Əhzab surəsinin 33-cü ayəsi Əhli-beytin mövqeyi haqqında nə deyir?”
Allahın pakdan-pak etdiyi Əhli-beytə qarşı çıxan və Hz. Əlini məscid minbərlərindən söydürməyi dövlət siyasətinə çevirən sistem İslam ola bilməz.
İslamı anlamağın ən doğru yolu onun adına deyil, mahiyyətinə baxmaqdır.
Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.
Quranın İslamı insana ilk növbədə insan olmağı, ədaləti, haqqı və Allah qarşısında məsuliyyəti öyrədir. Buna görə də tarixdə “İslam” adı ilə meydana çıxmış hər hakimiyyət və hər siyasi sistem avtomatik olaraq İslam hesab edilə bilməz.
Əsas sual budur:
Peyğəmbərin qoyub getdiyi İslamı hansı hakimiyyət davam etdirdi, hansı hakimiyyət isə onun adından istifadə edərək tamam başqa bir siyasi sistem qurdu?
Bu sualın cavabı bizi birbaşa Müaviyə və Üməyyə hakimiyyətinə gətirir.
Qureyşin hakim qolları
Məkkənin siyasi və iqtisadi hakimiyyəti Qureyşin əlində idi. Qureyş daxilində Bəni-Haşim, Bəni-Məxzum və Bəni-Üməyyə kimi güclü qollar vardı.
Peyğəmbər Məhəmməd Bəni-Haşimdən idi. Əbu Cəhl Bəni-Məxzumun, Əbu Süfyan isə Bəni-Üməyyənin əsas simalarından biri idi. Əbu Ləhəb isə Peyğəmbərin doğma əmisi olmaqla yanaşı, ona qarşı çıxan Bəni-Haşim nümayəndəsi idi.
Bu ailələr arasında müxtəlif qohumluq və nikah əlaqələri də vardı. Əbu Süfyanın bacısı Ümmü Cəmil Əbu Ləhəbin həyat yoldaşı idi.
Deməli, Peyğəmbərə qarşı çıxan qüvvələr bir-birindən tam ayrı sosial təbəqələr deyildi. Onlar Məkkənin hakim Qureyş aristokratiyasının müxtəlif qolları idi.
Əbu Ləhəbin mövqeyi Quranda açıq şəkildə pislənir:
“Əbu Ləhəbin əlləri qurusun! Özü də qurusun! Malı və qazandıqları ona fayda vermədi. O, alovlu oda girəcəkdir. Onun odun daşıyan arvadı da…” (Məsəd, 111:1–4)
Əbu Cəhl Peyğəmbərə qarşı Məkkə müqavimətinin ən sərt simalarından biri idi.
Əbu Süfyan isə Bəni-Üməyyənin siyasi gücünü təmsil edən və Peyğəmbərin qarşısında uzun müddət dayanan əsas düşmənlərdən biri oldu.
Məkkənin fəthindən sonra Əbu Süfyan İslamı qəbul etdi. Lakin onun ailəsinin siyasi tarixdəki rolu bununla bitmədi. Əksinə, yeni mərhələ məhz bundan sonra başladı.
Əbu Süfyandan Müaviyəyə
Peyğəmbərin sağlığında Peyğəmbərə qarşı duran Bəni-Üməyyə sonradan İslam dövlətinin siyasi quruluşunun daxilində mövqe qazandı.
Əbu Süfyanın oğlu Müaviyə əvvəl Şamda hakimiyyət mövqeyinə gətirildi.
Burada tariximizin mühüm açarlarından biri dayanır: Müaviyə Şam valiliyini öz-özünə əldə etməmişdi.
Əbu Übeydə ibn Cərrahın ölümündən sonra Ömər ibn Xəttab Müaviyəni Şama vali təyin etdi. Osman ibn Əffanın xəlifəliyi dövründə isə Müaviyənin Şamdakı hakimiyyəti daha da möhkəmləndi və genişləndi.
Osmanın xəlifə seçilməsi də ayrıca siyasi mexanizmin nəticəsi idi. Ömər özündən sonra xəlifəni təyin etmədi; altı nəfərlik şura yaratdı və seçim həmin şuraya həvalə edildi. Nəticədə Osman xəlifə oldu.
Beləliklə, Müaviyənin sonrakı hakimiyyətini yalnız Osman öldürüldükdən sonra baş verən hadisələrdən başlatmaq tarixin mühüm hissəsini kənarda qoyur.
Müaviyənin hakimiyyət yolu daha əvvəldən başlamışdı.
Hz. Əli və Müaviyə
Osmanın ölümündən sonra Hz. Əli xəlifə seçildi. Lakin Müaviyə Hz. Əlinin hakimiyyətini qəbul etmədi. Şamın hərbi-siyasi gücünə söykənərək onunla qarşı-qarşıya gəldi və Siffin müharibəsi baş verdi.
Siffində Quran səhifələrinin nizələrə qaldırılması hadisəsi isə daha bir mühüm həqiqəti üzə çıxardı: Quranın adı çəkilə bilər, Quran əldən qaldırıla bilər, hətta Quran siyasi vasitəyə çevrilə bilər — amma bunların heç biri Quranın hökmünə tabe olmaq demək deyil.
Quran özü xəbərdarlıq edir:
“Haqqı batillə qarışdırmayın və bildiyiniz halda haqqı gizlətməyin.” (Bəqərə, 2:42)
Müaviyənin hakimiyyət mübarizəsində Quranın siyasi vasitəyə çevrilməsi İslamın özü ilə hakimiyyət marağının arasındakı uçurumu göstərdi.
Qədər Allahın ölçüsüdür, hakimiyyətin bəraəti deyil
Müaviyənin hakimiyyətini Allahın qədəri kimi təqdim edən siyasi məntiq də Quranın qədəri ilə eyniləşdirilə bilməz.
Quran buyurur:
“Həqiqətən, Biz hər şeyi bir ölçü ilə yaratdıq.” (Qəmər, 54:49)
Qədər burada ölçüdür. Alın yazısı adı altında insanın iradəsini və məsuliyyətini yox edən hökm deyil.
Quran insanın öz əməli qarşısında məsuliyyətini də açıq bildirir:
“İnsan üçün yalnız öz çalışdığı vardır.” (Nəcm, 53:39)
və:
“Kim istəyirsə, iman gətirsin, kim istəyirsə, inkara getsin.” (Kəhf, 18:29)
Deməli, hakimiyyətə sahib olmaq “Allah belə yazıb” deyə onun ədalətli olduğunu sübut etmir.
Allahın qədəri insanın zülmünə bəraət deyil.
“Camaat” Allahin ipi ətrafinda birlikdir
Quranın birlik anlayışı da hakimiyyət sahibinin ətrafında siyasi itaət demək deyil.
“Hamılıqla Allahın ipindən möhkəm yapışın və parçalanmayın.” (Ali-İmran, 3:103)
Quranın çağırdığı birlik Allahın ipi ətrafında birlikdir.
Sonrakı tarixdə “sünnə və camaat” adı ilə formalaşan siyasi-dini anlayışı Qurandakı sünnə ilə qarışdırmaq da olmaz. Quranın “sünnə” anlayışı Allahın dəyişməz qanunu və yoludur:
“Allahın əzəldən qoyduğu qanunudur. Sən Allahın qoyduğu qanunda heç bir dəyişiklik tapa bilməzsən.” (Fəth, 48:23)
Bu, sonrakı məzhəb adı olan “sünni” deyil. Qurandakı “sünnətullah” = Allahın qoyduğu qanun, dəyişməz ilahi qayda mənasını verir. “Əhli-sünnə”, “sünni” isə sonrakı tarixi-dini terminologiyadır.
Əhli-Beyt: Quranın pak etdiyi əmanət
Quran Peyğəmbərin Əhli-beyti haqqında buyurur:
“Ey Əhli-beyt! Allah sizdən hər cür çirkinliyi uzaqlaşdırmaq və sizi tərtəmiz, pak etmək istəyir.” (Əhzab, 33:33)
Buradakı Əhli-beyt Peyğəmbərin Kisa altında topladığı Hz. Fatimə, Hz. Əli, Hz. Həsən və Hz. Hüseyndir.
Hz. Əli bu Əhli-beytin kənarında dayanan adi bir şəxs deyildi. O, Peyğəmbərin yanında Quranın canlı təcəssümü, İslamın insan həyatındakı varlığı idi.
Məhz belə bir Əhli-beytə qarşı çıxan hakimiyyətin İslam adı altında təqdim edilməsi artıq sadə siyasi mübahisə deyil. Bu, İslamın öz mahiyyətinə qarşı çıxmaqdır.
Hz. Əliyə qarşı dövlət siyasəti
Müaviyə hakimiyyətinin İslam olmadığını göstərən dəlillərdən biri də Hz. Əliyə qarşı düşmənçiliyin dövlət siyasətinə çevrilməsidir.
Hz. Əlinin adı məscid minbərlərində təhqir etdirildi və bu siyasət illərlə davam etdi. Halbuki Quran insanın belə təhqir edilməsini qadağan edir:
“Bir qövm digər qövmü məsxərəyə qoymasın… Bir-birinizi təhqir etməyin və bir-birinizə pis ləqəblər qoşmayın.” (Hucurat, 49:11)
Burada söhbət sıradan bir insanın təhqir edilməsindən də getmir. Söhbət Peyğəmbərin Əhli-beytindən, Quranın pak etdiyi Hz. Əlidən gedir.
Deməli, dövlət hakimiyyətinin Peyğəmbərin Əhli-beytinə qarşı düşmənçilik etməsi həmin hakimiyyətin hansı əxlaq üzərində qurulduğunu göstərən açıq göstəricidir.
Müaviyədən Yezidə
Müaviyənin qurduğu hakimiyyət sisteminin ən mühüm nəticələrindən biri hakimiyyətin sülalə xarakteri alması və onun oğlu Yezidin varis elan edilməsidir.
Burada tarix artıq öz hökmünü verir.Yezid bu sistemə sonradan daxil olmuş yad bir qüvvə deyildi. Yezid həmin sistemin içində yetişmişdi.
Onu həmin hakimiyyətə hazırlayan, özündən sonra varis edən və İslam ümmətinin hakimiyyətini oğluna miras qoyan Müaviyə idi.
Buna görə Kərbəlanı yalnız Yezidin şəxsi vəhşiliyi kimi göstərmək hadisənin mahiyyətini kiçiltməkdir.
Yezid icraçı idi. Onu belə bir hakimiyyətə gətirən sistem isə Müaviyənin qurduğu sistem idi.
Burada Hz. Əlinin böyük kəlamının hikməti özünü göstərir: bir cəmiyyətdə bir insanın aclıqdan ölməsi bütün cəmiyyətin mənəvi məsuliyyətini ortaya qoyursa, bir hakimiyyət sistemində Peyğəmbərin nəvəsi qətlə yetirilirsə, həmin cinayəti yalnız qılıncı vuran əlin üzərinə qoymaq olmaz.
Söhbət zülm altında susdurulmuş insanlardan getmir. Söhbət hakimiyyəti təşkil edən, əmr verən, ordunu idarə edən və dövlət mexanizmini əlində saxlayan eşalondan gedir.
Kərbəlada cinayət dövlət hakimiyyətinin vasitələri ilə törədildi.
Yezidin cinayətləri
Kərbəla ilə məsələ bitmədi. Yezidin hakimiyyəti dövründə Mədinə hücuma məruz qaldı. Peyğəmbərin müqəddəs şəhərində ağır qırğın törədildi. Tarixi mənbələrdə sakinlərin öldürülməsi, əsir alınması və qadınlara qarşı zorakılıq barədə məlumatlar qorunub.
Məkkə də mühasirəyə alındı və Allahın Evi olan Kəbə mancanaqlardan atılan mərmilərlə zədələndi.
Beləliklə, Peyğəmbərin öz əli ilə qurduğu məscidin və müqəddəs şəhərin hörməti tapdalandı, Allahın Evinə qarşı dövlət ordusu çıxarıldı.
Bütün bunlar hakimiyyət uğrunda həyata keçirilirdi.
İndi sual sadədir:
Peyğəmbərin nəvəsini və ailəsini qətlə yetirən, Peyğəmbərin müqəddəs şəhərini viran qoyan, Mədinədə qırğın törədən, Məkkəni mühasirəyə alan və Allahın Evinə hücum edən belə bir hakimiyyət sistemi İslam ola bilərmi? Xeyr.
İslamın əvvəli insanlıqdır
Çünki müsəlmanlığın qayəsi, məğzi və mənası hər şeydən əvvəl insanlıqdır.
İslam insanı insanlıqdan çıxarıb hakimiyyətin alətinə çevirmir.
İslam haqqı hakimiyyətə tabe etmir.
İslam müqəddəsi hakimiyyət naminə tapdalamır.
İslam Peyğəmbərin Əhli-beytini düşmən elan etmir.
İslam Allahın Evinə hücum etmir.
İslam insan qanını hakimiyyətin qiymətinə çevirmir.
Deməli, məsələ Əməvilərin “başqa dini” olması deyil. Əməvilərin dini yox idi, onların hakimiyyət sistemi vardı. Sonrakı tarix həmin sistemi İslam adı ilə təqdim etdi. Amma bir sistemin adı onun mahiyyətini dəyişmir.
Peyğəmbərin qoyub getdiyi İslam sülalə hakimiyyəti deyildi. Müaviyənin qurduğu sülalə hakimiyyəti isə Peyğəmbərin qoyub getdiyi İslam deyildi.
Yezid həmin sistemin ən dəhşətli nəticələrini ortaya çıxardı. Kərbəla isə həmin sistemin iç üzünü bütün tarixə göstərdi.
Son söz
İslam adla ölçülmür — əməllə ölçülür.
İslam hakimiyyətlə ölçülmür — ədalətlə ölçülür.
İslam sülalə ilə ölçülmür — insanlıqla ölçülür.
Peyğəmbərin nəslini qətlə yetirən, Allahın Evinə hücum edən və insanı hakimiyyət naminə tapdalayan bir sistemin üzərində “İslam” yazılması onu İslam etmir. Qurana zidd olan sistemin adı nə olursa-olsun, o, Quranın İslamı deyil.
Buna görə Əməvilərin qurduğu sülalə hakimiyyəti Peyğəmbərin qoyub getdiyi İslam deyil.
© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
-
İkili orqan transplantasiyası: Müasir tibbin mürəkkəb xilasetmə missiyasıƏn çox oxunanlar10 Sentyabr 2026310
-
Varlığa dörd fərqli baxışƏn çox oxunanlar12 Sentyabr 2026238
-
İnfarkt baş verməmiş risk görünür - Professor müasir kardiologiyanın imkanlarından bəhs etdiƏn çox oxunanlar10 Sentyabr 2026210
-
Hemofiliya xəstəliyinin müalicəsində tibb bacılarının rolu artırılır - Regionlarda elmi-praktik seminarlarƏn çox oxunanlar13 Sentyabr 2026210
-
Azərbaycanda kök hüceyrə transplantasiyası sahəsində yeniliklər və dövlət dəstəyiƏn çox oxunanlar18 Sentyabr 2026206
-
Gözlər qaranlıqdan işığa niyə dərhal uyğunlaşmır?Ən çox oxunanlar13 Sentyabr 2026204
-
Bakıda ana və uşaq sağlamlığına həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcəkƏn çox oxunanlar11 Sentyabr 2026200
-
SABİQUN KİMLƏRDİR?Ən çox oxunanlar10 Sentyabr 2026198
-
Ekspert: İİV illərlə simptomsuz keçə bildiyi üçün vaxtında müayinə və müalicəyə sadiqlik həyati əhəmiyyət daşıyırƏn çox oxunanlar12 Sentyabr 2026188
-
Boğaz və qulaq ağrısı zamanı hansı hallarda həkimə müraciət edilməlidir?Ən çox oxunanlar14 Sentyabr 2026188
-
MƏZHƏB DİN DEYİLƏn çox oxunanlar14 Sentyabr 2026178
-
Başgicəllənməsinin gizli səbəbi - Qulaq kristallarının qaçması nədir?Ən çox oxunanlar14 Sentyabr 2026176
-
NUH TUFANI — TÖVRAT VƏ QURAN İŞIĞINDA ŞƏRHƏn çox oxunanlar17 Sentyabr 2026174
-
Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşübƏn çox oxunanlar11 Sentyabr 2026170
-
Şəhər yaşıllıqları niyə səhiyyə infrastrukturunun bir hissəsinə çevrilməlidir?Ən çox oxunanlar11 Sentyabr 2026170
-
Əməvi ideologiyasının Hz. Əli haqqında yaratdığı iftiralarƏn çox oxunanlar15 Sentyabr 2026170
-
MÜAVİYƏ — QURANA ZİDD SİSTEMİN BANİSİƏn çox oxunanlar13 Sentyabr 2026168
-
12 sentyabr – Ümumdünya İlk Tibbi Yardım GünüdürƏn çox oxunanlar12 Sentyabr 2026166
-
QURANDA İSLAMI KÖKÜNDƏN DƏYİŞƏN SƏHV YOZUMLARƏn çox oxunanlar16 Sentyabr 2026166
-
15 Sentyabr – Ümumdünya Limfoma ilə Mübarizə GünüƏn çox oxunanlar15 Sentyabr 2026154