Mayın 24-də Qadın Sağlamlığı Mərkəzi İctimai Birliyi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşəbbüsü ilə ana və uşaq sağlığına həsr olunan "Maternal Sağlamlıq və hamiləlik ağırlaşmaları" mövzusunda multidissiplinar elmi konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azmedinfo.az xəbər verir ki, konfransı açan Qadın Sağlamlığı Mərkəzi İctimai Birliyinin sədri, radioloq Fəridə Abbasova tədbirin məqsədinin hamiləlik zamanı yarana biləcək ağırlaşmaların qarşısının alınması və müasir müalicə metodlarının müxtəlif tibb sahələri tərəfindən birgə müzakirəsi olduğunu qeyd edərək, konfransın multidissiplinar yanaşmanın inkişafında və tibbi təcrübələrin paylaşılmasında mühüm rol oynayacağını vurğulayıb.
Fəridə Abbasova Qadın Sağlamlığı Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ötən müddətdə keçirilən, eləcə də il boyu təşkil olunacaq konfrans, təlim kursları və maarifləndirici layihələr barədə təqdimatla çıxış edib.
Açılış hissədə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Ramin Əliyev və Cəmiyyətin fəxri sədri, professor Kamran Musayev müasir təbabətdə xəstələrin effektiv idarə olunmasında multidissiplinar yanaşmanın mütləq olduğunu vurğulayaraq, Qadın Sağlamlığı Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə keçirilən konfransı ölkə səhiyyəsi üçün əlamətdar hadisə kimi dəyərləndiriblər.
Sonra Dr. Lalə Kılıç və Dr. Ruslan Əsədovun moderatorluğu ilə “Obstetrik fövqəladə hallar” adlı ilk paneldə t.ü.f.d. Dr. Nicat Alışovun “İntrapartum, postpartum qanaxmalar: səbəblər, qanaxmanın dayandırılması” mövzunda məruzəsi dinlənilib.
Məruzəçi ilk növbədə doğuş zamanı və doğuşdan sonrakı qanaxmaların müalicəsində tətbiq edilən embolizasiya metodunun tarixinə nəzər salıb. O, bu sahənin əsaslı inkişafının ötən əsrin 60-cı illərinin sonu və 70-ci illərinə təsadüf etdiyini, ginekologiyada ilk uşaqlıq arteriyasının embolizasiyası üzrə tarixi araşdırmalar və klinik praktikaların fransız ginekoloq Jak Rabinat və neyroradioloq Jan-Jak Merland tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb.
Dr. N.Alışov çıxışında həm respublika üzrə, həm də beynəlxalq statistik göstəricilərə toxunaraq problemin ciddiliyini vurğulayıb: “Rəsmi statistikaya əsasən, 2015-2024-cü illər ərzində ölkəmizdə 47 300-ə yaxın qadında histerektomiya əməliyyatı icra olunub. Bu əməliyyatların əksəriyyətinə mioma və fibroidlər səbəb olsa da, nəticələr göstərir ki, onların daxilində postpartum qanaxma halları da az deyil. İnkişaf etməkdə olan ölkələrdə hər 1000 doğuşdan 4-11-də qadınlar bu əməliyyata məruz qalırlar. Halbuki, xəstələrin böyük qismində bu orqanları qorumaq mümkündür”.
Konfransda “Postpartum psixi pozuntular” mövzusunda həkim-psixiatr İkram Rüstəmov doğuşdan sonrakı psixi pozuntuların növlərindən, eləcə də onların xəstənin özünə və ətrafına yaratdığı çətinliklərdən bəhs edib. Qeyd edib ki, bu pozuntuların yaranmasında bioloji, genetik və psixososial olmaqla 3 təməl faktor rol oynayır: “Əgər ailədə daha əvvəl analoji problemlərlə qarşılaşan yaxınlar olubsa, bu, genetik meylliliyi və stressə qarşı həssaslığı artırır. Digər tərəfdən, qadının əvvəlki hamiləliklərində və ya doğuşdan sonrakı dövrdə keçirdiyi depressiya və ya digər psixoloji problemlər risk amilini daha da böyüdür. Burada ən qorxulu və acınacaqlı məqam postpartum psixozdur. Bu durum daha az görünsə də, təcili müdaxilə tələb edən ən kəskin vəziyyətdir. Vaxtında düzgün qiymətləndirilmədikdə, bu pozuntu təəssüf ki, ananın körpəsinə zərər yetirməsinə, hətta uşaq ölümlərinə (infantisid) qədər gətirib çıxara bilər”.
Növbəti məruzə professor İslam Mahalovun təqdimatında “Adherent plasenta: plasenta accreta, increta, percreta” mövzusunda olub.
Professor çıxışında mamalıq və ginekologiya praktikasında ən ağır fəsadlara gətirən Plasenta accreta və onun daha ağır formaları olan increta və percreta patologiyayaları haqqında bəhs edib. Dr. İslam Mahalov son illərdə keysəriyyə kəsiyi əməliyyatlarının sayının artması ilə paralel olaraq bu patologiyaya rastgəlmə tezliyinin də yüksəldiyini diqqətə çatdırıb: “Bu patologiyalar doğuş zamanı proqnozlaşdırıla bilməyən və həyati təhlükə yaradan qanaxmalara yol açır. Əgər vaxtında və düzgün diaqnoz qoyulmazsa, proses çox vaxt uşaqlığın çıxarılması və ya ana ölümü ilə nəticələnə bilər. Ona görə də hamiləliyin erkən mərhələlərində, xüsusən anamnezində keysəriyyə kəsiyi olan qadınlarda ultrasəs və MRT müayinələri vasitəsilə ciftdəki bu anomaliyaların aşkarlanması həyati əhəmiyyət kəsb edir”.
Konfransda Dr. Kamran Nağıyev “Uterin rupturu” mövzusunda təqdimat edib.
Məruzəçi ilk növbədə uşaqlıq orqanının anatomik və fizioloji xüsusiyyətlərinə toxunub. Uşaqlığın perimetri, miometri və endometri qatlarından ibarət olduğunu xatırladan həkim, əsas funksional gücün miometri üzərinə düşdüyünü vurğulayıb. O, əzələ liflərinin yerləşmə xüsusiyyətinə görə doğuş zamanı ən böyük gərginliyin uşaqlığın aşağı seqmentində yarandığını və yırtılma təhlükəsinin də ən çox məhz bu nahiyədə baş verdiyini diqqətə çatdırıb.
Dr. K.Nağıyev uşaqlıq yırtılmalarının etiologiyasından danışarkən, ən birinci risk faktorunun uşaqlıqdakı çapıqlar olduğunu vurğulayıb, bu mövzuda yerli və xarici praktika arasındakı yanaşma fərqliliyinə toxunub. Məruzəsində uterin rupturunun həm ana, həm də döl üçün çox yüksək ölüm riski daşıdığını xatırladılaraq, bu növ ağırlaşmaların qarşısının vaxtında alınması üçün antenatal nəzarətin düzgün təşkili və rasional doğum idarəçiliyinin vacibliyi bildirib.
Konfransın “Hamilikdə kardio-vaskulyar patologiyalar və anemiyaya müasir yanaşmalar” mövzusunda ikinci paneli tibb elmləri doktoru Ramil Əliyev və professor Firdovsi İbrahimovun moderatorluğu ilə baş tutub.
Profesor Kamran Musayev “Hamilə qadınlarda anadangəlmə ürək qüsurlarının idarə olunması” adlı məruzəsində həm ana, həm də bətndəki döl üçün tamamilə zərərsiz olan exokardioqrafiya müayinəsinin əvəzsiz yerini xüsusi qeyd edərək, hamiləlikdən əvvəl və hamiləlik zamanı risklərin düzgün dəyərləndirilməsinin həm ana, həm də döl üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Professor hamilələrdə ürək qüsurlarının ağırlıq dərəcəsini müəyyən etmək üçün Ümumdünya Səhiyyə Təşkilatının 4 mərhələli klassifikasiya sistemini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra “Peripartum Kardiyomiopatiya. Ana ürəyində gizli təhlükə, risk faktorları, klinik idarəetmə” mövzusunda təqdimat edən Dr. Günay Rəhimova peripartum kardiyomiopatiya patologiyasının gizli kliniki gedişatından bəhs edib. Qeyd edib ki, xəstəlik zamanı pasiyentlər ginekoloqlara təngnəfəslik, kəskin halsızlıq kimi ağır ürək çatışmazlığı əlamətləri ilə müraciət edirlər. Həkim ginekoloqlar üçün differensial diaqnostikanın vacibliyini vurğulayıb. Məruzəçi peripartum kardiyomiopatiya xəstəliyinin patogenezinə dair tibb elmində onilliklər ərzində formalaşmış və inkişaf etmiş elmi yanaşmaları xronoloji olaraq konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
“Qazanılmış ürək qapaq qüsurlarında hamiləliyin və doğuşun idarə olunması” mövzulu məruzəsində Dr. Oktay Musayev hamiləlik dövrünün özlüyündə qadın orqanizmi üçün ciddi bir hemodinamik stress olduğunu vurğulayıb. O qeyd edib ki, sağlam qadınlarda belə fizioloji gərginlik yaradan bu period, ürək qapaq qüsuru olan pasiyentlərdə orqanizmin üzərinə ikiqat ağır yük və risk qoyur. Məruzədə həkim qapaq daralmalarının hamiləlik zamanı niyə daha ağır fəsadlar verdiyi izah edib. Qazanılmış ürək qüsurları olan hamilələrin mütləq şəkildə kardioloq və ginekoloqlardan ibarət müştərək komanda tərəfindən yaxından izlənilməsinin və doğum planının vaxtında individual olaraq təyin edilməsinin vacibliyini ifadə edib.
Tibb üzrə fəlsəfə doktoru Valeh Hüseynov “Anemiya və hamiləlik” adlı təqqdimatında hamiləlik dövründə ən sıx rast gəlinən patologiyalardan olan anemiyanın ağırlıq dərəcələrinə görə təsnifatına toxunub. Həkim Ümumdünya Səhiyyə Təşkilatının meyarlarına əsasən, hamilələrdə hemoqlobin səviyyəsinin hansı hallarda ağır dərəcəli anemiya kimi qəbul edildiyini bildirib. Qeyd edib ki, hamilə qadınlarda dəmir depolarının (ferritin səviyyəsinin) və əzələ toxumasındakı ehtiyatların tükənməsinin qarşısını almaq üçün müalicə proqramları individual qurulmalıdır. Həm profilaktik, həm də terapevtik məqsədlə təyin olunan dəmir preparatlarının dozalanmasında bu total ehtiyac mütləq nəzərə alınmalı, ana və dölün hipoksiyadan (oksigen azlığından) qorunması təmin edilməlidir.
Təcrübə mübadiləsi və yeni elmi yanaşmaların mənimsənilməsi baxımından böyük əhəmiyyət kəsb edən interaktiv konfrans işini məruzələrlə davam etdirib, məruzəçilər sertifikatlarla təltif olunublar.
-
Qazaxıstanlı mütəxəssislər Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublarƏn çox oxunanlar17 İyul 2026524
-
Azərbaycanlı alimlərin iki elmi araşdırması Avropa Pediatriya Assosiasiyasının konqresində təqdim edilibƏn çox oxunanlar16 İyul 2026190
-
Səhiyyə Nazirliyi və QHT Agentliyi qrant müsabiqəsi elan edəcəkƏn çox oxunanlar14 İyul 2026170
-
Piylənmə ilə mübarizədə dünya təcrübəsi və ölkəmizdəki mövcud vəziyyətƏn çox oxunanlar18 İyul 2026166
-
Həkim qəbuluna onlayn növbə yalnız “mygov” tətbiqi vasitəsilə təmin edilirƏn çox oxunanlar19 İyul 2026158
-
Ekspert: Öd daşı diaqnozu hər zaman əməliyyat demək deyilƏn çox oxunanlar18 İyul 2026152
-
Azərbaycan-Rusiya səhiyyə əməkdaşlığı və tibb təhsili müzakirə olunubƏn çox oxunanlar14 İyul 2026134
-
Dövlət təltiflərinə layiq görülmüş tibb işçilərinə orden və medallar təqdim olunubƏn çox oxunanlar16 İyul 2026124
-
Qoturluq xəstəliyi necə yayılır? – Ekspertdən mühüm tövsiyələrƏn çox oxunanlar20 İyul 2026122
-
Alimlər aqressiv beyin şişlərinə qarşı qızıl nanohissəciklərinə əsaslanan yeni üsul hazırlayırlarƏn çox oxunanlar19 İyul 2026112
-
Meyit donordan üçüncü uşaqlıq köçürülməsi uğurla həyata keçirilibƏn çox oxunanlar21 İyul 2026108
-
Ümumdünya Beyin Günü - Yaddaşı qorumaq və demensiya riskini azaltmaq üçün 6 təsdiqlənmiş üsulƏn çox oxunanlar22 İyul 2026108
-
Gənc Endokrinoloqlar Qrupu – AGEQ fəaliyyətə başlayırƏn çox oxunanlar23 İyul 202676
-
Düşənbədə səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə ÜST Avropa Məktəbi keçirilibƏn çox oxunanlar23 İyul 202668