baxmağa, haqq ilə batili ayırmağa çağırır.
Beləliklə, zikrin ilk canlı forması Quranla şüurlu münasibətdir.
İkinci addım Quranı dərk etməkdir
Quranı oxuyan insan düşünür. Düşünən insan isə tədricən Allahın yaratdığı nizamı, öz varlığını və həyatdakı məsuliyyətini dərk etməyə başlayır...
Burada zikr artıq sadəcə “xatırlama” deyil, insanın şüurunda həqiqətin daim canlı qalmasıdır.
Allahı dərk edən insan artıq Allahı yalnız dilində deyil, qərarlarında da xatırlayır, ədalətli olur.
Haqqı dərk edən insan haqsızlığı asanlıqla qəbul etmir.
Məsuliyyətini dərk edən insan hərəkətlərinə bəhanə axtarmır.
Öz faniliyini dərk edən insan təkəbbürünü müqəddəsləşdirmir.
Beləliklə, dərk edilməyən söz zikrin formasını yarada bilər, amma dərk edilmiş həqiqət zikrin ruhunu yaradır.
Üçüncü addım imandır
Dərk insanı imana aparır. İman isə sadəcə “inanıram” demək deyil, insanın dərk etdiyi həqiqətə etibar və bağlılıqla yönəlməsidir.
Burada mühüm bir fərq yaranır: Təqlid edilən inanc insanı asılı edə bilər, dərk edilən iman isə insanı azad edir.
Çünki insan nəyə və niyə inandığını dərk etdikdə onu qorxutmaq, aldadıcı ritual və mövhumatlarla idarə etmək çətinləşir.
Belə insan “mənə belə deyiblər”lə kifayətlənmir.
O soruşur: “Quran nə deyir?”
Dördüncü addım duadır
Bəs Allahı dərk edən insan nə edir?
Allaha yönəlir. Bu yönəlişin ən mühüm ifadələrindən biri "dua"dır.
Quran buyurur: “Rəbbiniz buyurdu: Mənə dua edin, Mən də sizin duanızı qəbul edim…” (Ğafir, 40:60)
Dua yalnız Allahdan nəsə istəmək deyil, insanın Allahı dərk etdikdən sonra Ona səmimi şəkildə yönəlməsidir.
İnsan Allahı dərk etdikcə öz məhdudluğunu da dərk edir, öz gücünün mütləq olmadığını anlayır, hər şeyə sahib olmadığını, hər şeyə nəzarət edə bilmədiyini anlayır və bu dərk onu Allaha yönəldir.
Səmimi dua zamanı insan öz mənliyini, təkəbbürünü və saxta müstəqillik hissini arxa plana keçirir. Bu mənada duanın dərinliyi sözlərin çoxluğunda deyil, Allaha yönəlişin səmimiyyəti ilə ölçülür.
Beşinci addım əməldir
Lakin proses burada da bitmir. Əgər insan Allahı dərk edir, iman edir, dua edir, amma həyatında heç nə dəyişmirsə, onda zikrin nəticəsi haradadır?
Həqiqi zikr insanı həyata qaytarmalıdır.
Allahı xatırlayan insan zülmdən çəkinməlidir.
Haqqı dərk edən insan haqsızlıq qarşısında haqqı satmamalıdır.
Məsuliyyətini dərk edən insan məsuliyyətdən qaçmamalıdır.
Şükür edən insan neməti yalnız dilində deyil, davranışında da göstərməlidir.
Beləliklə, zikrin yolu:
Quranı oxu → düşün → dərk et → iman et → dua et → yaşa.
Bu ardıcıllığın hamısını əməlində diri saxlamaq isə zikrdir, yəni Allahı unutmamaqdır.
Bəs təsbeh?
Burada təsbehə qarşı çıxmaq məsələnin mahiyyəti deyil. Təsbeh sadəcə bir vasitə ola bilər. Problem vasitənin məqsədə çevrilməsidir.
Təsbeh insanın saymasına kömək edə bilər, amma təsbeh insanın yerinə düşünə bilməz.
Təsbeh insana Allahı dərk etdirə, imanın yerini tuta bilməz, duanın səmimiyyətini təmin edə, insanı yaxşı və ədalətli edə bilməz. Buna görə məsələ təsbeh deyil.
İnsan təsbehi idarə edir, yoxsa təsbeh insanın zikr anlayışını idarə edir?
Əgər insan mənasını bilmədiyi sözləri yalnız say naminə təkrarlayırsa, burada sayın çoxluğu mənanın dərinliyinə çevrilmir. Min dəfə təkrar edilən anlaşılmamış söz, bir dəfə dərk edilən həqiqətdən üstün deyil.
Zikr insanı azad etməlidir
Əsl zikrin ən böyük xüsusiyyətlərindən biri budur: O, insanı insandan asılılıqdan çıxarıb Allaha bağlayır.
Mövhumat isə bunun əksini edir, insanı qorxudur, ona gizli qüvvələrdən, sirli rəqəmlərdən, anlaşılmaz ritual nəticələrindən danışır. İnsan tədricən öz ağlına yox, vasitəçilərə güvənməyə başlayır, artıq sual vermir, araşdırmır.
Beləliklə, Allahla insan arasındakı canlı münasibətin yerini vasitəçilər, rituallar və qorxular tutur.
Halbuki Quran insanı düşünməyə çağırır. Ona görə də Quranın Zikr olması çox böyük məna daşıyır:
İnsanı mövhumatdan çıxaran ən böyük vasitə yenə zikrin özünə — Qurana qayıtmaqdır.
Zikr, təfəkkür və şahidlik
Zikr — həqiqəti unutmağa qoymur.
Təfəkkür — həqiqəti anlamağa kömək edir.
Şahidlik — dərk etdiyin həqiqəti həyatında təsdiq edir.
Bunlar Quranın “imanın üç sütunu” adı ilə verdiyi hazır təsnifat deyil, Qurani düşüncə üzərində qurulan məntiqi bir modeldir.
İnsan zikr edir, amma düşünmürsə, asanlıqla rituala qapıla bilər. Düşünür, amma dərk etdiyi həqiqətə bağlanmırsa, düşüncə yalnız intellektual məşğələyə çevrilə bilər. Dərk edir, amma yaşamaqdan qorxursa, həqiqət onun həyatına çevrilməz.
Deməli:
Unutma.
Düşün.
Dərk et.
İman et.
Dua et.
Düz yaşa.
Son söz: zikrin ölçüsü say deyil, dəyişiklikdir
Zikr insanın dilini deyil, şüurunu diri saxlamalıdır. Allahın adını çəkib Onun haqqını unutmaq zikrin mahiyyəti ilə uzlaşmır. Quran oxuyub mənası üzərində düşünməmək, dua edib həyatında heç nəyi dəyişməmək, təsbehi əlindən salmayıb başqasının haqqını tapdalamaq insanın zikrlə davranışı arasında ziddiyyət yaradır. Çünki zikrin həqiqəti sözlərin çoxluğunda deyil, insanın Allahı xatırlayaraq necə yaşamasındadır. Mənasını dərk etmədiyin bir mətni təsbehlə yüzlərlə dəfə təkrarlamaq isə zikrin mahiyyətini deyil, yalnız təkrarı göstərir.
Zikr Allahın mesajını xatırlamaq, onu dərk etmək və həmin dərki həyatda diri saxlamaqdır.
Quranı oxu ki, biləsən.
Düşün ki, dərk edəsən.
Dərk et ki, iman edəsən.
İman et ki, Allaha yönələsən.
Allaha yönəl ki, dua edəsən.
Dua et ki, həyatın dəyişsin.
Allahı zikr etmək — Allahı həyatından çıxarmamaqdır.
Buna görə həqiqi zikrin ən sadə düsturu budur:
oxu, dərk et, iman et, dua et, düz yaşa.
Zikr dərk etməkdir, düşüncəni başqasına təslim etməyib həqiqəti mövhumatdan ayırmaq, imanı təqliddən azad edib Allaha birbaşa yönəlmək və düz yaşayaraq bu zikri dilində deyil, bütün həyatında şahid etməkdir.
© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar27 Avqust 2026266
-
QURANDA QƏZA VƏ QƏDƏRƏn çox oxunanlar22 Avqust 2026218
-
MERAC VƏ BEŞ VAXT NAMAZƏn çox oxunanlar21 Avqust 2026200
-
Döş sümüyü kəsilmədən ürək əməliyyatı - Minimal invaziv yanaşma ilə qısa müddətdə sağalmaƏn çox oxunanlar23 Avqust 2026190
-
“Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin FərmanıƏn çox oxunanlar22 Avqust 2026188
-
Professor: Nişasta əsaslı şəkər piylənmə və xroniki xəstəliklər riskini artırırƏn çox oxunanlar21 Avqust 2026186
-
Əhli-Beytin haqq və ədalət meyarının kölgələnməsi — Səqifədən başlayan təqibƏn çox oxunanlar23 Avqust 2026184
-
Sıxlıqda və pik saatlarda çevik tibbi yardım: “Ambucycle” modeli təqdim olunduƏn çox oxunanlar26 Avqust 2026180
-
Fransa Prezidenti Emmanuel Makron evtanaziyaya icazə verən qanun imzalayıbƏn çox oxunanlar23 Avqust 2026178
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026172
-
Donor çatışmazlığı dünyada minlərlə həyatı riskə atırƏn çox oxunanlar26 Avqust 2026166
-
Ombudsman cəmiyyəti sülh və insan hüquqları naminə birgə fəaliyyətə səslədiƏn çox oxunanlar23 Avqust 2026166
-
Səqifədən sonra İslam: Əhli-Beytin yaşatdığı irs və İslam intibahının dünyaya yayılan nuruƏn çox oxunanlar27 Avqust 2026162
-
İki əsrlik ürək dərmanı yenidən gündəmdəƏn çox oxunanlar22 Avqust 2026160
-
Yeni Klinikada mürəkkəb kliniki hallar beynəlxalq mütəxəssislərlə müzakirə olunubƏn çox oxunanlar25 Avqust 2026156
-
Quran mərkəzli ədalətli sistem mümkündürmü?Ən çox oxunanlar25 Avqust 2026154
-
Kimyəvi hamiləlik nədir? Əlamətləri və səbəbləriƏn çox oxunanlar22 Avqust 2026152
-
Uşaqların peyvəndlənməsi prosesi davam etdirilirƏn çox oxunanlar22 Avqust 2026152
-
2026–2030-cu illəri əhatə edən Sağlamlıq Turizmi Strategiyası hazırlanırƏn çox oxunanlar24 Avqust 2026146
-
Dəqiq diaqnoz, təhlükəsiz müalicə - Həkim histeroskopiyanın üstünlüklərini açıqlayırƏn çox oxunanlar24 Avqust 2026144