Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
08 Sentyabr 2026, Çərşənbə axşamı, 17:42
Əlaqə vasitələri
Bizimlə əlaqə
“Quran və peyğəmbərin sünnəsi” anlayışının mənşəyi və təhrif prosesi
01 Avqust 2026
148
“Quran və peyğəmbərin sünnəsi” anlayışının mənşəyi və təhrif prosesi

Tarixi, teoloji və mənəvi baxış

İslamın əsas mahiyyətini müəyyən edən amillərdən biri onun ilahi qaynağının bütövlüyüdür. Din mənbələrinin çoxaldılması və fərqli təfsirlərin rəsmi dini konsepsiyaya çevrilməsi, tarix boyu müsəlman düşüncəsində dərin parçalanmalar yaradıb. Xüsusilə “Quran və peyğəmbərin sünnəsi” ifadəsi, zamanla teoloji deyil, siyasi məna daşımağa başlayıb və İslamın ilkin prinsipi olan tək mənbə olaraq Qurana əsaslanma prinsipinə zidd şəkildə yozulub.

 

Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.

 

Məsələnin mahiyyətini tarixi, teoloji və mənəvi baxımdan təhlil etmək, İslam düşüncəsində yaranmış bu təhrifin köklərini anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Qurani prinsip: Din tamamlanıb, qanun birdir

Quranda açıq şəkildə buyurulur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizə din olaraq İslamı bəyənib-seçdim (əl-Maidə, 3).”
Bu ayə göstərir ki, qanun, yəni “şəriət” yalnız Allahındır və artıq tamamlanıb. Heç bir peyğəmbər, o cümlədən Məhəmməd (s.ə.s), Quranın üzərinə əlavə qanun gətirməyib. Peyğəmbərin rolu təbliğ, tətbiq və nümunə olmaqdır, qanun qoymaq deyil. Belə olduğu halda, “Quran və peyğəmbərin sünnəsi” ifadəsi iki ayrı qaynaq təsəvvürü yaradır. Bu isə Quranın tək mənbə olma prinsipinə ziddir.

Tarixi gerçəklik: “Sünnə” anlayışı sonradan siyasətə çevrildi

“Peyğəmbərin sünnəsi” ifadəsi İslamın ilk dövrlərində mövcud deyildi. Bu termin sonradan, xüsusilə Əhli-Beytə qarşı siyasi mübarizə dövründə, yəni Əməvilər və Abbasilər zamanında “rəsmi din” anlayışına çevrildi. Əməvi hakimiyyəti Əhli-Beyti kənarlaşdırmaq məqsədilə belə bir doktrina yaratdı: Quran və sünnə, yəni bizim alimlərimizin yazdığı, peyğəmbərə istinad edilən rəvayətlər. Bu yolla onlar Əhli-Beytin elmi və mənəvi nüfuzunu zəiflətməyə çalışdılar.

Əhli-Beyt isə həmişə deyirdi: “Biz Qurana tabe olan ailəyik, bizdən sonra Quranla ixtilaf edən hər kəs haqdan uzaqdır.” Beləcə, “sünni” anlayışı dini deyil, siyasi və ideoloji kimlik kimi, yəni Əhli-Beytə qarşı birlik mənasında formalaşdı.

“Peyğəmbərin sünnəsi” manipulyasiyası

Bu ifadə bəzən iki məqsədlə istifadə edilir. Birincisi, Qurandan əlavə qaynaq yaratmaqla fiqh və hədis sistemini qanuniləşdirmək, ikincisi isə təriqət və məzhəbləri legitimləşdirmək, yəni “biz peyğəmbərin yolundayıq” düşüncəsinə inandırmaq məqsədilə. Halbuki Qurani baxışda peyğəmbərin sünnəsi yalnız Qurandakı əmrlərin həyatda tətbiqi nümunəsidir, qanun deyil. Sünnəni qanuniləşdirmək peyğəmbəri Allaha şərik etmək anlamına gələrdi, bu isə şirk sayılır.

Əhli-Beyt mövqeyi

Əhli-Beytin yolu bu məsələdə həmişə açıq idi. Qanun Allahındır, izah və təfsir isə peyğəmbər və onun pak Əhli-Beytinə məxsusdur. Təriqət, yəni fərqli dini yol yaratmaq bidətdir. Əhli-Beyt heç vaxt “sünni”, “şiə” adlandırılmayıb. Onlar sadəcə İslamın saf nüvəsi idilər. Sonrakı parçalanmalar onların adından istifadə edənlərin əlində siyasi maskaya çevrildi.

Məsələnin mahiyyəti və nəticə

Quran adı çəkilirsə, “peyğəmbərin sünnəsi” ifadəsinin Qurani baxımdan heç bir mənası yoxdur. Quran varsa, artıq “əlavə qanun” anlayışı yoxdur. Əgər sünnə sadəcə davranış nümunəsi kimi başa düşülürsə, bu, qanun deyil, tətbiqdir. O zaman “Quran və sünnə” demək də artıq mənasız olur. Əgər davranış kimi başa düşülürsə, bəs niyə şiələrlə bir olmurlar? Çünki məqsəd dini birlik yox, siyasi üstünlük idi. Məqsəd Qurana və peyğəmbərə tabe olmaq olsaydı, Əhli-Beytin yanında olardılar. Əksinə, tarix göstərir ki, “sünni” adı altında qurulan sistem Əhli-Beytin elmi və siyasi haqqını inkar edib.

Quranda “sünnə” sözü yalnız Allahın qanunu mənasındadır. “Peyğəmbərin sünnəsi” ifadəsi Qurani deyil, sonradan uydurulmuş siyasi termindir. “Sünni” anlayışı Qurana zidd olmanı və Əhli-Beytdən uzaqlaşmanı pərdələmək üçün yaradılmışdır. İslamda bir yol var ki, o da Məhəmməd peyğənbərin və onun Əhli-Beytin yoldur.

Bu baxış İslamın ilkin mənbəsinə, Qurana və peyğəmbərin saf təliminə əsaslanır.

© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.

 
 
Ən çox oxunanlar