Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
12 İyun 2026, Cümə, 07:41
Əlaqə vasitələri
Bizimlə əlaqə
Delirium nədir və necə yaranır? – Psixiatr Dr. Fuad Bəşirov izah edir
15 May 2026
196
Delirium nədir və necə yaranır? – Psixiatr Dr. Fuad Bəşirov izah edir

Delirium diqqət, qavrama və oriyentasiya pozuntusu ilə müşahidə olunan, orqanik mənşəli və şüurun dalğavari şəkildə dəyişməsi ilə gedən kəskin vəziyyətdir.

 

Azmedinfo.az uzman psixiatr Fuad Bəşirovun xəstəliklə bağlı məqaləsinə istinadən yazır ki, bu halın “dalğavari” xarakter daşımasının səbəbi günün müəyyən saatlarında, xüsusilə axşam və gecə vaxtı vəziyyətin pisləşməsi, günün digər saatlarında isə qismən normallaşmanın müşahidə olunmasıdır.

 

Mütəxəssisin sözlərinə görə, delirium əslində beynin orqanizmdə baş verən ciddi xəstəliyə verdiyi “SOS siqnalı” kimi qiymətləndirilir. Əgər əsas orqanik səbəb vaxtında aşkarlanıb müalicə olunmazsa, vəziyyət davam edə bilər və ağır hallarda həyati risk yarada bilər.

 

Deliriumun yaranma riski daha çox yaşlı insanlarda, demensiyası olan şəxslərdə, uzun müddət xəstəxanada, xüsusilə reanimasiya şöbəsində müalicə alan xəstələrdə müşahidə olunur.

 

Dr. Fuad Bəşirov bildirir ki, delirium zamanı xəstələrdə davranış və şüurda kəskin dəyişikliklər yaranır. Xəstə qəfil aqressivləşə, yuxu rejimi pozula, xarakterinə uyğun olmayan hərəkətlər edə bilər. Eyni zamanda verilən sualları unudaraq məntiqsiz cavablar vermək, tibb personalına və yaxınlarına qarşı əsassız etimadsızlıq göstərmək və müalicədən imtina etmək kimi hallar müşahidə olunur.

 

Bəzi xəstələr tibbi prosedurlara müqavimət göstərir, damar yolunu və ya oksigen maskasını çıxarmağa çalışır, öz xəstəliyinə adekvat münasibət sərgiləmir. Bundan əlavə, zaman və məkan orientasiyasının pozulması – tarixi, yeri və tanış insanları qarışdırma da tipik əlamətlərdəndir. Bu dəyişikliklərin günün müxtəlif saatlarında, xüsusilə axşamlar artması, gündüz isə qismən normallaşması delirium üçün xarakterik klinik mənzərə yaradır.

 

Səbəblərə gəlincə, psixiatr bildirir ki, deliriumun yaranmasında həm zəmin yaradan, həm də birbaşa trigger faktorlar rol oynayır. Zəmin yaradan amillərə 65 yaşdan yuxarı yaş, demensiya, depressiya, görmə və eşitmə zəifliyi, qidalanma pozuntuları, uzunmüddətli alkoqol istifadəsi və xroniki xəstəliklər daxildir. Birbaşa səbəblərə isə infeksiyalar, çoxsaylı dərman qəbulu, anemiya, oksigen çatışmazlığı, əməliyyatlar və güclü emosional stress aiddir.

 

Dr. Fuad Bəşirov vurğulayır ki, delirium şübhəsi yarandıqda ilk növbədə həyati göstəricilər – nəbz, təzyiq və temperatur yoxlanılmalı, dəyişikliklər varsa səbəb araşdırılmalı və müalicəyə başlanmalıdır. Paralel olaraq psixiatrik konsultasiya aparılmalı, əsas orqanik səbəb mütləq şəkildə müəyyən edilərək aradan qaldırılmalıdır.

Ən çox oxunanlar