(ikinci yazı)
Qurani-Kərimin əl-Hicr surəsinin 9-cu ayəsində Allah-Təala buyurur: “Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və onu Biz də qoruyacağıq”.
Bəs burada vəd edilən ilahi qoruma dəqiq nəyi əhatə edir? Yalnız ayələrin özünü və vəhyin mətnini, yoxsa kitab halına salınarkən yaranan bütün struktur xüsusiyyətlərini də?
Bu, ciddi elmi və metodoloji bir sualdır. Biz onun cavabını öncədən hazır qəbul edə bilmərik, həqiqəti elə Quranın özündən araşdırmalıyıq.
Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.
Əgər Quranın ilahi quruluşu ayələrin nazilolma sırasındadırsa, deməli, araşdırmamıza da məhz bu ardıcıllıqdan başlamalıyıq.
İndi isə məntiq bizi ilk böyük sualla üz-üzə qoyur:
Quranın ilk surəsi hansıdır?
Bu gün əlimizdə olan Mushəfdə 1-ci surə əl-Fatihədir.
Nazilolma ardıcıllığında isə ilk nazil olan ayələr Ələq surəsinin ilk ayələridir (96:1–5).
Deməli, artıq başlanğıcda iki fərqli “ilk” anlayışı var:
Kitabın ilk surəsi — Fatihə.
Nazil olan ilk vəhy — Ələq.
Bu iki “ilk”in fərqli olması təsadüfi deyil və araşdırılmalıdır.
Çünki əgər Allah insanı “Oxu!” əmri ilə tərbiyə etməyə başlayırsa, amma kitab “Həmd olsun…” ilə başlayırsa, burada metodoloji sual yaranır:
Niyə Allahın başladığı yerdən yox, başqa yerdən oxumağa başlayırıq?
Bu sual hələ heç kimi ittiham etmir. Sadəcə Quranın öz məntiqi belə bir araşdırma tələb edir və sonrakı addım da buradan başlayır:
“Oxu!” əmri ilə başlayan ilahi təlim necə olub və bugünkü kitabda bunun necə təqdim edildiyini müqayisə edək.
Allahın ilk əmri
İlk nazil olan vəhy:
“Oxu!” (96:1)
Diqqət edin, bu bir məlumat deyil, əmrdir. Deməli, Quranın təlimi hərəkətlə başlayır: oxu, öyrən, düşün, dərk et.
Son dövr nazil olan surələrdə isə artıq dinin tamamlanması (5:3), təbliğin tamamlanması (5:67), hüquqi və ictimai hökmlərin kamilləşməsi kimi mövzular gəlir.
Bu da göstərir ki, Quran inkişaf edən bir təlim sistemidir. Başlanğıc ilə son arasında məqsədli inkişaf var.
Əgər Allah təlimi başlanğıcdan sona doğru qurubsa, onda onu dərk etməyin ən təbii yolu da həmin inkişaf xəttini izləməkdir.
Burada çox mühüm bir prinsip ortaya çıxır:
Quranın nazilolma ardıcıllığı təkcə zaman ardıcıllığı deyil, həm də idrak ardıcıllığı ola bilər.
Əgər bu prinsip doğru çıxarsa, onda nazilolma ardıcıllığı sadəcə tarix məsələsi yox, Quranın dərk edilməsinin metodologiyası olur.
Quran öz tədris proqramını özü qurur
Əgər ilk vəhy “Oxu!” (96:1) ilə başlayırsa, bu o deməkdir ki, Allah əvvəl insanı hazırlayır, sonra ona dini öyrədir.
Diqqət edin, ilk vəhydə namaz, oruc, zəkat, həcc və miras hüququ yoxdur.
Nə var?
Oxu.
Yaradanını tanı.
İnsanın necə yaradıldığını düşün.
Qələmin dəyərini öyrən.
Elmin Allahdan olduğunu dərk et.
Bu, təsadüfi ola bilməz. Deməli, Allah əvvəl şüuru, sonra şəriəti qurur.
Şüur olmadan hökm gəlmir
Nazilolma ardıcıllığına baxdıqda görürük ki, hökmlər bir gündə nazil olmur.
Əvvəl iman, vicdan, təfəkkür, məsuliyyət hissi formalaşdırılır.
Sonra ailə hüququ, iqtisadi münasibətlər, dövlət, müharibə, cəza hüququ və s.
Deməli, Allahın metodu budur:
İnsan yetişmədən hökm verilmir. Bu, çox böyük prinsipdir.
Burada ilk böyük sual yaranır:
Əgər Allah insanı 23 il ərzində tədricən yetişdiribsə, onda biz bu gün niyə Quranı həmin yetişdirmə ardıcıllığı ilə öyrənmirik?
Bu sual hələ heç kimi ittiham etmir. Sadəcə məntiq soruşur.
Əgər müəllif dərsliyi I sinifdən XI sinfə qədər yazıbsa, şagird niyə əvvəl XII sinfin kitabını oxusun?
Burada “Quranın memarlığı” anlayışı meydana çıxır. Necə ki, memar əvvəl bünövrəni tökür, sonra divarları qaldırır, ən axırda damı vurur. Heç bir memar damdan başlamaz.
Əgər sonradan kimsə eyni daşları götürüb damı girişə, bünövrəni isə sona qoysa, daşların heç biri dəyişməz. Amma bina artıq memarın layihəsi olmaz.
Allah niyə ilk gün “Oxu!” dedi?
Çünki həmin bir kəlmə, ola bilsin ki, Quranın bütün metodologiyasının açarıdır. Buradan sonra gələn hər mərhələ həmin “Oxu!” əmrinin üzərində inşa edilir. Bu baxımdan, nazilolma ardıcıllığı sadəcə tarix deyil, həm də ilahi təlimin inkişaf xətti kimi araşdırıla bilər.
Allah nəyi əvvəl tikir?
İlk nazil olan ayələrə baxaq:
“Oxu! Yaradan Rəbbinin adı ilə oxu…” (96:1)
Diqqət edin.
Allah demir namaz qıl, oruc tut, zəkat ver, cihad et.
Əvvəlcə deyir oxu. Bu, Quranın ilk daşıdır.
Sonra deyir:
“…Qələmlə öyrədən…” (96:4)
Yəni ilk gündən insanın qarşısına elm qoyulur.
Sonra “…İnsana bilmədiyini öyrətdi.” (96:5)
Deməli, Quranın başlanğıcı elm fəlsəfəsidir.
Niyə “Oxu”?
Allah insanı əvvəl oxumağa öyrədir, sonra Qurana.
Bu, çox incə fərqdir. Çünki oxumağı bacarmayan adam Quranı da düzgün oxuya bilməz.
Buradakı “Oxu!” təkcə səsi çıxarmaq deyil.
Bu, müşahidə et, araşdır, müqayisə et, əlaqə qur və nəticə çıxar deməkdir. Yəni Quran ilk gündən təfəkkür metodunu öyrədir.
Deməli, ilk nazil olan ayələr metodologiyadır, bu ayələr hələ dini hökmlər deyil. Onlar Quranı necə oxumağın metodunu öyrədir.
Əgər bu nəticə doğrudursa, onda Quranın əvvəlində metodologiya, sonunda isə hüquq sistemi gəlir.
Bu, müəllimin dərs deməsinə bənzəyir. Əvvəl öyrənməyi öyrədir. Sonra elmi öyrədir.
Burada çox mühüm sual yaranır. Əgər Allah ilk nazil etdiyi ayələrdə insana Quranı necə oxumağı öyrədirsə, onda biz niyə Quranı həmin metodologiya ilə öyrənmirik?
Bəs “Oxu!” əmri ilə Allah insanı nəyə hazırlayır?
Əgər ilk əmr “Oxu!”-dursa, onda ilk tələb iman deyil. İlk tələb idrakdır.
Allah “inan!”demədi, “oxu!” dedi. Bu, çox böyük fərqdir. Çünki oxuyan insan anlayır, anlayan insan seçir, seçən insan iman gətirir.
Deməli, Quranın yolu belədir:
Oxu - Düşün - Anla - Seç - İman et
Yoxsa, iman et - sonra düşün deyil. Bu, Quranın öz metodudur.
Niyə Quran bu qədər “ağıl” tələb edir?
Quranda dəfələrlə deyilir:
Ağlınızı işlətmirsinizmi?
Düşünmürsünüzmü?
İbrət almırsınızmı?
Təfəkkür etmirlərmi?
Əgər insan əvvəlcə kor-koranə inanmalı idisə, onda bu qədər sualın mənası qalmazdı.
Deməli, Allah təqlidçi yox, təfəkkür edən insan yetişdirir.
Buradan ilk qanun çıxır:
Qurana görə iman, düşünmənin nəticəsidir, düşünmənin əvəzi deyil.
Bu metod pozularsa nə baş verər?
Əgər insan Allahın öyrətdiyi ardıcıllıqla yetişməzsə, nəticəni başlanğıcdan əvvəl oxuyarsa, hökmləri onların hazırlanma mərhələsindən ayırarsa onda Quranın sözləri eyni qalsa da, Quranın yetişdirdiyi insan dəyişər.
Çünki burada söhbət artıq ayələrin dəyişməsindən yox, insanın dəyişməsindən gedir.
Allah Quranı təkcə nazil etmədi, insanı da həmin nazilolma ardıcıllığı ilə tərbiyə etdi. Quranı bu ardıcıllıqdan ayırmaq, ayələri deyil, insanın yetişmə prosesini dəyişdirir.
Əgər bu yanaşma sistemli şəkildə işlənərsə, o, sadəcə təfsir üsulu deyil, bütöv bir Quran hermenevtikası (Quranı anlama metodologiyası) kimi təqdim oluna bilər. Bu, artıq ayrı-ayrı ayələrin şərhindən daha geniş bir nəzəri çərçivədir.
Quran əvvəl insanı yaradır, sonra cəmiyyəti
Nazilolma ardıcıllığına baxdıqda qəribə bir qanun görünür:
Allah əvvəl insanı dəyişir. Sonra ailəni, cəmiyyəti və dövləti.
Bu, təsadüfi deyil. Quranın dəyişdirdiyi ilk şey hakimiyyət deyil, insandır.
Elə buna görə də ilk nazil olan surələrdə hökmlər az, insanın daxilinə yönəlmiş ayələr isə çoxdur.
Bəs Allah niyə tələsmədi?
23 il… Allah bir hökmü bir gündə nazil edə bilərdi, amma etmədi. Niyə?
Çünki Allah qanun yox, insan hazırlayırdı. Qanun yazmaq asandır, qanuna əməl edən insan yetişdirmək isə çətin. Bu, Quranın metodudur.
Burada Bəqərə 2:256 başqa cür görünür: “Dində məcburiyyət yoxdur…”
Bu ayə artıq tək bir hüquqi hökm deyil, bu, Quranın bütün metodunun xülasəsidir.
Çünki Allah insanı məcbur etmir. Ona oxumağı öyrədir, düşündürür, sübut göstərir və seçim imkanı verir. Sonra insan özü qərar verir.
Deməli, Quran məcburiyyət kitabı deyil, şüur kitabıdır.
Buradan böyük bir prinsip çıxır:
Allah hökmü insanın ağlından əvvəl nazil etmir.
Əvvəl ağıl, sonra məsuliyyət və hökm.
Burada artıq Müaviyə məsələsi də başqa formada görünür.
Əgər Quranın metodu:
İnsan - Şüur - Hökm idisə, onda bunun əksi nə olar?
Hökm - Təqlid - İtaət
Bu iki model tamamilə fərqlidir. Birincidə insan düşünərək iman gətirir. İkincidə əvvəl itaət edir, sonra düşünməsinə ehtiyac qalmır.
Quranın nazilolma ardıcıllığı sadəcə vəhy tarixi deyil, Allahın insan yetişdirmə proqramıdır. Əgər bu proqramın ardıcıllığı pozularsa, ayələrin mətni dəyişməsə belə, Quranın yetişdirmək istədiyi insan modeli dəyişə bilər.
Allahın tərbiyə proqramını anlamaq üçün Qurana haradan başlamaq lazımdır?
Ələq surəsi sadəcə ilk nazil olan surə deyil. O, Quranın giriş qapısıdır.
Əgər insan o qapıdan daxil olmazsa, sonrakı hökmləri oxusa belə, Quranın inşa etdiyi düşüncə sistemini tam görə bilməyə bilər.
Quran özünü nur, hidayət, furqan, şəfa və zikr adlandırır.
Diqqət edin. Nurun xüsusiyyəti nədir? Nur məcbur etmir, göstərir. Yolu isə insan seçir.
Deməli, Quranın funksiyası insanı idarə etmək deyil, insanın görməsini təmin etməkdir. Bu, “Oxu!” əmrinin davamıdır.
Kor itaət niyə Quranda tənqid olunur?
Quranda təkrar-təkrar belə ifadələr gəlir:
“Biz atalarımızı bu yol üzərində gördük…”
Quran bu düşüncəni qəbul etmir. Niyə? Çünki bu model belədir:
Atalar - Təqlid - İtaət
Quran isə belə deyir:
Ayələr - Təfəkkür - Yəqin - İman
Burada artıq iki sivilizasiya modeli görünür.
Bəs şeytanın metodu nə idi? Şeytan Adəmə nə dedi?
“Oxu”, “düşün” demədi, sübut göstərmədi, sadəcə öz hökmünü təqdim etdi.
Quran deyir:
"Bax", "oxu", "düşün", sonra qərar ver.
Belə bir nəticəyə gəlinir ki, Quran üçün əsas təhlükə cəhalət deyil. Ən böyük təhlükə düşünmədən qəbul etməkdir.
Çünki cahil insan öyrənə bilər. Amma kor-təqlid edən insan öyrənmək istəmir.
Quran insanı özünə bağlamır, insanı Allaha bağlayır
Necə? Oxumaqla, düşünməklə, araşdırmaqla və vicdanla qərar verməklə.
Əgər hər hansı sistem insanı əvvəlcə öz avtoritetinə bağlayır, sonra Qurana aparırsa, artıq metod fərqlənmiş olur.
Quranın əsas mübarizəsi bütpərəstliklə deyil, düşüncəni əsarət altına alan təqlidlədir. Çünki büt də, bütləşdirilmiş insan da, kor-koranə qəbul edilən ənənə də insanın Allahla birbaşa əlaqəsinə mane ola bilər.
Quranı kitab kimi yox, nazil olan vəhy kimi oxumaq lazımdır.
Yəni:
Əvvəl hansı ayə nazil olub?
Niyə məhz o ayə?
Sonra hansı ayə gəlib?
Niyə ondan sonra o ayə gəlib?
Bu suallar olmadan Quranın təlim xətti görünmür.
Hər ayəyə bir sual vermək lazımdır. Allah bu ayə ilə insanı nəyə hazırlayır? Bu ayə hansı hökmü verir? Allah bu ayə ilə insanın şüurunda nəyi dəyişmək istəyir?
Hər ayəyə üç istiqamətdən baxmaq lazımdır:
Ondan əvvəl nə nazil olmuşdu? Ondan sonra nə nazil oldu? Bu ayə həmin zəncirdə hansı boşluğu doldurur?
Beləliklə, ayə danışmağa başlayır.
Ən böyük təhlükə ayəni səhv oxumaq deyil, ayəni öz təbii mühitindən qoparmaqdır.
Necə ki, ağacı torpaqdan çıxarsan, yenə ağacdır. Amma artıq inkişaf etmir.
Ayə də belədir. Onun “torpağı” nazil olduğu zaman və əvvəl-sonra gələn ayələrlə əlaqəsidir.
Buradan çox böyük bir prinsip çıxır:
Quran ayələr toplusu deyil, ayələrdən ibarət inkişaf edən ilahi dialoqdur.
Quran statik kitab deyil. Allahın insanı addım-addım yetişdirdiyi canlı təlim prosesidir.
Bu metodun ən mühüm sualı budur:
Bu ayəni Allah niyə məhz bu vaxt nazil etdi?
Bu sual veriləndə artıq ayə tək qalmır. O, əvvəlki və sonrakı ayələrlə birlikdə danışmağa başlayır.
Quranı ayə-ayə deyil, Allahın insanla 23 il davam edən söhbəti kimi oxumaq lazımdır. Çünki söhbətdə bir cümləni ortadan götürüb mühakimə etmək olmaz. O cümlə əvvəl deyilən və sonra deyilənlə birlikdə məna qazanır.
Əgər bu prinsip doğru qurulubsa, onda insanın Allahla birbaşa əlaqəsinə mane olan ən böyük pərdə də görünür. İnsan Allahın davam edən söhbətini deyil, ondan qoparılmış parçaları oxumağa başlayanda, bütöv təlim xəttini görməkdə çətinlik çəkə bilər.
Nazilolma ardıcıllığı görünmədiyi üçün Allahın 23 illik təlim xətti də görünmür.
Əgər qəbul etsək ki, ayələr ilahidir, nazilolma ardıcıllığı ilahidir, bugünkü Mushəfdə bu ardıcıllıq görünmür, onda sual doğrudan da budur:
Bu əlaqəni yenidən necə qurmaq olar?
Cavab yenə Qurandadır, amma yazılı “təlimat” şəklində yox, metod şəklində.
Bu metodu belə ifadə etmək olar:
Quranın öz meyarı ilə başlamaq
Heç bir məzhəb, rəvayət və ya əvvəlcədən qəbul edilmiş nəticə başlanğıc nöqtəsi olmamalıdır.
Ayələr arasında səbəb–nəticə əlaqəsini axtarmaq
Hər ayə üçün sual:
Bu ayə əvvəlki ayənin hansı sualına cavab verir? Sonrakı hansı ayəyə zəmin yaradır?
Əgər bu iki suala cavab tapılmırsa, deməli əlaqə hələ qurulmayıb.
Quranın daxili uyğunluğunu meyar götürmək
Quran özünü ziddiyyətsiz kitab kimi təqdim edir. Sağlam ağıl Quranın hakimi deyil, Quranın daxilində gizli qalmış əlaqələri kəşf edən vasitədir.
Məntiq baxımından qeyd olunan model belədir:
1. Nazil olan ayələr əvvəlcə ilahi ardıcıllıqla mövcud idi.
2. Bir mövzunu tamamlayan ayələr bir yerə toplanaraq surələr şəklində qruplaşdırıldı.
3. Həmin surələrə məzmunlarını əks etdirən adlar verildi.
4. Sonra bu surələr kitab halında birləşdirildi.
Bu modelin öz daxili məntiqi var. Xüsusilə də belə bir prinsip qəbul edilərsə:
Surə bir mövzunun və ya bir əsas ideyanın tamamlanmış vahididir.
Əgər ayələr nazilolma ardıcıllığını pozmadan mövzular üzrə qruplaşdırılsaydı, onda nazilolma xətti də, mövzu bütövlüyü də qorunardı.
Yəni kitabın redaktəsi ilahi təlim xəttini sındırmadan aparılmış olardı.
Nazilolma ardıcıllığı Allahın insanı hansı sıra ilə yetişdirdiyinin canlı xəritəsidir. Bu xəritə bizə göstərir ki, din hazır bir məhsul deyil, inkişaf edən bir şüur prosesidir. Quranı bu metodla anlamaq, təkcə ayələrin nə dediyini deyil, Allahın insanı necə dəyişdirmək və tərbiyə etmək istədiyini görməyin yeganə yoludur.
Quranın nazilolma ardıcıllığı ilahi tərbiyə metodudur
Quranın nazilolma ardıcıllığı təsadüfi deyil. Ayələrin mərhələlərlə nazil edilməsi insanların fərdi və ictimai tərbiyəsinə xidmət edən ilahi bir metoddur. Bu baxımdan nazilolma ardıcıllığı vəhyin tədris proqramını əks etdirir.
Quran Allah tərəfindən ayələr şəklində nazil edilmişdir. Quran mətnində surələrin bugünkü adlarının, sayının və sərhədlərinin Allah tərəfindən müəyyən edildiyini açıq şəkildə təsdiqləyən bir ifadə yoxdur. Bununla belə, ayələrin öz daxilində mövzu və məna əlaqələri ilahi hikmətlə qurulmuşdur. Sanki Allah ayələrin mənaca bir-biri ilə bağlı olduğu sərhədləri müəyyən etmiş və onların təbii qruplaşmasını təmin etmişdir.
İlahi vəhy yalnız məzmun baxımından deyil, nazilolma ardıcıllığı baxımından da Allahın hikmətini və tərbiyə metodunu əks etdirir. Buna görə də, ilahi nizamın hər hansı hissəsini dəyişdirmək və ya onun təbii ardıcıllığını pozmaq insani təfəkkür baxımından məqbul sayıla bilməz. İlahi hikmətin müəyyən etdiyi nizamı olduğu kimi qorumaq, onu sonradan formalaşmış təsnifat və ənənələrdən üstün tutmaq Quranın doğru anlaşılması üçün zəruri şərtdir.
© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026294
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026226
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026194
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026182
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026180
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026176
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026172
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026170
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026170
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026168
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026166
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026160
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026154
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026154
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026152
-
Fatihə, yoxsa Məun?Ən çox oxunanlar07 Sentyabr 2026152
-
Azərbaycan-ŞƏT əməkdaşlığında səhiyyə də prioritet istiqamətlərdən biri kimi göstərilirƏn çox oxunanlar01 Sentyabr 2026150
-
100 il uşaq sağlamlığının keşiyində: Azərbaycan pediatriyasının memarı Akademik Adilə NamazovaƏn çox oxunanlar08 Sentyabr 2026150
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026150
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148