Konqo Demokratik Respublikasında Ebola epidemiyası ölkə tarixində ən genişmiqyaslı xəstəlik yayılmasına çevrilib.
Azmedinfo.az "Əl Cəzirə" telekanalaının məlumatına istinadən yazır ki, Konqo hakimiyyətinin açıqladığı son məlumatlara görə, may ayının ortalarında başlayan Ebola epidemiyası nəticəsində yoluxma hallarının sayı 7 022-yə çatıb, 3 398 nəfər həyatını itirib. Hazırda 837 nəfər təcrid olunub və ya müalicə alır.
Bu, ölkənin Ebola virusunun yaratdığı 17-ci epidemiyasıdır. Xəstəlik əvvəlcə ölkənin şimal-şərqində yerləşən İturi əyalətində qeydə alınıb, daha sonra silahlı qrupların fəaliyyət göstərdiyi, səhiyyə infrastrukturunun zəif olduğu şərq və şimal bölgələrinə yayılıb.
Bu həftə virus ölkənin yeddinci əyaləti olan Cənubi Ubanqidə də aşkarlanıb. Əyalət Mərkəzi Afrika Respublikası və Konqo Respublikasının sərhədində yerləşir.
Yoluxma hallarının böyük hissəsi İturidə qeydə alınır. Xüsusilə məktəblərdə yeni dərs ilinin başlamasından sonra Ebola hallarının aşkarlanması valideynlər və səhiyyə işçiləri arasında narahatlığı artırıb. Məktəblərdə şagirdlərin əllərini sabunla yuması məcburi edilib, siniflərdə şagird sayı maksimum 30 nəfərlə məhdudlaşdırılıb və uşaqlara fiziki təmasdan çəkinmək tövsiyə olunur.
Konqo hökuməti epidemiyanın artıq pik həddini keçmiş ola biləcəyini bildirir. Rəsmi məlumatlara görə, yoluxma hallarının sayı avqustun üçüncü həftəsinin əvvəlində ən yüksək səviyyəyə çatıb və bəzi ərazilərdə yeni hallar qeydə alınmır.
Ebola virusu əsasən yoluxmuş şəxsin bioloji mayeləri ilə təmas nəticəsində yayılır. Xəstəlik ağır daxili və xarici qanaxmalara, həmçinin orqan çatışmazlığına səbəb ola bilər. Son 50 ildə Ebola Afrikada 15 mindən çox insanın ölümünə səbəb olub.
Hazırkı epidemiyaya Bundibugyo ştamı səbəb olur. Bu ştama qarşı hazırda təsdiqlənmiş vaksin və ya spesifik müalicə mövcud deyil, lakin bir sıra vaksin və müalicə üsulları sınaqdan keçirilir.