Kəlmeyi-şəhadət insanın İslama gəldiyini bildirən əsas etiqad bəyanıdır. Bu bəyan iki əsas həqiqəti, yəni Allahdan başqa ilahın olmadığını bildirən tövhid və Məhəmməd peyğəmbərin Allahın elçisi olduğunu bildirən risalət prinsiplərini təsdiq edir.
Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.
Kəlmeyi-şəhadətin ərəb dilindəki düzgün mətni "أَشْهَدُ أَنْ لَا إِلٰهَ إِلَّا اللّٰهُ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللّٰهِ" şəklindədir və Azərbaycan dilində mənası “Şəhadət edirəm ki, Allahdan başqa heç bir ilah yoxdur və şəhadət edirəm ki, Məhəmməd Allahın elçisidir” deməkdir.
Bu forma sünni və şiə məzhəblərində tamamilə ortaqdır. Şiə fiqhində bəzən əlavə olaraq “Əliyyun vəliyyullah” deyilsə də, bu ifadə kəlmeyi-şəhadətin rüknü hesab edilmir.
Kəlmeyi-şəhadəti təsdiq edən bir çox Qurani-Kərim ayələri mövcuddur. İlk növbədə, "Lə ilahə illəllah" hissəsini, yəni Allahın təkliyini (tövhidi) açıq şəkildə təsdiq edən ayələrə nəzər salaq.
Ali-İmran surəsinin 18-ci ayəsində buyurulur: “Allah şahidlik etdi ki, Ondan başqa ilah yoxdur…”
Həmçinin Muhəmməd surəsinin 19-cu ayəsində “Bil ki, Allahdan başqa ilah yoxdur.” deyə bəyan edilir.
Mövzu ilə bağlı Ənbiya surəsinin 25-ci ayəsində “Səndən əvvəl göndərdiyimiz hər elçiyə vəhy etdik ki: Məndən başqa ilah yoxdur, Mənə ibadət edin.” hökmü verilmişdir.
Zümər surəsinin 45-ci ayəsində isə “Allah tək olaraq xatırlandıqda, axirətə inanmayanların qəlbləri nifrətlə daralır…” ifadəsi keçir ki, bu da birbaşa tövhid inancı ilə əlaqəlidir.
Kəlmeyi-şəhadətin ikinci tərəfi olan Məhəmməd peyğəmbərin Allahın elçisi olduğunu təsdiq edən ayələr isə "Məhəmmədun rəsulullah" hissəsinin Qurani əsasını tam şəkildə göstərir.
Fəth surəsinin 29-cu ayəsində açıqca “Məhəmməd Allahın elçisidir…” deyə bəyan olunmuşdur.
Əhzab surəsinin 40-cı ayəsində onun mövqeyi “Məhəmməd… Allahın elçisi və peyğəmbərlərin sonuncusudur.” şəklində təsdiq edilir.
Saff surəsinin 6-cı ayəsində isə “…məndən sonra gələcək, adı Əhməd olan bir elçi…” müjdəsi ilə bu risalətə işarə olunur.
Qeyd edək ki, kəlmeyi-şəhadət Quranda bütöv bir ayə şəklində, yəni tək bir cümlə olaraq keçmir. Lakin bu ifadəni formalaşdıran hər iki hissənin hər biri Qurani-Kərimdə dəfələrlə və olduqca açıq şəkildə təsdiq olunur. Məhz buna görə də kəlmeyi-şəhadət Qurana əsla zidd deyil, əksinə, birbaşa Qurandan çıxarılan ən əsas iman xülasəsidir.
Kəlmeyi-şəhadət niyə Quranda birgə və tək cümlə şəklində gəlmir?
İlahiyyat elmində tez-tez qarşıya çıxan bu sualın cavabı Quranın ümumi metodologiyasında gizlidir. Çünki Quranda əsas məqsəd sadəcə bir “şüar” vermək deyil, bütöv bir etiqadı qurmaqdır. Quran öz mahiyyəti etibarilə bir iman formulu kitabı deyil, hidayət, təlim və islah kitabıdır.
Bəqərə surəsinin 2-ci ayəsində bu həqiqət açıq şəkildə bəyan olunur. Ona görə də Quran etiqadı tədricən, ayrı-ayrı mövzularla, birbaşa insanın ağlına və qəlbinə yönəlik şəkildə inşa edir, kəlmeyi-şəhadət isə məhz bu uzun ilahi təlimin yekun xülasəsi kimi formalaşıb.
Quranda iki hissə ayrı-ayrılıqda, lakin mükəmməl bir daxili məntiqlə verilir. İlk növbədə, tövhid prinsipi əvvəlcədən qurulur.
Məkkə dövründə enən ayələrin böyük əksəriyyəti yalnız “Allahdan başqa ilah yoxdur” həqiqətini vurğulayır. Məsələn, Ənbiya surəsinin 25-ci, Muhəmməd surəsinin 19-cu ayələri və bütövlükdə 112-ci surə olan İxlas surəsi buna bariz nümunədir.
Bu ilkin mərhələdə hələ “Məhəmmədə iman” belə çoxları üçün böyük bir sınaq idi və əsas hədəf cəmiyyətdəki şirk zehniyyətini tamamilə dağıtmaqdan ibarət idi.
Tövhid inancı qəbul edildikdən sonra isə risalət, yəni elçilik missiyası möhkəmləndirilir. Quran sanki bu mərhələdə insana "Bu tövhidi sənə Məhəmməd vasitəsilə çatdırdım" mesajını verir.
Fəth surəsinin 29-cu və Əhzab surəsinin 40-cı ayələri bu risaləti təsdiq edir. Beləliklə, Qurani nizam əvvəlcə kimə ibadət edəcəyini, sonra isə bu ibadəti necə və kim vasitəsilə həyata keçirəcəyini sistemli şəkildə öyrədir.
Digər tərəfdən, Qurani metod bizə göstərir ki, şəhadət, yəni şahidlik anlayışı sadəcə bir cümlə deyil, bütöv bir həyat mövqeyidir. Quranda şəhadət hazır bir mətni mexaniki şəkildə oxumaq deyil, dərk edilmiş bir mövqe nümayiş etdirməkdir.
Ali-İmran surəsinin 18-ci ayəsində bildirilir: “Allah şahidlik etdi ki, Ondan başqa ilah yoxdur…”
Diqqət etmək lazımdır ki, burada Allah “şahidlik etdi”, lakin hazır bir “şəhadət formulu” oxumadı. Deməli, Quran insanlara mətn əzbərlətmir, onlarda real bir şahidlik mövqeyi formalaşdırır.
Bu baxımdan, kəlmeyi-şəhadət Qurandan kənar bir əlavə deyil. Quran ümumi prinsipləri verir, Peyğəmbər isə onları praktik ifadəyə çevirir. Məsələn, namazın rükət sayları Quranda birbaşa yazılmayıb, amma namaz bütövlükdə Qurandandır.
Eyni şəkildə, kəlmeyi-şəhadətin konkret cümlə forması Quranda yoxdur, amma məzmunu tamamilə Qurandandır. Əgər bu ifadə Quranda tək bir cümlə olsaydı, bu, elə bəşəriyyətin xilas məqsədinə zidd olardı. Əgər Quranda "De: Lə ilahə illəllah və Mühəmmədun rəsulullah" şəklində bir ayə olsaydı, onda insanlar bunu yalnız dildə deyib, mənasını heç yaşamadan keçə bilərdilər. Halbuki Hucurat surəsinin 14-cü ayəsində bəyan edildiyi kimi, Quran dəfələrlə xəbərdarlıq edir: “Onlar ‘inandıq’ deyirlər, amma qəlbləri inanmayıb”. Məhz bu səbəbdən Quran etiqadı quru cümlələrlə deyil, şüurlu və əməli bir şahidliklə qurmağı hədəfləyir.
Quran etiqadı mərhələli şəkildə qurur, burada tövhid əsas, risalət isə vasitədir.
Şəhadət quru bir formul deyil, bütöv bir həyat mövqeyidir.
Kəlmeyi-şəhadət Qurani həqiqətlərin sünnəvi xülasəsidir və burada sadəcə bir mətn əzbərləmək yox, birbaşa insan şüuru hədəflənir.
Qurana inanıb Peyğəmbəri qəbul etməyənlərin problemi nədir?
İlk növbədə, Quran Peyğəmbərsiz əsla anlaşıla bilməz. Quranda Məhəmməd peyğəmbər sadəcə ayələri oxuyan biri deyil, həm də onları açıqlayan, tətbiq edən və ümmətə nümunə olan şəxsdir.
Nəhl surəsinin 44-cü ayəsində buyurulduğu kimi, “Sənə Zikri (Quranı) nazil etdik ki, insanlara onlara endiriləni açıqlayasan.”
Deməli, ilahi nizamda həm Quran var, həm də onu izah edən peyğəmbər mövcuddur. Buna görə də Qurana inanıb bu izahı rədd etmək yarım imandır. Bu səbəbdən “Qurana inanıram, Peyğəmbərə yox” mövqeyi tamamilə Quranın özünə ziddir. Bu iddia öz-özünü təkzib edir, çünki Nisa surəsinin 80-ci ayəsində “Peyğəmbərə itaət edən, Allaha itaət etmiş olar.” deyə bəyan edilir.
Ali-İmran surəsinin 31-ci ayəsində isə “De: Əgər Allahı sevirsinizsə, mənə tabe olun.” əmri verilir.
Quranın özü açıq şəkildə Peyğəmbərə tabe olmağı əmr edirsə, onu qəbul etməmək elə Quranın əmrini rədd etmək deməkdir. Tarixə baxdıqda da keçmiş ümmətlərin də əsas probleminin məhz bu olduğunu görürük. İnsanlar çox vaxt “Allaha inanırıq, amma elçini qəbul etmirik” deyirdilər.
Bəqərə surəsinin 87-ci ayəsində bu təkəbbür, “Hər dəfə sizə nəfsinizin xoşuna gəlməyən bir elçi gəldikdə, təkəbbür göstərdiniz…” şəklində xatırladılır.
Muminun surəsinin 47-ci ayəsində isə insanların “Biz özümüz kimi bir insana iman edəkmi?” deyərək etiraz etdikləri bildirilir.
Buradakı əsas problem insanların Allahı uzaq və mücərrəd bir anlayış kimi qəbul etdikləri halda, Onun bir insan vasitəsilə danışmasını həzm edə bilməmələri idi.
Bu mövqenin arxasında adətən müəyyən psixoloji səbəblər dayanır. Bunlardan birincisi, hesabat vermək istəməmək duyğusudur. Çünki Peyğəmbər konkret əmrlər gətirir və real bir həyat tərzi nümayiş etdirir. Allahı yalnız “ümumi bir anlayış” kimi qəbul etmək isə insanda məsuliyyətsiz bir iman formalaşdırır.
İkincisi isə avtoritet problemidir. Peyğəmbəri qəbul etmək “mənim şəxsi fikrim yox, vəhy əsasdır” deməkdir ki, bu da birbaşa insan hisslərinə və eqosuna toxunur.
Zümər surəsinin 45-ci ayəsində qeyd edildiyi kimi, “Allah tək xatırlandıqda… qəlbləri daralır” həqiqəti bu psixologiyanı ifşa edir.
Nəticə etibarilə, “Yalnız Quran” deyərək Peyğəmbəri dövrədən çıxarmaq praktiki olaraq mümkün deyil. Namazın neçə rükət olduğu, zəkatın nisbəti və ya həccin necə ediləcəyi kimi sadə sualların cavabına baxdıqda görürük ki, Quranda bu barədə əmrlər olsa da, icra detalları yoxdur.
Həşr surəsinin 7-ci ayəsindəki “Peyğəmbər sizə nə verərsə onu alın, nədən çəkindirərsə ondan çəkinin.” hökmü olduqca açıqdır. Bu ilahi prinsip bizə göstərir ki, Quran və Peyğəmbər bir yerdə dini təşkil edir və biri olmadan digəri natamamdır.
Nisa surəsinin 150 və 151-ci ayələrində bu məsələyə olduqca kəskin bir nöqtə qoyularaq buyurulur: “Allaha inanıb peyğəmbərləri inkar etmək istəyənlər… onlar həqiqi kafirlərdir.” Bu, ilk baxışda olduqca ağır bir ifadə kimi görünə bilər, lakin səbəbi tamamilə aydındır. Çünki Allahın göndərdiyi peyğəmbəri rədd etmək, mahiyyət etibarilə birbaşa Allahın öz seçimini və iradəsini rədd etmək deməkdir.
Qurana inandığını iddia edib Peyğəmbəri qəbul etməyənlərin əsas problemi bir neçə mühüm amillə bağlıdır. Onlar Qurana zidd bir mövqe tutur, dini yalnız öz şəxsi düşüncələrinə endirir və real məsuliyyətlərdən qaçırlar. Eyni zamanda tarixdəki digər ümmətlərin etdiyi səhvi yenidən təkrarlayır və praktik olaraq dini yaşaya bilmirlər.
“Peyğəmbərləri bir-birindən ayırmırıq” ayəsi nə deməkdir?
İlahiyyatda tez-tez müzakirə olunan məsələlərdən biri də peyğəmbərlərin bir-birindən fərqləndirilməməsi mövzusudur.
Bəqərə surəsinin 285-ci ayəsində buyurulur: “…Biz Onun peyğəmbərlərindən heç birini bir-birindən ayırmırıq…”
Bu ayə peyğəmbərlərin ontoloji, yəni dəyər baxımından bərabərliyini bildirir. Başqa sözlə, biz iman gətirənlər olaraq heç bir peyğəmbəri inkar etmirik, onların heç birini yalançı saymırıq və hamısının Allah tərəfindən göndərildiyini eyni şəkildə qəbul edirik.
Lakin bu ayə peyğəmbərlərin funksiya, vəzifə və risalətin əhatəsi baxımından tam bir eynilik içində olması demək deyil. Əks halda, Qurani-Kərimdə Bəqərə surəsinin 253-cü ayəsi - “O peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik.” olmazdı.
Deməli, biz peyğəmbərləri iman baxımından bir-birindən ayırmırıq. Burada vəzifə və risalət baxımından isə aralarında müəyyən fərqlər var. Bu iki ayə bir-birinə zidd deyil, sadəcə məsələnin fərqli səviyyələrini ifadə edir.
Quran bütün bəşəriyyət üçündürsə, niyə məhz Həzrəti Məhəmməd mərkəzdədir?
Bunun səbəbi çox sadədir, çünki Quranın özü bunu açıq şəkildə tələb edir.
Əraf surəsinin 158-ci ayəsində buyurulur: “De: Ey insanlar! Mən Allahın sizə hamınıza göndərilmiş elçisiyəm.”
Bu ifadə Hz Musa, Hz İsa və ya Hz İbrahim üçün işlədilməyib. Onlar yalnız öz qövmlərinə və öz zamanlarına göndərilmiş peyğəmbərlər idilər.
Hz Məhəmməd isə "linnasi kaffəh", yəni bütün insanlara göndərilmiş elçidir və Əhzab surəsinin 40-cı ayəsində qeyd olunduğu kimi, "xatəmən-nəbiyyin" – yəni peyğəmbərlərin sonuncusudur.
Bu mühüm məqam onu digər elçilərdən dəyər və insanlıq baxımından deyil, məhz risalətinin əhatə dairəsi baxımından fərqləndirir.
Yəhudilər və xristianlar kəlmeyi-şəhadəti necə deməlidirlər?
Peyğəmbərlərin risalət dairəsindəki bu fərqlilik yəhudilər və xristianların kəlmeyi-şəhadəti necə deməli olduqları məsələsində də özünü göstərir. Bu mövzunu düzgün anlamaq üçün tarixi və hüquqi fərqləri bir-birindən mütləq ayırmaq lazımdır.
Hər bir peyğəmbərin öz zamanında şəhadətin forması fərqli idi. Məsələn, Hz Musa dövründə yaşayan bir insan üçün iman “Allah təkdir və Musa Onun elçisidir” şəklində ifadə olunurdu. Eyni şəkildə, Həzrəti İsa dövründə yaşayanlar üçün də “Allah təkdir və İsa Onun elçisidir” demək tamamilə doğru və keçərli idi, çünki son elçi hələ gəlməmişdi.
Lakin Hz Məhəmmədin gəlişindən sonra bu vəziyyət dəyişir. Ali-İmran surəsinin 85-ci ayəsində bu xüsusda qəti bir hökm verilərək buyurulur: “Kim İslamdan başqa din axtararsa, ondan qəbul olunmaz.”
Buradakı “İslam” anlayışı geniş mənaya malikdir. Hz Musanın dini öz zamanında İslam idi, Hz İsanın dini də öz zamanında İslam idi, lakin Hz Məhəmmədin gətirdiyi din isə Maidə surəsinin 3-cü ayəsində bildirildiyi kimi artıq tamamlanmış İslamdır.
Bu səbəbdən son elçi gəldikdən sonra əvvəlki peyğəmbərlərə inanıb, sonuncunu inkar etmək yarım itaət, yəni əslində itaətsizlik deməkdir. Bu həqiqət daha əvvəl qeyd olunan Nisa surəsinin 150 və 151-ci ayələrində də olduqca açıq şəkildə ifadə edilib.
Hər qövm öz peyğəmbərini əlavə etsə, din parçalanmazmı?
Dində parçalanma riski yalnız risalət davam etdiyi dönəmlərdə meydana çıxa bilərdi. Halbuki Hz Məhəmməd son peyğəmbərdir və ondan sonra yeni bir risalət missiyası yoxdur. Ona görə də Hz Musa, Hz İsa və Hz Məhəmməd silsiləsi ayrı-ayrı dinlər deyil, tək bir ilahi zəncirin mərhələləridir. Hz Məhəmməd məhz bu zəncirin yekunu və tamamıdır.
Maidə surəsinin 3-cü ayəsində buyurulan “Bu gün sizin üçün dininizi kamil etdim.” hökmü bu bütövlüyü bəyan edir. Çünki kamil olan bir şey artıq nə bölünür, nə də ona hər hansı bir əlavə edilir.
Tarix boyu özlərinə kitab verilənlərin hamısı peyğəmbərdir. Amma Hz Məhəmməd həm peyğəmbərdir, həm də bütün bəşəriyyəti əhatə edən son elçidir. O, tək bir qövmün deyil, bütün insanlığın risalətini daşıyıb və onu tamamlayıb. Bunu Səba surəsinin 28-ci ayəsində Quran özü belə təsdiq edir: “Biz səni bütün insanlara müjdəçi və xəbərdar edici olaraq göndərdik.”
Məsələnin son xülasəsini bir cümlə ilə ifadə etməli olsaq, biz peyğəmbərləri iman baxımından bir-birindən ayırmırıq. Lakin “Məhəmmədən rəsulullah” ifadəsini risalətin tamamlanması baxımından mərkəzə qoyuruq. Deməli, kəlmeyi-şəhadət dində bir parçalanma deyil, əksinə, tam bir birləşdirmə mövqeyi daşıyır. Çünki o, əvvəlki peyğəmbərləri ləğv etmir, sadəcə özündə tamamlayır.
Quranda niyə Əhli-Kitab hələ də ayrıca xitab olunur?
İlk növbədə Əhli-Kitabın, yəni Tövrat verilmiş yəhudilərin və İncil verilmiş xristianların kimliyini və onlara niyə ayrıca xitab olunduğunu anlamaq lazımdır. Quran onları müşriklərlə eyni kateqoriyaya salmır, çünki onların köklü bir vəhy tarixi, peyğəmbər ənənəsi və tövhid əsası mövcuddur.
Bəqərə surəsinin 62-ci ayəsində buyurulan “İman edənlər, yəhudilər, xristianlar… kim Allaha və axirət gününə iman edər və saleh əməl işləyərsə…” hökmü bu tarixi mövqeyi açıqca göstərir.
Bu ayə bizə öyrədir ki, öz zamanlarında tam bir doğru imanla yaşayanlar Allah qatında əsla dəyərsiz deyillər.
Quran Əhli-Kitabı tanıyır, amma şərtsiz olaraq təsdiqləmir. Ali-İmran surəsinin 70-ci ayəsində yer alan “Ey Əhli-Kitab! Niyə haqqı batillə qarışdırırsınız?” xəbərdarlığı və Maidə surəsinin 15-ci ayəsindəki “Ey Əhli-Kitab! Sizə elə bir elçimiz gəldi ki, Kitabdan gizlətdiklərinizi açıqlayır.” bəyanı bunu sübut edir.
Deməli, ayrıca xitab sırf dialoq və dəvət məqsədi daşıyır.
Əhli-Kitaba ayrıca xitab olunmasının üç əsas səbəbi
Birincisi, tarixi ardıcıllıq prinsipidir. Çünki Quran özünü yeni bir din kimi deyil, eyni ilahi xəttin davamı kimi təqdim edir.
Şura surəsinin 13-cü ayəsi (“Nuh, İbrahim, Musa və İsaya tövsiyə etdiyini sənə də din olaraq buyurdu.”) onlara sanki "Siz bu xəttə yad deyilsiniz, biz eyni kökdənik" mesajını verir.
İkincisi, hüccətin tamamlanması məqsədidir. Əhli-Kitab vəhy tanıyır və peyğəmbərlik anlayışını yaxşı bilir, məhz buna görə də onların ilahi dəvət qarşısındakı məsuliyyətləri hər kəsdən daha ağırdır.
Bəqərə surəsinin 146-cı ayəsində bəyan edildiyi kimi, “Onlar onu (Peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar.” reallığı bu xüsusi xitabın “Bilmirdik” bəhanəsini tamamilə ortadan qaldırmaq üçün olduğunu göstərir.
Üçüncüsü isə ləğvə deyil, birbaşa islaha çağırış amilidir. Quran əvvəlki peyğəmbərləri ləğv etmir, sadəcə zamanla meydana gəlmiş təhrifləri düzəldir.
Maidə surəsinin 48-ci ayəsində buyurulur: “Biz sənə Kitabı haqq ilə nazil etdik — özündən əvvəlkiləri təsdiqləyən və onları qoruyan olaraq.”
Buradakı qoruyan ifadəsi din üçün ölçü qoyan, düzünü saxlayıb əyrini tamamilə ayıran bir funksiyanı ifadə edir.
Quran Əhli-Kitabı Ali-İmran surəsinin 64-cü ayəsində bəyan olunduğu kimi ortaq bir məxrəcə çağırır: “Gəlin, bizimlə sizin aranızda ortaq bir sözə…”
Bu çağırışın əsasını təşkil edən tövhid, şirkdən imtina və Allahdan başqasını rəbb qəbul etməmək prinsipləri əslində tamamilə yeni bir dinin icadı deyil, məhz onların öz əsl köklərinə qayıdış dəvətidir.
Deməli, Əhli-Kitaba ayrıca xitab olunması hamının eyni dərəcədə haqlı olduğunu və ya paralel nicat yollarının mövcudluğunu göstərmək üçün deyil, sadəcə tarixi ardıcıllığı nümayiş etdirmək, hüccəti tamamlamaq, təhrifləri düzəltmək və son risalətə çağırmaq məqsədi daşıyır.
Bir sözlə, Əhli-Kitab Quranda ayrıca xitab olunur, amma bu, onların ayrıca qalması üçün deyil, məhz son risalətdə birləşməsi üçündür.
“Nəbi” və “rəsul” nə deməkdir?
Qurandakı “nəbi” və “rəsul” terminlərinin dəqiq mənalarını və aralarındakı fərqləri düzgün müəyyənləşdirək.
Nəbi termini dilçilik baxımından xəbər mənasını verən "nəbəʼ" kökündən gəlir və Allahdan vəhy vasitəsilə birbaşa xəbər alan şəxsi ifadə edir.
Nəbi ilahi vəhyi alır, Allahın iradəsini bilir, lakin onun mütləq şəkildə tamamilə yeni bir şəriət gətirməsi şərt deyil.
Rəsul termini isə göndərmək və elçilik mənasını ifadə edən "risalə" kökündən qaynaqlanır və göndərilmiş vəzifəli elçi deməkdir.
Rəsul aldığı vəhyi mütləq şəkildə ictimai müstəvidə insanlara çatdırmaqla mükəlləfdir. O, bununla Allahın hökmünü insanlara bəyan edərək ümmət qarşısında qəti və tamamlayıcı bir hüccət qoyur.
Belə ifadə etmək olar ki, hər rəsul eyni zamanda bir nəbidir, amma hər nəbi rəsul deyildir.
Qurani-Kərimdəki dəlillər bu iki funksional fərqi tam şəkildə ortaya qoyur. Məsələn, bəzi peyğəmbərlər yalnız nəbi statusu ilə xatırlanır.
Məryəm surəsinin 51-ci ayəsində Hz Musa haqqında buyurulur: “O, ixlaslı idi və bir nəbi idi.”
Burada o, nəbi adlandırılsa da, digər ayələrdə rəsul kimi də zikr olunur ki, bu da Musanın hər iki statusa eyni anda malik olduğunu göstərir.
Bəzi şəxslər isə həm nəbi, həm də rəsul olaraq bəyan edilir.
Əhzab surəsinin 40-cı ayəsi - “Məhəmməd… Allahın rəsulu və nəbilərin sonuncusudur.” bu iki fərqli termini və ilahi funksiyanı bir cümlədə toplayır.
Bu baxımdan rəsul anlayışı hər zaman daha ağır bir məsuliyyəti ifadə edir.
Nisa surəsinin 165-ci ayəsi - “(Bütün bunlar) insanlara Allah qarşısında bəhanə qalmasın deyə, rəsullar göndərdik.” rəsulun açıq bir çağırış etdiyini və qəbul edilmədikdə insanların hesabının daha da ağırlaşacağını bəyan edir.
Qurani ardıcıllığa diqqət etdikdə bəzi peyğəmbərlərin əvvəlcə nəbi olduqlarını, daha sonra isə rəsul statusuna yüksəldiklərini görürük.
Həcc surəsinin 52-ci ayəsindəki “Biz səndən əvvəl heç bir rəsul və nəbi göndərmədik ki…” ifadəsi bu iki ayrı kateqoriyanı yanaşı çəkməklə bərabər, rəsulluğu daha geniş və ictimai bir funksiya kimi təqdim edir.
Çünki o, həm nəbi olaraq ilahi vəhyi birbaşa qəbul etmiş, həm rəsul olaraq Səba surəsinin 28-ci ayəsindəki “Biz səni bütün insanlara göndərdik.” hökmünə uyğun şəkildə bütün bəşəriyyətə elçi təyin olunmuş, həm də xatəm olaraq bu ilahi zənciri bütövlükdə özündə tamamlamışdır. Bu xüsusiyyətlərin hamısı eyni anda yalnız onda cəmlənib.
Nəticə etibarilə, nəbi vəhy alan şəxs, rəsul isə göndərilmiş, bəşəriyyətə böyük məsuliyyət yükləyən elçidir və Hz Məhəmməd özündən əvvəlki ilahi mirasları əsla ləğv etmir, əksinə, tamamlayır.
© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar27 Avqust 2026266
-
QURANDA QƏZA VƏ QƏDƏRƏn çox oxunanlar22 Avqust 2026218
-
MERAC VƏ BEŞ VAXT NAMAZƏn çox oxunanlar21 Avqust 2026200
-
Döş sümüyü kəsilmədən ürək əməliyyatı - Minimal invaziv yanaşma ilə qısa müddətdə sağalmaƏn çox oxunanlar23 Avqust 2026190
-
“Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin FərmanıƏn çox oxunanlar22 Avqust 2026188
-
Professor: Nişasta əsaslı şəkər piylənmə və xroniki xəstəliklər riskini artırırƏn çox oxunanlar21 Avqust 2026186
-
Əhli-Beytin haqq və ədalət meyarının kölgələnməsi — Səqifədən başlayan təqibƏn çox oxunanlar23 Avqust 2026184
-
Sıxlıqda və pik saatlarda çevik tibbi yardım: “Ambucycle” modeli təqdim olunduƏn çox oxunanlar26 Avqust 2026180
-
Fransa Prezidenti Emmanuel Makron evtanaziyaya icazə verən qanun imzalayıbƏn çox oxunanlar23 Avqust 2026178
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026172
-
Donor çatışmazlığı dünyada minlərlə həyatı riskə atırƏn çox oxunanlar26 Avqust 2026166
-
Ombudsman cəmiyyəti sülh və insan hüquqları naminə birgə fəaliyyətə səslədiƏn çox oxunanlar23 Avqust 2026166
-
Səqifədən sonra İslam: Əhli-Beytin yaşatdığı irs və İslam intibahının dünyaya yayılan nuruƏn çox oxunanlar27 Avqust 2026162
-
İki əsrlik ürək dərmanı yenidən gündəmdəƏn çox oxunanlar22 Avqust 2026160
-
Yeni Klinikada mürəkkəb kliniki hallar beynəlxalq mütəxəssislərlə müzakirə olunubƏn çox oxunanlar25 Avqust 2026156
-
Quran mərkəzli ədalətli sistem mümkündürmü?Ən çox oxunanlar25 Avqust 2026154
-
Kimyəvi hamiləlik nədir? Əlamətləri və səbəbləriƏn çox oxunanlar22 Avqust 2026152
-
Uşaqların peyvəndlənməsi prosesi davam etdirilirƏn çox oxunanlar22 Avqust 2026152
-
2026–2030-cu illəri əhatə edən Sağlamlıq Turizmi Strategiyası hazırlanırƏn çox oxunanlar24 Avqust 2026146
-
Dəqiq diaqnoz, təhlükəsiz müalicə - Həkim histeroskopiyanın üstünlüklərini açıqlayırƏn çox oxunanlar24 Avqust 2026144