Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 Sentyabr 2026, Bazar, 08:25
Əlaqə vasitələri
Bizimlə əlaqə
NUH TUFANI — TÖVRAT VƏ QURAN İŞIĞINDA ŞƏRH
17 Sentyabr 2026
172
NUH TUFANI — TÖVRAT VƏ QURAN İŞIĞINDA ŞƏRH

“Feynmanın Dünyası” YouTube səhifəsində yayımlanan “Nuhun gəmisi həqiqətən mümkün idimi? Fiziki hesablamalardan sonra nəticə təəccübləndirir” adlı video Nuhun gəmisi ilə bağlı maraqlı elmi suallar ortaya qoyur. Videoda təqdim edilən fiziki hesablamalar Nuhun gəmisinin ölçüləri, daşıma imkanları və belə bir gəminin real şəraitdə üzmə ehtimalı ilə bağlı müzakirələrə yol açır.

Bu mövzudan çıxış edərək hazırladığımız məqalədə isə məsələyə daha geniş prizmadan yanaşılır: Nuh və Tufan haqqında Quran nə deyir, Tövratda bu hadisə necə təsvir olunur və müasir elm Tufan və Nuhun gəmisi ilə bağlı nə göstərir?


Məqalədə müqəddəs mətnlərdəki məlumatlar, onların bir-birindən fərqli və oxşar cəhətləri, elmi araşdırmalar və fiziki hesablamalar əsasında Nuhun gəmisi və Tufanla bağlı əsas suallara aydınlıq gətirməyə çalışacağıq.

Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.

 

NUH TUFANI — TÖVRAT VƏ QURAN İŞIĞINDA ŞƏRHİ

 

Quranı Tövratın kölgəsində deyil, öz sözü ilə oxumaq

 

Nuh tufanı bəşəriyyətin ən qədim yaddaşlarından birinin mövzusudur. Tufan haqqında qədim Mesopotamiya mətnlərində, Tövratda və Quranda məlumatlar vardır. Hadisələrin süjetində müəyyən oxşarlıqlar görünsə də, bu mətnlər eyni hadisəni eyni şəkildə təsvir etmir.

 

Məhz bu fərq nəzərə alınmadıqda ciddi bir yanlışlıq yaranır: Tövratdakı hər detal Qurana aid edilir, sonra həmin detal elmin qarşısına qoyulur və elmin Tövratın literal təsvirinə etirazı Quranın da təkzibi kimi təqdim edilir.

 

Halbuki əvvəlcə bir sual verilməlidir:

 

Quran həqiqətən bunu deyirmi?

 

Bu məqalənin əsas məqsədi məhz bu sualı cavablandırmaqdır.

 

TÖVRATIN NUH TUFANI

 

Yaradılış kitabında Nuhun gəmisi haqqında konkret ölçülər verilir: 300 qulac uzunluq, 50 qulac en və 30 qulac hündürlük.

 

Daha sonra Tufanın miqyası belə təqdim edilir: su bütün yüksək dağları örtür, yer üzündəki nəfəs sahibi quru canlıları məhv olur və gəmi “Ararat dağları” üzərində dayanır.

 

Yaradılış 8:4-də istifadə olunan ifadə də diqqətəlayiqdir: söhbət “Ararat dağı”ndan yox, “Ararat dağları”ndan gedir.

 

Bu təsvir sözün literal mənasında bütün Yer kürəsini əhatə edən Tufan kimi qəbul edildikdə böyük elmi problemlər meydana çıxır.

 

Çünki belə bir model:

 

* Yer üzündəki suyun həcmi,

* geoloji təbəqələr,

* fosil ardıcıllığı,

* canlıların biocoğrafiyası,

* insan və heyvan genetikası

 

baxımından çox ciddi nəticələr tələb edir.

 

Məhz videoda da bu arqumentlərdən istifadə olunur.

 

Lakin problem buradadır: bu arqumentlərin hədəfi əvvəlcə Tövratın həmin literal modelidir.

 

QURANIN NUH TUFANI

 

Quran Nuh haqqında danışarkən hadisəni başqa quruluşda təqdim edir.

 

Hud surəsində buyurulur:

 

“Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik…”

 

Ayənin ərəb mətnində mühüm ifadə belədir: إِلَىٰ قَوْمِهِ

 

Bu ifadə “öz qövmünə” mənasını verir.

 

Quranın Nuh hekayəsi başlanğıcdan etibarən müəyyən bir qövmə edilən xəbərdarlıq üzərində qurulur.

 

Nuh onları Allaha çağırır, onlar isə qəbul etmirlər.

 

Sonra gəmi hazırlanır.

 

Tufan gəlir.

 

Və hadisənin ən mühüm səhnələrindən biri baş verir.

 

Nuhun oğlu gəmidən kənarda qalır.

 

O deyir:

 

“Məni sudan qoruyacaq bir dağa sığınacağam.”

 

Nuh cavab verir:

 

“Bu gün Allahın hökmündən Onun mərhəmət etdiklərindən başqa heç bir qoruyan yoxdur.”

 

Sonra dalğa onların arasına girir və oğlu boğulanlardan olur.

 

Bu səhnə Quranın Nuh hekayəsinin əsas fəlsəfəsini açır: insanı soy-kökü deyil, əməli xilas edir.

 

QURANIN GƏMİSİ HARADA DAYANDI?

 

İndi məsələnin ən mühüm yerinə gəlirik.

 

Quran deyir:

 

“Və deyildi: ‘Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!’ Su çəkildi, hökm yerinə yetdi və gəmi Cudi üzərində qərar tutdu…” (Hud, 11:44)

 

Ərəb mətni: وَاسْتَوَتْ عَلَى الْجُودِيِّ

 

“…və [gəmi] əl-Cudi üzərində qərar tutdu.”

 

Burada Quranın dediyi söz çox dəqiqdir: Cudi.

 

Ararat deyil, Ağrı dağı deyil. Quranın mətnində “Ararat” sözü yoxdur.

 

CUDİ NƏDİR?

 

Cudi sadəcə sonrakı dövrlərdə uydurulmuş bir ad deyil.

 

Cudi dağı bugünkü Türkiyənin cənub-şərqində, Şırnak–Cizrə bölgəsində, Dəclə vadisinə yaxın dağlıq ərazidə yerləşən real coğrafi obyektdir. Bu ərazi qədim mənbələrdə Qardu/Qardu, Corduene, Gordyene kimi adlarla əlaqələndirilən tarixi coğrafiyanın daxilindədir.

 

Müasir elmi araşdırmalarda da qədim Qardu coğrafiyasının Nuhun gəmisinin dayandığı yer kimi yəhudi, süryani və islam ənənələrində Cudi ilə əlaqələndirildiyi göstərilir. Bu çox mühüm faktdır.

 

Çünki Cudi Quranın dediyi adla mövcud olan real coğrafi məkandır.

 

CUDİ ARARAT DEYİL

 

Bunu xüsusilə vurğulamaq lazımdır. Cudi ilə bugünkü Ağrı dağı eyni coğrafi obyekt deyil. Cudi Şırnak–Cizrə bölgəsindədir. Ağrı dağı isə Türkiyənin şimal-şərqində, İran sərhədi yaxınlığındadır.

 

Tarixi mənbələri araşdıran alimlər qeyd edirlər ki, qədim və orta əsr ənənələrinin böyük hissəsi Nuhun gəmisinin dayandığı yeri bugünkü Ağrı dağında deyil, Cudi/Qardu bölgəsində axtarırdı; Ağrı dağı ilə eyniləşdirmə daha sonrakı coğrafi ənənədə güclənmişdir.

 

Bu məsələ üzərində elmi mübahisə tam bitmiş deyil. Lakin bir şey mübahisəsizdir:

 

Quran Cudi deyir; Quran Ağrı və ya Ararat demir.

 

“ARARAT” HARADAN GƏLİR?

 

Ararat Tövratın Yaradılış kitabındakı ifadədir. Yaradılışda gəminin “Ararat dağları” üzərində dayandığı bildirilir. Bu ifadəni sonrakı əsrlərdə konkret olaraq bugünkü Ağrı dağı ilə eyniləşdirmək ənənəsi geniş yayılmışdır.

 

Lakin burada iki mərhələni bir-birindən ayırmaq lazımdır:

 

Tövrat → Ararat dağları

 

sonrakı coğrafi ənənə:

 

Ararat → Ağrı dağı

 

Quran isə Cudi deyir.

 

Bu üç ifadəni eyni coğrafi ad kimi təqdim etmək düzgün deyil.

 

BƏS CUDİNİN QARDU İLƏ ƏLAQƏSİ NƏDİR?

 

Bu məsələnin tarixi daha maraqlıdır.

 

Qədim mənbələrdə Şimali Mesopotamiyanın bu dağlıq bölgəsi Qardu/Corduene/Gordyene kimi müxtəlif formalarda keçir.

 

Müasir tədqiqatlarda yəhudi, süryani və İslam mənbələrinin Nuhun gəmisini məhz bu Qardu–Cudi bölgəsi ilə əlaqələndirdiyi göstərilir. Tarixi coğrafiya üzrə araşdırma Qardunu müasir Cudi dağı ilə əlaqələndirərək, bu ənənənin yəhudi, süryani və islam mənbələrində mövcud olduğunu qeyd edir.

 

Deməli, Cudi haqqında söhbət yalnız Quranın nazil olmasından sonra yaranmış təsəvvürdən ibarət deyil. Cudi/Qardu bölgəsi ilə Nuhun gəmisi arasında daha qədim Yaxın Şərq ənənəsi də mövcuddur. Bu fakt məsələnin tarixi tərəfini daha da maraqlı edir.

 

BƏS QURAN NİYƏ “ARARAT” YOX, “CUDİ” DEYİR?

 

Burada Quranın mətninə hörmətlə yanaşmaq lazımdır. Quran özündən əvvəlki ənənəni sadəcə təkrarlamır. Əksinə, onu öz mətninin içində yenidən təqdim edir.

 

Əgər Quranın məqsədi Tövratın həmin coğrafi ifadəsini təkrarlamaq olsaydı, “Ararat” ifadəsini işlədə bilərdi.

 

Amma Quran “…və gəmi Cudi üzərində qərar tutdu.” deyir. Deməli, Quranın öz coğrafi məlumatı vardır. Bu səbəbdən Quranın Cudi sözünü sonrakı Ararat/Ağrı identifikasiyası ilə əvəz etmək olmaz.

 

 “CUDİ ARARAT DEYİL. BƏS CUDİNİN ARARAT ADLANDIRILMASI SADƏCƏ TERMİN SƏHVİDİR?”

 

Bu, sadəcə termin səhvi deyil. Bu, iki ayrı mətnin coğrafi məlumatlarının bir-birinə qarışdırılmasıdır.

 

Quran: Cudi.

 

Tövrat: Ararat dağları.

 

Sonrakı coğrafi ənənə: Ararat = Ağrı dağı.

 

Sonra bütün bunlar birləşdirilir və ortaya belə bir fikir çıxır:

 

“Quran Nuhun gəmisini Ararat dağına qoyur.”

 

Halbuki Quran bunu demir. Bu fərq son dərəcə əhəmiyyətlidir. Çünki bundan sonra elmi tənqidin istiqaməti də dəyişir.

 

Əgər Quranda olmayan “Ararat/Ağrı” məlumatını Qurana aid etsək, sonra Ağrı dağında gəmi axtarıb nəticə çıxarsaq, əslində Quranı yox, Quranın üzərinə əlavə edilmiş modeli sınaqdan keçiririk. Bu isə məntiqi baxımdan səhvdir.

 

“BÜTÜN DAĞLAR SU ALTINDA QALDI” MƏSƏLƏSİ

 

Videonun ən güclü elmi arqumentlərindən biri budur.

 

Əgər bütün Yer kürəsini su basmış və bütün yüksək dağlar su altında qalmışdısa, Everestin 8848 metr yüksəkliyinə qədər suyun qalxması üçün nəhəng miqdarda əlavə su tələb olunardı. Bu, geologiya və hidrologiya baxımından çox ciddi problemdir. Amma burada bir daha eyni sualı verməliyik:

 

Quran bunu deyirmi?

 

Quranın Hud 11:42-də ifadəsi belədir:

 

“Gəmi onları dağlar kimi dalğalar içərisində aparırdı…”

 

Bu, “su bütün dağları örtdü” demək deyil. Dalğaların dağlar kimi olması ilə suyun dağların zirvəsindən yuxarı qalxması eyni ifadə deyil.

 

Daha sonra Nuhun oğlu “Məni sudan qoruyacaq bir dağa sığınacağam” deyir.

 

Dalğa onların arasına girir.

 

Deməli, Everest məsələsini Qurana qarşı arqument kimi işlətmək üçün əvvəlcə Tövratın konkret təsvirini Quranın üzərinə köçürmək lazımdır.

 

BƏS “HƏR NÖVDƏN İKİ CÜT” MƏSƏLƏSİ?

 

Quranda Hud 11:40-da gəmi üçün “hər növdən iki cüt” məzmununda ifadə işlənir.

 

Bu ayəni götürüb müasir biologiyanın milyonlarla növünü gəminin içərisinə yerləşdirmək barədə riyazi hesab aparmaq mümkündür. Lakin belə hesablamanın Quran baxımından keçərli olması üçün Quranın buradakı “növ” anlayışını müasir biologiyanın “növ” anlayışı ilə eyniləşdirmək lazımdır.

 

Quran isə müasir zooloji təsnifat kitabı deyil.

 

Ona görə milyonlarla müasir növ → on minlərlə heyvan → gəminin həcmi → logistika

şəklində qurulan arqument Quranın açıq şəkildə verdiyi məlumatların nəticəsi deyil. Bu, əvvəlcə əlavə edilmiş elmi modeldir.

 

TÖVRATIN GƏMİSİNİN ÖLÇÜLƏRİ DƏ QURANIN DEYİL

 

Videoda gəminin struktur möhkəmliyi haqqında da arqumentlər irəli sürülür.

 

Yaradılış kitabında gəminin ölçüləri verilir. Bu rəqəmlər üzərində mühəndislik hesablaması aparmaq tamamilə mümkündür. Lakin bir şeyi unutmaq olmaz: bu ölçülər Quranda yoxdur.

 

Deməli, taxta gəminin uzunluğu, gövdənin əyilməsi, konstruktiv gərginlik, tarixdəki böyük taxta gəmilər və s. barədə hesablamalar Tövratın modelinin elmi yoxlanılmasıdır.

 

Onları Quranın əleyhinə dəlil kimi təqdim etmək üçün əlavə mətn lazımdır.

 

TUFANIN QLOBAL OLUB-OLMAMASI

 

Burada ən dürüst nəticə budur:

 

Quran Tufanı təsdiq edir, lakin onun coğrafi miqyasını Tövratdakı formul ilə müəyyənləşdirmir.

 

Quran Nuhun qövmündən, gəminin xilas etdiyi insanlardan, Nuhun oğlunun hadisəsindən danışır. Gəminin Cudi üzərində dayanmasını bildirir.

 

Amma “Yer kürəsinin bütün səthi su altında qaldı” ifadəsini vermir.

 

Ona görə Quranın öz mətnindən “Tufan mütləq bütün planetə yayılmışdı” nəticəsini çıxarmaq məcburi deyil.

 

Eyni zamanda “Tufan yalnız kiçik bir yerli daşqın idi” demək də Quranın mətninə əlavə məhdudiyyət qoymaqdır.

 

Ən tutarlı nəticə budur: Quran Tufanın dəqiq coğrafi sərhədini müəyyənləşdirmir. Amma hadisənin gerçəkliyini, Nuhun qövmünün məhvi və gəmi əhlinin xilasını açıq şəkildə bildirir.

 

TUFANIN ƏSAS MƏNASI SU DEYİL, İNSANDIR

 

Quranın Nuh hekayəsini yalnız geoloji hadisə kimi oxumaq onun əsas mənasını itirməkdir.

 

Quranın diqqəti insanın davranışındadır.

 

Nuh xəbərdarlıq edir.

 

İnsanlar qəbul etmir.

 

Gəmi hazırlanır.

 

İman gətirənlər xilas olur.

 

Nuhun öz oğlu isə xilas olmur.

 

Nuh deyir: “Ey Rəbbim! Oğlum mənim ailəmdəndir…”

 

Allah isə cavab verir: “Ey Nuh! O sənin ailəndən deyil. Çünki onun əməli düzgün deyil.”

(Hud, 11:46)

 

Burada Quranın böyük əxlaq qanunu ortaya çıxır:

 

Allah qarşısında nəsəb əməli əvəz etmir. Peyğəmbərin oğlu olmaq insanı xilas etmir. Bu, Nuh hekayəsinin ən güclü mesajlarından biridir.

 

QƏDİM MESOPOTAMİYA TUFANLARI

 

Tufan ənənəsinin Nuh və Tövratdan əvvəl Mesopotamiyada mövcud olması da tarixi faktdır.

 

British Museum-un qoruduğu Atrahasis lövhələrindən biri e.ə. XVII əsrə aid edilir və burada daşqın, gəmi, Atrahasisin ailəsi və heyvanların xilas edilməsi haqqında hekayə vardır.

 

“Gilqameş” dastanının XI lövhəsi də Tufan hekayəsini ehtiva edir. Britaniya Muzeyi onun nüsxələrindən birini Neo-Assuriya dövrünə, e.ə. VII əsrə aid edir.

 

Bu fakt mühümdür. Deməli, Tufan yaddaşı Tövratdan çox qədimdir.

 

Lakin bundan: “Quran Gilqameşdən götürülüb” nəticəsini çıxarmaq olmaz.

 

Çünki “Tufan haqqında qədim ənənə mövcud idi” başqa məsələdir, “Quran konkret bir mətni köçürüb” isə tamam başqa məsələ.

 

Quranın Nuh hekayəsi özünəməxsus teoloji və əxlaqi quruluşa malikdir.

 

QURAN TUFAN HEKAYƏSİNİ NƏYƏ ÇEVİRİR?

 

Qədim Tufan hekayələrində tanrıların qərarları, ilahi qüvvələr arasındakı münasibətlər və insanın taleyi mifoloji çərçivədə təqdim olunur. Quran isə Nuh hekayəsini tövhid və əxlaq çərçivəsinə yerləşdirir.

 

Burada çoxallahlı tanrılar yoxdur.

 

Allah vardır.

 

Nuh vardır.

 

İnsan vardır.

 

Əməl vardır.

 

Xəbərdarlıq vardır.

 

Seçim vardır.

 

Nəticə vardır.

 

Beləliklə, Quranın Nuh hekayəsinin mərkəzində sadəcə “Bir dəfə böyük su gəlmişdi” fikri dayanmır.

 

Mərkəzdə insana xəbərdar edilir, insan seçim edir və öz seçiminin nəticəsi ilə qarşılaşır.

 

ELM NƏYİ TƏKZİB EDİR?

 

Burada nəhayət, videonun elmi arqumentlərini düzgün yerinə qoymaq mümkündür.

 

Əgər iddia belədirsə:

 

“Təxminən bir neçə min il əvvəl bütün Yer kürəsi su altında qaldı; Everest də daxil olmaqla bütün dağlar örtüldü; bütün quru heyvanları məhv oldu; yalnız gəmidəki heyvanlar və insanlar sağ qaldı.”

 

Onda müasir geologiya, biologiya, genetika və biocoğrafiya belə bir model üçün çox ciddi problemlər göstərir.

 

Bu model:

 

* qlobal sediment izi,

* fosil ardıcıllığının pozulması,

* genetik bottleneck,

* heyvanların qitələrarası yayılması,

* su balansı

 

kimi çoxsaylı məsələlər doğurur.

 

Bu elmi etirazlar ciddidir. Amma həmin etirazları Quranın öz ifadələrinə qarşı tətbiq etmək üçün əvvəlcə Quranın mətninə Tövratın bütün detalları əlavə edilməlidir. Məhz əsas yanlışlıq budur.

 

QURANIN MƏTNİ İLƏ ELMİ FAKTI QARŞI-QARŞIYA QOYMAQ

 

Düzgün yanaşma belədir:

 

Quran deyir: gəmi Cudi üzərində dayandı.

 

Tövrat deyir: gəmi Ararat dağları üzərində dayandı.

 

Elm deyir: bugünkü Ağrı dağında bütün Yer kürəsini əhatə etmiş qədim Tufanın sübutu yoxdur.

 

Buradan “Quran yanılır” nəticəsi çıxmır. Çünki Quran Ağrı dağı deməyib.

 

Eyni şəkildə Tövratın gəmi ölçüləri → mühəndislik problemi Quranın əleyhinə dəlil deyil. Çünki Quran həmin ölçüləri verməyib.

 

Və Everest → qlobal su həcmi problemi Quranın əleyhinə dəlil deyil. Çünki Quran “bütün yüksək dağlar su altında qaldı” deməyib. Bu, mətnlə elmin qarşılaşdırılmasının düzgün metodudur.

 

ƏSAS SƏHV HARADA BAŞ VERİR?

 

Səhv Tufanı araşdırmaqda deyil. Səhv Tufan haqqında müxtəlif mətnləri bir-birinə qatmaqda baş verir. Əvvəlcə Tövratdakı model götürülür:

 

300 qulaclıq gəmi + Ararat + bütün dağlar + bütün canlılar + qlobal su.

 

Lakin bu model Quranın Nuh hekayəsi kimi təqdim olunur.

 

Sonra elm həmin modeli təkzib edir və sonda deyilir:

 

“Deməli, Quran elmlə ziddiyyət təşkil edir.”

 

Bu nəticə məntiqi baxımdan çıxmır. Çünki sübut edilən yalnız budur:

 

Tövratın literal qlobal Tufan modeli müasir elmin qarşısında ciddi problemlərlə üzləşir. Bu, Quranın Tufan təsvirinin avtomatik təkzibi deyil.

 

YEKUN — NUH TUFANININ QURANİ MƏNASI

 

Nuhun Tufanı Quranda real hadisə kimi təqdim edilir. Quran Nuhu öz qövmünə göndərir, onun xəbərdarlığını bildirir, gəminin hazırlanmasını göstərir, iman gətirənlərin xilasını bildirir, tufanı və dalğaları təsvir edir, Nuhun oğlunun boğulmasını göstərir və gəminin Cudi üzərində dayandığını açıq şəkildə bildirir. Eyni zamanda hadisəni sonrakı nəsillər üçün nişanə kimi təqdim edir.

 

Lakin Quran gəminin Tövratdakı ölçülərini vermir, Ararat, Ağrı dağı demir, Everestdən danışmır, bütün Yer kürəsinin su altında qalmasını Tövratdakı formada ifadə etmir və müasir biologiyanın milyonlarla növünü gəminin daxilinə yerləşdirən model vermir.

 

Buna görə Quranı Tövratın literal coğrafi modeli ilə eyniləşdirib sonra həmin modeli elmin qarşısına qoymaq düzgün deyil.

 

SON SÖZ

 

Nuh Tufanı haqqında həqiqəti axtararkən ilk növbədə mətnləri bir-birindən ayırmaq lazımdır.

 

Tövratın öz sözü var.

 

Quranın öz sözü var.

 

Qədim Mesopotamiyanın öz mətnləri var.

 

Elmin də öz dili var.

 

Bunların hamısını bir-birinə qarışdırdıqda həqiqət bulanır. Ayrı-ayrılıqda araşdırdıqda isə mənzərə aydınlaşır.

 

Tövrat — Ararat dağları deyir.

 

Quran — Cudi deyir.

 

Cudi real coğrafi məkandır və qədim Qardu/Corduene bölgəsi ilə əlaqələndirilir.

 

Elm — bütün Yer kürəsini örtmüş, bütün dağları su altında qoymuş və bütün quru canlılarını məhv etmiş yaxın tarixli qlobal Tufan modelini təsdiqləmir.

 

Amma bundan Quranın Nuh Tufanının təkzibi çıxmır. Çünki Quranın dediyini Tövratın dediyi ilə dəyişdirmək olmaz.Quranı Tövratın kölgəsində oxumaq, Quranda Cudi yazıldığı halda onu Ararat adlandırmaq olmaz. Nəhayət, mətnə əlavə edilən məlumatı sonra həmin mətnin əleyhinə dəlil kimi istifadə etmək olmaz.

 

Həqiqəti axtarmağın ən sadə yolu budur:

 

Əvvəlcə Quranın nə dediyini müəyyən et. Sonra elmin dediyini onunla müqayisə et.

 

Bu prinsip qorunduğu zaman “Nuh tufanı” haqqında mübahisə də öz həqiqi sərhədlərinə qayıdır.

 

© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.

 
 

 

 

 

Ən çox oxunanlar