Quranın meyarına görə təriqətləşmə və məzhəbləşmə niyə Qurana ziddir?
İnsan tarix boyu həqiqəti anlamağa çalışıb. Bu axtarışın özü insanın düşünən varlıq olmasının təzahürüdür. Ancaq insanın həqiqəti axtarması ilə öz düşüncəsini həqiqətin özü elan etməsi arasında böyük fərq var.
Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.
Quranın qoyduğu əsas sərhəd də məhz buradadır:
İnsan dini yarada bilməz; yalnız Allahın dinini anlamağa çalışa bilər.
Allahın dini insanın yaratdığı məzhəb, təriqət, məktəb və siyasi quruluşlardan əvvəl mövcud idi.
Quran bunu açıq şəkildə bildirir:
“Həqiqətən, Allah dərgahında din İslamdır.” (Ali-İmran, 3:19)
Deməli, dinin sahibi Allahdır. İnsan isə həmin din qarşısında mövqeyini müəyyən edir: qəbul edir, təslim olur, anlayır və əməl edir.
Buradan mühüm nəticə çıxır:
Məzhəb Allahın göndərdiyi din deyil. Məzhəb insanın dini anlamaq cəhdinin tarixdə formalaşmış şəkillərindən biridir.
Məzhəb insanın düşüncə məktəbi ola bilər. Təriqət insanın mənəvi yolu ola bilər. Hüquqi məktəb müəyyən məsələlərin həllində metod ola bilər.
Lakin bunların heç biri öz adını İslamın yerinə qoya bilməz.
Quranın dini bölünmür
Quran insanları dini parçalamaqdan xəbərdar edir:
“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın.” (Ali-İmran, 3:103)
Daha sərt xəbərdarlıq isə Ənam surəsindədir:
“Dinlərini parçalayıb firqələrə bölünənlərlə sənin heç bir əlaqən yoxdur.” (Ənam, 6:159)
Bu ayənin məntiqi çox aydındır. Allahın dini birdir.
İnsanlar isə dini öz aralarında bölə bilərlər. Lakin onların bölünməsi Allahın dinini çoxaltmır.
İslam bir olduğu halda “İslamların” yaranması mümkün deyil.
Quranın başqa bir ayəsi bu prosesi daha açıq təsvir edir:
“Lakin insanlar öz aralarındakı dini parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir.” (Muminun, 23:53)
Burada problem fikir müxtəlifliyi deyil. İnsanların düşünməsi, sual verməsi, müxtəlif nəticələrə gəlməsi təbiidir.
Problem başqa yerdə başlayır:
İnsan öz nəticəsini Allahın hökmü səviyyəsinə qaldıranda.
Fikir müxtəlifliyi ilə məzhəbçilik eyni deyil
Quran insanı düşünməyə çağırır. Ona görə də müxtəlif insanların eyni ayəni müxtəlif dərinlikdə anlaması mümkündür.
Bu, parçalanma demək deyil. Parçalanma o zaman yaranır ki, insan:
“Mən belə anlayıram” deməklə kifayətlənmir,
“Həqiqət yalnız budur və bunun xaricində olan yanlışdır” deyərək öz anlayışını dinin özünə çevirir.
Daha təhlükəlisi isə öz məzhəbini Allahın hökmü kimi təqdim etməkdir.
Quran bu məsələdə insanın qarşısına çox ciddi sual qoyur:
“Yoxsa onların Allahın izin vermədiyi bir dini qanuniləşdirən şərikləri vardır?” (Şura, 42:21)
Deməli, Allahın icazə vermədiyi dini hökmü Allahın dininə əlavə etmək artıq sadəcə fikir deyil. Bu, din adına hökm qoymaqdır.
Peyğəmbərin dini məzhəb deyil
Peyğəmbərin dövründə “Sünni”, “Şiə”, “Hənəfi”, “Şafii”, “Maliki”, “Hənbəli” və s. məzhəb adları yox idi. Çünki Quranın gətirdiyi din özünü belə qruplara bölmürdü.
Quranın Peyğəmbərlərə verdiyi mesaj da eyni dini xətti göstərir:
“Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də din olaraq qanuniləşdirdi: dinə doğru-düzgün riayət edin və onda parçalanmayın.” (Şura, 42:13)
Burada çox mühüm bir həqiqət var:
Nuhun dini başqa, İbrahimin dini başqa, Musanın dini başqa, İsanın dini başqa, Məhəmmədin dini başqa deyildi.
Peyğəmbərlər dəyişdi, zaman dəyişdi, cəmiyyətlər dəyişdi, lakin Allahın dini dəyişmədi.
Quranın ifadəsi ilə:
“Dinə doğru-düzgün riayət edin və onda parçalanmayın.”
Deməli, sonradan yaranan məzhəb adlarını Peyğəmbərin gətirdiyi dinin öz adı kimi təqdim etmək Quranın bu prinsipinə uyğun gəlmir.
“Sünnə” başqa, “sünni” başqadır
Burada çox mühüm bir terminoloji qarışıqlığı aradan qaldırmaq lazımdır.
Quranda “sünnə” sözü var. Lakin Qurandakı sünnə “Sünni məzhəbi” demək deyil.
Məsələn, Fəth surəsinin 23-cü ayəsində belə buyurulur:
“Allahın əzəldən qoyduğu qayda-qanun belədir. Sən Allahın qayda-qanununda heç vaxt dəyişiklik görə bilməzsən.”
Ərəb mətnində burada “sünnətullah” — Allahın sünnəsi ifadəsi işlənir.
Z.Bünyadov və V.Məmmədəliyev tərcüməsində isə bu məna “Allahın əzəldən qoyduğu qanun” kimi verilir.
Quranda ərəbcə keçən “sünnətullah” sözü “sünni” məzhəb demək deyil, Allahın qayda-qanunu, ilahi qayda mənasını verir. “Əhli-sünnə”, “sünni” isə sonrakı tarixi-dini terminologiyadır.
Bu iki anlayışı eyniləşdirmək Quranın terminini sonrakı tarixə tabe etdirməkdir.
Qurandakı sünnə → Allahın qanunu.
Tarixdəki Sünni → məzhəbi kimlik.
Biri vəhydəki anlayışdır, digəri tarixdə formalaşmış insan təsnifatıdır.
Sünni kimliyi necə formalaşdı?
Tarixi baxımdan burada bir mühüm fərq qoymaq lazımdır. “Sünni məzhəb bir gündə, müəyyən bir ildə yaradıldı” demək düzgün deyil.
Peyğəmbərdən sonrakı ilk onilliklərdə yaranan siyasi parçalanmalar sonradan dini məzhəb kimliklərinə çevrildi. Əməvi hakimiyyəti dövründə bu proses siyasi məzmun qazandı, sonrakı Abbasi və digər hakimiyyətlər dövründə isə müxtəlif dini institutlar vasitəsilə sistemləşdirildi. Beləliklə, tarixdə yaranmış siyasi kimliklər tədricən dinin özünün adı kimi təqdim edilməyə başladı.
Sünni kimliyinin ilkin siyasi-dini formalaşması Peyğəmbərin vəfatından sonrakı ilk onilliklərdə başlayan parçalanmaların Əməvi dövründə siyasiləşməsi ilə bağlıdır, sonrakı əsrlərdə isə bu kimlik məzhəbi və etiqadi sistem kimi daha da formalaşdırılmışdır.
Quranda “Sünni” adlı din və ya məzhəb yoxdur. Quranda “sünnətullah” vardır — Allahın qoyduğu qayda-qanun.
Beləliklə, ilkin siyasi qarşıdurmalar zaman keçdikcə siyasi mövqe → dini dil → qrup kimliyi → məzhəbi system istiqamətində inkişaf etdi.
Sonrakı əsrlərdə bu kimlik daha da sistemləşdirildi, hüquq və etiqad məktəbləri formalaşdı və “Əhli-sünnə vəl-camaə” kimi terminlər daha müəyyən məzmun qazandı.
Ona görə məsələni belə ifadə etmək daha doğrudur:
Sünni məzhəbi Peyğəmbərin gətirdiyi din kimi mövcud deyildi; onun ilkin siyasi-dini kökləri Peyğəmbərdən sonrakı ilk onilliklərdə yaranan parçalanmalara gedib çıxır, Əməvi dövründə siyasiləşir, sonrakı əsrlərdə isə məzhəbi və etiqadi sistem kimi formalaşır.
Bu, tarixi prosesdir. Allahın göndərdiyi din isə tarixdə sonradan yaradılmış məzhəb deyil.
Müaviyə dövrü: dini dilin siyasi istifadəsi
Müaviyənin Hz. Əlinin xəlifəliyini qəbul etməməsi, dövlətə qarşı çıxmasını sadəcə iki siyasi şəxsin hakimiyyət uğrunda mübarizəsi kimi təqdim etmək hadisənin mənasını dəyişdirir.
Belə təqdimatda Əli bir tərəf, Müaviyə digər tərəfdir. Amma Quranın meyarı belə deyil. Quranın meyarı haqq və batil, ədalət və zülm, məsuliyyət və itaətsizlikdir.
Məsələni yalnız hakimiyyət mübarizəsinə endirdikdə isə siyasi itaətsizliklə Quranın haqqını müdafiə etmək arasında fərq itir.
Hz. Əlinin siyasi mövqeyini anlamaq üçün onun hakimiyyətə münasibətindən daha çox ədalətə münasibətinə baxmaq lazımdır.
Çünki İslamda hakimiyyət məqsəd deyil. Ədaləti həyata keçirmək vasitəsidir. Hz. Əli isə ədalətin canlı təcəssümü idi.
Qurani ölçü isə aydındır:
“Ey iman gətirənlər! Ədaləti qoruyan kimsələr olun. Allah üçün şahidlik edin, hətta bu, öz əleyhinizə, ata-ananızın və yaxınlarınızın əleyhinə olsa belə… (Nisa, 4:135)
Allahın meyarı soy-kök, hakimiyyət, çoxluq deyil, ədalətdir.
Buna görə də siyasi hakimiyyətin özünü dini həqiqətin ölçüsünə çevirmək Qurani prinsip deyil.
“Qədər”in siyasi legitimləşdirilməsi
Əməvi siyasi düşüncəsində mühüm ideoloji vasitələrdən biri də qədər anlayışının hakimiyyətin legitimləşdirilməsi üçün istifadəsi olmuşdur.
Halbuki Quranın qədəri insanın məsuliyyətini aradan qaldıran “alın yazısı” kimi təqdim etmir.
Quran deyir:
“Həqiqətən, Biz hər şeyi qədərincə yaratdıq.” (Qəmər, 54:49)
Məzhəbləşmənin ən təhlükəli forması dövlətlə birləşdiyi andır.
Müaviyə deyir: “Mən Allahın seçdiyi hakimiyyətəm.”
Sonra deyir: “Mənə qarşı çıxmaq Allaha qarşı çıxmaqdır.”
Daha sonra: “Mənim hakimiyyətimi qəbul etməyən dindən çıxmışdır.”
Beləliklə, hakimiyyət özünü müqəddəsləşdirir. Bu məqamda “qədər” anlayışı da siyasi alətə çevirir.
Müaviyə Həzrət Əlinin vəfatından və İmam Həsənlə sülh bağlandıqdan sonra Mədinəyə daxil olaraq məsciddə xalq qarşısında çıxış edir:
“Bu iş qəza və qədər ilə olmuşdur. Yəni Allah məni sizin başınıza keçirməyi təqdir etmişdir. Bu, əzəldən, ruhlar aləmində, Lövhi-Məhfuzda Allah tərəfindən yazılmışdır. Qədərin gərəyi budur. Boş yerə qarşı çıxmayın. Qarşı çıxsanız, qədərə üsyan etmiş olursunuz…”
Quran insanın məsuliyyətini aradan qaldırmır. İnsanın iradəsini və məsuliyyətini açıq şəkildə göstərir:
“İnsan üçün öz zəhmətindən başqa bir şey yoxdur.” (Nəcm, 53:39)
Yəni Quranda alın yazısı deyilən bir şey yoxdur, insanın iradəsi və seçimi öz əlindədir. Bu isə onu məsuliyyətdən azad etmir.
Deməli qədər ölçüdür, bəhanə deyil.
Allahın yaratdığı nizam insanın etdiyi zülmə bəraət qazandırmır.
Bir hakimiyyətin mövcud olması onun haqq olması demək deyil.
Bir hökmdarın hakimiyyətə gəlməsi onun Allah tərəfindən təsdiqlənməsi demək deyil.
Hakimiyyətin varlığı ilə haqqın varlığı eyni şey deyil.
Quran məzhəbi deyil, meyardır
Quran insanlara bir qrupun adını daşımağı deyil, haqqı tanımağı əmr edir.
Allah buyurur:
“Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohum-əqrəbaya yardım göstərməyi əmr edir…” (Nəhl, 16:90)
Deməli, İslamın əsas ölçüsü məzhəb etiketi deyil.
İnsanın:
- hansı məzhəbdən olması yox,
- hansı qrupun adını daşıması yox,
- hansı siyasi düşərgəyə aid olması yox,
ədalət qarşısındakı mövqeyi əsasdır. Quranın ölçüsü budur.
Əhli-beyt məzhəb deyil
Əhli-beyti sonradan yaranmış məzhəblərdən biri kimi təqdim etmək də doğru deyil.
Quran Peyğəmbərin Əhli-beyti haqqında xüsusi mövqe bildirir:
“Ey Əhli-beyt! Həqiqətən, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istəyir.”
(Əhzab, 33:33)
Bu ayənin məntiqində Əhli-beyt bir məzhəb adı deyil. Əhli-beyt Peyğəmbərin ailəsidir.
Sonrakı tarixdə müxtəlif qrupların Əhli-beyt ətrafında formalaşması isə Əhli-beytin özünü məzhəbə çevirmir.
Əhli-beyti bir məzhəb adı səviyyəsinə endirmək onun Quran və Peyğəmbər kontekstindəki xüsusi mövqeyini də daraltmış olur.
Bu səbəbdən:
Əhli-beyt — məzhəb deyil.
Əhli-beyt — Peyğəmbərin pak ailəsidir.
Sonrakı məzhəblər isə tarixdə yaranmış insan təsnifatlarıdır.
Dövlətin dini məzhəb deyil — ədalətdir
Məzhəblərin dövlət gücü ilə qorunması və ya bir məzhəbin dövlət tərəfindən “rəsmi din” səviyyəsinə qaldırılması daha böyük problem yaradır. Çünki bu zaman insanın yaratdığı təsnifat dövlət zoruna çevrilir.
Halbuki Quranın dövlət və cəmiyyət üçün əsas prinsiplərindən biri budur:
“Şübhəsiz ki, Allah sizə əmanətləri öz sahiblərinə verməyi və insanlar arasında hökm etdikdə ədalətlə hökm etməyi əmr edir.” (Nisa, 4:58)
Dövlətin vəzifəsi məzhəb yaratmaq və ya məzhəb qorumaq deyil.
Dövlətin vəzifəsi ədaləti təmin etmək, insanın haqqını qorumaq və zülmün qarşısını almaqdır.
Bu səbəbdən dövlətin dini məzhəb deyil, ədalətdir.
Məzhəb tarixdir, İslam Allahin dinidir
Məzhəblər tarixdə müəyyən ehtiyaclara, mübahisələrə və düşüncə məktəblərinə cavab olaraq formalaşıb. Onları tarixdən silmək mümkün deyil. Amma tarixi həqiqətlə ilahi həqiqəti qarışdırmaq olmaz.
Məzhəb insan məhsuludur.
Quran Allahın vəhyidir.
Məzhəb dəyişə bilər.
Quranın meyarı dəyişmir.
Məzhəb müxtəlif ola bilər.
Allahın dini birdir.
Məzhəb insanın Quranı necə anladığını göstərə bilər.
Amma insanın Quran haqqında anlayışı Quranın özü ola bilməz.
Buna görə də heç bir məzhəb özünü Quranın yerinə qoya bilməz.
Əsas məsələ ad deyil, meyardır
İslamın tarixində çoxlu adlar yaranıb.
“Sünni”, “Şiə”, “Xarici”, “Hənəfi”, “Şafii”, “Maliki”, “Hənbəli”, “Sufi” və başqa adlar müxtəlif tarixi proseslərin nəticəsidir.
Allahın meyarı ədalətdir.
Allahın meyarı haqqdır.
Allahın meyarı insanın məsuliyyətidir.
Allahın meyarı təqvadır.
Allahın meyarı əməldir.
Ona görə də insanın özünə verdiyi ad onun həqiqət qarşısındakı mövqeyini avtomatik müəyyən etmir. Ad İslam yaratmır. Ədalətli əməl İslamın mahiyyətini göstərir.
NƏTİCƏ
Quranın ortaya qoyduğu mənzərə bütövdür: Allahın dini birdir və peyğəmbərlərin gətirdiyi əsas din də birdir. İnsanların dini parçalaması isə tarixdə baş vermiş bir hadisədir.
Məzhəblər Allah tərəfindən nazil edilməyib, təriqətlər və məzhəblər insan tarixinin məhsuludur. Onlar düşüncə, hüquq və mənəviyyat məktəbi kimi mövcud ola bilər, amma əsla İslamın özünə çevrilə bilməzlər.
Ən təhlükəli məqam isə məhz insanın öz yaratdığı sistemi Allahın dininin yerinə qoymasıdır. Çünki həmin andan etibarən insan Quranı meyar kimi istifadə etməkdən çıxıb, öz məzhəbini Quran üçün meyara çevirir.
Quran isə bunun tam əksini tələb edir.
Allahın dini birdir, insanların qrupları isə çoxdur. Allahın hökmü birdir, insanların şərhləri isə çoxdur. Allahın kitabı birdir, insanların məzhəbləri isə çoxdur.
Ona görə də son söz yenə Quranındır:
“Dinə doğru-düzgün riayət edin və onda parçalanmayın.” (Şura, 42:13)
Bu məqalənin əsas nəticəsi də məhz budur:
Məzhəb din deyil.
Təriqət din deyil.
Siyasi hakimiyyət din deyil.
İnsanın yaratdığı heç bir sistem Allahın dininin yerinə keçə bilməz.
Qurana uyğun gəlirsə — İslamdır.
Qurana ziddirsə — adı nə olursa-olsun, İslam deyil.
Quran meyardır.
Məzhəblər tarixin və insanların yaratdığı ötəri düşüncələrdir, Allahın tək və dəyişməz dini isə yalnız Qurandır.
© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
-
İkili orqan transplantasiyası: Müasir tibbin mürəkkəb xilasetmə missiyasıƏn çox oxunanlar10 Sentyabr 2026310
-
Varlığa dörd fərqli baxışƏn çox oxunanlar12 Sentyabr 2026236
-
Hemofiliya xəstəliyinin müalicəsində tibb bacılarının rolu artırılır - Regionlarda elmi-praktik seminarlarƏn çox oxunanlar13 Sentyabr 2026210
-
İnfarkt baş verməmiş risk görünür - Professor müasir kardiologiyanın imkanlarından bəhs etdiƏn çox oxunanlar10 Sentyabr 2026208
-
Azərbaycanda kök hüceyrə transplantasiyası sahəsində yeniliklər və dövlət dəstəyiƏn çox oxunanlar18 Sentyabr 2026204
-
Gözlər qaranlıqdan işığa niyə dərhal uyğunlaşmır?Ən çox oxunanlar13 Sentyabr 2026204
-
Bakıda ana və uşaq sağlamlığına həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcəkƏn çox oxunanlar11 Sentyabr 2026200
-
İqlim böhranı səhiyyə böhranına çevrilir Azərbaycan sağlamlıq risklərinə qarşı tədbirlər görürƏn çox oxunanlar10 Sentyabr 2026198
-
SABİQUN KİMLƏRDİR?Ən çox oxunanlar10 Sentyabr 2026196
-
Ekspert: İİV illərlə simptomsuz keçə bildiyi üçün vaxtında müayinə və müalicəyə sadiqlik həyati əhəmiyyət daşıyırƏn çox oxunanlar12 Sentyabr 2026188
-
Boğaz və qulaq ağrısı zamanı hansı hallarda həkimə müraciət edilməlidir?Ən çox oxunanlar14 Sentyabr 2026186
-
MƏZHƏB DİN DEYİLƏn çox oxunanlar14 Sentyabr 2026178
-
Başgicəllənməsinin gizli səbəbi - Qulaq kristallarının qaçması nədir?Ən çox oxunanlar14 Sentyabr 2026176
-
NUH TUFANI — TÖVRAT VƏ QURAN İŞIĞINDA ŞƏRHƏn çox oxunanlar17 Sentyabr 2026172
-
Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşübƏn çox oxunanlar11 Sentyabr 2026170
-
Şəhər yaşıllıqları niyə səhiyyə infrastrukturunun bir hissəsinə çevrilməlidir?Ən çox oxunanlar11 Sentyabr 2026168
-
Əməvi ideologiyasının Hz. Əli haqqında yaratdığı iftiralarƏn çox oxunanlar15 Sentyabr 2026168
-
MÜAVİYƏ — QURANA ZİDD SİSTEMİN BANİSİƏn çox oxunanlar13 Sentyabr 2026166
-
12 sentyabr – Ümumdünya İlk Tibbi Yardım GünüdürƏn çox oxunanlar12 Sentyabr 2026164
-
QURANDA İSLAMI KÖKÜNDƏN DƏYİŞƏN SƏHV YOZUMLARƏn çox oxunanlar16 Sentyabr 2026164