Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
08 Sentyabr 2026, Çərşənbə axşamı, 17:39
Əlaqə vasitələri
Bizimlə əlaqə
Səqifədən sonra qurulan xəlifəlik sistemi İslamdırmı?
06 Avqust 2026
132
Səqifədən sonra qurulan xəlifəlik sistemi İslamdırmı?

Qurani İslamı qorumaq hər bir müsəlmanın müqəddəs borcudur!


Bu məqalə, İslamın yeganə ölçüsü və meyarı kimi Qurani-Kərimi qəbul edən metodoloji prinsip əsasında hazırlanmışdır. Məqsəd tarixi hadisələri, siyasi institutları və dini sistemləri Quranın öz məntiqi ilə qiymətləndirməkdir. Burada irəli sürülən nəticələr şəxsi mülahizələrə, tarixi ənənələrə və ya məzhəbi yanaşmalara deyil, birbaşa Qurani məntiqə əsaslanır.

Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.

 

Səqifə – siyasi dönüş nöqtəsi

Səqifə hadisəsi Məhəmməd peyğəmbərin vəfatından dərhal sonra baş verən və hakimiyyət müəyyənləşdirilməsinə xidmət edən siyasi bir dönüş nöqtəsi idi. Bu proses nə yeni bir Quran ayəsinin nazil olması, nə də Allahın yeni bir hökmü və ya dini institut təsis etməsi ilə müşayiət olunmadı.


Buna baxmayaraq, İslam tarixində ilk dəfə olaraq hakimiyyət məsələsi bilavasitə Allahın nazil etdiyi Quran əsasında deyil, insanların sövdələşməsi və siyasi qərarı ilə müəyyən edildi. Beləliklə, Səqifə mahiyyət etibarilə dini deyil, məhz siyasi hadisə kimi tarixə düşdü.


Bu yanaşmaya görə, Səqifədən sonra qurulan xəlifəlik sistemi və onun əsasında formalaşan dini-siyasi quruluşlar Qurani meyara görə İslamın özü hesab oluna bilməz.


İslam haqqında aparılan müzakirələrin böyük hissəsi tarix, rəvayətlər, məzhəbi ənənələr və siyasi təcrübələr üzərində qurulur. Halbuki Allah Öz dininin meyarını Öz Kitabı ilə müəyyən etmişdir.


Bu baxımdan, İslamın ölçüsü nə tarixi hakimiyyətlərdir, nə siyasi institutlardır, nə də sonradan formalaşmış dini ənənələrdir. İslamın yeganə meyarı Qurani-Kərimdir. Buna görə də tarix boyu İslam adı ilə meydana çıxmış bütün sistemlər yalnız Quran əsasında dəyərləndirilməlidir.


Quran Allahın hidayəti, haqqı batildən ayıran Furqanı, hökmü və tamamlanmış İslamın kitabıdır.


Deməli, Allahın dinini Onun kitabından kənarda müəyyən etmək mümkün deyil. Bu, insan üçün bir seçim deyil, Allahın mütləq hökmüdür. Məhz bu prinsipə görə bütün sonrakı siyasi və dini sistemlər Quranın qarşısında hesabat verməlidir. Quran isə heç bir tarixi sistemi öz-özünə müqəddəsləşdirmir.

Xəlifəlik Quranda varmı?


Quranda müsəlmanlara xəlifə seçmək, xəlifəlik sistemi qurmaq və ya xəlifəyə itaəti dinin əsası kimi qəbul etmək barədə heç bir hökm yoxdur.


Quran konkret bir siyasi model təklif etmir, yalnız idarəçiliyin ədalət, məşvərət, əmanət və Allahın nazil etdiyi ilə hökm vermək kimi ilahi prinsiplərini müəyyən edir.


Əgər İslamın yeganə meyarı Qurandırsa və Quranda xəlifəlik dini institut kimi müəyyən edilməyibsə, buradan çıxan məntiqi nəticə budur ki, Səqifədən sonra qurulan xəlifəlik sistemi və onun əsasında formalaşan dini-siyasi quruluşlar İslamın özü deyil. Bu nəticə şəxsi mülahizə deyil, bilavasitə Quranın öz məntiqindən doğan həqiqətdir.


Tarix niyə “İslam” adlandırıldı?


Siyasi hakimiyyət tarix boyu legitimliyə ehtiyac duyur. Ən güclü legitimlik isə Allahın dini ilə əlaqələndirilməkdir. Bu səbəbdən müxtəlif hakimiyyətlər öz fəaliyyətlərini İslam adı ilə təqdim etmişlər. Bir sistemi İslam adlandırmaq onun Quranın müəyyən etdiyi İslam olması demək deyil. Meyarı yalnız Quran müəyyən edir.


Bu gün də müxtəlif dövlətlər, təşkilatlar və dini cərəyanlar özlərini İslamın təmsilçisi adlandırırlar. Lakin onların hər biri yalnız bir meyarla - Qurani-Kərimlə qiymətləndirilə bilər. Qurana uyğun olan İslamdandır. Qurana zidd olan isə, hansı adı daşımasından asılı olmayaraq, İslam deyil və İslamın yeganə meyarı Qurani-Kərimdir.


Buna görə də Səqifədən sonra yaranmış xəlifəlik sistemi və onun əsasında formalaşmış dini-siyasi ənənələr yalnız Qurani məntiq əsasında qiymətləndirilə bilər. Qurani məntiq isə göstərir ki, Allahın dini ilə insanların sonradan qurduğu siyasi sistemlər eyni anlayış deyil.


Quran rəhbərliyi necə müəyyən edir?


Allah rəhbərliyi insanların seçiminə buraxır, yoxsa Özü müəyyən edir?


Bu sualın cavabı Quranda imamət anlayışı ilə verilir.


Əl-Bəqərə surəsi, 124-cü ayə:


İmamətin ilahi əhd olması Allah-Təala Həzrət İbrahimə (ə) belə buyurur: "...Mən səni insanlara imam (dini və mənəvi rəhbər) təyin edəcəyəm..."


Bu mübarək ayə rəhbərliyin mahiyyəti ilə bağlı dörd əsas ilahi prinsipi müəyyən edir:


Birinci prinsip


İmamı bilavasitə Allah-Təala Özü təyin edir. Ayədə insanların seçimindən və ya səsverməsindən deyil, məhz Allahın təyinatından danışılır. Bu isə o deməkdir ki, həqiqi rəhbərliyin və qanuniliyin mənbəyi İlahi iradədir, yəni ədalətdir.


İkinci prinsip


İmamət adi siyasi başçılıq deyil, peyğəmbərlikdən fərqli və daha üstün bir ilahi məqamdır. Həzrət İbrahim (ə) artıq peyğəmbər idi; Allah onu böyük sınaqlardan keçirdikdən sonra əlavə olaraq İmamət məqamına ucaltdı. Deməli, bu məqam sadə idarəçilik funksiyası daşımır.


Üçüncü prinsip


İbrahim (ə) Allah-Təalaya müraciət edərək: "Nəslimdən də (imamlar et)?" – deyə xahiş etdikdə, Allah buyurdu: "Mənim əhdim zalımlara çatmaz".


Beləliklə, Quran İmaməti adidən bir rütbə deyil, bilavasitə "Mənim əhdim" adlandıraraq xüsusi ilahi dəyər kimi qiymətləndirir.


Dördüncü prinsip


İmamət məqamının ən başda gələn şərti və meyarı ədalətdir. Rəhbərliyin meyarı tayfa mənsubiyyəti, nəsil, siyasi seçim və ya çoxluğun rəyi ola bilməz. Allahın əhdi zülm edənlərə şamil olunmadığı üçün rəhbər olacaq şəxs hər cür zülm və ədalətsizlikdən uzaq, mütləq mənada ədalətli olmalıdır.


Səqifədə nə baş verdi?


Məhəmməd peyğəmbərin vəfatından dərhal sonra bir qrup səhabə Səqifə bəni-Saidə adlanan yerdə toplaşaraq siyasi rəhbər müəyyən etdi. Ənənəvi tarix bu hadisəni ilk xəlifənin seçilməsi kimi təqdim etsə də, məsələyə Quran məntiqi baxımından yanaşdıqda əsas məqam hakimiyyət meyarının köklü şəkildə dəyişdirilməsidir.

 

Quranda rəhbərlik mütləq şəkildə Allahın təyinatı ilə əlaqələndirildiyi halda, Səqifədə rəhbərlik iddiaları insanların siyasi qərarı və uzlaşması ilə müəyyən edildi. Beləliklə, rəhbərliyin ilahi təyinat prinsipi insanların siyasi seçimi ilə əvəz olundu və bu hadisə Quranda müəyyən edilmiş İmamət modelindən tamamilə fərqli bir siyasi sistemin başlanğıcını qoydu.


Quranda rəhbərlik Allahın təyinatı ilə əlaqələndirdiyi halda, Səqifədə rəhbərlik insanların siyasi qərarı ilə müəyyən edildi.


Beləliklə, rəhbərliyin ilahi təyinat prinsipi insanların siyasi seçimi ilə əvəz olundu.


Bu hadisə Quranda müəyyən edilmiş imamət modelindən fərqli siyasi modelin başlanğıcı oldu.


Qurani məntiqə görə İslamın yeganə meyarı Qurandır, imamətliyi bilavasitə Allah Özü müəyyən edir və Allahın mütləq əhdidir. Bu əhdin ən əsas şərti isə ədalətdir. Beləliklə, Quranda "xəlifəlik" dini bir institut kimi müəyyən edilmədiyindən, Səqifədən sonra formalaşan xəlifəlik sistemi ilahi model deyildir.


Əgər Allah Rəsulunun dini bəyanatı Qurani-Kərimə əsasən bilavasitə vəhydirsə, onda həmin bəyanatın mənasını müəyyən edərkən sonrakı əsrlərdə formalaşmış subyektiv təfsirlərə deyil, ilk növbədə Quranın özünə və Peyğəmbərin bəyanatına müraciət edilməlidir. Tarix boyu yaranmış sonrakı bütün şərh və məzhəbi anlayışlar isə yalnız bu iki dəyişməz meyarın işığında qiymətləndirilməlidir.

© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.

 
 

 

Ən çox oxunanlar