Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
20 Sentyabr 2026, Bazar, 08:25
Əlaqə vasitələri
Bizimlə əlaqə
Əməvi ideologiyasının Hz. Əli haqqında yaratdığı iftiralar
15 Sentyabr 2026
168
Əməvi ideologiyasının Hz. Əli haqqında yaratdığı iftiralar

Quranın meyarı, Hz. Əlinin həqiqəti və 1400 illik ictimai təsəvvür mübarizəsi

 

Tarixdə elə şəxsiyyətlər var ki, onların haqqında yaradılmış təsəvvür həmin şəxsiyyətin özündən daha uzunömürlü görünür. Lakin zaman keçdikcə bir həqiqət üzə çıxır: insanların yaratdığı təsəvvür dəyişə bilər, həqiqət isə dəyişmir.

Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.

 

Hz. Əli haqqında tarix boyu yaradılmış ictimai təsəvvür də belə bir sınaqdan keçmişdir.

 

Məsələ yalnız Hz. Əliyə qarşı deyilmiş sözlərdə, yazılmış ittihamlarda və yayılmış böhtanlarda deyil. Daha dərin məsələ budur: nə üçün Hz. Əli haqqında müsbət ictimai təsəvvürün — onun haqq, ədalət və Quranla bağlı obrazının dəyişdirilməsinə belə böyük ehtiyac yaranmışdı?

 

Bu suala cavab vermək üçün əvvəlcə dəyişməyən meyarı müəyyən etmək lazımdır.

 

Quranın dəyişməyən meyarı

 

Sualın cavabı yeni bir sual doğurub bizi sonsuz sualların ardınca aparmamalıdır. Cavabı müəyyən edən dəyişməz bir meyar olmalıdır. Bu meyar Qurandır.

 

Quran insan haqqında hökm verərkən də, hakimiyyət haqqında danışarkən də, qarşıdurmada tərəfləri qiymətləndirərkən də eyni ölçünü tələb edir: ədalət.

 

“…Bir qövmə qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır…” (Maidə, 5:8)

 

Quranın başqa bir hökmü daha açıqdır:

 

“Ey iman gətirənlər! Ədaləti qoruyub saxlayanlar və özünüzün, valideynlərinizin, yaxın qohumlarınızın əleyhinə olsa belə, Allah üçün şahidlik edənlər olun…” (Nisa, 4:135)

 

Deməli, Quranın meyarında heç bir şəxs, heç bir hakimiyyət, heç bir tarix və heç bir təbliğat toxunulmaz deyil. Hər kəs Quranın tərəzisində ölçülür.

 

Bu meyarın insan həyatındakı ən mühüm təcəssümlərindən biri Hz. Əlidir. Peyğəmbərin adlandırdığı və ictimai təsəvvürdə yaşayan canlı Quran — Hz. Əli.

 

O, Quranın yerinə qoyulan başqa mənbə deyil. O, Quranın insan həyatındakı təcəssümüdür. Buna görə Hz. Əli haqqında hökm vermək, əslində, onun haqqında yaradılmış təsəvvürü Quranın meyarı qarşısında yoxlamaq deməkdir.

 

Hz Əli haqqında təsəvvür necə dəyişdirildi?

 

Hz. Əliyə qarşı düşmənçilik yalnız onun həyatı ilə məhdudlaşmadı.

 

Müaviyənin Hz. Əliyə qarşı düşmənçiliyi onun şəhid edilməsindən sonra da davam etdi. Bu düşmənçilik artıq Hz. Əlinin özünə deyil, onun haqqında cəmiyyətdə formalaşmış müsbət ictimai təsəvvürə — imicinə yönəldi.

 

Çünki Hz. Əlinin şəxsiyyəti insanların gözündə haqqın, ədalətin, sədaqətin və Quranın canlı ifadəsi kimi yaşayırdı. Belə bir ictimai təsəvvür hakimiyyət üçün təhlükəli ola bilərdi.

 

Ona görə də Əli haqqında başqa təsəvvür yaradılmalı idi.

 

Haqqın adamı — fitnəkar kimi.

 

Ədalətin adamı — ümməti parçalayan kimi.

 

Haqqını müdafiə edən — hakimiyyətə qarşı çıxan üsyankar kimi.

 

Onun ətrafındakı insanlar — dini baxımdan təhlükəli qrup kimi.

 

Beləliklə, Hz. Əlinin özünü deyil, onun haqqında insanların şüurunda yaşayan müsbət təsəvvürü dəyişdirmək cəhdi başladı. Bu məqsədlə siyasi təbliğat, qarayaxma və böhtanlardan istifadə edildi. Amma burada çox mühüm bir məsələ var:

 

Böhtan həqiqəti dəyişmir. Yalnız insanların həqiqət haqqında təsəvvürünü dəyişdirməyə çalışır.

 

Böhtanların Quranın tərəzisində yoxlanılması

 

“Hz. Əli Osmanın qatillərinin himayəçisidir”

 

Bu ittiham Hz. Əlinin ictimai obrazını dəyişdirmək üçün ən mühüm vasitələrdən biri olmuşdur. Lakin bir insanın bir hadisənin iştirakçıları ilə eyni siyasi mühitdə olması onun həmin cinayətin təşkilatçısı və ya himayəçisi olduğunu sübut etmir.

 

Quran isə xəbər və ittiham qarşısında açıq meyar qoyur:

 

“Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın…” (Hucurat, 49:6)

 

Deməli, “deyilib”, “yazılıb”, “təkrar olunub” — bunların heç biri öz-özlüyündə sübut deyil.

 

Hz. Əlinin Osmanın qətlini təşkil etdiyini və ya qatillərin himayəçisi olduğunu təsdiqləyən möhkəm tarixi əsas yoxdur.

 

Osmanın qətlindən sonra yaranmış mürəkkəb siyasi və ictimai şəraitdə qatillərin dərhal cəzalandırılmaması isə tamam başqa məsələdir.

 

Dərhal cəzalandırmamaq qatilləri himayə etmək demək deyil. Bu ikisini eyniləşdirmək tarixi səbəb-nəticəni saxtalaşdırmaqdır.

 

“Hz. Əli ümməti parçaladı”

 

Bu ittihamın da Quranın meyarı ilə yoxlanılması, əvvəlcə hadisənin səbəbinin müəyyən edilməsi lazımdır.

 

Hz. Əliyə beyət etməyən, öz siyasi hakimiyyətini qoruyan və Osman məsələsini onun qarşısında əsas tələb kimi qoyan tərəf kim idi?

 

Müharibəyə kim başladı?

 

Sonra məğlubiyyət qarşısında hansı tərəf Qurandan siyasi vasitə kimi istifadə etdi?

 

Həzrət Əli ilə Müaviyənin qarşıdurması adi hakimiyyət mübarizəsi deyildi. Şamdakı mövqeyini qorumaq üçün beyətdən imtina edən və Osmanın qisasını siyasi qalxana çevirən Müaviyə, məsələni Siffin döyüşünə qədər böyütdü. Meydanda məğlub olacağını anladıqda isə hərbi taktikanı deyil, əsgərlərin inancını hədəf seçdi. Quran nüsxələrinin nizələrə qaldırılması Əlinin ordusunun daxilində parçalanma yaratdı və Əlini təhkimə razılaşmağa məcbur edən vəziyyət meydana gətirdi. Nəticədə daxildən sarsılan ordunun və bu siyasi böhranın bütün yükü ədalətsiz şəkildə Həzrət Əlinin çiyninə qoyuldu.

 

Bu, səbəbi nəticə ilə dəyişdirməkdir.

 

Quran isə qarşıdurmada belə hökm verir:

 

“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onların arasını düzəldin. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüz edən tərəflə Allahın əmrinə qayıdanadək vuruşun…” (Hucurat, 49:9)

 

Quran “hamısı eyni dərəcədə haqlıdır” demir. Təcavüz edən tərəfin müəyyən edilməsini tələb edir.

 

Deməli, “Əli ümməti parçaladı” hökmündən əvvəl daha əsas sual ortaya çıxır: parçalanmanı doğuran təcavüz haradan başladı?

 

“Hz. Əli fitnənin səbəbkarıdır”

 

Bu ittiham əvvəlki böhtanın daha ağır formasıdır.

 

Əgər fitnə dedikdə haqq ilə batilin qarışdırılması, insanların aldadılması, Quranın siyasi məqsədlə vasitəyə çevrilməsi və haqqın sahibinin günahkar kimi təqdim edilməsi nəzərdə tutulursa, onda hadisələrin ardıcıllığına baxmaq lazımdır. Çünki fitnənin səbəbkarını onun nəticəsində yaranmış qarışıqlığın içindən seçmək olmaz.

 

Səbəbi müəyyən etmədən nəticəyə hökm vermək ədalət deyil. Quranın meyarı isə nəticədən əvvəl səbəbi araşdırır.

 

Hz. Əlinin mövqeyi hakimiyyət uğrunda cəmiyyətin qanına susamaq deyildi. Əksinə, onun həyatında dəfələrlə görünən əsas xətt haqq və ədalət olmuşdur.

 

Buna görə “fitnənin səbəbkarı Əlidir” hökmü Quranın ədalət tərəzisində dayanmır.

 

“Hz. Əli siyasi hakimiyyətə qarşı çıxan üsyankardır”

 

Bu ittiham da tarixdə çox mühüm təhrif yaratmışdır. Çünki Hz. Əlinin mövqeyini şəxsi hakimiyyət ehtirası kimi təqdim etmək onun siyasi əxlaqının mahiyyətini dəyişməkdir.

 

Quran hakimiyyəti mülkiyyət kimi deyil, əmanət kimi təqdim edir:

 

“Həqiqətən, Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyi əmr edir.” (Nisa, 4:58)

 

Hz. Əlinin hakimiyyət anlayışının mərkəzində də şəxsi mənfəət yox, ədalət dayanırdı. Hakimiyyət onun üçün insanın üzərində üstünlük deyil, insan qarşısında məsuliyyət idi.

 

Buna görə Hz. Əlini “hakimiyyət düşkünü” və ya “üsyankar” kimi təqdim etmək onun siyasi fəlsəfəsini təhrif etməkdir.

 

“Əli və onun tərəfdarları dini baxımdan təhlükəli qrupdur”

 

Burada artıq siyasi ittiham dini damğaya çevrilir. Bir insanı və ya toplumu “dini baxımdan təhlükəli” elan etmək üçün əvvəlcə onun Qurana münasibətinə baxmaq lazımdır.

 

Quran insanları adlarına, siyasi düşərgələrinə və ya hakimiyyətin verdiyi etiketlərə görə deyil, əməllərinə və ədalətə münasibətlərinə görə qiymətləndirir.

 

Hz. Əlinin tərəfdarlarını bütöv şəkildə dini təhlükə kimi təqdim etmək isə onların siyasi mövqeyini dini cinayət kimi göstərməkdən başqa bir şey deyil.

 

Burada da eyni prinsip qüvvədədir:

 

Etiket sübut deyil.

 

Quranın meyarı isə insanı adı ilə deyil, haqq və əməl ilə ölçür.

 

“Müaviyə Hz. Əliyə qarşı mübarizəsində haqqı təmsil edirdi”

 

Bu ittiham bütün əvvəlki ittihamların üzərində qurulan əsas nəticədir.

 

Əgər Müaviyə haqqı təmsil edirdisə, onda Quranın verdiyi meyarla onun əməli necə qiymətləndirilməlidir?

 

Quran deyir:

 

“…Ədalətli olun. Bu, təqvaya daha yaxındır…” (Maidə, 5:8)

 

Haqq yalnız iddia ilə müəyyən edilmir.

 

Quran nüsxəsini nizəyə qaldırmaq da avtomatik olaraq haqqı təmsil etmək demək deyil.

 

Quranı əlində saxlamaq başqa şeydir, Quranın hökmünü həyatında daşımaq başqa.

 

Əgər Quranın adı insanları aldatmaq, döyüşü dayandırmaq və siyasi üstünlük qazanmaq üçün vasitəyə çevrilirsə, burada Quranın özü ilə Quranın siyasi istifadəsini bir-birindən ayırmaq lazımdır.

 

Hz. Əli ilə Müaviyəni “iki bərabər siyasi tərəf” kimi təqdim etmək də məsələni sadələşdirir.

 

Çünki biri hakimiyyəti Quranın ədalət meyarına tabe etməyə çalışırdı; digəri isə mövcud siyasi gücünü qorumaq uğrunda Hz. Əliyə qarşı çıxmışdı.

 

Haqqla hakimiyyətin eyni şey olmadığı məhz burada görünür.

 

“Hz. Əlinin şəhid edilməsi ilə problem aradan qalxdı”

 

Hz. Əlinin şəhid edilməsi onun haqqında həqiqəti aradan qaldırmadı. Əksinə, onun şəhid edilməsindən sonra da Hz. Əliyə qarşı düşmənçilik davam etdi. Çünki artıq məsələ onun fiziki varlığı deyildi. Məsələ onun haqqında insanların şüurunda yaşayan müsbət ictimai təsəvvür idi.

 

Bu təsəvvürü dəyişdirmək üçün Hz. Əli haqqında böhtanlar yayıldı, onun tərəfdarları təqib edildi, adı qaralandı.

 

Tarixi mənbələr Əməvi hakimiyyəti dövründə Hz. Əliyə qarşı açıq düşmənçilik və qarayaxma siyasətinin aparıldığını göstərir. Amma bunun da sonu olmadı. Çünki siyasi hakimiyyətin gücü bir insan haqqında həqiqəti əbədi olaraq dəyişdirməyə kifayət etmir.

 

1400 ilin sonrakı hökmü

 

1400 ilə yaxın zaman keçdi. Haqsız qanlar töküldü, Əhli-beyt zülmə məruz qaldı. Hz. Əlinin adı qaralandı. Onun haqqında müsbət ictimai təsəvvürü dəyişdirmək üçün siyasi hakimiyyətin bütün imkanlarından istifadə edildi.

 

Lakin zaman öz hökmünü verdi, böhtan nəticə vermədi. Çünki dəyişdirilməyə çalışılan Hz. Əli haqqında ictimai təsəvvür idi, dəyişməyən isə Hz. Əlinin təmsil etdiyi haqq və ədalət oldu.

 

Siyasi hakimiyyətlər gəldi və getdi, Əməvilər tarixə çevrildi. Onların yaratdığı siyasi təsəvvürlər dağıldı. Lakin Hz. Əlinin adı yenidən Quran, haqq və ədalətlə yanaşı çəkilməyə başladı.

 

Burada tarixin ən böyük ironiyası görünür. Əlini qaralamaq üçün tökülən qanlar Əlini unutdurmadı, əksinə, hər yeni nəsil eyni sualla tarixə qayıtdı:

 

Əgər Hz. Əli həqiqətən fitnənin, parçalanmanın və zülmün simvolu idisə, nə üçün onun haqqında belə böyük və uzunmüddətli düşmənçilik aparılmasına ehtiyac duyulmuşdu?

 

Cavab tarixdə görünür.

 

Məsələ Hz. Əlinin adı deyildi, məsələ onun təmsil etdiyi məna idi:

 

Quran

 

Haqq

 

Ədalət

 

İnsan ləyaqəti

 

Hakimiyyətin məsuliyyəti

 

Zülm qarşısında susmamaq

 

Həqiqi Əli kimdir?

 

Hz. Əlini anlamaq üçün onu haqqında yaradılmış siyasi təsəvvürdən ayırmaq lazımdır.

 

Quran dəyişməyən meyardır. Hz. Əli isə həmin meyarın insan həyatındakı canlı təcəssümüdür.

 

Buna görə Hz. Əli haqqında ən böyük təhrif onun adının dəyişdirilməsi deyil, onun mənasının dəyişdirilməsidir.

 

Əlini haqqın və ədalətin siması olmaqdan çıxarıb fitnənin simasına çevirmək, məhz ictimai təsəvvür üzərində aparılan ən böyük təhrifdir.

 

Lakin bu təhrif 1400 il ərzində bütün gücünə baxmayaraq son sözünü deyə bilmədi. Çünki tarixdə insanın yaratdığı təsəvvürdən daha güclü bir meyar var:

 

Quranın dəyişməyən meyarı və bu meyarın insan həyatındakı canlı təcəssümü: Hz. Əli.

 

Buna görə məsələ artıq “Əli haqqında kim nə deyib?” məsələsi deyil, məsələ Əli haqqında deyilənləri Quranın tərəzisində ölçməkdir.

 

Tərəzi isə dəyişmir

 

Quran dəyişmir

 

Haqq dəyişmir

 

Ədalət dəyişmir

 

Zaman nə qədər keçsə də, həqiqət öz yerini tapır

 

Müaviyə tarixə qarışdı, Əli əbədiləşdi. Çünki hakimiyyət fanidir. Haqq isə əbədidir.

© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.

 

Ən çox oxunanlar