Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 Sentyabr 2026, Bazar, 08:23
Əlaqə vasitələri
Bizimlə əlaqə
Smartfon uşaqlarda qalxanabənzər vəzin xərçənginə səbəb olurmu?
17 Sentyabr 2026
144
Smartfon uşaqlarda qalxanabənzər vəzin xərçənginə səbəb olurmu?

Uşaqların və yeniyetmələrin smartfon və planşetlərdən istifadəsinin sağlamlığa təsiri son illərdə valideynləri narahat edən məsələlərdən birinə çevrilib.

 

Azmedinfo.az xəbər verir ki, həkim-endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Oqtay Hüseynovun sözlərinə görə, uşaqlarda qalxanabənzər vəzin xərçənginin aşkarlanmasının artması ilə mobil telefon istifadəsi arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləyən kifayət qədər elmi sübut yoxdur.

Mütəxəssis bildirir ki, uşaq və yeniyetmələrdə qalxanabənzər vəzin xərçənginin aşkarlanması həqiqətən artıb. Lakin bu artımın mühüm hissəsi ultrasəs müayinəsinin və digər görüntüləmə üsullarının daha geniş tətbiqi, eləcə də əvvəllər klinik olaraq aşkarlanması mümkün olmayan kiçik düyünlərin və papilyar şişlərin müəyyənləşdirilməsi ilə əlaqələndirilir. Bu baxımdan, aşkarlanma göstəricilərinin artmasını yalnız xəstəliyin real yayılmasının artması kimi qiymətləndirmək düzgün olmaz; hiperdiaqnostika amili də nəzərə alınmalıdır.

Oqtay Hüseynov qeyd edir ki, mobil telefonların yaratdığı radiotezlikli elektromaqnit sahələrinin mümkün sağlamlıq təsirləri uzun müddətdir araşdırılır. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) radiotezlikli elektromaqnit sahələrini 2B qrupuna – “insan üçün mümkün kanserogen” kateqoriyasına daxil edib. Lakin “mümkün kanserogen” ifadəsi həmin amilin xərçəngə səbəb olduğunun sübut edilməsi anlamına gəlmir.

Onun sözlərinə görə, mövcud epidemioloji tədqiqatlarda mobil telefondan istifadə ilə qalxanabənzər vəzin xərçəngi arasında etibarlı səbəb-nəticə əlaqəsi müəyyən edilməyib. 2025-ci ildə yayımlanan sistematik icmalın nəticələri də mobil telefon istifadəsi ilə qalxanabənzər vəzin xərçəngi riskinin statistik əhəmiyyətli artımı arasında əlaqəni təsdiqləməyib.

“Bu gün valideynlərə ‘mobil telefon uşaqlarda qalxanabənzər vəzin xərçənginə səbəb olur’ demək üçün kifayət qədər elmi əsasımız yoxdur. Elmi məlumatla ehtimalı bir-birindən ayırmaq vacibdir”, – deyə həkim-endokrinoloq vurğulayıb.

Bununla belə, mütəxəssis kiçik yaşlı uşaqların uzun müddət ekran qarşısında qalmasını düzgün hesab etmir. Onun fikrincə, uşağın ekran vaxtının məhdudlaşdırılması üçün xərçəng qorxusuna ehtiyac yoxdur. Uzunmüddətli və həddindən artıq ekran istifadəsi fiziki aktivliyin azalması, yuxu rejiminin pozulması, diqqət və davranışla bağlı problemlər, həmçinin canlı ünsiyyətin azalması kimi digər sağlamlıq və inkişaf məsələləri ilə əlaqələndirilir.

Xüsusilə erkən yaşlarda uşağı sakitləşdirmək və ya yemək yedirmək üçün davamlı olaraq telefon və planşetdən istifadə vərdişə çevrilməməlidir. Kiçik uşağı sakitləşdirməyin ən asan yolu telefon ola bilər, amma bu, ən düzgün yanaşma demək deyil.

Mütəxəssis hesab edir ki, valideynlər uşaqların ekran qarşısında keçirdiyi vaxta nəzarət etməli, lakin bunu elmi cəhətdən təsdiqlənməmiş xərçəng qorxusu üzərindən deyil, sübut edilmiş sağlamlıq və inkişaf risklərini nəzərə alaraq həyata keçirməlidirlər.

Ən çox oxunanlar