Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
19 Noyabr 2025, Çərşənbə, 09:06
Əlaqə vasitələri
Bizimlə əlaqə
Professor sirrozun erkən əlamətlərini açıqladı
24 Oktyabr 2025
132
Professor sirrozun erkən əlamətlərini açıqladı

Yoluxucu xəstəliklər üzrə mütəxəssis, professor Sədrəddin Atakişizadə bildirir ki, qaraciyər sirrozu hepatit virusları, alkoqol qəbulu, piylənmə və toksiki təsirlər nəticəsində formalaşan, orqanın bərkiməsi ilə xarakterizə olunan ağır xəstəlikdir.

Azmedinfo.az xəbər verir ki, ekspertin sözlərinə görə, sirrozun əsas səbəblərindən biri virus mənşəli hepatitlərdir – xüsusilə B və C hepatitləri. Bu hallarda ilkin mərhələdə müalicənin məqsədi törədici virusu aradan qaldırmaq və qaraciyər toxumasının zədələnməsinin qarşısını almaqdır. Əks halda, hüceyrələrin məhvi nəticəsində fibroz toxuma əmələ gəlir və qaraciyər normal funksiyasını itirir.

Professor qeyd edir ki, qaraciyər ağrısız orqandır və bu səbəbdən xəstəlik çox zaman səssiz inkişaf edir. Yalnız orqan böyüyüb kapsulu gərildikdə, sağ qabırğaaltı nahiyədə və kürəkdə ağrılar müşahidə oluna bilər.

“Yorğunluq, halsızlıq, yuxululuq, ayaqlarda şişkinlik, sidiyin və gözlərin saralması kimi əlamətlər erkən xəbərdarlıq siqnallarıdır. Bu simptomlar zamanı mütləq həkimə müraciət edilməlidir”, - deyə həkim bildirib.

Uzman həkim qaraciyərin funksional pozğunluğunun vaxtında aşkarlanmasının həyati əhəmiyyət daşıdığını vurğulayır və ildə bir dəfə profilaktik müayinə olunmağı tövsiyə edir. Onun sözlərinə görə, müalicə ilə sirrozun tam aradan qaldırılması mümkün olmasa da, prosesin qarşısı alınaraq xəstənin ömrü uzadıla bilər.

Professor əlavə edib ki, qaraciyər regenerasiya qabiliyyətinə malik olsa da, fibroza uğramış toxuma bərpa olunmur və ağır hallarda qaraciyər transplantasiyası yeganə çıxış yolu olur.

Ən çox oxunanlar