Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
19 Noyabr 2025, Çərşənbə, 10:24
Əlaqə vasitələri
Bizimlə əlaqə
Diabetlə mübarizədə fərdi məsuliyyətdən ictimai sağlamlığa    
14 Noyabr 2025
230
Diabetlə mübarizədə fərdi məsuliyyətdən ictimai sağlamlığa    

 

Niyə məhz 14 noyabr?

 

Hər il 14 noyabr dünyada Şəkərli Diabetlə Mübarizə Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. 1922-ci ildə Çarlz Best ilə birlikdə insulin terapiyasını kəşf edərək milyonlarla insanın həyatını xilas edən kanadalı cərrah və alim Frederik Bantinqin doğum günü məhz 14 noyabrdır. Frederik Bantinqin bu kəşfi əvvəllər ölüm hökmü sayılan şəkərli diabetin müalicəsində yeni bir səhifə açdı. Bu səbəbdən  Ümumdünya Səhiyyə Təşkilatı(WHO) və Beynəlxalq Diabet Federasiyası (IDF)tərəfindən bu gün diabetlə bağlı maarifləndirilmə məqsədilə xüsusi gün kimi təsdiqlənmişdir.

 

Bu günün əsas məqsədi – şəkərli diabetin yayılması, yaratdığı fəsadlar, risk qrupları və xəstəliyin qarşısının alınması barədə cəmiyyətin məlumatlılığını artırmaqdır.

 

Şəkərli diabet nədir?

 

Şəkərli diabet (Diabetes mellitus) – qanda qlükozanın yüksək səviyyədə qalması ilə xarakterizə olunan xroniki metabolik xəstəlikdir. Bu vəziyyət ya insulin hormonunun çatışmazlığı, ya da toxumaların insulinə qarşı həssaslığının azalması nəticəsində yaranır.Nəticədə qlükoza qanda qalır və bu da zamanla damarları, sinirləri, gözləri, böyrəkləri və ürəyi zədələyir. Beləliklə şəkərli diabet sadəcə şəkərin yüksək olması deyil. Bu, bədənin enerji tənzimləmə mexanizminin çökməsidir.

 

Şəkərli diabetin 2 əsas tipi:

 

1-ci tip diabet:
Autoimmun proses nəticəsində mədəaltı vəzinin insulin istehsalı kəskin azalır. Daha çox uşaq və gənclərdə rast gəlinir.

2-ci tip diabet:
Orqanizmdə insulin var, lakin hüceyrələr ona düzgün cavab vermir (insulinrezistentlik). Bu tip bütün diabet hallarının 90%-ni təşkil edir.

Hamiləlik diabeti:
Hamiləlik dövründə yaranır və hem anaya, həm də dölə risklər yaradır.

 

2025-ci ildə dünyada diabetin yayılma vəziyyəti, epidemiologiyası

 

Şəkərli diabet müasir dövrdə dünyada ən sürətlə artan xroniki xəstəliklərdən biridir. 2025-ci ilə dair beynəlxalq statistik göstəricilər diabetin artıq qlobal epidemiya səviyyəsinə çatdığını təsdiqləyir. Son 30 ildə xəstəliyin yayılma tezliyi iki dəfədən çox artmış, bu artım həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə müşahidə olunmuşdur.

 

Beynəlxalq Diabet Federasiyasının (IDF) 2025-ci il hesablamalarına görə, dünyada 530 milyondan çox insan 20–79 yaş arasında diabetlə yaşayır və bu rəqəmin 2045-ci ilə qədər 700 milyona çatacağı proqnozlaşdırılır. Diabet qlobal miqyasda illik ölüm səbəblərinə görə ilk onluğa daxildir və qeyri-infeksion xəstəliklər arasında ən böyük iqtisadi yük yaradan xəstəliklərdən biridir.

 

Yayılma xüsusiyyətləri və epidemioloji meyllər

 

2-ci tip diabet bütün diabet hallarının təxminən 90%-ni təşkil edir və yayğınlığı yaşla paralel olaraq artır.

 

1-ci tip diabet daha az rast gəlinməsinə baxmayaraq, son illər yeniyetmələr və uşaqlarda artım meyli nümayiş etdirir.

 

Diabet Afrika, Asiya və Yaxın Şərq ölkələrində daha sürətlə yayılır ki, bunun əsas səbəbləri urbanizasiya, oturaq həyat tərzi və qidalanma vərdişlərində dəyişikliklərlə bağlıdır.

 

Xəstəlik 40 yaşdan yuxarı kişilər və qadınlarda daha yüksək yayılır, lakin son illər fiziki aktivliyin azalması və artıq çəki səbəbindən gənclərdə və yeniyetmələrdə də artım müşahidə olunur. Bu statistika diabetin cəmiyyətə, səhiyyə sistemlərinə və ailələrə yaratdığı yükün miqyasını açıq şəkildə göstərir.

 

Diabetli xəstələrin təxminən hər 2 nəfərindən biri diaqnoz qoyulmamış olur və gecikmiş hallarda fəsadlarla üzə çıxır. Bu amillər xəstəliyin epidemioloji yükünü daha da ağırlaşdırır.Qlobal sağlamlıq yükünün əsas səbəblərindən biri olan bu xəstəlik Azərbaycanda da geniş yayılıb. Statistikaya görə, yalnız son bir ildə Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 320 min nəfəri keçmişdir.Bu artım müxtəlif amillərlə bağlıdır — artan piylənmə səviyyəsi, oturaq həyat tərzi, qidalanma dəyişiklikləri, habelə skrininq və diaqnostikanın artması.Amma əsl rəqəmlərin 2-3 dəfə çox olduğu təxmin edilir. Bu da bəzi bölgələrdə az test imkanları, qeyri-rəsmi diaqnozlar və aşağı maariflənmə səviyyəsi ilə bağlıdır.Qadınlar arasında yayılma daha yüksəkdir.Uşaq və yeniyetmələr arasında tip 1 diabetin artması müşahidə olunur.

 

Diabetin risk faktorları

 

  1. Genetik meyllilik və ailə anamnezi

Ailəsində diabet olan şəxslərdə xüsusilə 2-ci tip diabet riski əhəmiyyətli dərəcədə artır. Əkizlər və birinci dərəcəli qohumlar üzərində aparılan tədqiqatlar genetik faktorların xəstəliyin inkişafında mühüm rol oynadığını göstərir. HLA ilə əlaqəli genetik mexanizmlər 1-ci tip diabetdə, insulinrezistentlik və beta-hüceyrə disfunksiyası ilə bağlı genlər isə 2-ci tip diabetdə əsas rol oynayır.

  1. Artıq çəki və piylənmə

Piylənmə, xüsusilə abdominal piylənmə 2-ci tip diabet üçün ən güclü modifikasiya olunan risk faktorudur.

Visseral yağ toxuması insulin rezistentliyin inkişafına gətirən iltihabi sitokinlərin (TNF-α, IL-6) artmasına səbəb olur. Bədən kütlə indeksi (BKİ) >30 olan şəxslərdə diabet riski 10 dəfəyə qədər artır.

  1. Fiziki aktivliyin azlığı

Hərəkətsiz həyat tərzi periferik toxumalarda insulinə həssaslığı azaldır. Həftəlik fiziki aktivliyin 150 dəqiqədən aşağı olması 2-ci tip diabet üçün mühüm riskdir. Müntəzəm fiziki fəaliyyət qanda qlükozanın hüceyrələrə daxil olmasını artıraraq xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır.

  1. Düzgün olmayan qidalanma

Rasionda yüksək miqdarda: şəkərli içkilər, emal olunmuş karbohidratlar, trans yağlar, yüksək kalorili sürətli qidalar olması insulin rezistentliyin və piylənmənin inkişafına zəmin yaradır. Meyvə-tərəvəz, lifli və tam taxıl məhsullarından az istifadə riskləri artıran mühüm faktorlardandır.

  1. Yaş amili

Yaş artdıqca 2-ci tip diabetin inkişaf ehtimalı yüksəlir. Xüsusən 40 yaşdan sonra beta-hüceyrələrin funksiyası zəifləməyə və insulin rezistentlik artmağa başlayır. Bununla belə, son illər gənclər və yeniyetmələr arasında da risk artmaqdadır ki, bu da əsasən oturaq həyat və piylənmə ilə əlaqəlidir.

  1. Hamiləlik diabeti keçirmək

Hamiləlik diabeti (hestasional diabet) olan qadınların gələcəkdə 2-ci tip diabetə tutulma riski 7–10 dəfə yüksəkdir. Bu qadınlarda hamiləlik sonrası dövrdə qlükoza tolerantlığının mütəmadi izlənməsi tövsiyə olunur.

  1. Arterial hipertenziya və dislipidemiya

Metabolik sindrom komponentləri diabet riskini əhəmiyyətli dərəcədə artırır. Hipertenziya insulin təsirini zəiflədir. Yüksək triqliserid və aşağı HDL səviyyəsi insulin rezistentliyin göstəricisidir.

  1. Xroniki stress və yuxu pozuntuları

Uzunmüddətli stress kortizol səviyyəsini artıraraq qanda qlükozanın yüksəlməsinə, yuxu çatışmazlığı isə hormon balansının pozulmasına səbəb olur. Hər iki faktor 2-ci tip diabet riskini gücləndirir.

  1. Etnik mənşə

Asiya, Yaxın Şərq, Cənubi Asiya və Afrika mənşəli insanlarda diabet riski digər populyasiyalara nisbətən daha yüksəkdir. Bu, həm genetik faktorlarla, həm də həyat tərzi xüsusiyyətləri ilə əlaqədardır.

 

Diabetin epidemioloji göstəriciləri bütün dünyada xəstəliyin davamlı artım göstərdiyini təsdiqləyir. Risk faktorlarının əksəriyyəti — piylənmə, fiziki aktivliyin azlığı, qidalanma vərdişləri, stress — dəyişdirilə bilən amillərdir. Bu faktorların vaxtında aradan qaldırılması həm xəstəliyin başlanmasının, həm də ağır fəsadların qarşısının alınmasında həlledici rol oynayır.

 

Diabetin fəsadları: mikrovaskulyar və makrovaskulyar ağırlaşmalar

 

Şəkərli diabetdüzgün nəzarət edilmədikdə demək olar ki, bütün orqan sistemlərinə təsir göstərən çoxşaxəli fəsadlarla nəticələnə bilər. Qanda xroniki şəkildə yüksək qlükoza səviyyəsi (hiperqlikemiya) damar divarlarını zədələyir, sinir liflərinin degenerasiyasına səbəb olur və metabolik balansı pozur. Bu dəyişikliklər həm mikrovaskulyar, həm makrovaskulyar, həm də digər sistemik ağırlaşmalarla özünü göstərir.

 

Mikrovaskulyar fəsadlar

 

Bunlar xırda damarların – kapilyarların və arteriolaların zədələnməsi ilə xarakterizə olunur.

 

1. Diabetik retinopatiya

 

Diabetin gözün tor qişasına təsir etməsi nəticəsində yaranır və yetkin insanlarda görmə itkisi və korluğun ən geniş yayılmış səbəblərindən biridir.

 

Əsas xüsusiyyətləri:

 

Retinanın damarlarında genişlənmə, mikroanevrizmalar və qanamalar, makula ödemi, proliferativ forma (yeni damarların əmələ gəlməsi), son mərhələdə retinal ayrılma və tam korluq

 

Uzunmüddətli kontrolsuz diabet, hipertenziya və hamiləlik riskləri daha da artırır.

 

2. Diabetik nefropatiya

 

Böyrəklərin filtrasiya sisteminin zədələnməsi ilə xarakterizə edilir. Diabetik nefropatiya böyrək çatışmazlığının ən çox rast gəlinən səbəblərindən biridir.

 

Tipik əlamətlər və mərhələlər: mikroalbuminuriya (ilk xəbərdarlıq əlaməti), proteinuriya, GFR-in (böyrəklərin filtrasiya qabiliyyəti) tədricən azalması, son mərhələdə xroniki böyrək çatışmazlığı və dializ ehtiyacı

 

3. Diabetik neyropatiya

Sinir liflərinin qlükoza toksikliyi və damar zədələnməsi səbəbindən degenerasiyası ilə meydana gəlir.

 

Formaları:

Periferik neyropatiya: ayaqlarda yanğı, keyimə, hissiyat itməsi

Avtonom neyropatiya: ortostatik hipotoniya, qastroparez, ürək ritm pozğunluqları, sidik kisəsi disfunksiyası, erektil disfunksiya

Fokal neyropatiya: tək sinirlərin selektiv zədələnməsi (məsələn, göz əzələlərini innervasiya edən sinirlər)

Periferik neyropatiya ayaq yaralarının yaranmasına və diabetik pəncə sindromuna zəmin yaradır.

 

Makrovaskulyar fəsadlar

 

Bunlar iri damarların – arteriyaların zədələnməsi, ateroskleroz və trombozla əlaqədardır. Diabet ürək-damar xəstəliklərinin ən böyük müstəqil risk faktorlarından biridir.

 

1. Koronar arteriya xəstəliyi

Miokard infarktı riski diabetli şəxslərdə 2–4 dəfə yüksəkdir

Stabil və qeyri-stabil angina

“Səssiz” (asimptomatik) iskemiyalar daha çox rast gəlinir

2. Serebrovaskulyar xəstəliklər

İnsult riski diabetli şəxslərdə 2–3 dəfə artır. İşemik insult dominantdır.

Xroniki beyin qan dövranı pozğunluqları, yaddaş zəifləməsi və koqnitiv geriləmə

3. Periferik arteriya xəstəliyi

Ayaqlara qan axınının zəifləməsi

Gəzinti zamanı ağrı

Qan dövranının zəifləməsi səbəbilə yaraların gec sağalması və xəstələrin amputasiya riskinin yüksək olması

 

Diabetik pəncə sindromu

 

Neyropatiya, damar çatışmazlığı və infeksiyanın kombinasiyası nəticəsində ayaqlarda xroniki yaralar əmələ gəlir.

 

Nəticələri:

Yaraların gec və ya heç sağalmaması, çürüklər, infeksiyalar, osteomielit, amputasiya ehtiyacının artması

Bu fəsad həm həyat keyfiyyətini aşağı salır, həm də səhiyyə sisteminə böyük yük yaradır

 

Digər sistemik fəsadlar

 

  1. İmmunitetin zəifləməsi və infeksiyalar

Hiperqlikemiya immun hüceyrələrin funksiyasını zəiflədir, nəticədəsidik yolları infeksiyaları, dərinin və yumşaq toxumaların infeksiyaları, pneumoniya, göbələk infeksiyaları daha tez-tez rast gəlinir

  1. Dəri dəyişiklikləri

Diabetik dermopatiya, Acanthosis nigricans (qoltuqaltı və boyunda tündləşmə), lipoid nekrobiozis, yara sağalmasının gecikməsi

  1. Diabetik hepatosteatoz

İnsulinrezistentliyi səbəbilə qaraciyərdə yağlanma inkişaf edir. Müalicə olunmazsa qeyri-alkoqolik steatohepatit və fibroz riski artır.

 

4. Diabetik ketoasidoz (DKA) və hiperosmolyar koma

 

Xüsusilə 1-ci tip diabetdə rast gəlinən kəskin, həyati təhlükəli vəziyyətdir: qanda ketonların artması, Metabolik asidoz, usuzlaşma və şüurun itməsi
Tip-2 diabetdə isə tipik olaraq hiperosmolyar hiperglikemik vəziyyət müşahidə olunur.

 

Diabetin fəsadları çoxşaxəlidir və uzunmüddətli hiperglikemiya praktiki olaraq bütün orqan sistemlərini zədələyə bilər. Fəsadların qarşısını almağın ən effektiv yolu qan şəkərinin nəzarətdə saxlanılması, HbA1c səviyyəsinin hədəfə uyğun olması, təzyiq və lipidlərin normallaşdırılması, ayaq baxımı, müntəzəm müayinələr və sağlam həyat tərzidir.

 

Diabetdən qorunma yolları – nə etmək lazımdır?

 

Şəkərli diabet xüsusilə 2-ci tip diabet çox vaxt düzgün və planlı profilaktika ilə qarşısı alına bilən xroniki xəstəlikdir. Qanda qlükozanın normadan yüksəlməsi təkcə qida rasionu ilə deyil, həyat tərzi, fiziki aktivlik səviyyəsi, yuxu keyfiyyəti və stress kimi çoxsaylı amillərlə əlaqədardır. Buna görə də diabetdən qorunma çoxşaxəli yanaşma tələb edir və aşağıdakı tədbirlər elmi cəhətdən ən təsirli profilaktik metodlar hesab olunur.

 

Sağlam və balanslı qidalanma

Qidalanma diabetdən qorunmanın əsas elementidir. Həm qan şəkərinin yüksəlməsinin qarşısını alır, həm də artıq çəki riskini azaldır.

Tövsiyə olunan qidalanma prinsipləri:

Sadə şəkərlərin məhdudlaşdırılması: şirin içkilər, hazır desertlər, ağ undan hazırlanan məhsullar qanda şəkəri sürətlə yüksəldir.

Tam taxıl və liflə zəngin qidalar: tam buğda çörəyi, yulaf, qarabaşaq, paxlalılar toxluğu artırır və qlükozanın sorulmasını yavaşladır.

Tərəvəz və meyvələrə üstünlük: gündə ən az 400–500 qram tərəvəz-meyvə tövsiyə olunur.

Sağlam yağlar: zeytun yağı, avokado, qoz-fındıq və balıqda olan omeqa-3 yağları insulinə həssaslığı artırır.

Porsiya nəzarəti: porsiyanın kiçildilməsi və yeməyin tələbatdan artıq olmaması insulinrezistentliyin qarşısını alır.

Qida seçimində glisemik indeksə diqqət: aşağı GI məhsullar qanda şəkər səviyyəsini daha sabit saxlayır.

 

Fiziki aktivliyin artırılması

 

Müntəzəm fiziki fəaliyyət insulinə həssaslığı artırır və toxumalarda qlükozanın istifadəsini yaxşılaşdırır. Bu həm normal çəkidə olan insanlarda, həm də artıq çəkili şəxslərdə diabetin qarşısını almaqda çox təsirlidir.

 

Tövsiyələr:

 

Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə fiziki aktivlik (sürətli gəzinti, velosiped, üzgüçülük).

Uzun müddət oturma vərdişini azaltmaq – hər 1 saatdan bir qısa qalxıb hərəkət etmək.

Əzələ kütləsini artıran güc məşqləri həftədə 2 dəfə tövsiyə olunur, çünki əzələ toxuması qlükozanın əsas istifadəçisidir.

 

Çəkiyə nəzarət və piylənmənin qarşısının alınması

 

Piylənmə, xüsusilə qarın (abdominal) piylənməsi 2-ci tip diabet üçün ən güclü risk faktorudur. Çəki azaldılması insulin rezistentliyini əhəmiyyətli dərəcədə azaldır.

Bədən çəkisinin cəmi 5-7% azaldılması belə diabet riskini 40-60% azalda bilər.

BKİ 25–30 arası olan insanlarda çəkini normallaşdırmaq, BKİ >30 olanlarda isə tədricən arıqlamaq tövsiyə olunur.

Ən effektli yanaşma – pəhriz + fiziki aktivlik + davamlı həyat tərzi dəyişikliyi kombinasiyasıdır.

 

Stressin idarə edilməsi

 

Uzunmüddətli stress kortizol hormonunu artırır və bu da qanda şəkərin yüksəlməsinə səbəb olur. Stress həmçinin yemək seçimini və iştahanı pozaraq arıqlamanı çətinləşdirir.

 

Profilaktik tədbirlər:

 

Gündəlik gəzinti və açıq havada aktivlik

Yuxu ritminin tənzimlənməsi

 

Keyfiyyətli və kifayət qədər yuxu

 

Yuxu çatışmazlığı və yuxu pozuntuları (məsələn, yuxu apnesi) hormon balansını pozaraq insulin rezistentliyini gücləndirir.

Gecə 7–8 saat yuxu optimal hesab olunur.

Yuxu gigiyenası (telefon, ağır yemək, kofein istifadəsinin azaldılması) diabet riskini azalda bilər.

 

Profilaktik müayinələrin müntəzəm aparılması

 

Risk qrupunda olan şəxslərdə diabetin erkən aşkarlanması fəsadların qarşısını alır və müalicənin effektini artırır.

 

Kimlər mütəmadi yoxlanmalıdır?

 

Ailəsində diabet olanlar

Artıq çəkili və BKİ ≥25 olan şəxslər

40 yaşdan yuxarı şəxslər

Hamiləlik diabeti keçirmiş qadınlar

Hipertenziya və dislipidemiyası olanlar

 

Mütəmadi yoxlanmalı olan göstəricilər:

 

Açqarına qlükoza

HbA1c

Qlükozanın tolerans testi (OGTT)

Lipid profili və təzyiq ölçmələri

 

Zərərli vərdişlərdən uzaq durmaq

 

Siqaret damar divarlarını zədələdiyi üçün diabet və onun fəsadlarının riskini artırır.

Alkoqol qlükoza səviyyəsini qeyri-sabit edir və çox zaman piylənməyə gətirib çıxarır.

 

Hamiləlik dövründə nəzarət

 

Hamiləlik diabeti olan qadınlar doğuşdan sonra risk qrupunda sayılır. Buna görə:

Hamiləlik dövründə şəkərin nəzarətdə saxlanması

Doğuşdan 6–12 həftə sonra qlükoza testlərinin təkrarı

Sağlam həyat tərzi vərdişlərinin davam etdirilməsi zəruridir

Diabetdən qorunma təkcə pəhriz və ya fiziki aktivlikdən ibarət deyil — bu, həyat tərzi, psixoloji vəziyyət və ümumi sağlamlıq davranışlarının kompleks şəkildə dəyişməsini tələb edir. Balanslı qidalanma, müntəzəm hərəkət, çəkiyə nəzarət, yuxu rejimi və profilaktik müayinələr diabet riskini əhəmiyyətli dərəcədə azaldan əsas amillərdir.

Düzgün profilaktika yalnız diabetin qarşısını almağa deyil, həm də daha sağlam və enerjili həyat tərzinə nail olmağa kömək edir.

 

Nəticə

 

14 noyabr Ümumdünya Diabet Günü – hər bir insan üçün çağırışdır. Diabet təkcə xəstəlik deyil, həyat tərzimizlə bağlı bir xəbərdarlıqdır. Sağlam qidalanma, aktiv həyat, vaxtında müayinə və məlumatlılıq milyonlarla insanın diabetdən qorunmasına və ya xəstəliyi daha yüngül keçirməsinə kömək edə bilər.

Cəmiyyət olaraq bu xəstəliyə qarşı birlikdə mübarizə aparmaq hər kəsin sağlam gələcəyi üçün vacib addımdır.


Nuranə Mürşüdlü

Akademik Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenti, həkim 

Ən çox oxunanlar