Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 Sentyabr 2026, Bazar, 08:26
Əlaqə vasitələri
Bizimlə əlaqə
Azərbaycanda kök hüceyrə transplantasiyası sahəsində yeniliklər və dövlət dəstəyi
18 Sentyabr 2026
204
Azərbaycanda kök hüceyrə transplantasiyası sahəsində yeniliklər və dövlət dəstəyi
Sümük iliyi transplantasiyası — hematopoetik kök hüceyrə transplantasiyası (HSCT) xəstənin zədələnmiş qan yaradan kök hüceyrələrinin sağlam hüceyrələrlə əvəz edilməsinə əsaslanan müasir müalicə üsuludur.
 
Azmedinfo.az Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına istinadən yazır ki, bu metod əsasən leykoz, limfoma, mieloma, aplastik anemiya, talassemiya və digər ağır hematoloji xəstəliklərin müalicəsində geniş tətbiq olunur.
 
Transplantasiya iki əsas növə bölünür:
 
Autoloji transplantasiya – xəstənin öz kök hüceyrələrindən istifadə olunur.
Allogen transplantasiya – uyğun donorun kök hüceyrələri xəstəyə köçürülür.
 
Azərbaycanda və xaricdə müalicə imkanları
 
Sümük iliyi transplantasiyası sahəsi ölkə rəhbərliyinin və Səhiyyə Nazirliyinin daim diqqət mərkəzində olan istiqamətlərdən biridir. Son illərdə həyata keçirilən tədbirlər nəticəsində həm ölkə daxilində sümük iliyi transplantasiyasının əlçatanlığının və əhatə dairəsinin genişləndirilməsi, həm də uyğun donoru olmayan xəstələrin xaricdə müalicəsinin təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.
 
Azərbaycanda sümük iliyi transplantasiyası
 
2023-cü ildən etibarən sümük iliyi transplantasiyası icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilib. İlkin mərhələdə təqvim ili ərzində icbari tibbi sığorta hesabına həyata keçirilən sümük iliyi və ya hematopoetik kök hüceyrə transplantasiyalarının sayı 20 olaraq müəyyən edilmişdi.
 
2026-cı ilin iyun ayından etibarən isə bu say həddi 20-dən 50-yə çatdırılıb.
 
Beləliklə, sümük iliyi və hematopoetik kök hüceyrə transplantasiyası üzrə icbari tibbi sığorta çərçivəsində təminatın həcmi genişləndirilib və daha çox xəstənin bu müalicə imkanından yararlanması üçün şərait yaradılıb.
 
Xaricdə müalicə və donor axtarışı mexanizmi
 
Donoru olmayan xəstələrin müalicəsinin təmin edilməsi məqsədilə dövlət tərəfindən müvafiq imkanlar yaradılıb.
 
“Sümük iliyi transplantasiyası xidmətlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində 2023-cü ildən etibarən hər il xəstələr növbəlilik prinsipi və tibbi meyarlar əsasında qiymətləndirilərək, onlar üçün uyğun donor axtarışı Türkiyənin “TürkKök” İlik Bankı vasitəsilə həyata keçirilir.
 
Uyğun donor müəyyən edildikdən sonra transplantasiya əməliyyatı dövlət vəsaiti hesabına Türkiyənin Anadolu Sağlık Mərkəzində həyata keçirilir.
 
Koordinasiya və monitorinq
 
Bu prosesdə milli səhiyyə sisteminin rolu yalnız müalicənin təşkili və maliyyələşdirilməsi ilə məhdudlaşmır.
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) ölkə daxilində və xaricdə müalicə alan uşaqların müalicə prosesini koordinasiya edir, onların səhhətinin mütəmadi monitorinqini həyata keçirir və müalicənin ayrı-ayrı mərhələləri arasında qarşılıqlı əlaqəni təmin edir.
 
Beləliklə, həm ölkə daxilində, həm də xaricdə həyata keçirilən transplantasiya proseslərinin vahid koordinasiya mexanizmi əsasında idarə olunması müalicənin davamlılığının təmin edilməsinə və xəstələrin müalicə prosesinin ardıcıl şəkildə izlənilməsinə imkan yaradır.
Ən çox oxunanlar